Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da olar. (Bəqərə surəsi, 117)
Allah sonsuz qüvvət və qüdrət sahibidir. Ayələrdə də bildirildiyi kimi, bir şeyin olmasını istədiyi zaman ona yalnız: “Ol”, -deyir və dilədiyi şey dərhal reallaşır. Şübhəsiz, bu, Allah`ın əzəmətinin, kainatdakı hakimiyyətinin açıq-aşkar təcəllisidir.
İnsanlar yer üzündə bəzi səbəb-nəticə əlaqələrindən asılı olaraq yaşayır. Məsələn, yer səthində sabit dayanmaq üçün cazibə qüvvəsinə, gəmilərini suda üzdürmək üçün suyun qaldırma qüvvəsinə və daha saysız-hesabsız səbəbdən, qanundan asılıdırlar. Halbuki, Allah bütün bunlardan münəzzəhdir. Çünki bütün səbəbləri və nəticələri yaradan Odur. Allah hər şeyi müəyyən qanunlar, səbəb-nəticə əlaqələri çərçivəsində yaradır və bu şəkildə insanları sınayır. Kimin, həqiqətən, qulluq edəcəyini, kimin də başqa ilahlar qəbul edərək inkar edəcəyini təyin edir. Heç şübhəsiz, Allah üçün səbəbsiz yaratmaq çox asandır. Necə ki, Quranda Allah`ın insanlara göstərdiyi möcüzələrdən bəhs edilir. Məsələn, hz. İsanın atasız doğumu bunlara bir nümunədir:
(Məryəm) dedi: “Ey Rəbbim! Mənə bir insan toxunmadığı bir halda, necə övladım ola bilər?” (Allah) dedi: “Allah beləcə istədiyini yaradır. O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyir, o da olur”. (Ali-İmran surəsi, 47)
Ayədən də göründüyü kimi, Allah: “Ol”, -dedikdən sonra baş verməyəcək heç bir hadisə yoxdur. Allah`ın sonsuz qüdrət sahibi, bütün kainatın maliki, bütün insanların hakimi olduğu ayələrdə belə xəbər verilir:
Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir. (Allah) onu torpaqdan yaratdı, sonra isə ona “Ol!”– dedi, o da oldu. (Ali-İmran surəsi, 59)
Göyləri və yeri haqq olaraq xəlq edən Odur. O: “Ol!”– dediyi gün (hər şey) olar. Onun sözü haqdır. Sur üfürüləcəyi gün hökm Ona məxsus olacaqdır. Qeybi və aşkarı bilən də Odur. O, müdrikdir, xəbərdardır. (Ənam surəsi, 73)
Bir şeyi (yaratmaq) istədikdə ona təkcə: “Ol!” deyər, o da olar. (Yasin surəsi, 82)
Dirildən də, öldürən də Odur. O, bir şeyin olmasını istədikdə ona ancaq: “Ol”– deyir, o da olur. (Mömin surəsi, 68)
Allaha övlad götürmək yaraşmaz. O, pak və müqəddəsdir! O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyər, o da dərhal olar. Həqiqətən, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Elə isə yalnız Ona ibadət edin! Düz yol da budur. (Məryəm surəsi, 35-36)
Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. O saat mütləq gələcəkdir. Odur ki, sən gözəl tərzdə bağışla. (Hicr surəsi, 85)