Elm adamları bir zülalın bərpası ilə siçanlarda unutqanlığı aradan qaldırmağı bacarıblar.
Bir virus vasitəsilə beyinlərinə Dnmt3a2 zülalı yeridilən yaşlı siçanların xatırlama qabiliyyətlərinin əhəmiyyətli ölçüdə artdığı görülüb. Bu zülalın miqdarı azaldılan gənc siçanlarda isə unutqanlıq əmələ gəldiyi müşahidə edilib.
Heydelberq Universitetinin elm adamlarından neyrobioloq prof. Hilmar Beydinq nəticələri “Nature Neuroscience” jurnalında dərc edilən tədqiqatla bağlı yaşlılıq zamanı hafizə qabiliyyətinin azaldığını qeyd edərək beyindəki Dnmt3a2 zülalının bu prosesdə mühüm rol oynadığını bildirib.
Bu zülalın miqdarı ilə hafizə qabiliyyətləri arasında əlaqə olduğunu ifadə edən Beydinq bunu siçanlar üzərində apardıqları təcrübələrlə müəyyən etdiklərini qeyd edib.
Əsas biokimyəvi proseslərin eyni olması etibarilə nəticələrin insanlar üçün də əsaslı ola biləcəyini bildirən Beydinq insanın maddələr mübadiləsi sisteminin daha kompleks olduğunu və zülalın virus vasitəsilə insan beyninə yeridilməsinin asan olmayacağını vurğulayıb.