Quranın bənzərsiz üslubu və üstün hikməti onun Allah’ın sözü olduğunun qəti sübutudur. Bununla yanaşı, Quranın Allah qatından nazil edildiyini sübut edən bir çox möcüzəvi xüsusiyyəti də var. Bu xüsusiyyətlərdən biri ancaq XX əsrin texnologiyası ilə əldə etdiyimiz bəzi elmi faktların 1400 il əvvəl Quranda bildirilməsidir.
Allah bundan 14 əsr əvvəl insanlara yolgöstərici kitab olan Qurani-kərimi nazil etmiş və bütün bəşəriyyəti Quran əxlaqına uyğun yaşayaraq xilas olmağa çağırmışdır. Ayədə də bildirildiyi kimi, “Quran aləmlər üçün öyüd-nəsihətdən başqa bir şey deyildir” (Qələm surəsi, 52). Quran nazil edildiyi gündən qiyamət gününə qədər bəşəriyyətin yeganə yolgöstəricisi olan son İlahi kitabdır.
Quranın möcüzələrindən biri elmi məlumatlardır. Quran elmi kitab deyil. Ancaq Quranda çox ətraflı və hikmətlə izah edilən bəzi möcüzələr elmi kəşflərə ipucu verir. Quran nazil edildiyi dövrdə elmi cəhətdən müəyyən edilməsi qeyri-mümkün olan bu məlumatlar insanlara Quranın Allah’ın sözü olduğunu bir daha sübut edir.
İnsanların astronomiya, fizika və ya biologiya haqqında çox az şey bildiyi bu dövrdə nazil edilən Qurani-kərim kainatın yaradılışından insanın yaranmasına, atmosferin quruluşundan yer üzündəki tarazlıqlara qədər bir çox mövzuda köklü məlumat verir. İndi Quranda verilən bu möcüzələrdən bir hissəsinə birlikdə baxaq.
KAİNATIN YARANMASI
Qurani-kərimdə kainatın yaranması belə bildirilir:
“O, göyləri və yeri yoxdan var edəndir…” (Ənam surəsi, 101)
Quranda verilən bu məlumat müasir elmin kəşfləri ilə üst-üstə düşür. Bu gün astrofizika bütün kainatın maddə və zaman ölçüləri ilə birlikdə sıfır həcmdən böyük partlayışla əmələ gəldiyini aşkar etmişdir. “Böyük partlayış”, orijinal adı ilə “Big Bang” nəzəriyyəsi bütün kainatın təqribən 15 milyard il əvvəl bircə nöqtənin partlaması ilə yoxluqdan meydana gəldiyini sübut etmişdir. “Böyük partlayış” nəzəriyyəsi bu gün kainatın əmələ gəlməsi və başlanğıcı haqqında bütün elm adamları tərəfindən qəbul edilmiş yeganə elmi açıqlamadır.
“Big Bang”dən əvvəl maddə yox idi. Maddənin, enerjinin, hətta zamanın belə olmadığı, tamamilə metafizik yoxluq mühitində maddə, enerji və zaman yaradılmışdır. Müasir fizikanın aşkar etdiyi bu fakt Quranda bizə 1400 il əvvəl xəbər verilmişdir.
GÜNƏŞİN HƏRƏKƏT İSTİQAMƏTİ
Quranda Günəş və Ay haqqında bəhs edilərkən hər birinin müəyyən orbitinin olduğu vurğulanır:
”Gecəni və gündüzü də, Günəşi və Ayı da yaradan Odur. Onların hər biri öz orbitində üzür” (Ənbiya surəsi, 33)
Yuxarıdakı ayədə işlədilən “üzmək” sözünün ərəb dilindəki qarşılığı “sabaha” sözüdür və Günəşin kosmosdakı hərəkətini izah etmək üçün işlədilib. Bu söz Günəşin kosmosda nəzarətsiz hərəkət etmədiyini, öz oxu ətrafında fırlanarkən bir marşrut üzrə hərəkət etdiyini bildirir. Günəşin sabit olmadığı, müəyyən orbitdə hərəkət etdiyi başqa bir ayədə belə bildirilir:
”Günəş də özü üçün müəyyən olunmuş yerdə axıb gedir. Bu, yenilməz qüvvət sahibi olan, bilən Allah’ın təqdiridir” (Yasir surəsi, 38)
Quranda bildirilən bu həqiqətlər ancaq dövrümüzdəki astronomik müşahidələrlə aşkar edilmişdir. Astronomiya mütəxəssislərinin hesablamalarına görə, Günəş “Solar Apex” adlanan orbitdə Veqa ulduzuna doğru saatda720.000 km sürətlə hərəkət edir. Bu, Günəşin gündə 17 milyon280.000 km yol qət etdiyini göstərir. Günəşlə birlikdə onun cazibə sistemi daxilindəki bütün planetlər və peykləri də eyni məsafəni qət edirlər.
YERİN GEOİD FORMASI
”Bundan sonra da yeri (yayıb) döşədi” (Naziat surəsi, 30)
Yuxarıdakı ayədə “yayıb döşədi” şəklində tərcümə edilən “dəha” sözü yaymaq mənasını verən “dəhv” kökündəndir. “Dəhv” sözü döşəmək, düzəltmək mənalarını versə də, daşıdığı məna baxımından sadəcə döşəmək deyil. Bu sözdə yuvarlaq olan şeyi düzəltmək, döşəmək mənasında istifadə edilmişdir.
“Dəhv” kökündən törəmiş digər sözlər də “yuvarlaqlıq” mənası ifadə edir. Məsələn, uşaqların topu yerdəki çuxura salması, daş atıb çuxura salma yarışları, qozla oynanılan oyunların hamısı “dəhv” sözü ilə ifadə edilir. Dəvəquşunun yuva qurması, yatacağı yerdəki daşları təmizləməsi, yumurtladığı yer və yumurtası üçün də bu kökdən törəmiş sözlər işlədilir.
Belə ki, Yerin forması da yumurtaya bənzər şəkildə yuvarlaqdır. Yerin qütblərdən basıq kürəvi forması geoid forma adlanır. Bu baxımdan, ayədə “dəha” sözünün işlədilməsi Allah’ın Yer haqqında verdiyi mühüm məlumatı ehtiva edir. İnsanların əsrlərlə Yerin düz olduğunu düşünməsi və həqiqi formasının ancaq texnoloji imkanlarla aşkar edilməsi Quranın Allah’ın vəhyi olduğunu sübut edən dəlillərdən biridir.
AYA GEDİŞ
”Bədirlənməkdə olan aya ki, siz təbəqədən-təbəqəyə keçəcəksiniz! Onlara nə olub ki, iman gətirmirlər?” (İnşiqaq surəsi, 18-20)
Yuxarıdakı ayələrdə Aya diqqət çəkildikdən sonra təbəqədən-təbəqəyə minib keçilməkdən bəhs edilir. “Tərkəbu” sözü (bir vasitəyə) minmək, yolda yerimək, arxasına düşmək, təqib etmək, qarışmaq, cəhd göstərmək, qoşulmaq, hakim olmaq mənalarını verən “rakibə” felindən törəmişdir. Bu mənaları nəzərə aldıqda “təbəqədən təbəqəyə minib keçəcəksiniz” cümləsində minilən nəqliyyat vasitəsinə işarə edilməsi ehtimalı var.
Belə ki, Aya getmək üçün minilən kosmik vasitələr atmosfer təbəqələrini bir-bir keçdikdən sonra kosmik fəzaya və oradan da Ayın cazibə sahəsinə keçirlər. Beləliklə, bir-birindən ayrı bir çox təbəqədən ard-arda keçərək Aya getmək mümkündür. Bunlarla yanaşı, “İnşiqaq” surəsinin 18-ci ayəsində Aya and içilməsi də vurğunu gücləndirir. Ona görə, yuxarıdakı ayə ilə Aya gedişə işarə edilə bilər (doğrusunu Allah bilir).
ELEKTRİKDƏN İSTİFADƏ
”… Onun üçün mis mədənini sel kimi əridib axıtdıq…” (Səba surəsi, 12)
Allah’ın hz. Süleymanın (ə.s) əmrinə verdiyi böyük nemətlərdən biri ərimiş mis mədənidir. Bu ayəni müxtəlif cür şərh etmək mümkündür.
Ərimiş mis ilə hz. Süleyman (ə.s) dövründə elektriklə işləyən yüksək texnologiyaya işarə edilə bilər. Məlumdur ki, mis elektrik və temperaturu ən yaxşı ötürən metallardandır və bu cəhəti ilə elektrik sənayesinin əsasını təşkil edir. Dünyada istehsal edilən misin əsas hissəsi elektrik sənayesində istifadə edilir.
Ayədəki “sel kimi əridib axıtdıq” ifadəsi də elektrikin çox geniş sahədə istifadə edilməsinə işarə edə bilər (doğrusunu Allah bilir).
Nəticə
“Şübhəsiz ki, bu (Quran) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir!” (Şuəra surəsi, 192)
Yuxarıda təhlil etdiyimiz məlumatlar bizə açıq-aydın həqiqəti göstərir: Quran içindəki xəbərlərin hamısının doğru olduğu yeganə haqq Kitabdır. Elmi məsələlərdə, keçmiş və gələcəkdən verilən xəbərlərdə və ya riyazi şifrələrdə o dövrdə heç bir insanın bilmədiyi həqiqətlər ayələrlə xəbər verilmişdir. Bu məlumatların o dövrün elmi səviyyəsi və texnologiyası ilə əldə edilməsi mümkün deyil. Əlbəttə, bu, Quranın insan sözü olmadığının açıq sübutudur.
Quran hər şeyi yoxdan var edən və elmi ilə bütün varlıqları əhatə edən uca Allah’ın sözüdür. Allah bir ayədə Quran haqqında: “… Əgər o, Allah’dan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar. (Nisa surəsi, 82)” – buyurur. Quranın içindəki hər məlumat bu İlahi kitabın naməlum gizli möcüzələrini ortaya qoyur. İnsan isə Allah’ın nazil etdiyi bu İlahi Kitaba bərk sarılmalı və onu özünə yolgöstərici kimi qəbul etməlidir. Allah Quranda bizə belə bildirir:
” Bu Quran Allah’dandır, Ondan başqası tərəfindən uydurula bilməz. Lakin o özündən əvvəlkiləri təsdiq edən kitabı ətraflı izah edər. Onun aləmlərin Rəbbi tərəfindən nazil edilməsinə heç bir şübhə yoxdur! Yoxsa: “Onu özündən uydurdu!” – deyirlər. De: “Əgər doğru deyirsinizsə, ona bənzər bir surə gətirin və Allah’dan başqa, kimi bacarırsınızsa, onu da çağırın!” (Yunus surəsi, 37-38)”Bu nazil etdiyimiz mübarək bir Kitabdır. Ona tabe olun və Allah’dan qorxun ki, bəlkə, sizə rəhm edilsin!” (Ənam surəsi, 155)
Bütün batil inanclar Quranla təkzib edilmişdir
VII əsrdə Quran nazil edildikdə ərəblər elmi mövzular haqqında saysız-hesabsız mövhumata və batil inanca malik idilər. Kainatı və təbiəti tədqiq etmək üçün texnologiyası olmayan ərəblər nəsildən-nəsilə ötürülmüş əfsanələrə inanırdılar. Məsələn, səmanın dağlar vasitəsilə yuxarıda dayandığını düşünürdülər. Bu inanca görə, Yer düz idi və iki tərəfdən hündür dağlar dirək kimi göy qübbəsini saxlayırdı.
Ancaq ərəblərin bütün batil inancları Quranla birlikdə aradan qaldırıldı.“Gördüyünüz göyləri dirəksiz olaraq yüksəldən… məhz Allah’dır” (Rad surəsi, 2) ayəsi göyün dağlarla yuxarıda saxlandığına dair inancı təkzib etdi.
Quranda dəmir möcüzəsi
Dəmir Quranda diqqət çəkilən elementlərdən biridir. Quranın “Hədid”, yəni “Dəmir” surəsində belə buyurulur:
”…Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri də endirdik…” (Hədid surəsi, 25)
Ayədə dəmir haqqında xüsusi işlədilmiş “endirmək” sözü məcazi şəkildə “insanların xidmətinə verilmə” kimi düşünülə bilər. Ancaq sözün göydən fiziki şəkildə endirmə şəklində həqiqi mənasını nəzərə alsaq, ayənin çox mühüm elmi möcüzəyə işarə etdiyini görərik.
Çünki müasir astronomik kəşflər Yerdəki dəmir filizinin kosmik fəzadakı nəhəng ulduzlardan gəldiyini aşkar etmişdir.
Kainatda ağır metallar böyük ulduzların nüvələrində hasil olunur. Günəş sistemi isə dəmir elementini hasil edəcək quruluşda deyil. Dəmir ancaq Günəşdən çox böyük ulduzlarda bir neçə yüz milyon dərəcəyə çatan temperaturda əmələ gəlir. Nova və ya Supernova adlandırılan bu ulduzlardakı dəmirin miqdarı müəyyən miqdarı keçdikdə artıq ulduz bunu daşıya bilmir və partlayır. Bu partlayış nəticəsində tərkibində dəmir olan meteoritlər kosmosa yayılır və hər hansı göy cisminin cazibə qüvvəsi tərəfindən cəzb edilib onunla toqquşana qədər boşluqda dolaşır.
Bütün bunlardan məlum olur ki, dəmir filizi Yerdə əmələ gəlməyib, meteoritlər vasitəsilə supernovalardan daşınaraq eynilə ayədə bildirildiyi kimi, Yerə endirilmişdir. Bu elmi fakt Quranın nazil edildiyi dövrdə elmi cəhətdən aşkar edilə bilməzdi. Ancaq bu həqiqət hər şeyi sonsuz biliyi ilə əhatə edən Allah’ın sözü olan Quranda verilib.
Bununla yanaşı, dəmirdən bəhs edilən “Hədid” surəsinin 25-ci ayəsində çox maraqlı 2 riyazi şifrə var.
“Əl-hədid” Quranın 57-ci surəsidir. “Əl-hədid” sözünün ərəb dilindəki say dəyəri, yəni əbcədi 57-dir.
Təkcə “hədid” sözünün əbcədi 26-dır. 26 isə dəmirin atom nömrəsidir.