Yaşadığımız dünyada müxtəlif inanclara sahib olan birliklər var. Belə bir dünyada yaşayan müsəlmanlar qarşılarındakı insanın inancından asılı olmayaraq mülayim və ədalətli olmalı, bağışlamalı və insani şəkildə davranmalıdırlar. İman gətirənlərin üzərindəki məsuliyyət insanları Allahın dininə gözəl şəkildə, sülh və xoşluqla dəvət etməkdən ibarətdir.
İnsanların fikir, düşüncə və həyat azadlığını təmin edən və zəmanət altına alan dinimiz İslam insanlar arasında anlaşılmazlığı, bir-birləri haqqında xoş olmayan ifadələrdən istifadə etməyi və hətta mənfi düşüncəni (zənn) belə qadağan etmişdir. İslam terror və şiddətə qarşı olmaqla yanaşı, insanların üzərində ən kiçik bir fikri təzyiqin belə olmasını qadağan etmişdir.
İnsanların bir dinə inanmağa və ya həmin dinin ibadətlərini yerinə yetirməyə məcbur edilməsi İslama ziddir. Çünki İslamda səmimi iman azad iradə və vicdani qəbul ilə mümkündür. Əlbəttə, müsəlmanlar bir-birlərini Quranda izah edilən əxlaqi xüsusiyyətlərin tətbiq olunmasına təşviq edə bilərlər. Quran əxlaqının ən gözəl sözlə insanlara izah edilməsi bütün iman gətirənlərin üzərində olan bir məsuliyyətdir. İman gətirənlər "... Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et ..." (Nəhl surəsi, 125) ayəsi ilə din əxlaqının gözəlliklərini izah edər, ancaq "Onların doğru yola gəlməsi sənə aid deyildir. Yalnız Allah istədiyi şəxsi doğru yola yönəldir" (Bəqərə surəsi, 272) ayəsini də şüurlarında tutarlar. Əsla məcbur etməz, insanlara maddi, ya da mənəvi təzyiq göstərməzlər. Ya da dünyəvi mənfəət üçün insanı din əxlaqını tətbiq etməyə istiqamətləndirməzlər. Təbliğlərinin əvəzində mənfi cavab alanda müsəlmanların cavabı "Sizin dininiz sizə, mənim dinim mənə" (Kafirun surəsi, 6) deməkdən ibarət olar.
Doğruları tətbiq etmək və ya etməmək, iman gətirmək və ya gətirməmək qərarı qarşı tərəfə aiddir. Bir insanı iman gətirməyə məcbur etmək, bəzi şeyləri məcburiyyətlə qəbul etdirməyə çalışmaq Quran əxlaqına ziddir.
İnsanların ibadət etməyə məcbur edildikləri bir cəmiyyət modeli İslama tamamilə ziddir. Çünki inanc və ibadət yalnız Allaha yönəlmiş və insanın öz seçimi ilə olduğu zaman dəyər qazanır. Əgər bir sistem insanları inanca və ibadətə məcbur etsə, insanlar həmin sistemdən qorxduqları üçün dindar olarlar. Dini baxımından məqbul olan isə vicdanların tamamilə azad olduğu bir mühitdə Allah rizası üçün din əxlaqının yaşanmasıdır.
Allah günahsız insanların öldürülməsini haram buyurur
Bir insanı günahsız yerə öldürmək Qurana görə ən böyük günahlardan biridir:
"... kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölüm-dən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar. Elçilərimiz onlara aydın dəlillər gətirdilər. Onların çoxu isə bundan sonra da yer üzündə həddi aşdılar." (Maidə surəsi, 32)
Yuxarıdakı ayədən də göründüyü kimi, günahsız insanları haqsız yerə öldürənlər böyük bir əzabla təhdid olunurlar. Allah bir insanı öldürməyin bütün insanları öldürmək qədər ağır cinayət olduğunu xəbər verir. Dünyada ədalətdən qaçaraq cəzadan xilas olacağını sananlar öldükdən sonra axirətdə Allahın hüzurunda verəcəkləri hesabdan əsla qaça bilməyəcəklər. Bu səbəbdən, öləndən sonra Allaha hesab verəcəklərini bilən möminlər Allahın sərhədlərini qorumaq üçün həddən artıq diqqətli olarlar.
Allah möminlərə mərhəmətli olmalarını əmr edir
Ayələrdə müsəlman əxlaqı belə izah edilir:
"Sonra isə o, iman gətirən, bir-birinə səbir və mərhəmət tövsiyə edənlərdən olmaqdır. Onlar sağ tərəf sahibləridir." (Bələd surəsi, 17-18)
Allahın axirət günü qurtulmaları, rəhmətinə və cənnətinə qovuşmaları üçün qullarına endirdiyi əxlaqın vacib xüsusiyyətlərindən biri də, ayədən göründüyü kimi, "mərhəməti bir-birlərinə tövsiyə edənlərdən olmaq"dır.
Həqiqi mərhəmətin qaynağı Allah sevgisidir. İnsanın Allaha olan sevgisi Onun yaratdığı varlıqlara qarşı qəlbində yaxınlıq hiss etməsinə səbəb olar. Allahı sevən insan Onun yaratdıqlarına qarşı məhəbbət və sevgi hiss edər. Quranda əmr edildiyi kimi, özünü və bütün insanları yaradan Rəbbimizə qarşı hiss etdiyi güclü sevgi və bağlılığa görə insanlarla gözəl davranar. Bu gözəl əxlaqı sayəsində həqiqi mərhəmət ortaya çıxar.
Möminlərin ayələrdə təsvir edilən gözəl əxlaqları Allaha olan dərin sevgilərindən qaynaqlanır. Bu bağlılıqlarına görə də Allahın əmr etdiyi Quran əxlaqını dəqiq və diqqətli şəkildə tətbiq edərlər. Möminlər göstərdikləri mərhəmətdən, etdikləri köməkdən ötrü heç kimə minnət etməz və bir təşəkkür belə gözləməzlər. Onların əsl hədəfi yaşadıqları gözəl əxlaqla Allahın razılığını qazanmaqdır. Çünki onlar axirət günü bu əxlaqlarına görə sorğuya çəkiləcəklərini bilirlər.
Allah mülayim olmağı və əfv etməyi əmr edir
Qurani - Kərimin Əraf surəsinin 199-cu ayəsindəki "Sən əfv yolunu mənimsə" sözlərilə ifadə edilən əfvedicilik və xoş münasibət anlayışı İslam dininin əsas qaidələrindən birini təşkil edir.
İslam tarixinə baxdığımız zaman müsəlmanların Quran əxlaqının bu əhəmiyyətli xüsusiyyətini ictimai həyatda necə tətbiq etdikləri açıq şəkildə görünür. Müsəlmanlar olduqları hər yerdə sərbəst və mülayim mühit yaratmışdılar. Din, dil və mədəniyyət baxımından bir-birinə tamamilə zidd olan xalqların eyni dam altında sülh şəraitində yaşamalarını təmin etmiş, onlara tabe olanlara rahatlıq vermişlər. Böyük bir əraziyə yayılan Osmanlı İmperiyasının varlığını əsrlərlə davam etdirməsinin əsas səbəblərdən biri İslamın gətirdiyi xoş münasibət və anlayış mühitinin yaşanması olmuşdur. Əsrlərdir mülayim və şəfqətli olan müsəlmanlar hər zaman dövrlərinin ən mərhəmətli və ən ədalətli insanları olmuşlar. Çoxmillətli cəmiyyət içində bütün etnik qruplar dinlərini azad şəkildə yaşamışlar.
Bunlar İslamın insanlara bildirdiyi əxlaq xüsusiyyətlərinin dünyaya sülh, rahatlıq və ədalət gətirəcəyini göstərir. Hazırda dünya gündəmində olan və terror adlanan barbarlıq isə Quran əxlaqından tamamilə uzaq, cahil və fanatik insanların, dinlə heç bir əlaqəsi olmayan canilərin əsəridir. Vəhşilikləri din adı altında icra etməyə çalışan bu şəxslərə və qruplara qarşı tətbiq olunan mədəni çarə həqiqi İslam əxlaqının insanlara öyrədilməsidir. Başqa sözlə desək, İslam dini və Quran əxlaqı terrorizmin və terroristlərin dəstəkləyicisi deyil, yer üzünü terrorizm bəlasından qurtaran çarədir.