Necə üçölçülü görürük?
Gözümüzün ikiölçülü gördüyü cisimləri beynimiz üçölçülü qavrayır. Bu qavrayışın necə olduğunu araşdırmaq üçün aparılan elmi fəaliyyətlər beyinin mükəmməl dizayna malik olduğunu üzə çıxarmışdır. Bu mükəmməlliyi anlamaq üçün görmə prosesini daha ətraflı təhlil edək.
İki gözümüzlə bir cismi iki fərqli görmə bucağından görürük. Gözlər arasındakı məsafə 5 sm-dən bir az artıq olduğuna görə, iki tor qişada əmələ gələn görüntülər bir-birindən fərqlidir. Bir cismin iki fərqli görmə bucağından əldə edilən görüntülər beyinin görmə mərkəzində birləşdirilir. Üçüncü ölçü hissi də beyində əmələ gəlir və beləliklə, insan bir cismin görüntüsünü üçölçülü görür. Üçüncü ölçü gözlərdə deyil, beyində əmələ gəlir. Üçüncü ölçü bir hissdir və bütün qavrama prosesləri beyində meydana gəlir. Bu yolla dərinlik və cisimlər arasındakı məsafə qavranılır.
Əgər iki gözdə ayrı-ayrı əmələ gələn görüntülər beyində birləşdirilməsəydi, dünyanı qoşa və ikiölçülü görərdik. Deməli, xarici aləm üçölçülü deyil. Hər şey eynilə film pərdəsində olduğu kimi ikiölçülüdür. Bu ikiölçülü görüntüdən hər gözümüzdə bir ədəd mövcuddur. Gözlərimizdən biri eyni cismi müəyyən görmə bucağından ikiölçülü görür, digər gözümüz də eyni cismi fərqli görmə bucağından ikiölçülü görür. Bu, qeyri-adidir, çünki bu günə qədər gördüyümüz hər şey, yəni bədənimiz, evimiz, avtomobilimiz, dostlarımız, bir sözlə, hər şey bir-birinin eyni olan iki ədəd ikiölçülü görüntüdən ibarətdir.
Bu elmi həqiqət 1848-ci ildə ingilis fizik Çarlz Uitstoun tərəfindən müəyyən edilmişdir. Dərinliyi qavramağın məntiqi üzərində tədqiqata başlayan Uitstoun stereoskopik görmənin əsas prinsiplərini qoymuşdur. Stereoskopik görüntü düz səth üzərində üst-üstə (bir az fərqli görmə bucaqlarından) çəkilmiş iki rəsmi hər iki göz üçün fərqli şəkildə filterləyib hər gözə öz görmə bucağından çəkilmiş görüntünü vermək və dərinlik hissi əmələ gətirməklə əldə edilir.
Görüntülər arasındakı fərq çox sadə təcrübə ilə sübut edilə bilər. Bir ağacın budaqlarına əvvəlcə iki gözünüzlə, sonra bir gözünüzlə bir müddət baxın. Daha sonra iki gözünüzü də açın, budaqlar daha dərin görünəcək.
Başqa təcrübə də keçirə bilərsiniz. Bir gözünüzü yumduqdan sonra iynəni saplamağa çalışın. Böyük ehtimalla bunu etməkdə çətinlik çəkəcəksiniz. Çünki bir gözlə dərinlik hissi əmələ gəlmədiyinə görə, iynə ilə sap arasındakı kiçik məsafə fərqini ayırd edə bilməyəcək və sapı dəliyə keçirə bilməyəcəksiniz. Bir-birlərindən asılı olmadan görən gözlərin görüntülərinin bir görüntüyə çevrilməsi, bunu edərkən ikiölçülü görüntülərə üçüncü ölçünün əlavə edilməsi qeyri-adidir (Harun Yəhya, “Xəyalın digər adı: maddə”).
Hər gözün gördüyü görüntü tor qişada ortadan iki hissəyə bölünür. Bu hissələrdən gələn impulslar ayrı-ayrı yollarla beyinə çatır və burada yenidən birləşdirilir. Bu görüntülərin parçalanması və yenidən birləşdirilməsi üçün mükəmməl həndəsi uyğunluqla yanaşı bir-birini izləyən mürəkkəb əməliyyatlar tələb olunur. Burada daha maraqlı hadisə isə beyinin bölünən görüntünü orijinalına uyğun şəkildə yenidən birləşdirməsi və bu görüntüdə heç bir əyrilik, qarışıqlıq və boşluğun olmamasıdır. Bütün bu möcüzəvi hadisələr insanın iradəsindən kənar baş verir:
Görmə prosesini daha dərindən tədqiq etdikdə gözlə beyinin böyük uyğunluq içində işlədiyi daha yaxşı məlum olur. Bu proseslərdən bir neçəsi aşağıdakılardır:
İki ayrı gözün tor qişasından gələn impulsların uyğunlaşdırılması
Bu görüntülərin qarşılaşdırılaraq dərinliyin qavranılması
Xətlərin və hüdudların ayırd edilməsi
Görmə mərkəzində rəng təhlili
Beyində parlaqlığın qavranılması
Tor qişadan gələn görüntünün bölünüb yenidən birləşdirilməsi və görmə hafizəsi ilə tamamlanması
Görüntünün tərsinə çevrilməsi
Kor nöqtəyə düşən görüntünün boşluq kimi qalmaması, içinin doldurulması
Xarici dünya dediyimiz hər şey beynimizin bir neçə santimetrlik hissəsində, qaranlıq mühitdə elektrik impulslarının şərh edilməsindən ibarətdir. Kiçik bir ət parçasının ikiölçülü görüntüləri üçölçülü formaya salması, dərinliyi, kölgələri, rəngləri ayırd etməsi qeyri-mümkündür. Bu möhtəşəm sistemi yoxdan yaradan və funksiyalarını ona ilham edən yerlərin və göyün Rəbbi uca Allahdır.
Maddəni ikiölçülü yaradıb iki müxtəlif görmə bucağından görməyimizi təmin edən, bunları birləşdirərək üçölçülü şəkildə bizə məkan və dərinlik hissini qavradan da aləmlərin Rəbbi Allahdır.
Sizə qulaq, göz və ürək verən Odur. Siz çox az şükür edirsiniz. (Muminun surəsi, 78)