Uca Rəbbimizin Quranda bildirdiyi sirlərdən biri budur ki, möminlər bir işin tamamlanmasını səbirlə gözləməlidirlər. Uca Kitabımız olan Qurana nəzər saldıqda, peyğəmbərlərə və saleh müsəlmanlara vəd olunan uğura çatmaq üçün müəyyən müddət gözləmək tövsiyə olunur. Həqiqətən, peyğəmbərlərin həyatına baxarkən bu vacib həqiqəti başa düşmək olar. İlk vəhy sevgili Peyğəmbərimizə (s.ə.v) qırx yaşı olanda gəldi. Hz. Musa üçün Allah qırx gün gözləmə müddəti təyin etdi. Allah ayədə bunu belə bildirir:
Biz Musaya otuz gecəlik vədə verdik və buna on gecə də əlavə etdik. Beləliklə də Rəbbinin təyin etdiyi vaxt qırx gecə oldu. Musa qardaşı Haruna dedi: “Xalqımın içərisində məni əvəz et, onları islah et və fəsad törədənlərin yoluna uyma!” (Əraf surəsi, 142)
Yenə Uca Allah qırx yaşını insanların yetkinlik yaşı olaraq təyin etmişdir:
Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə etdik. Anası onu bətnində əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun bətndə daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir. Nəhayət, o, yetkinlik çağına yetişib qırx yaşa çatdıqda deyər: “Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın yaxşı işlər görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə etdim. Həqiqətən, mən müsəlmanlardanam!” (Əhqaf surəsi, 15)
Allah Quranda müsəlmanlara qələbə və üstünlük üçün gözləmə müddəti təyin etmişdir. Peyğəmbərlərin və onlara tabe olan möminlərin öz xalqlarına təbliğ edib Quranla xatırlatdıqdan sonra gözləmələri tövsiyə olunduğu aydın olur. Quranda müsəlmanların səbir ilə gözləməsinə işarə edən ayələr bunlardır:
Yoxsa onlar ancaq ya mələklərin, ya Rəbbinin və yaxud da Rəbbinin bəzi əlamətlərinin gəlməsini gözləyirlər? Rəbbinin bəzi əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir. De: “Gözləyin, şübhəsiz ki, Biz də gözləyirik”. (Ənam surəsi, 158)
Hud dedi: “Artıq Rəbbinizdən sizə əzab və qəzəb yetişdi. Siz özünüzün və atalarınızın uydurduqları adlar (bütlər) barəsində mənimlə mübahisəmi edirsiniz? Halbuki Allah onlar barəsində heç bir dəlil nazil etməmişdir. Gözləyin! Şübhəsiz mən də sizinlə birlikdə gözləyənlərdənəm”. (Əraf surəsi, 71)
De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz”. (Tövbə surəsi, 24)
De: “Doğrudanmı siz bizlərə iki uğurdan (qələbədən və ya şəhidlikdən) birinin yetişməsini gözləyirsiniz? Biz isə ya Allahın Özü tərəfindən və yaxud da bizim əllərimizlə sizi əzaba düçar etməsini gözləyirik. Siz gözləyin; şübhəsiz ki, biz də sizinlə birlikdə gözləyirik”. (Tövbə surəsi, 52)
Onlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” De: “Qeyb ancaq Allaha aiddir. Gözləyin, şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm”. (Yunis surəsi, 20)
Yoxsa onlar özlərindən əvvəl gəlib-gedənlərə üz vermiş əzablı günlərin bənzərinimi gözləyirlər? De: “Gözləyin! Şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm”. (Yunis surəsi, 102)
Süleyman dedi: “Baxaq görək, sən doğru deyirsən, yoxsa yalançılardansan. (Nəml surəsi, 27)
Artıq onlardan üz çevir və gözlə. Doğrusu, onlar da gözləyirlər. (Səcdə surəsi, 30)
Möminlərin içərisində Allaha etdikləri əhdə sadiq qalan kişilər vardır. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də şəhid olmasını gözləyir. Onlar əhdlərini əsla dəyişdirməyiblər. (Əhzab surəsi, 23)
Biz Quranı sənin dilində asanlaşdırdıq ki, onlar öyüd-nəsihət ala bilsinlər. Sən gözlə! Şübhəsiz ki, onlar da gözləyirlər. (Duxan surəsi, 58- 59)
Biz onları sınağa çəkmək üçün bir dişi dəvə göndərəcəyik. Sən isə gözlə və səbir et! (Qamər surəsi, 27)
Yuxarıdakı ayələrdən də göründüyü kimi, inkarçılar da gözləyirlər. Möminlər, Allahın izni ilə zəfərə qovuşma vədini, inkar edənlər isə əzabın gəlməsini gözləyirlər. Möminlər üçün bu gözləmə müddəti səbirlərini və Allaha olan yaxınlıqlarını artırarkən, verilən bu müddəti inkar edənlərin günahını artırar. Uca Rəbbimiz ayədə bunu bizə belə xəbər vermişdir:
Kafirlər elə güman etməsinlər ki, Bizim onlara möhlət verməyimiz xeyirlərinədir. Biz onlara ona görə möhlət veririk ki, günahlarını daha da artırsınlar. Onlar üçün alçaldıcı bir əzab hazırlanmışdır. (Ali İmran surəsi, 178)
Uca Allah inkarçı qövmlərə qarşı Allahdan kömək istəyən peyğəmbərlərə də gözləməyi tövsiyə edir. Allah mütləq verdiyi vədi yerinə yetirəcək, bütün inkar edənləri məğlub edəcək və batil dinlərini yox edəcək. Ancaq bunun üçün Uca Rəbbimiz müəyyən bir vaxt təyin etmiş və möminlərə də səbirlə gözləmələrini tövsiyə etmişdir. Allah, Qatından göndərdiyi və qövmünə təbliğ edən elçinin kömək üçün etdiyi dualarının qarşılığı olaraq onları məğlub edəcəyini vəd etmiş və bunun üçün gözləməli olduğunu bildirmişdir:
O dedi: “Ey Rəbbim! Onların məni yalançı saymasına qarşı mənə kömək et!” Allah dedi: “(Bir az gözlə) Onlar tezliklə peşman olacaqlar!” (Muminun surəsi, 39-40)
Mömin dünya həyatında Allaha xidmət vəzifəsini yerinə yetirmək, Quran əxlaqını təbliğ etmək və Allahın razı qalacağı davranışlar etməklə məsuldur. İçində olduğu imtahan mühiti möminin imanını gücləndirmək, Allaha yaxınlaşmaq, dua ilə Allaha sığınmaq və razı olunmuş şəkildə axirətə getmək üçün xüsusi olaraq yaradılmışdır. Əslində əldə etmək üçün səy göstərdiyi hər şey Allah yanında olub bitmişdir və Rəbbimiz bütün bunları ən gözəl şəkildə başa çatdırmışdır. Şübhəsiz ki, bu müddət ərzində göstərilən səy və cəhd onsuzda baş verəcək nəticəni dəyişdirməyəcəkdir. Şübhəsiz ki, Allah vəd etdiklərini yaradacaq və insanlara göstərəcəkdir. Buna görə insan, bu gözəl nəticəyə çatana qədər göstərdiyi səylərin, Allah üçün etdiyi cəhdlərin, etdiyi təbliğin və göstərdiyi səbrin Allah qatında yalnız öz axirəti üçün əhəmiyyətli olduğunu unutmamalıdır. Müsəlman qəlbən razı olaraq Allaha təslim olmaqla məsuldur. Əlbəttə ki, Uca Allah hər şeyi ən mükəmməl, ən qüsursuz və ən xeyirli şəkildə yaradandır.