Terrorla yaşayan ölkələrdə kamikadzelər, dövlət idarələrinə hücumlar, kəndlərdə əsgərlərə qurulan pusqular gözlənilməz hadisələr deyil. Lakin bu hadisələr hər dəfə sanki ilk dəfə baş verirmiş kimi cəmiyyəti silkələyir. Terrorla yaşayan ölkələr xalqlarına, prinsiplərinə, dəyərlərinə daha həssas olurlar.
Türkiyə 40 ildir ki, terror bəlası ilə yaşayan ölkədir. Bəziləri bunun sadəcə PKK-dan ibarət olduğunu düşünə bilər. Halbuki Türkiyə, PKK 40 il boyunca varlığını qoruyarkən başqa terrorist qrupların hücumlarına da şahid oldu. Bunlardan biri 70-ci illərdən etibarən mövcud olan, lakin rəsmi olaraq 1994-cü ildə qurulan DHKP-C (İnqilabi Xalq Qurtuluş Partiyası Cəbhəsi)dir.
90-cı illərdə aktiv olan, lakin gücü və səsi zaman keçdikcə cılızlaşan DHKP-C-nin qanlı aksiyaları ilə İstanbul Ədliyyəsində keçən həftə həyata keçirilən hücumda təkrar qarşılaşdıq. Gəzi Parkı hadisələri zamanı göz yaşardan qaz kanıstrının başına dəyməsi nəticəsində 269 gün komada qalan və ardından həyata gözlərini yuman 15 yaşındakı Bərkin Əlvanın işini aparan dövlət ittihamçısı Məhmət Səlim Kiraz ədliyyədə öz otağında girov götürülmüş və sonradan şəhid edilmişdi. Ertəsi gün İstanbul Baş Polis İdarəsinin önündə yenə bir terroristin öldürülməsi ilə nəticələnən aksiyanı sonradan başlayan mübahisələr və sosial mediya blokadaları izlədi.
Türkiyənin üzləşdiyi bu gerçək bir neçə önəmli məsələnin diqqətə alınmasını tələb edir.
Bunlardan birincisi, yaşadığımız dövrdə Türkiyədə kommunist terrorun canlanıb güclənməsinin diqqət çəkməsidir. DHKP-C eynilə PKK kimi marksist-leninist terror təşkilatıdır. Tarix boyunca dəfələrlə PKK ilə razılıq əldə edərək birlikdə hərəkət etmişdir. Manifestlərində əsas məqsədləri olaraq Türkiyə dövlət sistemini terror yolu ilə parçalayaraq kommunist sistemi qurmaq olduğu göstərilmişdir. 2008-ci ildən etibarən durğun olan təşkilatın bu gün aktivləşməsi PKK-nın çözüm sürəci adı altında özünü qanuniləşdirmə cəhdlərindən irəli gəlmiş ola bilər. Belə ki, Türkiyədə hazırda bu vəziyyəti fürsət bilərək PKK-nı «şəxsiyyət mübarizəsi aparan kürd hərəkatı» olaraq göstərməyə çalışan yazarlar, siyəsətçilər ortaya çıxmış və bunlar çəkinmədən səslərini eşitdirirlər. Halbuki PKK şəxsiyyət mübarizəsi aparan hərəkat deyil, ilk öncə kürdləri əzib təzyiq altında saxlayan kommunist hərəkatdır.
Türkiyənin üzləşdiyi ikinci gerçək cəmiyyət içində get-gedə kök salmağa başlayan fikri bölünmədir. Cəmiyyətlərdə bir-birinə müxalif fərqli fikirlərdə insanların olması əlbəttə ki, təbiidir və demokratiyanın gözəl tərəfidir. Lakin cəmiyyət ağ və qara şəklində ikiyə bölündükdə tərəflər öz tərəfdarlarını qeyd-şərtsiz dəstəkləyib, qarşı tərəfi qeyd-şərtsiz haqsız hesab etdiklərində ölkənin əsl problemlərini unudub bir-biriləri ilə çəkişdikdə o cəmiyyət dəhşətli fəlakətlərlə qarşı-qarşıya qala bilər. Suriyanı kabusa çevirən, Yəməni əhatə etməyə başlayan, Yaxın Şərqi qana bulayan cəmiyyətdəki bu yanlış bölünmədir.
İstanbul Ədliyyəsində baş verən dəhşətli terror hadisəsini cəmiyyət içində bir qisim tanınmış isimlərin az qala müdafiə etmələri, terror ifadəsini istifadə etməmələri cəmiyyəti bölünməyə gətirib çıxaracaq acınacaqlı vəziyyətdir. Müxalif olduqları tərəfi dəstəkləməmək üçün terror hadisəsini üzrlü göstərməkdən belə çəkinmirlər.
Vəziyyət bu şəkildə olduğu zaman cəmiyyətlər qarşı-qarşıya qaldıqları əsl problemi də tam anlaya bilmirlər. Onlar çəkişmə halında olarkən kommunist terror güclənir, İstanbulun rəsmi dövlət orqanlarına qədər gəlib çıxır. Hücumlar olduğu zaman görülən təhlükəsizlik tədbirləri gücləndirilir, insanların əyin-başları daha çox axtarılır, qapılardakı x-ray qurğularının sayı artır və cəmiyyət daha da çox qorxu cəmiyyəti halına gəlir. Terrora güzəşt daima terroru gücləndirir, cəmiyyətləri isə qorxu içində saxlayır.
İstər qəbul edək, istər etməyək. Kommunist terror Türkiyədə səsini eşitdirir. Çünki insanlar bu terrorun mahiyyətini tam anlamayıblar. Uzlaşmaqla bitər, razı salmaqla, danışaraq həll olunar zənn edirlər. Halbuki kommunizm demokratiyanı və uzlaşmanı əsla qəbul etməz. Kommunizmin terrordan başqa heç bir yolu olmayıb. Kommunistlər dövlət sistemlərini dağıtmaq üçün daima bütün gücləri ilə silahlı mübarizədən istifadə edir və bundan başqa bir model qəbul etmirlər. Dolayısilə kommunistlərlə «danışıqlar» istənilən sülhü heç bir zaman gətirməz, qalanı daxildən ələ keçirməyə vaxt qazandırar.
Türkiyə belə bir yanlışlığa yol verməməlidir. PKK və ya DHKP-C ilə danışıqlar heç bir zaman kommunist terroru aradan qaldırmaz. Belə ki, ədliyyədəki aksiya əsnasında da DHKP-C yaraqlıları ilə aparılan danışıqlar nəticə verməmişdir. Çünkü lap başından iki yaraqlı və girov götürdükləri dövlət ittihamçısı ilə birlikdə ölməyə kodlanmışdılar. Kommunist terrorun metodu bu şəkildədir.
Türkiyə danışıqlar yolu ilə vaxt və güc itirməməlidir. Kommunistlər dövlətlərin zəif nöqtələrini çox yaxşı bildikləri kimi, 40 il boyunca kommunist terrorla yaşayan bir ölkə olaraq kommunistlərin zəif nöqtələrini çox yaxşı bilməliyik. Onların zəif nöqtələri ideologiyalarıdır. İdeologiyalarını məhv edən dəlillə ortaya çıxmaq bir kommunisti əridib yox edər, yerinə əsl insan formalaşdırar. İdeologiyasını yox etmədən bir kommunisti sülhə inandırmaq mümkün deyil. Dolayısilə əgər bir danışıq aparılacaqsa, bu danışıqlarda kommunist ideologiyanı dağıdan elmi sübutların yer alması şərtdir. İdeologiya hədəf alınmalıdır. Kommunizmin fikir sistemi məhv edilməlidir.
Belə bir təhsil səfərbərliyi cəmiyyətin geri qalanına da fayda verəcək. İnsanlar həm qarşı-qarşıya olduqları təhlükənin əsl üzünü anlayacaq, həm də cəmiyyət içində yayılan nifrət və əsəb artıq fikri zəmin tapmayacaq. Çünki demək olar ki, hər bir bəlanın təməli olan materializmə zərbə vurulmuş olacaq.
Adnan Oktarın «Arab News»də nəşr olunan məqaləsi: