Uca Allah’ın Şafi isminin təcəllisi: Ağrıkəsicilər
ucgen

Uca Allah’ın Şafi isminin təcəllisi: Ağrıkəsicilər

619
  • Ağrıkəsicilər ağrını necə kəsir?
  • Eyni ağrıkəsici bədənimizin müxtəlif yerlərindəki ağrılara  necə təsir edir?
  • Ağrıkəsici bədənimizdəki ağrıyan yeri necə müəyyən edir?
  • Bədənimizin müxtəlif yerlərində eyni anda ağrı olanda dərman əvvəlcə hansı ağrıya təsir edir?

Ağrı uca Allah`ın bizi bədənimizdə yaranan  təhlükələrə qarşı xəbərdar etmək üçün yaratdığı xüsusi müdafiə mexanizmasıdır. Bədənimizin bir yerində problem varsa və bu problem getdikcə böyüyürsə, bədənimiz bizə bu problemin varlığını ağrı ilə xəbər verir. Sinir hüceyrələri  beynə siqnal  ötürərkən bəzi kimyəvi maddələr ifraz edir.

Bu kimyəvi maddələri ferment adlanan xüsusi zülal  istehsal edir.

Ağrı hissi necə yaranır?

Ağrı bədənimizdəki hər hansı toxumanın  zədələndiyini xəbər verən hissdir. Uca Allah bu sistemin qüsursuz şəkildə fəaliyyət göstərməsi üçün bədənimizdə bir-biri ilə əlaqəli çalışan xüsusi sistemlər yaratmışdır.

Dərimizin və toxumamızın altında sinir ucları olur. Bunların bir qismi ağrıya qarşı həssasdır. Məsələn, ayağımız sərt şəkildə masanın kənarına toxunanda, qırıq şüşə parçalarının üzərində yeriyəndə, alovun üstünə əlimizi tutarkən hərarətinin dəyişməsində, çəkiclə barmağımıza vurduqda yaranan deformasiya və açılan yarada və yaxud da iç orqanlardan hansısa birində anormal vəziyyət olanda ağrı hiss edirik.

Uca Allah bir neçə milyon sinir hüceyrəmizə ağrı hissini tanımaq və zərbənin şiddəti qədər xəbərdarlıq etmək funksiyası vermişdir. Bədəndə hüceyrələr yaralananda prostoqlandin adlı kimyəvi maddə ifraz edirlər. Ağrı siqnallarını artıran bu kimyəvi maddə ağrını hiss edən sinir uclarına təsir edir. Sinir ucları bu maddədən təsirlənən kimi sinir sistemimizə və beynimizə ağrı mesajları göndərir. Gələn mesajın yerinə və şiddətinə görə beyin ağrını tanıyır və danışıq mərkəzini  hərəkət etdirərək həm bizə, həm də çevrəmizə bədəndə qeyri- normal vəziyyətin olduğunu xəbər verir.

Ağrı hiss edə bilmək insan üçün çox önəmlidir. Çünki ağrı olmasa bədənimizdə yaranan problemləri başqa cür anlaya bilmərik. Əgər uca Allah ağrı hissini yaratmasaydı, insan çox ciddi təhlükələrə məruz qalardı. Məsələn, dərisi kəsiləndə ağrı hiss etmədiyi üçün çoxlu qan itirərdi və həyatı təhlükədə olardı.

Məsələn, qəza nəticəsində ayaq sümüyü çatlayanda bunu hiss edə bilmədiyi üçün yeriməyə davam edərək çatlayan sümüyünün daha da zədələnməsinə və dolayısı ilə də ömür boyu şikəst qalmasına səbəb olardı.

Ağrı bizi xəbərdar etməsəydi, yüngül olmağına baxmayaraq, xəstəlik ciddiləşərək ağır, ölümcül vəziyyətə gətirib çıxarardı. Buna görə də ağrı bir çox xəstəliyin başlamasının xəbərçisidir. Məsələn, qarnımız ağrımasaydı apendisitimizdə problem yarandığını və yaxud da ürəyimizdə ağrı, sıxılma hiss etməsəydik infarkt keçirdiyimizi anlaya bilməzdik.

Yıxılanda, ağır yük qaldıranda ağrı hissi yaranmasaydı, əzələlərimizi, oynaqlarımızı daha çox gücə salaraq istirahət etməzdik və bunun nəticəsində də daha ciddi xəsarət alardıq.

Gördüyümüz kimi, uca Allah`ın “Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz.” (Bəqərə, 216) ayəsi ilə xəbər verdiyi kimi insanları narahat edən ağrı hissi düşündüyümüzün əksi olaraq insan üçün faydalıdır.

Ən güclü ağrıkəsici bədənimizdə yaradılmışdır

Uca Allah insan bədənində olduqca güclü ağrıkəsən sistem yaradıb. Bilirik ki, ağrını hiss edən orqanımız beynimizdir. Beynimiz ağrı olanda endorfin adlı olduqca güclü ağrıkəsici maddə ifraz edir. İfraz etdiyi bu maddələr ilə həm beyində ağrıyan nahiyyədə, həm də onurğa beyni soğanağındakı nəqledici sinirlərdə əngəllər yaradaraq ağrı hissinə mane olar, ya da azaldar.  Müharibələrdə tez-tez baş verən hadisələrdən biri də bildiyimiz kimi əsəərlərin qolunun, barmağının və.s qopmasıdır. Belə hallarda başına bu hadisə gələnlər qolları qopan, ya da yaralanan anda bunu hiss etmədiklərini deyirlər. Onların ağrıya görə güclərini itiməsinin qarşısını alan şey bu hormonun ifraz olmasıdır. Bədənimizdə belə güclü ağrı kəsicinin varlığı şübhəsiz uca Allah`ın Ərhamurrəhimin (mərhəmətlilərin ən mərhəmətlisi) adının təzahürüdür.

Ağrıkəsicilərin ağrıya təsiri

Ağrı, ağrıyan orqan ilə beyin arasındakı əlaqə nəticəsində yaranan hiss olduğu üçün bu  əlaqə hansısa yerdə kəsilsə ağrı hissi yox olur, ya da azalır. Ağrı kəsicilər dərman, ya da iynə vasitəsi ilə qəbul ediləndə qan dövranı ilə bütün bədənə yayılır. Bu zaman dərmanın kiçik bir hissəsi də ağrının olduğu nahiyyəyə gələrək "prostaqlandin" adlı kimyəvi maddənin istehsalını azaldır. Sinir ucları  beynə artıq ağrı xəbərdarlığı göndərmədiyi üçün yara olsa belə ağrı kəsilir, ya da azalır. Nəticədə ağrı kəsicilər ağrıyan yeri bilib birbaşa üstünə getməsələr də,  harada ağrı siqnalı göndərən maddəyə rast gəlsələr dərhal reaksiyaya girib bu maddənin funksiyalarını dayandırır və beynə siqnal göndərməyinə mane olurlar. Beləcə eyni anda iki və ya üç yerimiz birdən ağrısa hamısına eyni anda müdaxilə edə bilər və ya yalnız bir orqanımız, məsələn başımız ağrıyırsa yalnız o hissəyə müdaxilə edərək ağrını kəsirlər.

Şəfanı verən Allah`dır

İnsan özünün nə qədər aciz və möhtac olduğunu ən çox xəstəlik zamanı şiddətli ağrı keçirərkən  anlayır. Allah insanların bunu anlamağı üçün hər cür xəstəlik və ağrı hissi yaratmışdır. Ağrının insanda yaratdığı fiziki və ruhi təsir bir-birindən fərqlidir. Ancaq bunların hamısı hikmətli yaradılışın dəlilidir. Gözlə görə bilmədiyimiz bir fermentin ağrı başladaraq bədəni təhlükədən qorumağı və daha sonra dözülməz hala gəldikdə uca Allah`ın yaratdığı qan dövranı, fermentlər və sinir sistemi arasındakı əməkdaşlıq nəticəsində ağrıkəsici dərmanlar vəsiləsi ilə kəsilməyi Allah`ın gücünün ən aydın dəlillərindən biridir.

Alimlərin ağrını yox etmək üçün araşdırmalar aparması Allah`ın üstün yaratmasını bir daha sübut edir. Çünki ağrının necə yarandığını Allah`ın bədəndə yaratdığı mexanizmaya görə tapır, bu yolla Allah`ın yaratdığı maddələr vasitəsi ilə ağrı kəsən dərmanlar ixtira edirlər. Ağrını bədəndə yaradan Allah olduğu üçün onun sakitləşməsi də ancaq Allah`ın izni ilə olar. Allah diləyərsə Şafi ismi ilə təzahür edərək xəstəliyi də, ağrını da yox edər. Allah diləmədikcə bütün dünyanın həkimləri, ən inkişaf etmiş texniki cihazlar, ixtira edilən ən son dərmanlar bir araya gəlsə, yenə də o adamın xəstəliyinin və ağrısının yaxşılaşması qeyri-mümkündür. İstifadə edilən dərmanların hamısı, xəstəliyin yaxşılaşması üçün bir vəsilədir. Əgər Allah istəsə, tətbiq olunan müalicəni vəsilə edərək insanın  yaxşılaşmasına icazə verir. Allah istəmədikcə çox sadə kimi görünən bir xəstəlik və ağrı belə insanın ölümünə səbəb ola bilər. Ayədə bu həqiqət belə xəbər verilir: "Xəstələndiyim zaman mənə şəfa verən Odur;"  (Şüəra surəsi, 80)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr