O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah`ı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (Ali-İmran surəsi, 191)
Ayədə bildirildiyi kimi, möminə xas xüsusiyyətlərdən biri də həyatının hər anında dayanmadan Allah’ı zikr etməkdir. İman gətirənlər qısa dünya həyatında yalnız Allah’ın rizasını güdürlər. Allah`ın hər an onları eşitdiyini, gördüyünü, bütün fikirlərindən, niyyətlərindən agah olduğunu bildikləri üçün daima Onu razılığını qazanmağa və əmrlərinə uyğun yaşamağa çalışırlar. Allah`la aralarındakı əlaqəni bir saniyə belə unutmurlar. Möminlər üçün Allah’ı zikr etmək "ən böyük ibadət"dir. (Ənkəbut surəsi, 45). Həyatları boyu bu əxlaqla yaşayır, təkcə düşüncələrində deyil, dillərində də Allah`ı zikr edirlər. Allah’ın onlara bəxş etdiyi nemətlər üzərində hikmətlə düşünür, nə qədər böyük bir rəhmət içində olduqlarını anlayırlar. Bu da, Allah`a olan sevgilərini daha da dərinləşdirir.
Ayənin davamında isə möminlərin baxdıqları hər yerdə Allah’ın bənzərsiz yaratma sənətini gördükləri vurğulanır. Allah kainatdakı canlı-cansız bütün varlıqları Onun sonsuz gücünü, yaratma sənətini, elmini dərindən təfəkkür etməyimiz üçün yaradır. Heç bir varlıq məqsədsiz yaradılmamışdır. Kainatın hər nöqtəsi Allah’ın möcüzələri ilə əhatələnmişdir. Möminlər bitkilərdə, heyvanlarda, dənizlərdə, səmada, kosmosda, torpaqda, bir sözlə ətrafdakı hər şeydə, Allah`ın təcəllilərini görür, Onun bütün bunları sonsuz ağılla yaratdığını təfəkkür edirlər. Ayədən də aydın olur ki, bu həqiqəti anlayan möminlər bunlar üzərində düşünüb Allah’ın üstün yaratma sənətini və ucalığını dayanmadan zikr edirlər.
İman gətirənlər eyni zamanda hər an axirəti düşünüb yada salırlar. Ayənin sonunda qeyd edildiyi kimi, möminlər Allah’dan onları cəhənnəm əzabından qorumasını diləyir, axirətləri üçün daima qorxu ilə ümid arasında yaşayırlar. Allah’ın böyüklüyünü və Ona sonsuz möhtac olduqlarını, hər an ölümlə üz-üzə olduqlarını heç unutmurlar. Bu düşüncə onlarda Allah’ın əmrlərinə qarşı məsuliyyəti artırır və ibadətlərində daha diqqətli olmalarını təmin edir. Buna görə də möminlər ölümü və axirəti düşündükləri zaman da daima Allah’ı zikr edirlər.