Qurana görə müharibə ancaq məcburi vəziyyətdə müraciət ediləcək və mütləq şəkildə insani və əxlaq çərçivəsi daxilində aparılacaq arzuolunmaz bir zərurətdir. Bir ayədə yer üzündə müharibə edənlərin inkarçılar olduğu, Allah’ın isə müharibəyə razılıq göstərmədiyi belə açıqlanır:
...Onlar nə zaman müharibə məqsədilə bir od yandırarlarsa, Allah həmin odu söndürər.Yer üzündə fitnə-fəsad törətməyə çalışarlar. Allah isə fitnə törədənləri sevməz. (Maidə surəsi, 64)
Peyğəmbərimiz hz Muhəmmədin (səv) həyatına baxanda da, müharibənin ancaq çətin vəziyyətdə və özünümüdafiə məqsədli olaraq müraciət edilən bir üsul olduğunu görürük.Quranın Peyğəmbərimizə vəyhi tam 23 il davam etmişdir. Bunun ilk 13 ilində müsəlmanlar Məkkə kimi bütpərəst quruluşun içində azlıq olaraq yaşayırdılar və çox böyük təzyiqlərlə üzləşirdilər. Bir çox müsəlmana fiziki işgəncələr edildi, bəziləri öldürüldü. Çoxunun evi və malları qarət edildi, daima təhqir və hədələrlə üzləşdilər. Buna baxmayaraq, müsəlmanlar zorakılığa əl atmadan yaşamağa davam edirdilər və bütpərəstləri həmişə sülhə çağırırdılar. Bütpərəstlərin təzyiqləri dözülməz dərəcəyə çatanda müsəlmanlar daha azad və sərbəst bir şəraitin olduğu Yəsrib (sonradan Mədinə) şəhərinə hicrət edərək burada öz hakimiyyətlərini qurdular. Öz siyasi quruluşlarını bu şəkildə düzəltdikdən sonra belə, Məkkənin təcavüzkar bütpərəstlərinə qarşı silah istifadə etmədilər. Ancaq aşağıdakı ayənin vəyhindən sonra Peyğəmbərimiz ümmətinə müharibəyə hazırlıq üçün əmr verdi:
...Kafirlərin vuruşa başladığı insanlara, (onlarla) vuruşmağa icazə verilmişdir. Çünki onlar zülmə məruz qalmışdılar. Şübhəsiz ki, Allah onlara kömək etməyə qadirdir. Onlar ancaq “Rəbbimiz Allah’dır”-dediklərinə görə haqsız yerə yurdlarından çıxarıldılar.(Həcc surəsi, 39-40)
Qısası, Allah müsəlmanlara müharibəni, təzyiq və zülmə məruz qalanda icazə vermişdir. Başqa sözlə, icazə verilən müharibə, sadəcə müdafiə məqsədli müharibədir. Başqa ayələrdə müsəlmanların lazımsız şiddətdən uzaq durmaları xəbərdar edilmişdir:
Sizinlə döyüşənlərlə Allah yolunda döyüşün. Ancaq həddi aşmayın. Əlbəttə ki, Allah həddi aşanları sevməz. (Bəqərə surəsi, 190)
Bu ayələrin vəyhindən sonra müsəlmanlarla bütpərəst ərəblərin arasında müharibələr reallaşdı. Bunların heç birində müsəlmanlar müharibəni başlayan tərəf olmadılar. Əksinə, Peyğəmbərimiz bütpərəstlərin bir çox tələbini qəbul edən sülh bağlamasını (Hudeybiyə sülhü) qəbul edərək, sülh və təhlükəsizlik şəraiti təmin etdi və bütpərəstlərlə sülh içində yaşanacaq bir ictimai quruluş tərtib etdi. Müqaviləni pozan tərəf yenə bütpərəstlər oldu. Bu vəziyyətdə yeni bir müharibə şəraiti başladı. Amma müsəlmanların sayının artması nəticəsində İslam ordusu bütpərəst ərəblərin qarşı gələ bilməyəcəyi bir gücə çatdı. Peyğəmbərimiz bu güclü ordu ilə Məkkəyə doğru hərəkət edib, şəhəri fəth etdi. Bu fəthdə heç bir şəkildə qan axmadı, tək bir insanın belə burnu qanamadı. Peyğəmbərimiz əgər istəsəydi, müşrik liderlərdən qisas ala bilərdi, amma heç birinə toxunmadı. Onları bağışlayaraq inancları içində sərbəst buraxdı. Bu yüksək əxlaqa heyran olan müşriklər sonradan öz istəkləri ilə islamı qəbul edəcəkdilər.
Hz Muhəmmədin bu sülh və elmli siyasəti Allah’ın Quranda bildirdiyi islami əsaslardan qaynaqlanmışdır. Allah Quranda inananlara, müsəlman olmayan kimsələrə belə xoş davranmalarını əmr etmişdir:
...Allah, din uğrunda sizinlə vuruşmayan və sizi öz yurdunuzdan qovub çıxarmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz, Allah insaflı olanları sevir.Allah sizinlə din uğrunda vuruşan, sizi yurdlarınızdan qovub çıxardan və çıxarılmanıza kömək edən kimsələrlə dostluq etmənizi qadağan edir. Onlarla dostluq edənlər zalımlardır. (Mumtəhənə surəsi, 8-9)
Yuxarıdakı ayələr bir müsəlmanın müsəlman olmayan insanlara qarşı necə davranmasını göstərir: Bir müsəlman müsəlman olmayan insanların hər birinə xoş davranmalı, sadəcə islama düşmənçilik edən kimsələri özünə dost etməməlidir. Əgər bu düşmənçilik göstərənlər müsəlmanların varlıqlarına qarşı təcavüz etsələr, müsəlmanlar bu müharibədə də yenə ədalətli şəkildə insan haqlarını qoruyaraq davranmalıdırlar. Hər cür barbarlıq, şiddət, haqsız yerə təcavüz haramdır. Başqa bir Quran ayəsində Allah müsəlmanlara bu mövzu ilə bağlı xəbərdarlıq edir, düşmənlərinə qarşı duyduqları nifrətin onları ədalətsizliyə sürükləməsini bildirir:
Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. Hər hansı bir camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu təqvaya daha yaxındır. Allah’dan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Maidə surəsi, 8)
Cihad anlayışının mənası
Araşdırdığımız mövzu əsasən aydınlaşdırılması lazım olan, digər mühüm anlayışın mənası cihad anlayışıdır. “Cihad” sözünün tam qarşılığı səy və əzəmət göstərməkdir. Yəni islama görə cihad etmək, səy göstərmək cəhd etmək deməkdir. Peyğəmbərimiz ən böyük cihadın insanın öz nəfsinə qarşı etdiyi cihad olduğunu açıqlamışdır. Nəfsdə olan məqsəd, insanın eqoist istəkləri və arzularıdır. Din əleyhinə, ateist fikirlərə qarşı verilən fikri mübarizə də tam mənada bir cihaddır.
Bu kimi fikri və mənəvi anlayışlarla yanaşı, fiziki baxımdan vuruşmaq da cihad sayılır. Amma bu vuruşun yuxarıda qeyd ettiyimiz kimi müdafiə məqsədli və çərçivə daxilində olması lazımdır. Cihad anlayışının məsum insanlara qarşı zorakılıq, yəni terroru təsvir etmək üçün istifadə edilməsi isə çox böyük və haqsız yerə yanlışlıqdır.
İslamda mərhəmət, dözümlülük və humanizm
Yekunlaşdırmaq lazımdırsa, islamın siyasət doktrinası (yəni siyasi məsələlərdəki islami müddəa və prinsipləri son dərəcə mülayim və sülh tərəfdarıdır. Bu həqiqət müsəlman olmayan bir çox tarixçi və ya teoloq tərəfindən də qəbul edilir. Bunlardan biri qədim bir rahibə və Yaxın Şərq tarixi üzrə görkəmli bir mütəxəssis olan ingilis tarixçisi Karen Armstronqdur. Armstronq araşdırdığı üç böyük ilahi dinin tarixini Holy War (Müqəddəs müharibə) adlı əsərində bu mövzu ilə bağlı bunları qeyd etmişdir:
İslam kəlməsi ərəbcə də sülh sözü ilə eyni kökdən gəlir. Quran müharibəni Allah’ın rizasına uyğun olmayan hərəkət olaraq lənətləyir... İslam qarşı tərəfi yox etməyə yönəlmiş, təcavüzkar müharibənı təsdiq etmir. Tövratın ilk beş kitabındakı yanaşmanın əksinə, xristianlıqdan daha realist bir din kimi İslam müharibənin qaçılmaz olduğunu qəbul edir. Bəzi hallarda zülmü dayandırmaq üçün müsbət bir vəzifə olaraq görür. Amma Quran, müharibənin mümkün qədər məhdud olacağını və mümkün qədər humanist bir şəkildə idarə edilməsini öyrədir. Hz Muhəmməd təkcə məkkəlilərlə deyil, eyni zamanda bölgədəki yəhudi qəbilələrlə əməkdaşlıq edərək, özünə qarşı bir hücum planlaşdıran Suriya kimi xristian qəbilələri ilə mübarizə aparmaq məcburiyyətində qalmışdır. Amma bu yenə də onun Kitab əhlini (xristian və yəhudiləri) lənətləməsi kimi bir nəticə verməmişdir. Onun müsəlmanları özlərini müdafiə etmək vəziyyətində qalmış, amma düşmənlərin dininə qarşı müqəddəs müharibəyə girişməmişlər. Muhəmməd azad etdiyi köləsi Zeydi bir müsəlman ordusunun sərkərdəsi olaraq xristianlara qarşı müharibəyə göndərəndə, onlara Allah yolunda cəsur, amma humanist şəkildə döyüşmələrini əmr etmişdir. Keşişlərə, rahiblərə və ya rahibələrə təcavüz etməməli və ya vuruşmayan gücsüz insanları hədəf almamalıdırlar. Azadlara qarşı heç bir cinayət edilməməli, bir ağac belə kəsilməməli, heç bir şey dağıdılmamalıdır.
Peyğəmbərimizin vəfatından sonra da müsəlmanlar digər dinlərin mənsublarına qarşı olduqca xoş və hörmətlə davranmağa davam etmişlər. İslam dövlətlərində həm yəhudilər, həm xristianlar çox rahat və azad həyat sürmüşlər. Hz. Ömər Qüdsü fəth edəndə, bir qətliama məruz qalacaqlarından qorxan xristianlara təskinlik vermiş, təhlükəsizlikdə olduqlarını onlara izah etmiş, hətta kilsələri ziyarət edərək, burada ibadətlərinə sərbəst davam edə biləcəklərini bildirmişdir. Bu hadisədən 4 əsr sonra 1099-cu ildə Qüds Xaçlılar tərəfindən işğal edilmiş və içindəki bütün müsəlmanlar qılıncdan keçirilmişdir. 1187-ci ildə şəhəri işğaldan qurtaran İslam sərkərdəsi Səlahəddin Əyyubi isə yenə xristianların qorxularının əksinə, tək bir azad insana belə toxunmamış, işğalçı xristianlar bütün malları və mülkləri ilə birlikdə sərbəst şəkildə şəhərdən çıxa bilmişdilər.
Səlcuq və Osmanlı imperiyalarının vaxtında da İslamın ədalət və tolerantlıq üslubu davam etmişdir. Məlum olduğu kimi katolik İspanyasının tanımadığı və sürgün etdiyi yəhudilər axtardıqları rahatlığı 1492-ci ildə sığındıqları Osmanlı torpaqlarında tapa bilmişdilər. Fatih Sultan Mehmet İstanbulu fəth edəndə də kənddə həm xristianlara, həm yəhudilərə rahat yaşamaq haqqı vermişdir. Müsəlmanların ədalətli və xoş davranmalarını tarixçi A.Miquel belə qeyd edir:
Xristian xalqları, Bizans və latın dövlətləri vaxtında tapa bilmədikləri çox yaxşı idarə edilən hakimiyyət altında idilər. Əsla sistemli bir zülm görmədilər. Əksinə, imperatorluq İstanbul başda olmaqla işgəncə görən İspanya yəhudilərinə bir sığınacaq olmuşdu. Heç bir yerdə zorla islamlaşdırma olmamışdır.
Corctaun universiteti din və beynəlxalq münasibətlər üzrə professoru Con.L.Esposito isə tarixdə müsəlman dövlətlərin rəhbərliyinə keçən yəhudi və xristianların böyük şəfqətlə qarşılaşdıqlarını bildirir:
Bizans və fars torpaqlarında yaşayan və əcnəbi idarəçilər tərəfindən idarə olunan bir çox müsəlman olmayan cəmiyyət üçün İslam idarəsi bir hakimiyyət dəyişikliyi demək idi. Amma bu yeni rəhbərləri çox zaman daha çevik və tolerant idi. Bu cəmiyyətlərin çoxu daha çox muxtariyyətə malik idi və əksər hallarda daha az vergi verirdilər. İslamın yəhudilərə və xristianlara dini azadlıq verən, daha şəfqətli bir din olduğu ortaya çıxdı. Bu izahlardan da aydın olduğu kimi, müsəlmanlar tarixdə heç bir zaman təxribatçı olmamış, əksinə getdikləri hər yerdə, hər millət və inancdan olan insana təhlükəsizlik və əmin-amanlıq bəxş etmişlər. (Ətraflı məlumat üçün Bax. HarunYəhya, Quranda Ədalət və Tolerantlıq, Mədəniyyət Nəşriyyatı, 2000)
Bir sözlə, Quran əxlaqının əsasını tolerantlıq, sülh, mərhəmət təşkil edir və İslam yer üzünü fitnə-fəsaddan çəkindirməyi hədəf edir. Quranın hökmləri və bunların müsəlmanlar tərəfindən tətbiqi bu məsələdə heç bir mübahisəyə yer verməyəcək qədər açıqdır.