Möminin həyatının məqsədi Allah’a qulluq etməkdir. İnsan öz hisslərinə görə yaşamaq, arzularının arxasınca qaçmaq və ya başqa insanlara xidmət etmək üçün deyil, yalnız və yalnız Allah’a qulluq etmək üçün yaradılmışdır.
Allaha qulluğun yolu isə insanın Quranı özünə rəhbər tutmasıdır. Mömin üçün əsas məqsəd gücü çatdığı qədər Qurana tam itaət edərək yaşamaqdır.
Qurana baxdıqda möminin yalnız namaz, oruc, həcc ziyarəti kimi qəti ibadətlərlə deyil, həmçinin tətbiq edilməsi araşdırma tələb edən ibadətlərlə də məsul olduğunu görürük. Məsələn bir ayədə belə bildirilir: “İnsanları hikmətlə, gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl şəkildə mübarizə apar...” (Nəhl surəsi, 125)
Mömin bu ayədəki “hikmət”in və “gözəl öyüd-nəsihət”in nə demək olduğunu həm Quranın ümumi məntiq və üslubuna baxaraq, həm də öz ağıl və düşüncəsi ilə müəyyənləşdirməlidir. Başqa misal da göstərə bilərik. Məsələn, Allah Quranda möminin qarşılaşacağı insan tiplərini və cəmiyyət modellərini təsvir edir və həmçinin onlara qarşı edilməli olan davranışları da bildirir. Əksər vaxt müxtəlif insan tiplərinə və onlara deyiləcək sözlər “De” ilə başlayan ayələrdə xəbər verilir.
Mömin üçün qarşılaşacağı vəziyyətlərlə bağlı məlumatlar və hökmlər bildirilən belə ayələr Quranda çox aşkardır. Amma bunların həyata keçirilməsi Quranda vurğulanan vəziyyətlərin gündəlik həyatda araşdırılmasını tələb edir ki, bu halda mömin ağıl və düşüncəsini işə salmalıdır.
Quranda fərqli insan tipləri izah edilir. Müsəlmanlar, müşriklər, münafiqlər, qəlblərində xəstəlik olanlar, xristianlar, yəhudilər və s. Mömin bunlarla bağlı ayələri çox yaxşı öyrənə, Quranda təsvir edilən bu insan xarakterlərini çox yaxşı tanıya bilər, insanlarla olan münasibətini və bütün həyatını Allah’ın əmrlərinə uyğun şəkildə nizamlaya bilər.
Mömin bilməlidir ki, ətrafındakı insan tipləri Quranda təsvir edilən insan nümunələridir. Çünki bu insan tiplərinin hamısı yaradılmışdır və “Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün yaratmamışıq.” (Ənbiya surəsi, 16) ayəsinin sirri ilə onlar bir məqsədlə - Allah’ın Quranda təsvir etdiyi cəmiyyət modelini meydana gətirmək üçün mövcuddurlar.
Mömin bu həqiqətə uyğun hərəkətlər etsə, Allah’ın ona verdiyi öhdəlikləri yerinə yetirə bilər. İnsanın gördüyü hər bir iş, hər bir hadisə, əslində, Quranda təsvir olunanların oxşar modelləri və tipləridir. Bir ayədə belə bildirilib:
“(Quranın) haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil?” (Fussilət surəsi, 53)
Beləliklə, bütün kainat əslində Quranın “kainatda” görünən ayələrinin (dəlillərin) məcmusundan ibarətdir. Necə ki, bir əsər öz rəssamını tanıdır, o rəsmdəki hər incə təfərrüat rəssamın fırçasının izlərini göstərir, eynilə, bütün kainat və onun hər təfərrüatı da hər şeyin yaradıcısı olan Allah’ı göstərmək üçün vardır.
İnsan bu həqiqəti dərk etdikcə, həm Allah’ı daha yaxşı tanıyar, həm Ona daha çox yaxınlaşar, həm də Onun hökmlərinə daha həssas şəkildə itaət edər. Həyatın hər incə məqamının, əslində, Quranda göstərilən bir “ayə” olduğunu qavradıqca, “gündəlik həyat” dediyimiz anın hər mərhələsində Qurana görə düşünər və Quranın hökmlərini tətbiq edər.
Hər şey Allah’ın yaratdığı qədərə (taleyə) uyğun yaranır, buna görə də hər şeyin səbəbi və hikməti var. Möminin vəzifəsi isə qarşılaşdığı hər hadisəni Qurana görə dəyərləndirmək və Quranda bildirilmiş şəkildə cavab verməkdir. Əgər “boş”, mənasız bir şeylə qarşılaşsa, Quranın hökmünə görə ondan üz çevirməlidir.
Qarşılaşdığı hər hadisəni Quran ayələrinə görə dəyərləndirməsi möminin hər şeydən əvvəl Qurana uyğun xarakter formalaşdırmağından asılıdır. Bunun üçün də cahiliyyə cəmiyyətinin ona verdiyi bütün xarakterik xüsusiyyətləri öz üzərindən dəf etməlidir. Bir hadisə qarşısında nə etməli olduğuna cahiliyyə cəmiyyətinin meyarlarına görə deyil, Qurana görə qərar verməlidir. Quranda isə qarşılaşdığı hər vəziyyətə yol göstərən həll yolu mütləq vardır. Çünki o, “hər şeyin açıqlayıcısı” (Nəhl surəsi, 89) olaraq insanlara göndərilmişdir.