Allah böyük bir nizam içində yaratdığı həyatı bilmədiyimiz bir zamanda bütün nizamı ilə birlikdə sona çatdıracaq. Qiyamət gününə iman etmək insanı daha müsbət və qazanclı bir nəticəyə apara bilər. Çünki dünyadakı səylərinin "boş səy" olduğunu qiyamət saatı ilə anlayan bir insanın peşmançılığının tərifi olduqca çətindir, çox çətindir.
Hesab gününə inanmayanların bütün ömürləri boyu düşünməkdən, anlamaqdan qaçdıqları, möminlərin isə hazırlanıb gözlədikləri andır. Quranda bildirildiyi kimi, o gün hər şey Uca Allahın sonsuz gücünə və yüksək şanına uyğun olaraq yaradılacaq. Hesabın reallaşdırılması üçün ruh və mələklər səf-səf düzüləcəklər. O hesab anında insanlar arasında ədalətlə hökm ediləcək və danışan adam yalnız doğrunu söyləyəcək. Rəbbimiz bu vəziyyəti Quranda belə xəbər vermişdir:
" Ruhun (Cəbrailin) və mələklərin səf-səf duracağı gün Rəhmanın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir!" (Nəbə surəsi, 38)
İnsanın dünya həyatı boyunca tanıdığı bütün insanlar orada olacaq. Tanınmış- tanınmamış, varlı-kasıb hamı, qısaca desək, qiyamət gününə qədər yaşayıb ölmüş bütün insanlar aralarında heç bir fərq olmadan Allahın hüzurunda toplanacaqlar. Belə bir gündə nə qazandıqları, nə əldə etdikləri soruşulacaq. Bu insanlar dünya tarixində iz buraxmış insanlar olsalar da, iman etmədikləri üçün Allahın hüzurunda peşmanlıq və əzabın şiddəti ilə qorxu içində olacaqlar. Kim olursa-olsun iman etməmişsə, eyni qorxu hissini keçirəcək, hər hansı bir dünyəvi üstünlük ünsürü olmadan hamı eyni mövqedə olacaq. Dünyada bir imtiyaz kimi görünən pul və mövqe insanların bir yerə toplandıqları bu gündə heç bir şey ifadə etməyəcək, heyran olan da, heyran olunan da eyni mövqedə olacaq. Quranda insanların din günü Allahın hüzurunda toplanacağını bildirən ayələrdən biri bu şəkildədir:
" Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, kitab (ortaya) qoyulacaq (hərənin əməl dəftəri öz əlinə veriləcəkdir), peyğəmbərlər və şahidlər (əməlisaleh insanlar və ya mələklər araya) gətiriləcək, onlar (bəndələr) arasında ədalətlə hökm olunacaq və onlara haqsızlıq edilməyəcəkdir!" (Zumər surəsi, 69)
O gün heç kimə haqsızlıq edilməyəcək
Hər əməlin sorğulanacağı bu günün ehtişamı Allahın böyüklüyünə, Ədl (ədalətli olan), Cabbar (dilədiyini reallaşdıran), Qahhar (qəhr edən) və Müntəqim (intiqam alan) sifətlərinə uyğun şəkildə olacaq. Əməllərin sorğulanıb nəticələndirilməsi Allahın ədaləti ilə əskiksiz şəkildə görüləcək. O gün qurulan "həssas tərəzilər"lə hər kəs layiq olduğunu alacaq. Quranda din günündə qurulan həssas tərəzilər haqqında bu şəkildə bildirilir:
" Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə onu (hər hansı bir əməli tərəziyə) gətirərik. Haqq-hesab çəkməyə Biz kifayətik." (Ənbiya surəsi, 47)
Dünya həyatı boyunca edilən hər əməl, ən kiçik təfsilatlar da əskiksiz şəkildə tərəzilərə qoyulacaq. Bu tərəzinin əqrəbi insanları sonsuz əzaba və ya sonsuz qurtuluş və xoşbəxtliyə aparan qərarı təyin edəcəklər. Yaxşılıqları ağır gələn insanlar cənnətə gedəcəklər, yüngül gələnlər isə qorxunc bir əzabla əzablandırılacaqları cəhənnəmə atılacaqlar.
Din günü hər yer Allahın nuru ilə işıqlanacaq
Bu böyük hesab günündə elçilər və şahidlər hazır olacaq. Dünyada Allaha qulluq etmək lazım olduğunu insanlara xatırladan və nəsihət edən peyğəmbərlər, elçilər və digər şahidlər hesab günü sorğuya çəkilən insanların yanında olacaqlar. Allahın hüzurunda olan bütün şahidlər yalnız doğrunu söyləyəcəklər. O gün heç kimin Allahın hüzurunda etdiklərini inkar etməyə fürsəti və ya imkanı olmayacaq. Hər kəsin gördüyü bütün xeyir və şər işlər kiçik təfsilatına qədər ortaya qoyulacaq və adam bunların hamısından sorğuya çəkiləcək. Hz. Adəmdən bu yana yaşamış bütün cəmiyyətlərin bir yerdə olacağı bu mühitdə sorğulamadakı nizam və hesabdakı incəlik Allahın böyüklüyünü və sonsuz ədalətini bizə göstərəcək. Qiyamət günü dünya həyatının, hətta bütün kainatın son günüdür, amma eyni zamanda da axirətdəki sonsuz həyatın başlanğıcıdır. O gün insanların hamısı yeni bir dirilişlə diriləcəklər. O gün Uca Allaha iman edənlər cənnətlə müjdələnərkən, iman etməyənlər cəhənnəmə sövq ediləcəklər. Rəbbimizin sonsuz ədalətinin təcəlli etdiyi bu gündə bütün insanlıq şahidlərin hüzurunda sonsuz məkana yerləşəcək.
O gün insanın eşitmə, görmə orqanları və dəriləri də şahidlik edəcək. İman etməyənlərin əleyhinə şahidlik edənlərin arasında onların heç gözləmədikləri şahidlər də vardır. Bu, insanın özünü tək bildiyi anlarda belə Allahın onu əhatə etdiyinə dair ən heyrətamiz sübutdur. İnanmayanların əleyhinə şahidlik edənlərin arasında "eşitmə, görmə orqanları və dəriləri" də olacaq. Hər biri Allahın izni ilə danışacaq və əskiksiz şəkildə şahid olduqlarını izah edəcəklər. Bir ömür boyu istifadə etdikləri, özlərinə aid hesab etdikləri üzvlərinin belə insanın əleyhində şahidlik etməsi o gün yaşanacaq psixoloji sarsıntını daha da artıracaq. Quranda bu mövzunun bildirildiyi ayələr bu şəkildədir:
"Allahın düşmənləri Cəhənnəmə toplanacaqları gün onlar (əvvəlincisindən axırıncısınadək tutulub bir yerdə) saxlanacaqlar Nəhayət, onlar Cəhənnəmə gəldikdə qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir. Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şəhadət verirsiniz?” – deyəcəklər. (Dəriləri də) belə cavab verəcəkdir: “Hər şeyi dilə gətirən Allah bizi danışdırdı. Sizi ilk dəfə yoxdan yaradan Odur. Siz Onun hüzuruna qaytarılırsınız!” Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şəhadət verəcəklərinizdən qorxub (günah işləməkdən) çəkinmir, etdiyiniz əməllərin çoxunu isə Allahın bilməyəcəyini zənn edirsiniz.” (Fussilət surəsi, 19-22)
İnsan o gün qürurla müdafiə etdiyi şərhlərin etibarsızlığını görəcək, əleyhinə şahidlik edən üzvləri qarşısında heç nəyi gizlədə bilmədiyini anlayacaq. Heç kimin görmədiyini zənn etdiyi hadisələr, gizli işlər bir-bir ortaya qoyulacaq, öz bədəni də bunları təsdiq edəcək.
"(Ya Peyğəmbər!) De: “Allah sizi dirildir, sonra öldürür. Sonra da sizi qiyamət günü (dirildib) bir yerə yığacaqdır. Ona (qiyamətə) heç bir şəkk-şübhə yoxdur, lakin insanların çoxu (qiyamətin haqq, təkrar dirilmənin ilkin yaradılışından çox asan olduğunu) bilməz!”" (Casiyə surəsi, 26)
Əməl dəftərinin verilməsi
İnsanın dünya həyatında etdiyi hər şey sağ və sol tərəfində olan mələklər tərəfindən yazılır. Hesab günü üçün hazırlanan dəftərlər din günündə insanlara təqdim ediləcək. İnsan etdiklərinin heç birini inkar edə bilməz, çünki yaşadığı hər an əməl dəftərində yazılmışdır. Hər kəs öz dəftərindən axirət üçün nələr hazırladığını öyrənəcək. Möminlər dəftərlərini sağ əllərinə, kafirlər isə sol əllərinə götürəcəklər. Bu anda möminlərlə kafirlərin rəftarları çox fərqlidir. Möminlər böyük sevinc içində dəftərlərini oxumaq üçün yanında olanlara uzadacaqlar. Dəftərləri sol əllərinə verilən iman etməyənlər isə qəhredici bir utanc və qorxu içində olacaqlar. Çünki kiçiyindən böyüyünə qədər heç bir işin əskik buraxılmadan mələklər tərəfindən yazılan bu dəftər Quran əxlaqına uyğun olmayan işlərlə doludur. Bu həqiqət qarşısında inkar edənlərin qorxu və təlaşları ayədə belə ifadə edilmişdir:
(Qiyamət günü hər kəsin) əməl dəftəri qarşısına qoyulacaq. (Ya Rəsulum! O zaman) günahkarların orada (yazılmış) olanlardan qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O Bizim heç bir kiçik və böyük günahımızı gözdən qaçırmadan hamısını sayıb yazmışdır ki!” Onlar (dünyada) etdikləri bütün əməllərin (öz qarşılarında) hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz! (Hər kəs öz əməlinin cəzasını alacaqdır!)" (Kəhf surəsi, 49)
Qiyamət saatı və ondan sonra sonsuz həyat insanları gözləyən ən əhəmiyyətli həqiqətlərdir. Bu səbəblə yalnız "Allah rizası" üçün yaşamaq və səy göstərmək lazımdır. Allah sonsuz həyatın başlanğıcını son dərəcə böyük və ehtişamlı hadisələrlə reallaşdıracaq. Bu günlə qarşılaşan hər kəs dünya həyatının artıq tamamilə sona çatdığını anlayacaq və axirətin varlığını qəti bir məlumatla qavrayacaq. Hesab Gününə addım-addım yaxınlaşırıq, dünyadakı həyatımızda keçən hər gün bizi o hesab gününə bir az daha yaxınlaşdırır. Keçən hər saat, hər dəqiqə, hətta hər saniyə ölümə, yenidən dirilişə və hesaba tərəf atılmış yeni bir addımdır. Hər kəs bu anda qədərində müəyyən olan son nəfəsini verəcəyi ana tərəf bir az daha yaxınlaşır. Keçmişdən bu yana heç kim bunun qarşısını ala bilməmişdir. Nə tədbir alınırsa-alınsın bu irəliləyişi dayandırmanın və ya geri qaytarmanın yolu yoxdur. Bütün insanlar bu yolu gedəcək və ölümlə gözləmədikləri bir anda qarşılaşacaqlar. Bu da unudulmamalıdır ki, hər insan hesab günü Uca Allahın hüzurunda tək başına sorğuya çəkiləcək. O halda insan ölümlə başlayıb bitməyən, əbədi davam edən o gün gəlmədən əvvəl hazırlıq görməlidir:
"Ey iman edənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır! Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu (xeyirlərini başa düşməyən) kimsələrə bənzəməyin! Onlar (Allahın itaətindən çıxmış) fasiqlərdir!". (Həşr surəsi, 18-19)