Allah insanı ağıllı düşünəcək gücdə yaratmışdır. Ancaq insan nəfsinin və şeytanın təlqinlərinə tabe olduqda müsbət düşünməyə mane olan hadisələr ona pis təsir göstərir. İnsanın müsbət düşünməsinə mane olan, düşüncələri korlayan amillərdən biri də şübhədir.
Rəbbimiz Quranın bir çox ayəsində möminlərin ağıl sahibləri olduğunu bildirir. “Ali-İmran” surəsinin 190-cı ayəsində göylərin və yerin yaradılışında, gecə ilə gündüzün bir-birini izləməsində ancaq ağıl sahibləri üçün dəlillər olduğunu, “Rad” surəsinin 19-cu ayəsində ancaq ağıl sahiblərinin öyüd alıb düşündüyünü, “Zumər” surəsinin 18-ci ayəsində ağıl sahiblərinin sözü dinləyib onun ən gözəlinə tabe olduqları bildirilir. Müsəlman ağıl sahiblərindən olmaq üçün şübhəni və şübhəyə zəmin hazırlayan hər cür yanlış düşüncə tərzini həyatından uzaqlaşdırmalıdır. İndi şübhənin insana necə zərər verdiyini və imanın önündə nə qədər böyük maneə olduğunu ətraflı təhlil edək.
Şübhə insana necə zərər verir?
Şübhə insan ruhuna və fitrətinə tamamilə ziddir. İnsan ruhu dincliyə, rahatlığa, xoşbəxt olmağa meyillidir. Halbuki şübhə bütün bunları aradan qaldırır. Ruhun dincliyinə təsir edir, rahatlığı pozur, insanın xoşbəxt olmasına mane olur. Şən olarkən kefsizlik, sakit olarkən gərginlik verir. İnsanın bir məsələdə düşdüyü şübhələr təkcə o məsələ ilə məhdudlaşmır və o səviyyədə qalmır. Şübhə şübhəni doğurur və yeni vəsvəsələrlə, yeni düşüncələrlə getdikcə böyüyür.
Şübhəli düşüncələrlə insan daima bəzi şeylərin sübut edilməsini, dəlilləndirilməsini, detalların ortaya qoyulmasını gözləyir. Bu şəkildə yaşamaq insanlara daima bədbinlik və sıxıntı gətirir. İnsanlar bəzən bir-birlərinə şübhə ilə yanaşdıqları üçün müsbət rəftar belə şübhə etmələrinə səbəb olur. Məsələn, dostları onları təriflədikdə şübhələnir, bundan mütləq bir məna çıxarmağa çalışırlar. Birindən gözəl söz və ya rəftar gördükdə bu şübhələrə yol açır, çünki din əxlaqına uyğun yaşamayan insanların ümumi əxlaq anlayışında şəxsi mənfəətlər əsas olduğu üçün səbəbsiz yerə yaxşılıq, tərif, xoş söz şübhə üçün mütləq zəmin hazırlayır.
Şübhə şeytanın tələsidir
İnsanlar, əsasən, şeytanın varlığı və insanlara təsir gücü haqqında çox düşünmür, hətta belə bir təsirin olduğunu qəbul belə etmək istəmirlər. Halbuki yaşadığımız üç ölçülü dünyada şeytanı görə bilməsək də, şeytan bizimlə eyni kainatda, eyni dünyada yaşayır və daima fəaliyyətdədir. Ona görə, insan bu həqiqəti qəbul etməli və şeytanın onun üzərində hər hansı bir təsirinin olub-olmamasını yaxşı düşünməlidir. Şeytanın təsirlərini müəyyən etmək üçün ətraflı araşdırma aparmağa ehtiyac yoxdur. İnsanın qəlbinə sıxıntı verən və şübhə adı altında toplanan bütün mənfi hisslər şeytanın təlqini ilə meydana gəlir. Şeytan insanları şübhəyə salaraq düzgün düşünməkdən, saleh əməllər etməkdən, fədakarlıqdan, səmimiyyət və təvazökarlıqdan uzaqlaşdırır. Onları din əxlaqından çəkindirib inkar və üsyana aparmaq üçün qəlblərinə mənfi düşüncələr verir. Allah “Nisa” surəsində şeytanın insanları hidayət yolundan azdırmaq üçün and içdiyini belə bildirir:
Onları hökmən sapdıracaq, xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allahı atıb şeytanı özünə dost tutan şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır. (Nisa surəsi, 119)
Ayədə bildirilən şübhələrə qarşı insan bütün ömrü boyu diqqətli olmalıdır. Çünki zəif imanlı insanların çoxu şübhələr nəticəsində din əxlaqından uzaqlaşır. Gözəl əxlaqa qəlbən meyilli olduğu halda, şeytanın ağlına gətirdiyi sual və şübhələrə görə özünü din əxlaqından uzaq tutan bəzi insanların olması bunun açıq-aşkar dəlilidir.
Şübhədən necə xilas olmaq olar?
Şübhə edərkən ağılla düşünmək, hadisələri doğru şəkildə Quranda bildirilən nöqteyi-nəzərdən dəyərləndirmək mümkün olmur. Ona görə, insan şübhədən uzaq durmaq üçün Quran əxlaqından əsla uzaqlaşmamalı, müsbət düşünməli, hadisələrə xeyir və hikmət gözü ilə baxmalı, daima ümidvar olmalıdır. Şübhədən xilas olmaq üçün lazım olan digər mühüm əxlaqi xüsusiyyətlər bunlardır:
Allaha təslim olmaq
İnsan şeytanın verdiyi minlərlə şübhənin hər birinə ayrı-ayrı cavab vermək əvəzinə, hamısını ağlından silib bir anda sadəcə doğruya və həqiqətə yönələ bilər. Bunun sirri isə Quranda bildirilmişdir. Hər şeyin sahibi olan Rəbbimizə sığınan və hadisələri Quran əxlaqı ilə düşünüb dəyərləndirən bir müsəlman “Əraf” surəsinin 200 və 201-ci ayələrində xəbər verildiyi kimi, şeytanın verdiyi şübhələri dərhal müəyyən edə bilər və doğrunu bilib anlayar. Ayələrdə belə bildirilmişdir:
Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, Allah eşidəndir, biləndir! Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman (Allahı) xatırlayar və dərhal (gerçəyi) görərlər. (Əraf surəsi, 200-201)
Hər mövzuda doğru məlumat verən mənbə Rəbbimizin bizə rəhmət olaraq nazil etdiyi Qurani-kərim və Peyğəmbərimizin (s.ə.v.) sünnəsidir. İnsan onu Allahın yaratdığını, hər an ölə biləcəyini və əsl həyatının axirətdə başlayacağını heç vaxt unutmadıqda təbii olaraq din əxlaqına yönələr və bu əxlaqdan uzaqlaşmaz. Bu cür səmimi imana malik insan şeytanın vəsvəsələrinin heç birini dinləməz, çox güclü olar. Hər cür vəsvəsənin cavabını Quranla verər. Çünki ölümün nə qədər yaxın, cəhənnəmin nə qədər gerçək olduğunu dərk edib var gücü ilə özünü cəhənnəm əzabından qorumağa çalışar. İnsanın belə bir təhlükə ilə üz-üzə olarkən şeytanın verdiyi vəsvəsələrlə məşğul olması böyük yanlışlıq və vaxt itkisidir. Ona görə də həqiqi müsəlman zehnini tərtəmiz tutmalı, şeytan ona vəsvəsə verdikdə bir an belə o vəsvəsə üzərində düşünməyərək dərhal Allaha sığınmalı və daima Ona təslim olmalıdır.
Möminlərə güvənmək
Daha əvvəl də bildirdiyimiz kimi, müsəlmanların hər davranışı tamamilə Qurana əsaslanır. Hər davranış Allahın rizasına uyğun, gözəl əxlaqla və səmimi edildiyi üçün insanın şübhələnəcəyi səbəblər aradan qalxır. Buna görə də hər bir insan müsəlmanların söylədiyi sözlərə inanmalı və bu sözlərdən fərqli, gizli mənalar çıxarmamalıdır. Müsəlmanların onun üçün xeyir və gözəllik arzu etdiyini əsla unutmamalı, Allaha təvəkkül etməlidir. Allahdan qorxan və vicdan sahibi müsəlmanların sözlərinə, davranışlarına daima müsbət yanaşmalıdır. Məsələn, bir müsəlman ona bir şey dedikdə: “Səmimi şəkildə mənə bunu deyir”, -deyə düşünməli və ya bir şey etdikdə: “Mənim xeyrimi və yaxşılığımı istədiyi üçün belə davranır”, -deməlidir. “Görəsən, doğru deyir? Səmimidir? Həqiqətən, müsbət düşünürmü?” kimi şübhələr həm bu cür düşünən insan üçün, həm də qarşı tərəf üçün çox yorucudur. Müsəlmanın ruhu ancaq inam yaradan düşüncələrlə rahatlıq, dinclik tapar. Əks təqdirdə insan ruhən çox yorular. Doğru düşünə bilməz, xeyir gözü ilə baxa bilməz. İnsan ağlı mənfi düşüncələrə uyğun deyil. Eyni anda həm müsbət düşünmək, həm də şübhə ilə yaşamaq mümkün deyil. Şübhə müsbət düşünmənin qarşısını tamamilə alır. Buna görə də insan şübhəni tam mənada yox edib, vicdanını dinləyib, Allahdan qorxub Quran əxlaqına uyğun düşünməlidir.
Şübhə insana ancaq zərər verir
Şübhənin insanın nə ruhuna, nə şəxsiyyətinə və əxlaqına, nə imanına, nə də orqanizminə faydası var. Əksinə, bunların hamısı birlikdə insana hərtərəfli zərər verir. İnsanın gözəl və xeyirli düşünməsinə mane olur, işinin bərəkətini azaldır. Allaha yaxınlaşmaq və imanda dərinləşmək üçün düşünəcəyi dəyərli vaxtı alaraq bu cür cəfəng və boş işlə vaxt keçirməsinə səbəb olur. Ağıl sahibi olmasının qarşısını alır, daima vəsvəsəli əhvala səbəb olur.
İman gətirən insan Allaha təvəkkül edərək, daima Quran əxlaqına uyğun düşünmək üçün diqqətini açıq tutaraq şübhədən uzaq durmalı, müsəlman üçün hər şeyin xeyir və gözəlliklərlə yaradıldğını dərk etməlidir.
Möminlər Allahın göstərdiyi yola tabe olduqda şeytanın pıçıldadığı şübhələr, vəsvəsələr, Allahın iznilə onlara təsir etməz. Bu mühüm həqiqət Quranda belə bildirilmişdir:
Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində şeytanın heç bir hökmü yoxdur! Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir! (Nəhl surəsi, 99-100)
İnsanın ağlı təmiz və aydın düşünməyə uyğun yaradılmışdır. İnsan ancaq təmiz, aydın zehinlə düşünərək yaşadıqda xoşbəxt ola bilər, vicdanını sona qədər dinləyib Allahın razılığına uyğun qərarlar verə bilər.