Kaliforniya Universitetinin nevroloq və psixiatriya professoru Cefri M. Şvartz (Jeffrey M. Swarts) beyində qırmızı rəngin necə qavranıldığını, gözəl musiqi parçasının bifşteks yeməkdən tamam fərqli şəkildə hiss edildiyini və nə üçün ən dəqiq detallara malik olan MR-ların (maqnetik rezonans) qavrama mexanizmi haqqında heç bir dəlil vermədiyini araşdırmış və bu sualı vermişdir:
... niyə beyin mexanizmləri üzərində işləmək, hətta molekulyar səviyyədə tədqiqatlar belə bu suallara heç cür cavab tapa bilmir?
Bu sualın cavabı belədir: çünki sözügedən qavrama mexanizminin cavabı beyində deyil. Bu mexanizm ilə bağlı suallara insan hüceyrələrini və neyronları tədqiq edərək, molekulyar səviyyədə araşdırmalar apararaq cavab vermək mümkün deyil. Çünki insana xarici aləmi qavradan şey insanın beyninin içində deyil. Bu, beynin, neyronların, hüceyrələrin, elektrik siqnallarının fövqündə duran bir şeydir. Bu, Uca Allah'ın insana bəxş etdiyi ruhdur.
Allah bir ayəsində belə buyurur:
Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan üfürdü. O sizə göz, qulaq və ürək verdi. Siz nə az şükür edirsiniz! (Səcdə surəsi, 9)
Qavrayanın ruh olduğunu, maddədən asılı olmadığını anlamayan şəxslər böyük səhvə yol verirlər. Onlar gördükləri görüntülərin beyində bir ekranda mövcud olduğu kimi bir ehtimalla qarşı-qarşıya qalırlar. Əslində isə insanın beynində xarici aləmin mövcud olduğu bir ekran olduğunu düşündükdə o ekranı izləyən kiçik bir insanın da varlığını istər-istəməz qəbul etməliyik. Onun beynindəki ekranı da izləyən başqa kiçik adam olmalıdır və bu silsilə bu şəkildə davam etməlidir. Ancaq insanın beynində bir ekran və orada hadisələri seyr edən başqa kiçik adam yoxdur. İnsanın beyni qapqaranlıqdır, səssizdir. Orada zülalların əmələ gətirdiyi neyronlar və irəli-geri hərəkət edən elektrik siqnallarından başqa bir şey yoxdur. Bu elektrik siqnallarının bir ət parçasının içində bir çiçəyi görməsi, onu qoxulaması, ona toxunması, ondan zövq alması, uzaqda hərəkət edən gəmini görməsi, bir çiyələyin dadından ləzzət alması mümkün deyil. Bir orkestrin çaldığı simfoniyanı zövqlə uzun müddət dinləməsi mümkün deyil. İnsan üçün bu qədər hərəkətli, rəngarənk, zəngin, üçölçülü və möhtəşəm dünyanı əmələ gətirənin elektrik siqnalları olmadığı məlumdur. İnsanın sevinib kədərlənməsini, həyəcanlanıb qayğılanmasını, xatırlayıb sevinməsini, darıxmasını təmin edən də, şübhəsiz ki, elektrik siqnalları deyil. Dünyanın ən məşhur professorları birləşsələr belə, Cefri M. Şvartzın (Jeffrey Swarts) da bildirdiyi kimi, insanın beyninin içində heç bir yerdə bu qavrama mexanizmini tapa bilməyəcəklər.
Beynin içindəki görüntünü “görürəm”deyən, beynin içindəki səsləri “eşidirəm” deyən, öz varlığını bilməyən şüurlu varlıq Allah'ın insana verdiyi ruhdur. Materialist ideologiyaların ortaya çıxmasından çəkindikləri həqiqət budur. Ruh gözə ehtiyacı olmadan görür, əllərə ehtiyacı olmadan toxunur, qulağa ehtiyacı olmadan eşidir, buruna ehtiyacı olmadan qoxulayır və ağıza ehtiyacı olmadan dadır. Alimlərin illərdən bəri öyrənməyə çalışdıqları “qavrayan kimdir?” sualınının cavabı ruhdur. Allah insanın ruhuna davamlı şəkildə görüntüləri seyr etdirir, gecə-gündüz, bu dünyada və ya yuxuda davamlı olaraq o insana aid bir dünya yaradır. O dünyanın içində hər şey mükəmməl şəkildədir, qüsursuzdur. Ona görə də qarşımızdakı aydın görüntünün, dərinlik hissinin əslində bir xəyal olduğunu, gerçək dünya ilə heç bir əlaqəsi olmadığını anlamaq olduqca çətindir. Bir neçə kvadrat santimetrlik sahə içində istədiyi vaxt sonsuz aləmlər yarada bilən Uca Rəbbimiz Allah'ın qüsursuz, bənzərsiz, möhtəşəm yaratması elə budur.
Yaradan, yoxdan var edən, surət verən Allah'dır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir. (Həşr surəsi, 24)
Beynimizdə Allah istədiyi üçün qüsursuz görüntü əmələ gəlir, Allah istədiyi üçün qoxular var, Allah istədiyi üçün gözəl bir musiqi parçasını qüsursuz şəkildə dinləyir və bundan zövq alırıq. Yenə də Allah istədiyi üçün toxunaraq tanıyır, anlayır və hiss edirik. Allah istədiyi üçün yediyimiz bir yeməyin ləzzəti vardır. Allah'ın əmrilə insanın zehnində yoxluqdan bir dünya var olur. Rəbbimiz tam yoxluqdan insanın zehnində yalnız ona aid olan, yalnız onun görüb tanıya bildiyi bir aləm yaradır. Bu dünya xaricdəki dünya deyil. Xaricdəki dünya ilə insanın təmasda olması mümkün deyil. İnsanın Allah'ın istəyi xaricində bir başqası üçün yaradılan dünya ilə də təmasda olması mümkünsüzdür. O, ancaq Rəbbimizin onun üçün yaratdığı dünyada yaşaya bilər, onu seyr edə bilər. O dünyanın xaricinə çıxması qeyri-mümkündür. Allah bir ayəsində belə buyurur:
Səndən ruh haqqında soruşarlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə (bu barədə) yalnız cüzi bir bilik verilmişdir.” (İsra surəsi, 85)