Təxminən 10 əsr əvvəl yaşamış böyük İslam alimi İmam Qəzali, əxlaqı və həyatı ilə bütün möminlərə nümunə olmuş, bir çox insan yetişdirmiş, böyük xidmətlər etmişdir. Hicri V əsrin mücəddididir. Yəni dini məlumatları yeniləmiş, dinə sonradan daxil edilmiş batil inancları və tətbiqləri aradan qaldırmışdır. İmam Qəzalinin yaşadığı dövr, İslam dünyasının fikir cəhətdən ayrılıqlar içində olduğu, Əndəlus İslam dövlətinin dağılmağa başladığı, müxtəlif çətinliklərin yaşandığı bir dövrdür. Bu dövrdə nəşr etdiyi əsərlərlə, verdiyi dərslərlə İslam dünyasının işıqlanmasına vəsilə olmuş, dövrün səlcuqlu padşahları tərəfindən də dəstək almış və qorunub saxlanılmışdır.
Əhyasi Ulumiddin, Kimya-i Səadət, əl-İqtisad fil Etiqad, Bidayətül Hidayə başda olmaqla təxminən 75 əsər yazmışdır. Kəlam sahəsindəki fikirləri İslam tarixində bir dönüş nöqtəsi olaraq qəbul edilmişdir. Bir xəzinə xüsusiyyətini daşıyan bu əsərləri oxuyan bir insan bu mübarək şəxsin elminin dərinliyini, üslubundakı hikməti, səmimiyyəti, ixlasını, fərasətini, bəsirətini, ağlını, üfüqünün genişliyini asanlıqla anlaya bilər və bu dərin elmdən ən gözəl şəkildə faydalana bilər.
İmam Qəzalinin əhəmiyyətlə üzərində dayandığı mövzulardan biri də müsəlmanlar arasındakı dostluq, qardaşlıq və məhəbbətdir. Qiymətli kitabı olan Əhyasi Ulumiddində hədislər və ayələr işığında möminlərin qardaşlığının əhəmiyyətini belə izah edir:
Allah Rəsulu (səv) buyurur: "Müsəlman müsəlmanın qardaşıdır, ona zülm etməz, onu məhrum buraxmaz, onu pərişan etməz. İnsana şər olaraq müsəlman qardaşını xor görməsi kifayət edər." (Buxari və Müslim)
Qardaşlıq, yoldaşın qüsurları qarşısında susmağı tələb etdiyi kimi yaxşı istiqamətlərini izah etməyi də tələb edir. Hətta qardaşının xoş tərəflərini izah etmək qardaşlığa xas bir üstünlükdür… Qardaşlığın məqsədi cəfalarından xilas olmaq deyil, onların bir-birlərindən faydalanmalarını təmin etməkdir. Susqunluğun mənası başqalarını incitməməkdir. Elə isə dili ilə qardaşlığın sevgisini çatdırmağı, vəziyyətini öyrənməyi, bir çətinliyinin olub olmadığını soruşması lazımdır.
Sevgini cəlb etməkdən daha üstün, təsirli olan xüsusiyyət ona qarşı pis addım atıldığı, açıq, ya da üstüörtülü sözlərlə şərəfinə toxunulduğu zaman, müsəlman qardaşını müdafiə etməkdir. Qardaşlığın haqqı, belə vəziyyətlərdə onun görmədiyi və ya bilmədiyi rəqiblərini susdurub, ağır sözlər söyləmə nöqtəsində əlindən gələni etməkdir. Düşmənlərinə qarşı onu qorumamaq, susmaq canını sıxar, ürəyində nifrət oyadar. Bu, qardaşlıq haqqını lazım olduğu qədər yerinə yetirməməkdir. (Əhyasi Ulumiddin, səh. 409-410)
Şübhəsiz, bu nəsihətlər bütün müsəlmanlar üçün son dərəcə əhəmiyyətli və qiymətlidir. Xüsusilə də, indiki vaxtda müsəlmanların çətinlikləri göz qabağına gətirildiyi zaman. Halbuki, möminlər Rəbbimizin buyurduğu, Peyğəmbərimizin (səv) nəsihət etdiyi kimi bir-birlərinin vəliləri, əsl dost və köməkçiləridir. Bu səbəbdən bir-birlərinə qarşı rəftarları, hərəkətləri, hətta düşüncələri buna uyğun olmalıdır. Böyük alim İmam Qəzali də möminlərin bir-birlərinə qarşı necə olmaları lazım olduğunu aşağıdakı sözlərində çox hikmətli təsvir etmişdir:
... Onlara, daim səndən gözlədikləri şəfqət nəzəriylə baxmalısan. Gözəlliklərini görüb qüsurlarını görməzlikdən gəlməlisən. Sənə yönəldikləri və səninlə danışdıqları zaman gözlərini üzlərindən çevirməməlisən.
Rəvayətə görə, Allah Rəsulu (səv) hüzurunda oturan hər kəsə mübarək simasından nəsibini verər, onlara qarşı gülərüz, mehriban davranırmış. Belə ki, məclisində olan adam özünün Rəsullullahın nəzərində insanların ən yaxşısı olduğunu sanarmış. Allah Rəsulunun (səv) məclisi həyalı, təvazökar və hüzurlu məclis idi. Rəsullullah (səv) səhabələrinin üzlərinə gülümsəyərək, xoş təbəssümlə baxardı, söhbətlərini diqqətlə və bəyənərək dinləyərdi. Səhabələr də ona uyğun olaraq və hörmət göstərərək onun hüzurunda təbəssümlə kifayətlənirdilər. Qardaşlarının sözlərini zövqlə dinləməli, söylədiklərini təsdiqləməli, verdikləri gözəl xəbərlərə sevinməli, etiraz, müdaxilə və söylədiklərini qəbul etməmək kimi hərəkətlərlə sözlərini kəsməməlisən. Əgər dinləməyinə mane olan bir vəziyyət ortaya çıxarsa, üzr istəməlisən. Bir də onların eşitdikləri təqdirdə xoşlarına getməyəcək sözləri dinləməməlisən. (Əhyasi Ulumiddin, səh.: 431)
*Hüccətül İslam- üç yüz min hədisi rəvayətçiləri ilə birlikdə əzbərdən bilənə deyilir.