Din ilə elmin daima uyğunluq təşkil etdiyi açıq-aydın həqiqətdir. Bu uyğunluğun bir göstəricisi də keçmişdə və dövrümüzdə yaşayan, kəşfləri ilə bəşəriyyətə mühüm töhfələr vermiş imanlı elm adamlarıdır.
Əsrlərdir dinin təmin etdiyi azad, məhdudiyyətsiz ağıllı düşüncə qabiliyyətindən istifadə edərək elmə böyük töhfələr vermiş bir çox elm adamı var. Bu insanlar həm elmin din ilə tam uyğunluq içində olduğunu göstərmiş, həm də elmə və bəşəriyyətə böyük xidmət göstərmişlər. Nyuton, Kepler, Leonardo da Vinçi, Eynşteyn kimi elm tarixinə istiqamət verən tanınmış alimlər apardıqları müşahidə və tədqiqatlar nəticəsində kainatı yaradanın Allah olduğunu və hər şeyin Allah`ın hökmü altında olduğunu bildiriblər. Habelə, elmin əsas prinsipləri inanclı şəxslər tərəfindən irəli sürülmüş və müasir elmin meydana gəlməsində mühüm rolu olmuşdur.
Elmlə məşğul olan, yeni kəşflər edən bir elm adamı, əslində, Allah`ın yaratdığı sənəti dərindən tədqiq edən, təfərrüatları tutmağa çalışan insandır. Bu səbəbdən də dinlə elm ayrılmaz bütündür və elm adamı Allah`ın sonsuz gücünü, sənətini, bənzərsiz yaratmasını üzə çıxaran şəxsdir. Ona görə, elm adamları Allah`ın varlığını tez dərk edən insanlardır.
Bu məqalədə keçmişdən müasir dövrə qədər müasir elmin əsasını qoyan və inkişaf etdirən inanclı elm adamlarından və bu şəxslərin elm sahəsindəki xidmətlərindən bəhs edəcəyik. Həmin elm adamlarının hamısı kainatı və canlı sistemləri Allah`ın yaratdığına inanıblar. Allah bir çox ayə ilə yaradılmışlar üzərində düşünməyin, Allah`dan layiqincə qorxmağın, Onun böyüklüyünü, ucalığını dərk etməyin bir yolunun elm olduğunu xəbər verir. Mövzu ilə bağlı ayələrdən biri belədir:
Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun dəlillərindəndir. Həqiqətən, bunda alimlər üçün ibrətamiz dəlillər vardır!(Rum surəsi, 22)
Ən böyük elm adamı kimi tanınan İsaak Nyutonun kainata baxışı aşağıdakı sözlərində çox açıq ifadə olunur:
“Günəş sisteminin, planetlərin və quyruqlu ulduzların möcüzəvi sistemləri ancaq ağıllı və güclü varlığın qüdrəti ilə mövcud ola bilər. Bu varlıq təkcə dünyanın ruhunu deyil, hər şeyi idarə edir. O, Allah`dır”.
Eyni şəkildə, məşhur elm adamı Keplerin də fəaliyyətlərinə dini inancı istiqamət verirdi. Fizika və kosmik fon radiasiyası sahəsində apardığı fəaliyyətlərinə görə, 1978-ci ildə fizika üzrə Nobel mükafatı alan Arno Penzias, İohan Kepler haqqında belə demişdir:
Bir mərkəz ətrafında fırlanma fikri inanclı biri olan Keplerə qədər gedib çıxır. Kepler müqəddəs Kitaba inanan bir dindar idi. Allah`a inanırdı... O gündən bəri əsrlər boyu böyük mübarizə gedib. Ümidlər hələ də elm adamlarınadır. Kepler isə bu ümidi inancından əldə etmişdi.
Qalileo Qaliley (1564-1642)
Qalileo Qaliley teleskopla kosmosa baxan ilk şəxsdir. Qaliley həm Yerin kürə formasında olduğunu demiş, həm də Aydakı qaranlıq əraziləri, kraterləri və təpələri aşkar edən ilk şəxs olmuşdur. Elmə xidmətləri ilə tarixdə mühüm yeri olan Qaliley duyğu orqanlarını, nitq qabiliyyətini və zəkanı insanlara Allah`ın verdiyinə və bu qabiliyyətlərdən doğru istifadə edilməsinə inanırdı. Təbiətin bir Yaradıcı tərəfindən dizayn olunduğunu açıq-aydın müdafiə edirdi. “Şübhəsiz ki, təbiət Allah`ın heç bezmədən oxunmalı digər kitabıdır”, -deyən Qaliley Allah`ın kitabları ilə yaratdıqları arasında heç bir uyğunsuzluq olmadığını, çünki hər birini Allah`ın yaratdığını deyirdi.
İsaak Nyuton (1642-1727)
Ən böyük elm adamlarından biri olan Nyuton həm riyaziyyatçı, həm də fizik idi. Nyutonun elm sahəsindəki xidmətləri arasında ən böyüyü ümumdünya cazibə qanunun kəşfidir. Nyuton qüvvə və sürət arasındakı mükəmməl əlaqəni kütlə məfhumu ilə əlaqələndirmiş, təsir və əks-təsir prinsipini kəşf etmiş, heç bir qüvvə təsir etməyən hərəkətli cisimlərin sürətinin dəyişməməsi tezisini irəli sürmüşdür. Nyutonun hərəkət qanunları 4 əsrdir ən sadə mühəndislik hesablamalarından ən mürəkkəb texnoloji layihələrə qədər hər sahədə tətbiq olunur. Nyutonun mexanika və optika sahəsində də mühüm kəşfləri olub. İşığın 7 rəngini kəşf edən Nyuton optika adlanan yeni bir elm sahəsinin əsasını qoymuşdur.
Nyuton elm sahəsində yeni cığır açan kəşfləri ilə yanaşı, ateizmi inkar edən, yaradılışı dəstəkləyən ciddi əsərlər yazmış, “yaradılış yeganə elmi açıqlamadır” fikrini müdafiə etmişdir. Nyuton mexaniki kainatın, fasiləsiz işləyən bu nəhəng “saat”ın ancaq güclü və üstün bir ağıl sahibi olan Yaradıcının əsəri olduğuna inanırdı.
Nyuton elmi tədqiqatlar apararkən şövqünün mənbəyini “Principia Mathematica” adlı əsərində bu sözlərlə ifadə edir:
“Biz Allah`a möhtac, aciz qullar olaraq öz ağlımız çərçivəsində Allah`ın ağlının böyüklüyünü və ucalığını görməli və Ona təslim olmalıyıq.
Allah sonsuz və mütləqdir, gücü hüdudsuzdur və hər şeydən xəbərdardır, sonsuzluqdan bəri mövcuddur, hər şeyi idarə edir, edilən və ediləcək hər şeyi bilir. O, sonsuz və hüdudsuzdur. ...Əbədidir və vardır. Varlığı əbədidir, hər yerdə mövcuddur, həmişə və hər yerdə mövcud olması ilə O, bütün zamanı və zaman intervallarını yaradır”.
Corc Lemetr (1894-1966)
Corc Lemetr kainatın yaradılışını ifadə edən Biq Bənq (Böyük Partlayış) nəzəriyyəsini irəli sürmüşdür. Lemetr kainatın başlanğıc və sonunun olduğunu, bunun isə bir çox insanın Allah`a inanmasında mühüm rol oynadığını demişdir. Eyni zamanda, din adamı olan Lemetr dinin və elmin bəşəriyyəti eyni həqiqətlərə aparacağına inanırdı.
Verner fon Braun (1912-1977)
Verner fon Braun dünya səviyyəsində tanınan ən məşhur kosmoloqlardan biridir. Verner fon Braun İkinci Dünya müharibəsi zamanı məşhur V-2 raketlərini icad edərək alman raket mühəndisliyinə öndərlik etmişdir.
NASA-nın direktoru olan dr. Braun, eyni zamanda, güclü inanca malik dindar elm adamı idi. Yaradılış və təbiətdəki dizayn haqqında belə demişdi:
“İnsan əli ilə kosmosda uçmaq heyrətamiz müvəffəqiyyətdir, ancaq kosmos qapılarının çox az qismini insanlara açır. Bu dəlikdən kosmosun geniş sirlərinə baxmaq Yaradıcıya olan qəti inancımızı təsdiqləyir. Kainatı yaradan üstün bir Ağılı tanımayan bir elm adamını və inkişaf edən elmi inkar edən bir din adamını anlamaqda çətinlik çəkirəm”.
Verner fon Braun 1974-cü il may ayında dərc olunan bir məqaləsində belə deyirdi:
“İnsan dizayn və məqsəd olmadan kainatın qanunu və nizamının öhdəsinə buraxılmaz. Kainatın və onun içindəki hər şeyin təəccüblü cəhətlərini daha yaxşı anladıqca məhz bu məqsədlə yaradılan dizaynda çoxlu sayda heyrətləndirici səbəb tapdıq… Yeganə nəticəyə inanmaqda çətinlik çəkməklə - yəni kainatdakı hər şeyin təsadüfən əmələ gəldiyinə inanmaqda çətinlik çəkməklə - elmin tərəfsizliyi zədələnir… Təsadüfən meydana gələn hansı proses bir insanın beynini və ya insan gözünün sistemini əmələ gətirə bilər?..”
Albert Eynşteyn (1879-1955)
XX əsrin ən böyük elm adamı olan Albert Eynşteyn, eyni zamanda, Allah inancı ilə tanınır. Dinsiz elm olmadığını deyən Eynşteynin din və elmlə bağlı bir sözü belədir:
“Dərin imana malik olmayan həqiqi elm adamı düşünə bilmirəm. Bunu belə ifadə etmək olar: dinsiz elmə inanmaq qeyri-mümkündür”.
Eynşteyn kainatın təsadüfən əmələ gəlməyəcək qədər mükəmməl nizama malik olduğuna və kainatın üstün ağıl sahibi olan Yaradıcı tərəfindən yaradıldığına inanırdı.
Əsərlərində Allah`a olan inancından tez-tez bəhs edən Eynşteyn üçün kainatdakı təbii nizamın mükəmməlliyi böyük əhəmiyyət kəsb edirdi. “Dinsiz elm topaldır” sözləri ilə Eynşteyn dinlə elmin ayrılmaz bir bütün olduğunu ifadə etmişdir.
Eynşteyn təbiəti tədqiq edən hər kəsin daxilən dinə hörmət etdiyini bildirmiş və belə demişdir:
“Elmlə ciddi şəkildə məşğul olan hər kəs təbii qanunlarda bir ruhun, insanlardan daha üstün bir ruhun olduğuna inanır. Bu səbəbdən, elmlə məşğul olmaq insanı dinə aparır”.
Eynşteynin dinə baxışını aşağıdakı sözlərində də görmək mümkündür:
“Din duyğusu nə vaxt itsə, elm ilhamı olmayan təcrübəçiliyə çevrilər”.
Dövrümüzün iman gətirmiş elm adamları
Maykl Behe (Michael J. Behe)
Kainatın və bütün canlıların ağıllı dizaynın nəticəsi olduğunu deyən məşhur elm adamlarından biri də Maykl Behedir. Behe Pensilvaniyada Lehay Universitetində biologiya professorudur. “The New York Times” və “Boston Review” kimi məşhur jurnallarda bir çox məqaləsi dərc olunan Behe “Darvinin qara qutusu” (Darwin’s Black Box) adlı kitabın müəllifidir. Təkamül nəzəriyyəsinin bioloji cəhətdən qəbuledilməz nəzəriyyə olduğunu sübut edən bu kitab beynəlxalq səviyyədə 80 dəfədən çox nəşr olunub.
Behe “reduksiya edilməz komplekslik” məfhumu ilə təkamül nəzəriyyəsinin qeyri-mümkün olduğunu sübut edir. Bu fikrə əsasən, canlı orqanizmlərindəki bir çox orqan müxtəlif hissələrin birlikdə və uyğunluq içində işləməsi ilə funksiyasını yerinə yetirir. Əgər hissələrdən biri funksiyasını itirsə, bu, bütün orqanizmə təsir edər və canlı funksiyalarını itirər. Bu səbəbdən, canlıların təsadüfən və ya mərhələli şəkildə əmələ gəlməsi mümkün deyil.
Maykl Behe “Darvinin qara qutusu” kitabında belə deyir:
“Bunlar təbii qanunlar tərəfindən, təsadüflər nəicəsində və ya müəyyən ehtiyaca görə dizayn olunmayıb, əslində, bunlar əvvəlcədən planlanıb. Dizayn edən isə sistemlərin ən son vəziyyətinin necə olacağını yaxşı bilir. Bu səbəbdən, sistemləri əmələ gəlməsi də addım-addım planlanmışdır. Yer üzündəki həyat da ən sadəsindən ən mürəkkəb hissələrinə qədər bu ağıllı dizaynın nəticəsidir. Ağıllı dizayn nəticəsi, əslində, bütün həqiqətini öz içində saxlayır. Biokimyəvi sistemlərin ağıllı dizaynerin əsəri olduğunu anlamaq üçün yeni bir prinsipə əsaslanan məntiq və ya elm lazım deyil. Son qırx il ərzində biokimya sahəsində aparılan tədqiqatlar bu həqiqəti görmək üçün kifayətdir və nəticələr də gündəlik həyatımızda rast gəldiyimiz ünsürlərdir”.
Dr. Alan Sendic (Dr. Allan Sandage)
Dövrümüzün tanınmış astronomu dr. Alan Sendic sonradan dini qəbul edən elm adamıdır. 1998-ci ildə üz qabığı mövzusu “Elm Allah`ı tapır” olan “Newsweek” jurnalına verdiyi müsahibədə Sendic dini qəbul etməsini belə açıqlayırdı:
“Məni bu nəticəyə aparan səbəb dünyanın elmlə anlaşılmayacaq qədər mürəkkəb olması idi. Həyatın sirrini ancaq imanla anlamaq mümkündür”.
Filip Conson (Philip Johnson)
Çikaqo Universitetində hüquq professoru olan Conson təkamül nəzəriyyəsinin ideoloji əsasını təşkil edən bir çox tədqiqat aparmışdır. Conson bu mövzu ilə əlaqədar “Darwin on Trial”, “Reason in the Balance”, “Objection Sustained” adlı kitabları başda olmaqla, bir çox məqalənin müəllifidir. Təkamül nəzəriyyəsinə qarşı apardığı böyük mübarizəsi ilə tanınan Conson, eyni zamanda, Allah`a iman gətirmiş elm adamıdır. Consonun Allah inancını ifadə etdiyi sözlərindən bəziləri aşağıdakılardır:
“Dindar biri olaraq Allah`ın varlığına və yaradıcılığına inanıram”.
“... Materialist təkamülə daha güclü meydan oxumaq istəyirəm. Gəlin Yaradıcının ətrafında birləşək”.