Beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan məsələlər hər gün mətbuatda gündəmə gəlsə də, bir də gündəmə gəlməyən böyük faciə baş verir dünyada. Tanıdığımız, unudulmamış və heç bitməyən bir faciədir bu: Afrika və aclıq faciəsi.
2011-ci ildəki daxili qarşıdurmalar və böyük quraqlıqdan sonra Somalidəki qorxunc mənzərələrə şahid olmuşduq. İnsanlar acından ölür, beynəlxalq ictimaiyyət reaksiya vermir və on beş milyon insanın acından ölməsini bütün dünya sadəcə seyr edirdi. Əlbəttə, bu problemə çarə tapmağa çalışanlar oldu, amma səyləri yetərli olmadı. Dünyanı hərəkətə keçirməyə gücləri çatmadı.
İndi eyni kütlə Somalidə bu qorxunc mənzərənin yenidən baş verməsindən çəkinir. Çünki quraqlıq əvvəlkindən daha güclü şəkildə bu regionda özünü göstərir. BMT Somalidə uzun müddətdir davam edən quraqlığa görə 305 min uşağın kifayət qədər qidalanmadığını, 58.300 uşağın ölüm təhlükəsi ilə qarşı-qarşıya olduğunu açıqlayıb. BMT-yə görə əhalinin 40%-nin, yəni 4.7 milyon insanın humanitar yardıma ehtiyacı var. Bu vəziyyət Afrika buynuzunun digər halqalarına da təsir edir. Efiopiyada yağış yağmadığına görə, 10 milyondan çox insanın ərzaq yardımına ehtiyacı var. Zimbabvedə quraqlığın baş verdiyi yerlər fəlakət zonası elan edilib. Quraqlığın qismən şərqi və cənubi Afrikaya təsir edən Əl-Ninodan qaynaqlandığı bildirilir.
Somalidə 1 milyon insan bu təhdidlə qarşı-qarşıya olduğu halda, ölkədə əsl təhlükəli bölgələr Puntland və Somaliland adlandırılan muxtar rayonlardır. Somalilandda quraqlıq minlərlə heyvanın ölümünə səbəb oldu. Yeganə dolanışıq mənbəyi heyvandarlıq olan xalq hazırda yeməyə heç nə tapa bilmir. Beynəlxalq yardım təşkilatı «İslamic Relief» isə acından ölmək üzrə olan bəzi qadınların çaqqallar tərəfindən hücuma məruz qaldıqlarını bildirib. [1]
«Save the Children» yardım təşkilatı, xüsusilə, 5 yaşından balaca uşaqlar üçün aclıq səviyyəsinin həyəcan səviyyəsində olduğunu bildirərək bu riskin daha da artmaqda olduğuna dair xəbərdarlıq edib. [2] Bölgədə yaşayanlara görə bu quraqlıq tarixdə yaşadıqlarının ən pisidir.
«İslamic Relief» təşkilatının nümayəndəsi Meri Qriffin 2011-ci ildəki fəlakətdən sonra yaşanan bu quraqlığın Afrika buynuzunda "qorxunc dejavu hissi" verdiyini qeyd edib. Eyni narahatlığı yaşayan «Muslim Charities Forumu»nun sədri Hany El-Banna belə deyir:
"2011-ci ildə çox gec hərəkətə keçmişdik. Həmin il etdiyimiz kimi, yenə də gecikə bilmərik. Bunun öhdəsindən gəlməliyik. Əgər bunu etməsək, bu quraqlıq qıtlığa çevriləcək". [3]
2011-ci ildəki dəhşətli mənzərədən sonra hər il bölgəyə fasiləsiz yardım göndərən Türkiyə bu il 8 May Analar Günündə təxminən 8 milyon dollarlıq yardım aparan gəmini Somaliyə yola saldı. Yaxın zamanda 2 gəminin də yola çıxacağı gözlənilir. Bəzi ölkələrin və qeyri-hökumət təşkilatlarının yardım fəaliyyətləri davam edərkən, bəzi ölkələrin hələ də Afrikanı istismar sahəsi kimi görməsi problemin əsasını təşkil edir.
Bir çox somalilinin tək qaçış yeri sayılan Keniyadan gələn xəbərlər isə Afrikadakı vəziyyətin gərginliyini daha da artırıb. Keniya bu həftə bəyanat verərək ölkədəki bütün qaçqın düşərgələrini bağlayacağını, hökumətdə qaçqınların işləri ilə məşğul olan orqanın da ləğv ediləcəyini bildirdi. Bağlanılması planlaşdırılan Kakima və Dadaab qaçqın düşərgələri 600 mindən çox qaçqına sığınacaq verir. 420 mindən artıq Somalini himayə edən Dadaab dünyanın ən böyük qaçqın düşərgələrindən biri kimi qəbul edilir. Düşərgələrdə qalan qaçqınları, əsasən, Somali, Tanzaniya, Sudan və Efiopiyada terror təhdidindən qaçan insanlar təşkil edir. Düşərgələrin bağlanma səbəbi isə iqtisadi çətinliklər və terror təşkilatı Əş-Şəbab təhdididir.
Əş-Şəbab Keniya üçün böyük təhdiddir. Məlum olduğu kimi, 2013-cü ildə Nairobidə bir alış-veriş mərkəzinə təşkil edilən hücumda 67 nəfər həyatını itirmiş, ötən il aprel ayında ölkənin şimalındakı bir universitetdə isə 140 tələbə öldürülmüşdü. Əş-Şəbabın Keniyanı hədəfə almasının ən önəmli səbəblərindən biri isə Keniyanın Afrika Birliyi missiyası çərçivəsində radikal qruplara qarşı əməliyyatlarda iştirak etməsidir.
Qaçqınlara gəlincə, yaşadıqları yerdən çıxarılma riski ilə qarşı-qarşıya qalan bu insanlar həm daxili münaqişələrin, həm də aclığın hökm sürdüyü Somali, Efiopiya və Sudan kimi ölkələrə qayıtmağı heç düşünmürlər. İnsan hüquqları təşkilatlarının tənqid oxları isə Keniya hökumətinə qarşı yönəlib. Beynəlxalq Amnistiya Təşkilatı Şərqi Afrika regional direktoru Muthoni Wanyeki Keniyanın bu qərarla məzlum insanları qorumaq vəzifəsindən geri çəkildiyini və minlərlə insanın həyatını riskə atdığını bildirir. [4]
Ölkədəki şərtlər nə olursa-olsun, bir ölkə məzlumlara sahib çıxmaqdan heç vaxt imtina etməməlidir. Lakin bu mərhələdə Keniya üçün də həll yolunun düşünülməsi və beynəlxalq cəmiyyət nəzərində həm terrorla mübarizə, həm də maddi kömək mənasında bütün güzəştlərin göstərilməsi şərtdir. Yalnız burada xatırlatmaq lazımdır ki, terrorla mübarizənin zorakılıq və silahla aparıldığı hər bölgə mütləq belə risk altında qalacaq. Çünki dəfələrlə xatırlatdığımız kimi, bu üsul şiddətlə qidalanan ünsürlər üçün əsas həyat mənbəyidir. Dolayısilə Keniyanın terrorla mübarizədə bütün dünyanın düşdüyü xətaya düşməməsi vacibdir. Ölkənin terrorla mübarizə vəzifəsini maarifləndirmə yolu ilə həyata keçirməsi həm terror problemini aradan qaldıracaq, həm də ölkənin məruz qaldığı təhdidlərdən təmizlənəcək.
Keçmişdən etibarən heç bitməyən Afrika problemi ancaq ciddi oyanış və məlumatlandırma ilə diqqət çəkə bilər. Bunun üçün ictimai fikir yaratmaq olduqca əhəmiyyətlidir. Afrikada aclıq və qaçqınların vəziyyəti dəhşətli həddə çatmağına baxmayaraq, bu mövzuda keçirilən brifinqlər çox məhduddur. Yaşanan faciənin daha geniş miqyasda dünyaya çatdırılması, daha çox qeyri-hökumət təşkilatının hərəkətə keçməsini təmin edəcək, daha çox vicdanlı hökumətin məsələni ələ almasına kömək olacaq. Bəzən cəmiyyətin səsi daha güclü çıxır. O zaman artıq heç kimin qulaqlarını tıxama ehtimalı qalmayacaq.
[1]http://www.theguardian.com/global-development/gallery/2015/dec/11/climate-change-somaliland-pastoralist-life-too-hard-in-pictures
[2]http://www.theguardian.com/global-development/gallery/2015/dec/11/climate-change-somaliland-pastoralist-life-too-hard-in-pictures
[3] http://www.reuters.com/article/us-somaliland-drought-aid-idUSKCN0XQ22Q
[4] http://edition.cnn.com/2016/05/06/africa/kenya-closing-refugee-camps/index.html
Adnan Oktarın «Arab News»də dərc edilən məqaləsi: