Uca Allah dünya həyatında insanları çətinliklərlə sınayacağını bildirmişdir. Bu çətinliklərlə müsəlmanlar da, iman gətirməyənlər də qarşılaşırlar. Ancaq bunlar iman gətirməyənlər üçün əzaba, Allahın hər şeyi xeyirlə yaratdığını bilən saleh müsəlmanlar üçün isə bənzərsiz gözəlliyə çevrilir. Möminlərin imanlarının dərinləşməsinə səbəb olan çətinlik, eyni zamanda, sevinc, dərin sevgi və bağlılığın qaynağıdır.
Çətin anların möminlərin həyatında böyük rolu var. Çünki möminlər hər çətinlik və yoxluq anında cəsur, təvəkküllü, fədakar və mərhəmətli olmaqla məsuldurlar. Bu öhdəliyin şüurunda olan, hər hadisəni təvəkküllə qarşılayan, hadisələrin hikmətini və xeyirli istiqamətini görməyə çalışan, ətrafındakı insanları da eyni əxlaqı yaşamağa dəvət edən bir müsəlman çətin vəziyyətlər qarşısında rəftarını dəyişdirməz. Quranda elçilərin və saleh möminlərin qarşılaşdıqları çətinliklər bizə nümunə verilir. Saleh möminlər çətin sınaqlardan keçirilmiş, ancaq bunun qarşısında üstün əxlaq göstərmişlər.
Uca Allah Quranda bütün inananların çətinliklərlə qarşılaşacağını bildirmiş və səbir edənləri sonsuz gözəlliklərlə müjdələmişdir. Müsəlmanların qarşılaşdıqları çətinliklər Quran əxlaqının göstərilməsi baxımından ən qiymətli zamanlardır. Ayədə bildirildiyi kimi, müsəlmanlar çətin anlarda üst-üstə gələn çətinliklər qarşısında “…Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq! (Bəqərə surəsi, 156)” cavabını verən insanlardır.
Hər insan çətinliklə qarşılaşdıqda içində iki fərqli səs eşidir. Bunlardan biri fədakarlığı, cəsarəti, gözəl əxlaqı və Allahın dilədiyi şəkildə davranmağı əmr edən vicdanın səsidir. Bu səsi dinləyən insan uca Allahın razı olacağını ümid etdiyi rəftarı göstərər, səbri və təvəkkülü seçər. İkinci səs isə “Yusuf” surəsinin 53-cü ayəsində də bildirildiyi kimi, pis işlər görməyi əmr edən nəfsin səsidir. Bu səs insana üsyanı, eqoistliyi və qorxaqlığı pıçıldayır. Bu səsi dinləyənlər isə böyük itkiyə uğrayar və nəfsə təsir edən şeytanı özlərinə dost seçərlər. İnsanların nəfslərinə uyaraq necə itkiyə uğrayacaqlarını anlamaq üçün şeytanın bu insanlar üzərindəki təsirinin hansı formada reallaşdığını bilmək lazımdır. Quranda bu mövzuda ətraflı məlumat verilir və möminlər şeytanın tələlərinə qarşı xəbərdar edilirlər.
Şeytan insanları doğru yoldan döndərmək üçün hər cür yolu sınayaraq, şükür etmələrinə və gözəl əxlaq göstərmələrinə mane olmağa çalışır. Bunun nəticəsində də insanların böyük hissəsini öz tərəfinə çəkir. Nəfs də şeytanın insanları aldatmaq və doğru yoldan döndərmək üçün istifadə etdiyi səsdir. Bu səbəblə, şeytan insana çətinliklə qarşılaşdıqda həmişə eqoistliyi pıçıldayır, öz mənfəətini düşündürür, fədakarlığı, şəfqəti və mərhəməti pis və çətin göstərir.
Buna görə də, müsəlmanların hər hansı bir çətinlik, ya da müsibət qarşısında dərhal vicdanlarına uymaları çox əhəmiyyətlidir. Çünki önlərindəki iki variantdan biri şeytanın tərəfdarlarının yoludur. Bu yolda eqoistlik, mənfəətpərəstlik, rahatlığını düşünən, ikiüzlülük, yəni pis əxlaqa dair bir çox xüsusiyyət durur.
Digəri isə saleh möminlərin yoludur. Müsəlmanlar vicdanlarının səsini dinləyir və həmişə yaxşıların yolunu tuturlar.
Onu da xatırlatmaq lazımdır ki, müsəlmanın gündəlik həyatında müxtəlif çətinliklərlə qarşılaşması həm imtahanıdır, həm də axirətdə qovuşmağı ümid etdiyi cənnət yurdu ilə müqayisə edəcəyi xoşbəxtlik səbəbidir. Bunlar çətinliklərlə rahatlığın müqayisə edilməsindən meydana gələn yüksək zövqün də qaynağıdır.
Çətinlik anlarında möminin göstərdiyi gözəl əxlaq dünyada digər möminlərin o insana qarşı hörmət və sevgilərini artıran, özlərinə bu əxlaqı nümunə götürmələrini təmin edən, uca Allahın iznilə imanlarına müsbət təsir edən vasitədir. İndi çətinlik anlarının möminlərin imanlarını necə dərinləşdirdiyini araşdıraq.
Çətinlik anları kamil imana sahib olan möminlərin “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq! (Bəqərə surəsi, 156)” cavabını verdikləri uca Allaha olan sevgilərinin gücünü və dərin imanlarını göstərmələrinə səbəb olan, ruhlarının təmizlənib şəfa tapdığı zamanlardır.
İman gətirməyənlərin çətin anlardakı rəftarları
“İtaət etsinlər və xoş söz söyləsinlər. Qəti əmr verildiyi zaman Allaha sadiq qalsaydılar, əlbəttə ki, onlar üçün daha yaxşı olardı. (Məhəmməd surəsi, 21)” ayəsində də bildirildiyi kimi, gözəl əxlaqın qətiyyət tələb etdiyi zamanlarda göstərilməsi əhəmiyyətlidir. Çünki insanların böyük əksəriyyəti çətin anlarda göstərilən sədaqətin üstün əxlaq olduğunu bilir və söhbətlərində belə bir vəziyyətlə qarşılaşdıqda sadiq və güclü olacaqlarına dair söz verirlər. Ancaq çətinlik anı gəldikdə bəzi insanların rəftarları vədlərinə uyğun gəlmir. Özlərinə kiçik bir çətinlik toxunduğu zaman pis rəftar göstərir, birdən xasiyyətləri dəyişir, sevgi və şəfqət kimi duyğulardan uzaqlaşıb kin və hirslə hərəkət edirlər. Bir anda təvəkkülsüz, üsyankar, zalım olurlar. Bu səbəblə, çətinlik zamanı güclü olanlarla gücsüz olanların bir-birlərindən ayrıldığı, pis əxlaqın ortaya çıxdığı, imanı zəif olanların isə narahatlığa qapılıb özlərini büruzə verdikləri dövrdür. Belə nümunələr səmimi və güclü imana sahib müsəlmanların dəyərini qat-qat artırır.
Çətinliklər möminin imanını necə dərinləşdirir?
* Gözəl əxlaq qazandırır
Çətinliklərin gətirdiyi ən əhəmiyyətli qazanclardan biri də əxlaqi yetkinlikdir. Möminlər Quran əxlaqının dünyada hakim olması fikrinə səmimi olaraq inanır, bu səbəblə də, bu üstün əxlaqın yayılması üçün apardıqları fikri mübarizədə hər cür çətinliyi nəzərə alaraq çalışırlar. Dünyadakı məqsədlərindən biri bütün insanların İslam əxlaqının gətirdiyi rifah və qardaşlıq mühiti içində yaşamaqdır. Bu səbəblə, Quran əxlaqının yayılması üçün apardıqları fikri mübarizədə göstərdikləri qətiyyət və səbirlə çətinliklərdən qaçmayaraq bunlara sinə gərərlər. Bu vəziyyət əxlaqi yetkinliyə çatmalarına, incə düşüncəli olmalarına, nemətlərin qiymətini daha yaxşı bilmələrinə, bu nemətləri verdiyi üçün Rəbbimizə daim şükür etmələrinə, daha təvazökar, mülayim, həlim və qədir-qiymət bilən olmalarına, nemətə qovuşduqları zamanlarda təkəbbürlənməmələrinə və qənaətkar olmalarına səbəb olar.
* Səbir və təvəkkül qazandırır
Bir möminin vacib xüsusiyyətlərindən biri, hər işini uca Allahın razılığını qazanmaq üçün etməsi, yəni ixlas sahibi olmasıdır. İxlas sahibi olan bir mömin hər hərəkətinin hesabını axirətdə verəcəyini bilərək, Rəbbimizi ən çox razı edən rəftarı göstərər. Bu səbəbdən, daim səbirli və təvəkküllüdür. Səbir və təvəkkülünün sirri isə “Biz, həqiqətən də, hər şeyi qədərlə yaratdıq (Qəmər surəsi, 49)” ayəsində də bildirildiyi kimi, hər hadisəni uca Allahın qədərlə yaratdığını bilməsidir. Bu səbəbdən, çətinliklər saleh möminin səbrini və təvəkkülünü gücləndirir, bu xüsusiyyətlərinin dərəcə-dərəcə artmasına səbəb olur.
Heç kim bir an sonra nə olacağını bilməz. Bunun elmi yalnız Rəbbimizə aiddir.
Ancaq uca Allah Quranda bir çox ayəsi ilə hər işlərində Allaha yönələn möminlərin sonunun xeyir olacağını bildirir. Bu səbəblə, çətin zamanlarında sevinc və şövqlə səbir edən, təvəkküllü olan bir möminin səbir etdiyi hər saat, hər dəqiqə, hətta hər saniyə axirətdə sonsuz nemətlərlə təchiz edilmiş cənnətlə mükafatlanmasını təmin edə bilər. Soyuq, aclıq, xəstəliklər Rəbbimizin qatında müəyyən, yalnız dünyaya aid çətinlik və sıxıntılardır. Uca Allah imtahan üçün verdiyi çətinliklərə səbir etməyin əvəzində inanan qullarını cənnətlə müjdələyir:
Sizdə olan nemətlər tükənəcək, Allahın dərgahında olan nemətlər isə daim qalacaqdır. Səbirli olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Nəhl surəsi, 96)
İnsan hər şeyin yolunda getdiyi, bolluq və bərəkətin içində yaşadığı, sağlam olduğu, ya da heç bir çatışmazlığın olmadığı vəziyyətdə gözəl əxlaq göstərə bilər. Amma vacib olan odur ki, insan zərərə məruz qaldıqda, ya da pis rəftarla, haqsız böhtanla, incidici sözlərlə, maddi itkilərlə qarşılaşdıqda da gözəl əxlaq göstərsin, pisliyə yaxşılıqla cavab versin. Bir insanın tox olarkən yeməyini, isti mühitdə olarkən paltarını verməsi də gözəl əxlaqdır. İkisi də Allah qatında qiymətli olduğu ümid edilən ibadətlərdir, lakin çətinlik anında göstərilən gözəl əxlaq insanın səmimiyyətini, ixlasını, imanının gücünü və üstün əxlaq sahibi olduğunu göstərməsi baxımından daha əhəmiyyətli və qiymətli ola bilər (ən doğrusunu Allah bilir). Möminin çətin şəraitdəki səbiri dözümdən fərqlənir. Çünki dözümdə iman gətirməyən insanların təvəkkülsüzlüyü, ümidsizliyi və şikayətləri var. Səbirdə isə imanın gətirdiyi sevinc, şövq və mənəvi dərinlik var.
Səbirli olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Nəhl surəsi, 96)
Peyğəmbərimiz də müxtəlif çətinliklərlə qarşılaşmışdır
Çətinliklə sınanmaq müsəlmanın həyatında əhəmiyyətli yer tutur. Peyğəmbərimiz (s.ə.v) həyatı boyu bir çox böhtana məruz qalmış, öldürülməklə təhdid edilmiş, məkkəli müşriklərdən zülm görmüş, səhabələrlə birlikdə sahib olduğu hər şeyi qoyub Mədinəyə köç etmişdir. Hz. İbrahim oda atılmış, hz. Yusuf əvvəl bir quyuda, sonra da illərlə həbsxanada qalmış, hz. Musa fironun zülmünə məruz qalmış, hz. İsanı öldürmək üçün tələ qurulmuşdur. Ancaq Allah elçilərinə yönəldilən bütün bu tələləri pozmuş, bütün çətinlikləri saleh qulları üçün gözəlliklərə çevirmişdir. İman gətirməyənlər tərəfindən müsəlmanların əleyhinə onlara çətinlik vermək məqsədilə müxtəlif tələlər qurulacağı Quranda ətraflı şəkildə xəbər verilmişdir. Allah bir ayədə belə bildirir:
Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya (yurdundan) qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır! (Ənfal surəsi, 30)
Nəticə: hər çətinliklə bərabər bir asanlıq vardır
Uca Allah “Ənbiya” surəsinin 101-ci ayəsində "Öncədən ən gözəl aqibət yazılmış insanlara” kimi qiymətləndirdiyi möminlərə bir sınaq olaraq verilən çətinliklərlə bərabər asanlıqlar da yaratdığını bildirir. Müsəlmanların birlik içində hərəkət etmələri, hər şeyin bir sınaqdan ibarət olduğunu bilmələri, sonsuz axirət yurduna hazırlıq etdiklərinin şüurunda olmaları, əslində, çətinliklər qarşısında onlara verilmiş böyük asanlıqdır. Bununla yanaşı, uca Allah möminləri daha böyük gözəlliklə müjdələyir. Peyğəmbərlərin və saleh möminlərin həyatlarında olduğu kimi, Rəbbimiz hər çətinlikdən sonra inananlara mütləq bir zəfər, müvəffəqiyyət və qalibiyyət vermişdir. Bir ayədə belə buyurulur: