Ətrafınızda sıxıntılı üz ifadəsi olan bir çox insan var, elə deyilmi? Bəs tanışlarınızdan daima şikayətlənən, ən kiçik çatışmazlıq olduqda hirslənən insanların sayı getdikcə artırmı? Sosial şəbəkələrdəki dostlarınız səhifələrində daima sıxıntılı olduqlarına dair paylaşmalar edirlərmi? İzləyicilərinə “hirsimdən boğuluram”, “bəsdir artıq”, “səbrim daşır” mesajları göndərirlərmi? Bu, həmin insanların ya iman gətirmədiklərinə, ya da imanda tərəddüd etdiklərinə görə başlarına gəlir. İmanın insana qazandırdığı nemətləri dərk etməyən və ya heç düşünməyən bu insanlar üçün dünyada ancaq sıxıntılı həyat var.
Uca Rəbbimiz Allah bu insanları “Yunis” surəsinin 7-ci ayəsində “dünya həyatından razı qalıb onunla rahatlıq tapanlar” şəklində təsvir edir. Bu insanların yeganə məqsədi dünya həyatında bir az da yaşamaq, bir az da dünyadan faydalanmaqdır. Halbuki, ancaq dünya həyatını seçən, axirətdən xəbərsiz olan bu insanlar imanın onlara qazandıracağı nemətlərdən bəzən bilərək, bəzən də bilməyərək uzaq qalıblar. Yaşadıqları soyuq dünyanın, sevgi əskikliyi, sıxıntıların və digər ruhi və fiziki xəstəliklərinin əsl səbəbinin iman çatışmazlığı olduğunu bəlkə də heç düşünməyiblər. Halbuki, bu soyuq, ruhsuz həyatın dəyişməsi çox asandır, bunun üçün insanın dünyanın yaradılma məqsədini düşünməsi kifayətdir.
İman insan üçün sevinc mənbəyidir
İman gətirməyən insanlar xoşbəxt olmaq üçün səbəblər axtarır, bəziləri var-dövlətlə, bəziləri gözəlliklə, yaxud gəncliklə, bəziləri məşhur olmaqla və ya nailiyyətlər qazanaraq xoşbəxt olacağını zənn edir. Dünyadakı hər şeyi səthi dəyərləndirən, sadəcə dünyadan zövq almaq istəyən bu insanlar əsla həqiqi mənada xoşbəxt ola bilməzlər. Çünki onların sevinc hissi tamamilə müvəqqəti həvəslərdən qaynaqlanır. Hər hansı bir şeyi əldə etmək üçün ciddi çalışırlar, həmin şeyi əldə etdikdən qısa müddət sonra həmin şeyə maraqlarını itirirlər. Ona görə, qısa müddət sonra sevincləri də sönür. Məsələn, son model avtomobil almaq istəyən bir nəfər bu avtomobili əldə etdikdə sevinir, ancaq bir müddət sonra avtomobilə marağı itir, artıq sevinc hissi də sönür.
Uca Allah bir Quran ayəsində dünya zövqlərinin də dünyadakı hər şey kimi müvəqqəti olduğunu belə xəbər verir:
Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir… (Hədid surəsi, 20)
İman gətirən insanlar hər an xoşbəxt və rahat olurlar
İman gətirən insanlar nemətlərdə əskilmə olduqda, xəstəlik və ya başqa hər hansı çətinlik zamanı sevinclərini itirməzlər. Xoşbəxt olmaları üçün xüsusi səbəbə ehtiyac yoxdur, iman gətirmək onlar üçün ən böyük şükür və sevinc mənbəyidir. Dünya həyatındakı çətinliklərin onlara sınanmaq üçün verildiyini və çətinliklərə səbir etdikdə bunun Allah dərgahında gözəl qarşılığı olacağına ümid bəsləyirlər. Bu düşüncə onların sevinc mənbəyidir. Vicdanla hərəkət etdikləri üçün müqayisə edir və nemətlərin dəyərini daha yaxşı bilirlər.
İman gətirməyən insanlarda isə vəziyyət tam tərsinədir. Bir evi olan insan daha böyük evi olan dostunu gördükdə sevinmək əvəzinə paxıllıq edir, bundan da böyük evi əldə etmək üçün planlar qurur. Ancaq ən böyük evi əldə etsə də, yenə xoşbəxt olmayacaq. Çünki Allah dünya həyatındakı rahatlığı və xoşbəxtliyi evin böyüklüyünə, gözəlliyinə, yemək-içməyin bolluğuna, şöhrətə və ya başqa nailiyyətə bağlı yaratmayıb. Bir az dərin düşünən insanlar bunu dərhal qavrayarlar.
Bir insanın nə qədər böyük evi olsa da, bir otaqda, bir mətbəxdə və bir hamamda yaşayır. Bu insan on otaqlı evə sahib olarsa, otaqların hamısında eyni anda olmaz, bir otağın içində yaşar.
Ən zəngin qonaqlıq süfrəsi arxasında oturmuş insan üçün də vəziyyət eynidir. Zəngin süfrə belə olsa, hər insanın müəyyən qədər yemək yeyə bilir, ən ləzzətli yeməklər belə məhdud miqdarda yeyilir, çox yeyilsə, orqanizmdə ciddi narahatlıqlar yaradır.
Gənclik və gözəllik də müvəqqətidir, hər insan zaman ərzində yaşlanır, gücünü itirir. İman olmasa, bu, insan üçün böyük sıxıntı olar.
Dünyada verilən nemətlərin hamısına artıqlaması ilə sahib olduqda deyil, sevgi ilə paylaşdıqda, fədakarlıqla hərəkət etdikdə zövq verir, əks təqdirdə, insanın həyat keyfiyyətini aşağı salan əzaba çevrilir.
İmanın dərəcəsi artdıqca insan nemətlərdən daha çox zövq alır, hər şeyin gözəl cəhətini görür, hər hadisədə bir xeyir görür. Bu da dərin imana, sevməyə, sevilməyə və rahatlığa səbəb olur.
İman gətirməyən insanların sevinci müvəqqətidir
Uca Allah`a və axirətə yəqinliklə iman gətirməyən insanlar əsla həqiqi sevinc hissini duymazlar. Onlar ancaq mənfəətləri olduqda, nəfslərinin istəklərini müvəqqəti təmin etdikdə sevinirlər. Ancaq bu, müvəqqəti sevinc hissidir. Çünki mənfəətləri olmadıqda və həvəsləri itdikdə sevincləri də itir.
Halbuki, möminlər üçün uca Rəbbimizin rizasını qazanmaq və din əxlaqına xidmət etmək məqsədilə görülən hər iş sevinc və xoşbəxtlik mənbəyidir. Möminlərin bu sevinci imanın sevincidir.
İmanın sevinci səmimi sevinc hissidir, qəlbində həqiqi iman olmayan insanlar bu sevinc hissini təqlid edə bilməzlər. Çünki bu, uca Allah`ın rizasını, rəhmətini və əbədi cənnət həyatını ümid edən möminin qəlbinin Allah`dan gələn sevinclə dolmasıdır. Möminlərin dünya həyatındakı sevinc dolu həyatı Rəbbimizin izni ilə cənnətdə artaraq davam edəcək.
Bir Quran ayəsində iman gətirənləri cənnətdə gözləyən xoşbəxt həyat belə müjdələnmişdir:
İman gətirib yaxşı işlər görənlərə gəlincə isə, onlar cənnət bağçalarında şadlıq içində olacaqlar. (Rum surəsi, 15)