Böyük təhlükələr, fəlakətlər, epidemiya xəstəlikləri, ölüm... Bir çox insana təsir edən, düşünməyə sövq edən belə ibrətverici hadisələr də bəzi şəxslərin vicdanlarını narahat etmir. Bəziləri üçün bunlar yalnız eşidilən xəbər və ya qayda-qanunlara uyğun sözlərlə izah edilən gündəlik hadisələrdir. Belə məsuliyyətsiz yaşayan insanlar vacib hadisələr qarşısında səssiz qalırlar. Hadisələrdən heç təsirlənmədən, üzərində düşünmədən keçə bilir və gündəlik həyatlarına davam edirlər. Əlbəttə ki, hadisələrdən təsirlənmək dedikdə nəzərdə tutulan, çaxnaşma yaratmaq, kədərlənmək, duyğusallıq etmək və ya bunun kimi düşünmədən hərəkət etmək deyil. Nəzərdə tutulan, bəzi şəxslərin mühüm hadisələr qarşısında da laqeyd rəftarlarını davam etdirmələri, bunlardan ibrət almamaları və nəticə çıxarmamalarıdır.
Laqeydliyi həyat fəlsəfəsi kimi mənimsəyənlər
Laqeydliyi həyat fəlsəfəsinə çevirən insanların özlərinə məxsus kiçik dünyaları var. Bu, dünyadakı heç nəyi düşünmədən yalnız o anı yaşamaqdır. Ovsunlanmış kimi yaşadıqları həyat tərzini dərin düşünərək pozmaq istəmirlər. Düşünəndə həqiqətləri görəcəklərini, Allah’dan qorxacaqlarını bildikləri üçün tamamilə diqqətsiz və laqeyd davranmağı seçirlər. Məsələn, bir çox insana dünya həyatının keçiciliyini, Allah’ın və axirətin varlığını xatırladan ölüm hadisəsi, ya da qəza xəbəri bu şəxslərə hər gün bir çox insanın başına gələn adi hadisə kimi görünür. Hadisələri təfəkkür etmək, ölümün yaxınlaşdığını xatırlayaraq Allah’dan qorxmaq, tövbə etmək əvəzinə, mənasız danışıqlar apardıqları üçün bu mövzular üzərində heç düşünmürlər. Əksinə, bütün diqqətlərini gündəlik işlərinə verərək hadisənin üzərlərindəki təsirini azaltmağa çalışırlar. Halbuki, Allah Quranda belə hadisələrin insanların ibrət alıb düşünmələri üçün olduğunu bildirir:
'Onlar ildə bir və ya iki dəfə fəlakətə uğradıqlarını görmürlərmi? Yenə də tövbə etmir, ibrət almırlar.' (Tövbə surəsi, 126)
Diqqət etsək, belə insanlar danışıqlarında ümumiyyətlə ölümdən qorxmadıqlarını və bunun da doğum kimi təbii hadisə olduğunu tez-tez vurğulayırlar. Bu insanlar ölümün, hamının dünyada etdiklərinin qarşılığını alacaqları axirət həyatlarının başlanğıcı olduğundan heç bəhs etmirlər. Həmişə başqaları öləcək və özləri sağ qalıb sonsuza qədər dünyada yaşayacaqlarmış kimi düşüncəyə sahibdirlər. Belə şəxslər boş söhbətlər edərək ölümün yaxınlaşdığını, Allah’a hesab verəcəklərini düşünməkdən qaçırlar. Öləndən sonra heç kimin təkrar dünyaya qayıtma ehtimalı olmadığından, burada edilənlərdən peşman olsalar belə, artıq bunun geri qayıdış yolu olmadığından da heç bəhs etmirlər.
Allah bu laqeydlik göstərən insanların qəflət hallarını, 'İnsanların hesaba çəkiləcəkləri gün yaxınlaşdı. Amma onlar hələ də qəflət içində üz çevirirlər. Rəbbindən onlara elə bir yeni xəbərdarlıq gəlməz ki, onu məsxərəyə qoyub dinləməsinlər;' (Ənbiya surəsi, 1-2) ayələri ilə bildirir.
Yaşanmış hadisələrdən ibrət almağı bacarmaq
Hər şeyə laqeyd davranan insanlar öz başlarına fəlakətlər gəldikdə belə Allah’a sığınmırlar. Allah insanların düşünmələri, qorxmaları, Özünə yönəlmələri üçün vulkanlar, zəlzələlər, sellər, epidemiyalar kimi fəlakətlər yaradır. Amma bunların nəticəsində belə həmin şəxslər öz yanlış düşüncələrini dəyişdirmirlər. Allah Quranda bu mövzu ilə bağlı dəhşətli dəniz qəzasından xilas olan insanların öz laqeyd rəftarlarından çəkinmədiklərini nümunə kimi göstərir. Quranda bildirildiyinə görə, dənizin ortasında dəhşətli fırtınaya düşmüş, çarəsizlik və acizliklərini açıq-aydın görmüş insanlardan bir çoxu bu hadisədən dərhal sonra yenə əvvəlki laqeyd rəftarlarına geri qayıdırlar. Belə insanlar dünyəvi həvəslərinə, din əxlaqından uzaq həyatlarına qaldıqları yerdən davam edirlər. Heç kimin, hətta özlərinin belə nəfsinin söylədiklərinə güclərinin çatmadığını gördükləri halda, Allah’ın sonsuz qüdrətinə etinasız yanaşaraq laqeyd rəftarlarından əl çəkmirlər.
Quranda bu həqiqətə bir çox ayə ilə diqqət çəkilir. Bu ayələrin birində Allah, ''Sizə dənizdə bir fəlakət üz verdiyi zaman Ondan başqa tapındıqlarınız (sizdən) uzaqlaşar. O sizi xilas edib quruya çıxartdıqda isə üz döndərirsiniz. Həqiqətən, insan nankordur!' (İsra surəsi, 67) buyurur.
Beləliklə, nə olursa olsun, diqqətsiz davranışlarını davam etdirən insanlar üçün demək olar ki, hər şey mənasız və dəyərsizdir. Ciddi xəstələnmələrinin, başlarına dəhşətli qəza və ya bəla gəlmələrinin də o qədər mənası yoxdur. Belə hadisələr qarşısında ibrət almayan özlərindən razı insanların vəziyyətləri haqqında Allah Quranda belə buyurur:
'Nə üçün əzabımız onlara gəldiyi zaman boyun əymədilər? Onların qəlbləri sərtləşdi, şeytan da onlara etdikləri əməlləri gözəlləşdirdi.' (Ənam surəsi, 43)
Demək olar ki, qəflət içində yaşayan bu insanlar fəlakətləri, ölümləri, qəzaları və xəstəlikləri həyatın davam etməsi üçün vacib hesab edirlər. Əslində ibrət vəsiləsi kimi yaradılan hadisələr bu insanlara görə keçmiş zamanlarda olduğu kimi, dövrümüzdə də eynilə 'təbii' və 'qaçınılmaz' olaraq baş verir. Halbuki, Quranda Allah bəzi insanların sahib olduqları bu səhv anlayışı xəbər verir və onların, ''Atalarımıza da belə qıtlıq və bolluq üz vermişdi' - dedilər... (Əraf surəsi, 95) ifadələri ilə ortaya qoyduqları sadə məntiqi ifadə edir. Ayədəki ifadədən də aydın olduğu kimi, bu insanların ortaq xüsusiyyəti başlarına gələn hadisələrdən ibrət almamaları, bunların üzərində düşünərək Allah’dan qorxub çəkinmək yerinə, laqeyd davranmalarıdır. Ancaq bu davranışların heç biri onlara fayda verməyəcək.
Bütün hadisələr qədər çərçivəsində baş verir
Qəzalar, xəstəliklər, ölümlər, qısası, hər şey ancaq Allah’ın diləməsi ilə meydana gəlir. Xəstəliyə səbəb olan hər cür virus, ya da mikrobu, qəzaları yaradan vasitələri, hər yeri yox edən sel fəlakətlərini, qasırğaları Allah səbəb olaraq yaradır. Heç kim bunların nə qarşısını ala bilər, nə də dəyişdirə bilər. Həqiqət bu ikən, xəstəlikləri yaradanın virus, qəzaya səbəb olanın da təcrübəsiz sürücü olduğunu düşünmək Allah’ın unudulmasına və düşüncəsiz davranışlara səbəb olur.
Allah yaratdığı hadisələrlə insanların düşünərək Özünə yönəlmələrini, qorxub çəkinmələrini və axirət yurdunu xatırlamalarını istəyir. Rəbbimiz bir ayəsində bu həqiqəti ''Ən böyük əzabdan əvvəl Biz onlara mütləq kiçik əzabdan (dünya əzabından) daddıracağıq ki, bəlkə (doğru yola) qayıtsınlar.' (Səcdə surəsi, 21) deyə bildirir. Başqa ayələrdə də Allah başlarına nə gəlsə də ibrət almayan və qəflət içində yaşamağa davam edən insanların varlığına diqqət çəkir.
Laqeyd insanlar gözəlliklər qarşısında da eyni cür davranırlar
Laqeyd insanlar yalnız təhlükələrə və ya mühüm hadisələrə deyil, gözəlliklərə də reaksiya vermirlər. Gözəlliklərə dəyər verməmək, təqdir etməmək, bəyəndiyini bildirməmək, sevgi göstərməmək də laqeyd davranışın bir növüdür. Bu, Allah qorxusundan uzaq yaşayan insanların ağıl və vicdana tamamilə zidd olan hərəkətləridir. Belə insanlar bir müddət sonra Allah’ın yaratdığı müxtəlif nemətləri və gözəllikləri görməməyə, sevgidən xoşlanmamağa, hər şeyə qarşı laqeyd olmağa başlayırlar. Sahib olduqları batil inancları onları böyük boşluğa, laqeydliyə və sevgisizliyə aparır.
Sevgiyə, mərhəmətə, yaxşı, gözəl və yeni olan bir şeyə qarşı hiss edilən insani duyğuları itirirlər. Əksər insanları həyəcanlandıran, sevindirən və ya çoşduran hadisələr bu şəxslər üzərində eyni təsiri yaratmır. Hadisələr qarşısındakı reaksiyasız və sakit davranışları ilə digər insanlar arasında diqqət çəkirlər. Bu sakitlikləri həm səs tonlarında, həm danışıq tərzlərində, həm də baxışlarında özünü biruzə verir. Quranda buna bənzər insanlar üçün istifadə edilən ''qəlbi sərt olan insanlar' (Həcc surəsi, 53) ifadəsi onların vəziyyətlərini bildirir.
Qəlbləri qatılaşmış, vicdanlarını dinləməyən bu insanlar bilərək və ya bilməyərək, özlərinə böyük pislik edirlər. Allah’ın üzərlərindəki saysız-hesabsız rəhmətinə qarşılıq olaraq verdiyi nemətlər üçün Ona şükür etmək, razılığını qazanacaq gözəl işlər görmək, Quran əxlaqına uyğun yaşamaq əvəzinə, tamamilə əksinə davranırlar. Gözəl əxlaqlı, Allah'a təslim olan, hadisələrdəki hikmətləri görərək Onun dərin rəhmətinə sığınan şüurlu mömin xarakteri əvəzinə, laqeyd olmağı seçirlər. Allah bu insanları ayədə belə təsvir edir: 'Bunun ardınca sizin qəlbləriniz sərtləşib daş kimi, hətta ondan da sərt oldu.'' (Bəqərə surəsi, 74)
Müsəlmanların davranışları
Quran əxlaqını yaşayan müsəlmanlar isə olduqca həssas vicdana sahibdirlər. Hər şeyin bir məqsədlə yaradıldığına, şahid olduqları hər hadisədə mütləq xeyir və hikmət olduğuna inandıqları üçün hadisələrə laqeyd yanaşa bilmirlər. Qarşılaşdıqları hər hadisənin hikmətlərini görə bilmək və anlamaq üçün daima səy göstərirlər. Mühüm hadisələr qarşısında yetkin və mülayim reaksiyaları ilə yanaşı olduqca həssasdırlar. Başlarına gələn ən kiçik hadisədə belə bunu Allah’ın xeyir və hikmətlə yaratdığını düşünürlər, Allah’a sığınıb Ondan bağışlanma diləyirlər. Allah Quranda müsəlmanların bu təvəkküllü davranışlarını nümunə kimi göstərir, rəhmət edəcəyini və bağışlayacağını da bildirir:
'O kəslər ki, onlara bir müsibət üz verdikdə: 'Biz, Allah’a məxsusuq və Ona da qayıdacağıq!' – deyirlər. 'Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır. (Bəqərə surəsi, 156-157)