Allah bir sınaq olaraq şeytanı insanların düşüncələrinə gizli təlqinlər edən xüsusiyyətdə yaradıb. Bu təlqin də insanların iman dərəcələrinə görə dəyişir. Şeytanın inkarçılar qarşısında hər istədiyini etdirəcək bir qüvvəsi olduğu halda, səmimi möminlərin imanına zərər verə biləcək heç bir qüvvəsi və təsiri yoxdur (Hicr surəsi, 39-40).
Lakin şeytan Allah'ın xalis qullarını azdırmaq qabiliyyətinə tam malik ola bilməsə də, o, insanların nəzərlərini yayındırmaq, unutqanlıq vermək, diqqətlərini toplamağa imkan verməmək kimi zərərlər verməyə çalışır. Şübhəsiz ki, şeytanın təsiri ilə hərəkət edən insanlar öz sözləri, danışıqları, davranış və hərəkətləri ilə möminləri narahat edirlər. Bunun kimi şeytan da özünün görünməzliyi ilə bu cür narahatlıq verməyə çalışır. Bununla da şeytan möminlərin düşüncələrini məşğul edib diqqətlərini yayındırmaqla onların xeyirli əməllərinə mane olmaq istəyir.
Şeytanın bəhs etdiyimiz bu üsulla çatmaq istədiyi məqsədlərdən biri də möminlərin Allah'ın sözü olan Quranı oxuyub dərk etmələrinin və ondan gözəl şəkildə istifadə etmələrinin qarşısını almaqdır. Çünki möminlər Quran vasitəsilə ən doğru yolu tapır. Şeytanın yeganə məqsədi isə möminləri doğru yoldan azdırmaqdır. Buna görə də, şeytan onların Quranı dərk etməmələrini, səhv anlamalarını, hətta mümkün olduğu qədər Qurandan uzaqlaşmalarını arzulayır.
Allah şeytanın bu hərəkətinin müqabilində möminin Ona sığınmasının vacib olduğunu bildirmiş və bunu bir hökm kimi möminlərə fərz qılmışdır:
«Quran oxumaq istədiyin zaman qovulmuş şeytandan Allah'a sığın!» (Nəhl surəsi, 98)
Allah Ona inanıb güvənərək belə davranan insanlara şeytanın heç bir zərər verə bilməyəcəyini sonrakı ayədə aşağıdakı kimi bildirir:
«Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində şeytanın heç bir hökmü yoxdur!» (Nəhl surəsi, 99)