İnsanların bir çoxu “iman gətirdik” deməklə dinə birtərəfli qulluq etməyin kafi olduğunu düşünürlər. Lakin Allah Qurani Kərimin bir çox ayəsində məqbul olanın xeyir işlərdə yarışıb önə keçmək, təqva sahibi möminlərə nümunə olmaq və hər an gözəl davranmaq olduğunu bildirmişdir. Möminlər Allah`dan layiqincə qorxmaq, yaxşı əməllərini əsla kafi görməmək və Allah rizasını axtarıb, vicdanlarının səsini dinləyib, sona qədər ona əməl etməklə mükəlləfdirlər. İnsanın səmimiyyəti Allah`ın gözəl hesab etdiyi əxlaqı yaşamaq üçün göstərdiyi səylə ölçülür. Hər işində Allah`a yönələn, daima Allah`ın rizasını və dostluğunu qazanmağa çalışan, qeyd-şərtsiz gözəl əxlaqlı davranan insan bunun əvəzində imani yetkinliyə, yəni kamil imana çatır. “Kamil” sözü yetkin, tam, mükəmməl mənasını verir. “Kamil iman” da bir insanın çatdığı imani yetkinliyin və dərinliyin ən irəli, ən mükəmməl dərəcəsini ifadə edir. Bəs bir insanın imanının yetkinləşməsi və mükəmməl olması necə olur?
Allah`a iman gətirmək Onun hər şeyin tək yaradanı, tək sahibi və tək hakimi olduğunu qavramaqdır. Hər insanın Ona möhtac olduğunu bilib, Allah`ın heç nəyə ehtiyacı olmadığını və hər işi qədər ilə yaratdığını anlayaraq həyatının hər anında Ona təslim olmasıdır. “Allah`a təslim olmaq” isə Allah`dan çox qorxmaq, Ona hər şeydən və hər kəsdən çox bağlanıb Onu çox sevməklə mümkün olur. Allah`a həqiqətən təslim olan bir insan özünə ancaq Allah`ı dost və vəli tutur. Həyatı boyu qarşısına çıxan hər hadisənin Allah`ın nəzarəti altında həyata keçdiyini və bütün bunların xüsusi hikmətlərlə yaradıldığını bilir.
Buna görə də hər nə olsa da, təslimiyyətli davranışdan əl çəkmir və həmişə Allah`a boyun əyir. Mömin kamil imana sahib olmaq üçün həyatının hər anında Allah`ın bütün əmr və qadağalarına cidd-cəhdlə əməl edir. Allah`ın bəyəndiyi əxlaq modelini də heç bezmədən ölənədək səbrlə yerinə yetirir. Kamil iman sahibi olan möminin gözəl əxlaqlı davranmaqda göstərdiyi səbr olduqca müəyyənedici və mühüm xüsusiyyətdir. Çünki kamil iman sahibi olan insan bu vəsfi ilə insanlar arasında seçilir.
Elə kamil imanın fərqi də burada üzə çıxır. Tam iman gətirməyən şəxslər dinə birtərəfli yönəlirlər, kamil iman sahibləri isə Quranı həyatlarının hər anında özlərinə rəhbər tuturlar. Eyni şəkildə qeyri-səmimi insanların imanı müəyyən şərtlərə bağlı ikən, kamil iman sahibləri qeyd-şərtsiz iman gətirirlər. Şərtli iman gətirən insanlar ancaq nemət içində olduqda və bütün hadisələr öz istədikləri kimi baş verdikdə dinə sadiq qalırlar və gözəl əxlaqı təqlid edirlər. Ancaq nemətləri azaldıqda və ya hər hansı çətinliklə qarşılaşdıqda asanlıqla dindən soyuyur və sədaqətsizlik göstərirlər. Kamil iman sahibləri isə Allah`a imanlarında və sədaqətlərində qərarlı olurlar. Bunun ardındakı səbəb şəksiz iman gətirmələridir. Şəksiz iman gətirmək insanın Allah`ın və axirətin varlığına ağlı, qəlbi və vicdanı ilə qəti qərar verməsidir. Quranda “O kəslər ki, sənə göndərilənə və səndən əvvəl göndərilənlərə iman gətirir və axirətə də şəksiz inanırlar”(Bəqərə sursəi, 4) ayəsi ilə də iman gətirənlərin bu xüsusiyyəti vurğulanır.
Kamil imanın fərqi vicdanın səsini sona qədər dinlənilməsində özünü göstərir. Vicdan həmişə Allah`ın əmrlərinə əsasən hərəkət edən və insanı daima doğru olana dəvət edən səsdir. Kamil iman sahibi hər vəziyyətdə vicdanının səsini dinləyir. Bu da onun Allah`ın razı olacağı əxlaq və davranışı göstərməsini təmin edir. Qarşısına çıxan çətinliklərdə belə gözəl əxlaqdan əl çəkmir. Nəfsinin istək və həvəslərinə məğlub olaraq ən doğru və ən gözəl olandan dönmür.
Kamil iman sahibi insan səbrin ən çoxunu, fədakarlığın ən gözəlini, təslimiyyətin ən mükəmməlini, Allah sevgisinin ən güclüsünü yaşamağa cəhd edir. Bu şəxslər iman gətirib ən doğru yolu tutduqları, imanlarında qərarlı olduqları, Rəbblərindən gələn hər şeydə xeyir olduğunu bildikləri, həmişə şükür etdikləri, Allah`a könüldən bağlanıb təslim olduqları üçün dünyada və axirətdə gözəl həyatla müjdələnmişlər. Allah onlara bu səmimi yaxınlıqlarının əvəzində dünyada və axirətdə yaxşılıq vəd etmişdir. Həm də onları rəhməti ilə əhatə etmiş, onlardan razı olmuş və onlara sevgisini və razılığını bəxş etmişdir.
Unutmaq olmaz ki, kamil iman sahibi olmaq uzun səylər nəticəsində əldə edilən şey deyil. Allah bir ayəsində “Biz sənə ən asan olanı müyəssər edərik”(Əla surəsi, 8) şəklində bildirir. İnsan kamil imanı bir neçə dəqiqəlik səmimi təfəkkürlə əldə edə bilər. Ona görə bunu heç kim gecikdirməməli, peyğəmbərlərin və saleh möminlərin əxlaqını yaşamaq üçün ciddi səy göstərməlidir. Çünki dünya həyatı bir göz qırpımı qədər sürətlə keçir. Hər kəs özünə verilən bu məhdud müddət ərzində zamanla yarışmalı və gözəl davranmağa, kamil imanı yaşamağa tələsməlidir. Allah bu müddətin sonunda təqvada səbrli və qərarlı olan, yarışıb önə keçən, Ona yaxınlaşmaqda tələsən qullarına cənnəti vəd etmişdir. Onlar orada peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə birlikdə olacaqlar və ən əhəmiyyətlisi isə Rəbblərinin rəhmətinə qovuşacaqlar.
Gəlin birlikdə buna qovuşmaq, Allah`ın rizası və razılığını qazanaraq möminlər üçün hazırlanan cənnətlərdə peyğəmbərlər və kamil iman sahibləri ilə birlikdə sakin olmaq üçün tələsək.
Şübhəsiz: “Rəbbimiz Allah`dır!” – deyənlərin, sonra da (sözünün üstündə) möhkəm duranların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməyəcəklər! Belələri cənnətlikdirlər, onlar etdikləri əməllərin əvəzi olaraq orada əbədi qalacaqlar!(Əhqaf surəsi, 13-14)