Amerika Birləşmiş Ştatlarının prezident seçkiləri artıq bir millətin daxili məsələsi olmaqdan çıxıb. 8 noyabr 2016-cı il seçkilərini bütün dünya diqqətlə izləyir. Yeni seçiləcək prezidentdən beynəlxalq terrorizmdən, silahlı münaqişələrə, nüvə silahlanmasından dünya enerji resurslarının idarə edilməsinə kimi bir çox qlobal problemə çarə tapılması gözlənilir. ABŞ-ın 58-ci prezidentinin qarşısına qoyulacaq başqa bir mühüm məsələ isə dünyanın iqtisadi problemləridir. Bu iqtisadi problemlərin ən əhəmiyyətlisi də dünyada sürətlə artan gəlir bölgüsü məsələsidir. Yəni dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ xalqının seçimi müəyyən mənada dünyadakı ən yoxsul millətlərin rifahına birbaşa təsir göstərəcək.
Bu gün dünya əhalisinin böyük hissəsi çox ağır şəraitdə yaşamaq uğrunda mübarizə aparır. 1,5 milyard insan elektrikdən məhrumdur. Afrikadakı ölümlərin böyük əksəriyyəti malyariya, vəba, tənəffüs yolu və ya doğuş öncəsi infeksiyalar kimi qərb dünyasının çoxdan həll yolu tapdığı xəstəliklərdən irəli gəlir. 2015-ci ildə hər 7 nəfərdən biri gündə 1,25 dollarla həyatını davam etdirməyə çalışır. Beləliklə, yoxsulluq həqiqi mənada dünyanın ən vacib problemlərindən biridir. Dünyanın 250 trilyon olaraq hesablanan ümumi sərvətinin yarısına əhalinin 1%-i, geri qalan digər yarısına isə 99%-i sahibdir. "Forbes" jurnalının siyahısında dollar milyarderi olaraq açıqlanan 1.200 nəfərin ümumi sərvəti 4,5 trilyon ABŞ dollarıdır. Eyni siyahının başındakı 62 nəfərin ümumi sərvəti, dünyada ən kasıb 3,5 milyard insanın sərvətinə bərabərdir. Müqayisələri çoxaltmaq da mümkündür, amma müharibə və münaqişələrlə dolu dünyamızın bu bərabərsizliyə artıq tolerant olmayacağı çox açıqdır.
Gəlir bərabərsizliyi və sosial ədalət tarix boyu həmişə qarşımıza çıxıb. Gəlir bərabərsizliyinin dağıdıcı təsirləri bəzən qarşımıza dəhşətli nəticələrlə çıxır. Gəlir bölgüsü bərabərsizliyinin ən böyük göstəricilərindən biri isə dünyada iqtisadi cəhətdən çox zəngin və eyni zamanda olduqca yoxsul ölkələrin olmasıdır. Dünyada gəlir səviyyəsi mənasında öndə gedən ölkələrin başında yaşadığı nəhəng iqtisadi böhrana baxmayaraq, Amerika və oxşar iqtisadi sistem içində olan İngiltərə gəlir. Tarixdə də Amerikada 1840-cı illərdə, daha sonra 1920-ci illərdə gəlir bərabərsizliyi böyümüş, daha sonra əlli il kimi bir dövr azalmasına baxmayaraq, hazırda zənginlərlə kasıblar arasında fərq daha da artmışdır. Mega kapitalizmin ortaya çıxardığı "qazanan hər şeyə sahib olur" (winner takes all) biznes modelləri bu 1%-lik təbəqənin sahib olduğu sərvətin mənbəyini təşkil edir. Bu gün dünya iqtisadi siyasətləri bu zəngin azlıq tərəfindən müəyyən olunur. Getdikcə zənginləşmə hərisliyi sosial həmrəylik və bərabərlik anlayışlarının önünə keçir. Bu siyasətlərə tabe olan ölkələr investisiya gəlir vergilərini azaltmaq məcburiyyətində qalıblar. Bazarları inhisar və ya yarı inhisarların nəzarətinə keçib. Anti-inhisar qanunları zəiflədilərək dünya sərvətləri maliyyə manipulyasiyaları vasitəsilə dağıdılmışdır. Bu vəziyyət orta sinfin hüquqlarını axtardığı Ərəb baharı və ya "Occupy wall street" kimi bir çox alternativ hərəkatı ortaya çıxarmışdır.
"Biz 99%-ik" şüarı ilə yola çıxan "Occupy wall street" hərəkatı ABŞ ictimaiyyətinin diqqətini gəlir bərabərsizliyi mövzusuna uğurla çəkmişdir. Bu güclü hərəkət prezidentliyə namizəd demokratlar partiyasından Bernie Sandersın gəlir bərabərsizliyindən əziyyət çəkən xalqın müdafiəçisi olmasını təmin etmişdir. Dünyanın ən güclü iqtisadiyyatlarından birinə malik olan ABŞ-ın ən zəngin 20%-i bütün sərvətlərin 85%-nə malikdir. Geri qalan 15% isə 250 milyon nəfər arasında bölüşdürülür. Bütün zənginliyinə baxmayaraq, ABŞ-da küçədə yaşayan insanların sayının xeyli çox olduğu da unudulmamalıdır. Təkcə ABŞ-da deyil, bütün dünyada kasıb insanlar xəstələndikləri üçün pul ödəmək məcburiyyətində qalır, xərçəng müalicəsi üçün pul tapa bilməyənlər ölümə tərk edilir. Ebola kimi üçüncü dünya ölkələrini bürüyən xəstəliklər zəngin ölkələrin diqqətini uzun müddət çəkməmiş və müalicə yolları minlərlə insanın ölümündən sonra axtarılmağa başlanmışdır.
Bütün dünyada gəlir bölgüsündə gender ayrı-seçkiliyi mövcuddur. Dünyanın ən zəngin 500 nəfərin 445-i kişi olduğu kimi, aclıq sərhədinin altında yaşayanların 75%-ni isə qadın və uşaqlar təşkil edir. Qadınlar ən varlı və ən kasıb təbəqədə belə hər zaman kişilərin kölgəsinin altında yaşamaq məcburiyyətində qalır.
Dünya artıq kasıb təbəqənin daha az təhsil, daha az səhiyyə, daha az təhlükəsizlik xidməti aldığı və bunun nəticəsində daha da yoxsullaşdığı bir yer olmamalıdır. Vəhşi kapitalizm altında əzilən cəmiyyətlər getdikcə aclığa doğru daha çox sürüklənəcək və qəzəbli kütlələrin sayı gün keçdikcə daha da çox artacaq. Son 10 il ərzində Occupy hərəkatı 34 inkişaf etmiş ölkədə küçə aksiyaları keçirib. Bu aksiyaların bəzisi dinc şəkildə keçmiş, bəziləri isə küçələri yandırıb dağıtmışdır.
Burada statistikalarla diqqət çəkməyə çalışdığımız bu mənzərə real həyatda şübhəsiz çox faciəvidir. Bu rəqəmlər acından ölən bir afrikalı uşağı, düzgün qidalana bilmədiyi üçün xəstəliklərlə boğuşan vyetnamlı qadını, müharibədən qaçarkən dənizdə boğulan ərəb ailəni və ya Şimali Koreyada bir ovuc düyü ilə bəslənməyə çalışan bir işçini təmsil edir. Halbuki bu dünya 7 milyard insanın ortaq vətənidir. Heç kim "mən istədiyim kimi yaşayım, digərləri məni maraqlandırmır" deyə bilməz. İnsanların gündəlik maraqlarını ön plana çıxaran bu eqoizm atəşinin bütün dünyanı qovuracaq şiddətdə olduğu heç unudulmamalıdır.
Ağıl və vicdan sahibi insanlar bu alovu söndürmək üçün ittifaq etməlidirlər. Lakin bu ittifaq zənginə qəzəblənmək, terror həyata keçirmək və gəlir bərabərsizliyindən gileylənmək üçün yox, ağıllı və vicdanlı həll yolu ilə baş verməlidir. Varlını və burjuaziyanı məhv etməyi qarşısına məqsəd qoyan kommunizm kimi qorxunc və cahil sistemlərin dünyaya necə böyük fəlakətlər gətirdiyi açıqdır. İqtisadiyyatda bərabərlik tələb olunursa, zənginin kasıba həvəslə və sevinclə dəstək olduğu rasional və əxlaqi sistem yaradılmalıdır. Bunu təmin etmək asandır. Yetər ki, rəhbərlər vicdanlı, siyasi hesablar arxasınca qaçmayan, güclünün deyil, daima haqlının tərəfində olan bir mövqe nümayiş etdirə bilsinlər.
Adnan Oktarın «American Herald Tribune» & «The Hans India»da dərc edilən məqaləsi:
http://ahtribune.com/opinion/778-inequality.html