Kipr dedikdə bir çox insanın ağlına istirahət zonaları ilə məşhur Aralıq dənizinin əsas turizm mərkəzi gəlir. Halbuki Kipri əhəmiyyətli edən adanın Yaxın Şərqdəki strateji mövqeyidir. İngiltərənin 1878-ci ildən 1960-cı ilə kimi adanı hakimiyyəti altında saxlaması və həmin tarixdən hərbi bazaları ilə adadakı varlığını davam etdirməsinin səbəbi budur. Bu bazalar Yaxın Şərq ölkələrinə hava hərəkatı ilə yanaşı kəşfiyyat fəaliyyətlərini də təmin etməklə İngiltərə üçün əhəmiyyət daşıyır.
Akrotiri və Dekeliya hərbi bazaları tamamilə Birləşmiş Krallığa aid bölgələrdir və ada ərazisinin 3%-ni təşkil edir. Ancaq bu kiçik sahənin bütün dünyanı maraqlandıran hadisələrin mərkəzində olması 2013-cü ildən sonra məlum oldu. Kompüter mütəxəssisi, Amerika Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) və Milli Təhlükəsizlik İdarəsinin (NSA) keçmiş əməkdaşı Edvard Snouden (Edvard Snowden) tərəfindən mətbuat və mediaya sızdırılan sənədlər kəşfiyyat tarixi baxımından dönüş nöqtəsi oldu. Dünya Kiprdəki ingilis hərbi bazalarının bağlı qapıları arxasında nələr baş verdiyinin ilk dəfə fərqinə vardı. Ən yüksək səviyyəli kəşfiyyatçının BBC-yə dediyi kimi, bu, ingilis kəşfiyyatı üçün bütün dövrlərin ən böyük fəlakəti idi.
İngilis kəşfiyyat xidmətinin (GCHQ) dünyadakı ən önəmli üç mərkəzindən biri hələ də adanın şərq tərəfindəki hərbi bazada yerləşən Ayios Nikolaos kəşfiyyat stansiyasıdır. Bu stansiyanı digərlərindən fərqləndirən xüsusiyyəti Türkiyə və Yaxın Şərq ölkələri ilə bağlı hər cür məlumatı gizli şəkildə dinləməsi və qeydiyyata almasıdır. İddialara görə, elektron məktublar, telefon danışıqları, mesajlar, sosial media hesabları, internet trafiki, şifrələr, bir sözlə, bütün informasiya istifadəçilərin xəbəri və icazəsi olmadan gizli şəkildə toplanır.
Şərqi Aralıq dənizi və Yaxın Şərq ölkələrinin kommunikasiyası əsasən Aralıq dənizinin altından gedən fiber optik kabellər vasitəsilə təmin olunur. Verilən məlumatlara görə, GCHQ Kipr stansiyası məhz bu telekommunikasiya kabelləri vasitəsilə aparılan bütün danışıqları dinləyir və qeydə alır. Həmçinin iddialara görə, yalnız kabelləri deyil, peyk sistemləri ilə həyata keçirilən rabitəni də adadakı xüsusi casus antenalarından istifadə edərək dinləyir. Sözügedən dinləmə fəaliyyətləri ilə toplanan məlumat bazasının həcmi insanın qavrama hüdudlarını aşır.
Dünyanın ən strateji və ən mürəkkəb regionu ilə bağlı kəşfiyyatın Amerika Milli Təhlükəsizlik Agentliyi (NSA) deyil, GCHQ vasitəsilə toplanması, şübhəsiz ki, diqqət çəkir. Məlum olduğu kimi, Yaxın Şərq regionu 200 ildir ki, ingilis kəşfiyyat xidmətinin təcrübi fəaliyyət sahəsidir. Belə ki, gündəmə gələn iddialardan məlum olur ki, bu adi kəşfiyyat fəaliyyəti deyil. Çünki GCHQ terrorla mübarizə adı altında bölgədəki dövlət başçıları, iş adamları, sadə vətəndaşlar da daxil olmaqla hər kəsi gizli şəkildə dinləyir, hərbi, siyasi, inzibati, iqtisadi, sosial, qısası, hər cür məlumatı toplayır.
Təəccüblü olan digər məsələ isə belə qanunsuz əməliyyatların Avropa İttifaqı üzvü olan ada üzərində baş verməsidir. Ancaq Kiprdəki bazaların hüquqi statusu məhkəmə nəzarətindən xilas olmalarını təmin edir. Bunlar "müstəqil ingilis hərbi bazaları"dır və Avropa İttifaqının hakimiyyət sahəsinə daxil deyil. İngiltərənin dənizdəki torpaqlarının bir hissəsidir. Birləşmiş Krallığın Müdafiə Nazirliyinə tabedir, ancaq muxtar idarəetmə sistemi və özünəməxsus qanunları var. Bir sözlə, bazaların qanuni və ya qanunsuz olmasından asılı olmayaraq, hər cür səlahiyyəti var, amma heç bir məsuliyyəti yoxdur.
Ortaya çıxan məlumatlara görə, Kiprdəki dinləmə qalmaqalı, əslində, kod adı "Tempora" olan 1,25 milyard dollarlıq çox gizli proqramın tərkib hissəsidir. Snoudenin ifşa etdiyi sənədlərdən ortaya çıxdığı kimi, Tempora GCHQ tərəfindən 2008-ci ildə təkmilləşdirilən kompüter proqramıdır. İki əsas məqsədi var: "İnternetə hakim olmaq" (Mastering the Internet) və "Qlobal telekommunikasiya qiymətləndirməsi" (Global Telecoms Exploitation). Başqa sözlə, bütün internet və telefon rabitəsini gizli şəkildə dinləmək.
İngiltərə Kiprdəki bazaları vasitəsilə əldə etdiyi məxfi məlumatları ABŞ-la bölüşür. Ancaq iki ölkə arasındakı kəşfiyyat əməkdaşlığı güman edildiyi kimi tərəflərin bərabər mənfəət əldə etdikləri tərəfdaşlıq deyil. ABŞ-dan daha çox İngiltərənin maraqlarına xidmət etmək üçün hazırlanmış sistemdir. GCHQ-nin keçmiş rəhbəri David Omandın bildirdikləri iki ölkə arasındakı kəşfiyyat əlaqəsinin əsl üzünü ifşa edir: "Bizdə beyin, onlarda pul var. Bu, çox yaxşı işləyən əməkdaşlıqdır".
GCHQ-nin hər şeyi dinləməsi və qeyd etməsi terrorla mübarizəyə əsas ola bilməz. Bu məlumatlar İngiltərə dərin dövləti və ya pis niyyətli agentlərin əllərində rahatlıqla sui-istifadə edilə bilər. Keçmişdə bunların bir çox nümunəsini görmüşdük. Təxribat, təbliğat, yanlış istiqamətləndirmə, çevrilişlər, inqilablar, müharibələr, sui-qəsdlər, qanunsuz gizli əməliyyatlar ilk ağıla gələn bəzi ehtimallardır. Bütün bunlar, xüsusilə, Yaxın Şərqdə göz ardı edilməməli olan böyük təhlükələrdir .
Terrora qarşı ölkəsinin və vətəndaşlarının təhlükəsizliyini təmin etmək hər bir ölkənin ən təbii haqqıdır. Qanuni olan kəşfiyyat, izləmə və müşahidə fəaliyyəti də bunun vacib tərkib hissəsidir. Ancaq bunu edərkən tətbiq edilən üsulların demokratiya prinsipləri, insan hüquq və azadlıqları, əsas dəyərlər və qanunlarla toqquşmaması və hər şeydən əhəmiyyətlisi daha çox qarşıdurma üçün deyil, sülhün yaradılması və qorunması üçün istifadə edilməsidir. Kəşfiyyat pis niyyətli insanların əlində daha çox əzabın yaşanması üçün deyil, səmimi və dürüst insanların əlində pisliyə qarşı mübarizə üçün istifadə edilən bir güc olmalıdır.
Adnan Oktarın “Pravda”da yayımlanan məqaləsi:
http://www.pravdareport.com/opinion/columnists/14-07-2017/138170-british_cyprus-0/