Əsl ədalətin yaşanmadığı cəmiyyətlərdə qadın-kişi ayrıseçkiliyi çox geniş yayılıb. Dünyada qadın-kişi bərabərsizliyi mövzusu çox vacib bir problemə çevrilmişdir. Belə ki, qadınlar dünyadakı bir çox ölkədə çox vaxt ikinci təbəqəli vətəndaş olaraq görülüb cəmiyyətdən uzaq tutulurlar. Gücsüz və qorunmağa möhtac olduqları düşünüldüyü üçün də əzilir və xor görülürlər. Bu kimi səbəblərə görə də qadınların fikirlərinə elə də əhəmiyyət verilmir.
Bu düşüncələrin hakim olduğu cəmiyyətlərdə qadınların iş həyatında müəyyən bir mövqeyə sahib olmaları, karyera quraraq zəkalarını, bacarıqlarını göstərmələrinə mane olunur. Bütün dünyada qadınlar üçün özünə inamı olmayan, bacarıqsız, qorxaq, zehni cəhətdən elə də inkişaf etməmiş bir insan modeli ağıla gəlir. Bu səhv “qadın xarakteri” anlayışı nəticəsində bir qadının etdiyi hər səhv o insanın insan olduğu üçün deyil, qadın olduğu üçün etdiyi bir səhv olaraq düşünülür.
Bəhsi gedən cəmiyyətlərdə bir iş yerində eyni təhsilə, eyni zəkaya və bacarığa sahib olmalarına baxmayaraq, kişilər və qadınlar arasında bir seçim edilərkən əsasən kişi işçilər seçilir. Bu səbəbdən qadınların vəzifə aldıqları sahələr olduqca məhduddur. Bir çox qadın da cəmiyyətin gəldiyi bu ümumi qənaəti qəbul etmiş və bunun nəticəsi olaraq da bəzi cəmiyyətlərdə qadınların arxa plana atılması adi qarşılanır.
Geridə qalmış ölkələrin çoxunda isə qadın-kişi bərabərsizliyi daha fərqli ölçülərdə ortaya çıxır. Bu ölkələr qadınların təhsil, seçmək, seçilmək, iş sahibi olmaq kimi əsas hüquqlarını belə əllərindən alır. Hətta evlənərkən belə yoldaşını seçmək haqqı onlara verilmir. Bir mövzu haqqında fikirlərini bildirmələri isə qeyri-mümkündür. Qadınlar özləri ilə bağlı heç bir qərar verə bilməzlər. Onların adına hər cür qərar ataları, ya da ərləri tərəfindən verilir.
Burada sadəcə bir neçəsini nümunə göstərdiyimiz bu səhv yanaşmalar illərdir ki, aradan qaldırılmağa çalışılır. Qadınların hüquqlarını qorumaq üçün qurulmuş dərnəklər, sərbəstlik, bərabərlik, feminizm kimi anlayışların müzakirə edilməsi, müxtəlif layihələr hazırlanması, konfransların, panellərin təşkil edilməsi bu həll yollarından sadəcə bir neçəsidir. Bütün bu səylərə və çalışmalara baxmayaraq, zaman keçdikcə tapılan həll yollarının əslində fayda vermədiyi aydın olur. Bu nəticə olduqca təbiidir. Çünki əsl həll yolu digər problemlərin həllində olduğu kimi yenə Qurandadır.
Quran əxlaqının yaşandığı bir cəmiyyətdə cəmiyyəti meydana gətirən üzvlər arasında qətiyyən ayrı-seçkiliyə yol verilmir. Bir insanın qadın, kişi, varlı, kasıb, yaşlı, gənc və ya uşaq olmasının heç bir əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan bu insanların cinsiyyətləri, mövqeləri, sərvətləri və ya başqa hər hansı bir xüsusiyyətləri deyil, etdikləri yaxşı işlər və Allah`a olan yaxınlıqları, yəni təqvalarıdır. Allah bir ayəsində müsəlmanlara “Özünüzlə azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır.”(Bəqərə surəsi, 197) sözləri ilə bu mövzunu xatırlatmışdır. Eyni zamanda Quranda möminlər nümunə göstərilərkən saleh əməllər işləyən qadınlar və kişilərdən bəhs edilir. Quranda möminlərin kişi və ya qadın olmalarının deyil, Allah`ın əmr etdiyi əxlaqı yaşamalarının əhəmiyyətinə diqqət çəkilir. Bu mövzudakı ayələrdən bəziləri belədir:
"Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar insanlara yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allah’a və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir. Allah mömin kişilərə və mömin qadınlara ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları və Ədn bağlarında gözəl məskənlər vəd etmişdir. Allah’ın razılığı isə daha böyükdür. Bu, böyük uğurdur." (Tövbə surəsi, 71-72)
"Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbirli kişilər və səbirli qadınlar, Allah’a baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və ismətlərini qoruyan qadınlar, Allah’ı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır." (Əhzab surəsi, 35)
“Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz.” (Nisa surəsi, 124)
Qadınların cəmiyyət həyatında çəkdiyi sıxıntılar
Dindən uzaq cəmiyyətlərdə qadınların qarşılaşdığı ən böyük problemlərdən biri də boşandıqdan sonra yaşanılan sıxıntılardır. Evləndikdən sonra ərləri tərəfindən işləmək hüququ əllərindən alınan və buna görə də maddi cəhətdən ərlərinə bağlı şəkildə yaşamaq məcburiyyətində qalan qadınlar boşananda olduqca çətin vəziyyətdə qalırlar.
Dünyada boşanan qadınların bəziləri hər hansı bir peşəyə sahib olmadığı, bəziləri yaşlarının çox olmasına görə işləmək gücünün qalmadığı, bəzilərinə də heç bir əlavə ictimai hüquq verilmədiyi üçün böyük çətinliklərə qatlaşmaq məcburiyyətində qalırlar. Bundan əlavə, boşandıqdan sonra hər iki tərəfin özünə görə tələblərinin olması, tərəflərin sadəcə öz mənfəətlərini düşünmələri bu problemi daha da çətinləşdirir.
Halbuki Quran əxlaqının yaşandığı bir cəmiyyətdə belə sıxıntılar yaşanmaz. İnsanların evlilikləri kimi boşanmaları da qarşılıqlı razılıqla olacağı üçün evlənərkən tərəflər arasında olan sevgi və hörmət boşanarkən də qorunur. Çünki hər iki tərəf də bir-birini qadın və ya kişi olaraq deyil, Allah`a iman gətirən insanlar olaraq, təqvalarına görə dəyərləndirir və buna görə də bir-birlərinə gözəl davranırlar.
Eyni zamanda Quranda qadınların boşanma zamanı sıxıntıya düşməmələri üçün alınmış bir çox tədbir var. Məsələn, Qurana görə boşanmış qadınlar maddi cəhətdən təminat altına alınırlar. Hər iki tərəfin qarşılıqlı razılaşmanı təmin etməsi nəticəsində müəyyən olunan maddi yardım və boşanan qadınlarla necə rəftar edilməli olduğu ayələrdə belə bildirilir:
"Boşanmış qadınlara şəriətə müvafiq qayda üzrə yaxşılıq etmək lazımdır. Bu, müttəqilər üçün bir borcdur." (Bəqərə surəsi, 241)
"Yaxınlıq etmədiyiniz və mehrini təyin etmədiyiniz qadınları boşasanız, sizə heç bir günah gəlməz. Onlara şəriətə müvafiq qayda üzrə pay verin. Varlı öz imkanına görə, kasıb da öz imkanına görə versin. Bu isə yaxşılıq edənlər üçün bir borcdur. Qadınlar üçün mehr təyin etdikdən sonra, yaxınlıq etməzdən əvvəl onları boşasanız, təyin etdiyinizin yarısını onlara verməlisiniz. Qadınların bunu ərlərinə bağışlaması və ya əlində nikah müqaviləsi olanın bunu qadına bağışlaması isə istisnadır. Sizin bağışlamağınız təqvaya daha yaxındır. Bir-birinizə güzəşt etməyi unutmayın. Allah sizin nə etdiklərinizi görür." (Bəqərə surəsi, 236-237)
“Var-dövlət sahibi öz varına görə xərcləsin. İmkanı az olan isə Allah’ın ona verdiyindən xərcləsin. Allah heç kəsin üzərinə Özünün ona verdiyi nemətdən artıq yük qoymaz. Allah hər bir çətinlikdən sonra asanlıq verir.” (Talaq surəsi, 7)
Bundan əlavə, qadınlara evlilik zamanı verilmiş malların boşandıqdan sonra geri alınmamalı olduğu da ayələrdə bildirilmişdir. Boşanılan qadınların dolanışığını təmin etmək, qadınlara zorla mirasçı olmamaq da ayələrdə diqqət çəkilən mövzulardandır.
Bura kimi bəhs edilənlərdə də göründüyü kimi, həll yolu Quran əxlaqının yayılmasındadır. Quran əxlaqının yaşandığı bir cəmiyyətdə digər bütün ictimai problemlərdə olduğu kimi qadınların çətin vəziyyətdə qalmaları, xor görülmələri, çətinlik çəkmələri kimi vəziyyətlərin yaranması qeyri-mümkündür.