Postmodernizm son zamanlarda, bəlkə də ən çox müzakirə edilən, haqqında çox bəhs edilən bir nəzəriyyədir. Hər nə qədər mütəfəkkirlər bu nəzəriyyə haqqında hələ də ortaq bir fikrə gəlməsələr də, ümumi olaraq postmodernizmi, “modernizmdən sonra, modernizmə qarşı çıxan hərəkat” şəklində qiymətləndirə bilərik.
Postmodernizmin incəsənət, fəlsəfə və bu kimi elmin digər sahələri ilə əlaqədar necə bir fikir ortaya qoyduğu çox müzakirə edilir. Ən diqqət çəkilən mövzu isə bu ideologiyada necə bir cəmiyyət quruluşunun nəzərdə tutulmasıdır. Bunu görmək üçün müasir dövrdə insanların yaşadığı xaosu, qarışıqlığı xatırlamaq kifayətdir. Bu gün dünyada geniş şəkildə qəbul edilən postmodernizm özündə cəmləşdirdiyi fikirlərə görə insanları daima qarışıqlığa və çətinliyə salır. Postmodernizm insanları çıxılmaz vəziyyətə salan müasir mədəniyyətin tənqidi kimi görünsə də, əslində, öz fikirlərini müasir dövrün səbəb olduğu mənəvi boşluq və çöküntünün üzərində qurur. Bəhs etdiyimiz mənəvi boşluq aradan qaldırılmadan bu sistemin tənqid edilməsinin heç bir mənası yoxdur. Buna görə də əvvəlcə bu fikrin təməli olan ”modernizm” ilə nəyin nəzərdə tutulduğu aydın olmalıdır.
Ümumiyyətlə, demək olar ki, modernizm Qərb mədəniyyəti və bu mədəniyyətə aid dəyərlərlə sinonim kimi qəbul edilir. Modernizm Avropada, yəni Qərb dünyasında ortaya çıxan, əsasını Maarifçilik dövründən götürən ideologiya və cərəyanların meydana gətirdiyi bir sistemdir. 19-cu əsrdə inkişaf etməyə başlayan və güclənən bu sistemin “müasir” olaraq adlandırılmağının əsas səbəbi bu sistemlə birlikdə Avropanın ənənələrinə və keçmişinə aid hər şeyin bir kənara qoyulması və yeni düşüncə tərzinin mənimsənilməsidir. Bəs bu fəlsəfənin xüsusiyyətləri nələrdir və Qərb dünyasında nələri dəyişdirmişdir? Bu suallara verəcəyimiz cavablar postmodernizm ideologiyasının mənşəyini də qavramağımıza kömək edəcək.
Modernizmin, başqa sözlə, materializmin süqutu
Bu gün modernizm olaraq adlandırılan dövr, yuxarıda da qeyd etdiyimiz kimi maarifçilik dövrü ilə başlamışdır. Maarifçilik dövrü Qərbin həyata baxışını kökündən dəyişdirdi. Bu dövrə qədər din əxlaqı cəmiyyət həyatını istiqamətləndirən əsas element idi. İnsanın nə olduğu, həyatın nə məna daşıdığı, insanın doğrunu necə tapa biləcəyi, nəyin doğru nəyin yanlış olduğu kimi sualların cavabı Allahın insanlara öyrətdiyi şəkildə verilirdi. Din əxlaqı cəmiyyət həyatını təşkil edən əsas faktor idi. Ancaq maarifçilik dövrü ilə birlikdə köklü dəyişikliklər edilməyə başlandı. Bu dəyişikliyə başlanğıc verən isə materialist düşüncə idi. Din əleyhdarı mütəfəkkirlərin fikirlərinin yayılması və bunların səbəb olduğu siyasi dəyişikliklərlə Qərb din əxlaqından uzaqlaşmağa başladı. “Materialist” və insanı əsas götürən bu ideologiya insanlara həyatın sadəcə bu dünyadan ibarət olduğunu, insanın özündən başqa heç kimə qarşı məsul olmadığını, hətta həyatın və bütün kainatın təsadüflərin nəticəsi olaraq ortaya çıxdığını təlqin edirdi. Fəlsəfə, sosiologiya, iqtisadiyyat, psixologiya kimi müxtəlif elmi sahələrdə materialist və ateist inancda olan nəzəriyyə müəllifləri ortaya çıxırdı.
İlk olaraq, 18-ci əsr Avropasında ortaya çıxan Diderot, Baron de Holbax kimi materialistlər kainatın sonsuzdan bəri var olan bir maddə yığını olduğunu və maddəndən kənarda heç bir şeyin olmadığını irəli sürdülər. 19-cu əsrdə materializm və ateizm daha da inkişaf etdi. Feyerbax, Marks, Engels, Nitşe, Durkhaym, Freyd kimi mütəfəkkirlər ateist düşüncəni müxtəlif elm sahələrinə tətbiq etdilər.
Materializmə ən böyük dəstəyi verən insan isə yaradılışı rədd edən və buna qarşı təkamül nəzəriyyəsini irəli sürən Çarlz Darvin oldu. Darvinizm ateistlərin əsrlərdir cavab verə bilmədikləri "canlılar və insan necə yaranıb" sualına guya elmi bir cavab gətirdi. O, təbiətdə cansız maddələri canlandıran və sonra da ondan müxtəlif canlı növləri əmələ gətirən mexanizmin məhz bu nəzəriyyə olduğunu iddia etdi və bir çox insanı bu yalana inandırdı.
19-cu əsrin sonlarında ateistlər hər şeyi açıqladığını zənn etdikləri bir “fikir” meydana gətirmişdilər: Kainatın yaradıldığını inkar edir, buna qarşı "kainat sonsuzdan bəri vardır, başlanğıcı yoxdur" deyirdilər. Kainatdakı nizam və tarazlığın təsadüflərin nəticəsi olduğunu irəli sürür, kainatda heç bir məqsəd olmadığını iddia edirdilər. Canlıların və insanın necə yarandığı sualının darvinizmlə cavablandığını zənn edirdilər. Tarix və sosiologiyanın Marks və Durkhaymın, psixologiyanın isə Freyd tərəfindən ateist əsaslarla açıqlandığını düşünürdülər. Halbuki bu iddiaların hər biri 20-ci əsrdə elmi, siyasi və sosial kəşfləri ilə süqut etdi. Astronomiyadan biologiyaya, psixologiyadan ictimai əxlaqa qədər bir çox fərqli sahədəki kəşflər, diaqnoz və analizlər ateizmin bütün fərziyyələrini kökündən çürütdü.
Ancaq materialist ideoloqların məğlubiyyətinin ən böyük sübutlarından biri yaşanan qırğınlar oldu. Öz əsasını materializmdən götürən ideologiyalar başda faşizm və kommunizm olmaqla qəddar qüvvələr olaraq ortaya çıxdılar. Bir tərəfdən də əxlaqi degenerasiya yaşandı.
Materialist fikrin hakim olduğu illərdə şəfqət, sədaqət, qürur, şərəf, dürüstlük, fədakarlıq kimi gözəl əxlaqi keyfiyyətlər yox olmağa başladı. Cəmiyyət içində əxlaqi degenerasiya bu gözəl əxlaqi keyfiyyətlərin bir növ “aşağı səviyyəli olmaq” kimi göstərilməsi ilə nəticələndi. Eqoizm, mərhəmətsizlik, ədalətsizlik adi hal kimi qarşılanmağa başlandı. Yardımsevərliyin unudulduğu, hər kəsin daha çox pul qazanmaq və daha çox xərcləmək istədiyi bu sosial darvinist mühitdə zəifləri əzmək, məzlum insanlardan mərhəmətsizcəsinə sui-istifadə etmək, şikəstləri, yaşlıları və möhtac vəziyyətdə olanları cəmiyyətdən xaric etmək kimi qəddarlıqlar normal hesab edilirdi.
Modernizmlə birlikdə meydana çıxan ideologiyaların ən böyük yanlışlarından biri də din olmadan da əxlaqın olacağını, insanların dinsiz də gözəl əxlaq göstərəcəklərini düşünmələri idi. Halbuki bu, çox böyük bir yalandır. Din olmadan, Allah qorxusu yaşanmadan, axirət günündə etdiklərinin hesabını verəcəyinə inanmadan həqiqi mənada sevgi, hörmət və gözəl əxlaqın yaşanması mümkün deyil. Din əxlaqı olmayan bir yerdə insan sevgisi olmaz, dostluq olmaz, gözəl əxlaq olmaz. Çünki əgər din əxlaqı yaşanmırsa, demək ki, Allah qorxusu da yoxdur. Bu isə insanın ancaq öz istək və arzularını həyata keçirməyə, öz mənfəətləri ilə zidd olan hər şeyi heç bir sərhəd tanımadan yox etməyə çalışacağı deməkdir. Belə bir insan sevgini də, şəfqəti də, mərhəməti də ancaq öz mənfəətinə uyğun olduğu zamanda göstərir. Özünə fayda verən insanı sevir, verməyəni isə əzməkdən, ona pis davranmaqdan çəkinmir. Bu insanın ədaləti də ancaq öz mənafelərinə uyğundur. Özünə fayda verməyənlərə qarşı ədalətli olmağa önəm vermir. Əgər özü üçün qazanclı olacağını düşünürsə yardımsevər olur. Bir mənfəət gözləmirsə, aclıq çəkən insanlar, zülm görənlər, mərhəmətsizcə qətl edilən günahsızlar onun üçün heç bir məna kəsb etmir. Bu mənzərələr vicdanına təsir etmir. Çünki din əxlaqını yaşamayan insan vicdanına görə yox, öz nəfsinin istəklərinə görə hərəkət edir.
Tarix sübut edir ki, dinin insan ruhuna qazandırdığı həqiqi tərbiyə və Allahın yol göstərici hökmləri olmadıqdan sonra heç bir həqiqi əxlaqdan söz gedə bilməz. Buna nümunə kimi, 1789-cu ildə Fransa İnqilabında azadlıq, bərabərlik, qardaşlıq naminə meydana çıxanların minlərlə günahsız insanı öldürmələri və ya guya sosial ədalət naminə ortaya çıxan kommunist rejimlərin milyonlarla insanı qətl etməsini və s. göstərə bilərik.
Postmodernizm modernizmin gətirdiyi dəyər, meyar və hədəflərin mənasız olduğunu izah edir, amma bu fikri əsas götürərək heç bir mütləq dəyər, meyar və hədəf olmadığını iddia edib yanlış fikir meydana gətirir. Postmodernistlərin ən böyük səhvi sözügedən "relyativizmdir”. Yəni bütün dəyər və inancların müxtəlif insanlara görə dəyişən, mütləq düzgünlük ifadə etməyən "relyativ"(nisbi) fikirlərdən ibarət olduğunu deyən bir uydurmadır.
Halbuki insanın mövcud olma məqsədini göstərən çox mühüm bir həqiqət var. İnsanı Allah yaratmışdır və insan bütün həyatını Ona borcludur. Modernizm bu həqiqəti tamamilə rədd etmiş və ya gözardı etmişdi. Postmodernizm isə bu həqiqəti "relyativ fikir" kimi göstərməklə eyni səhvi təkrar etmişdir.
Buna görə də postmodernizm cəmiyyət üçün çarə deyil. Cəmiyyəti heç bir mütləq dəyərin və məqsədin olmadığı xaosa aparan başqa bir yalandır. İnsanlar həm bu yalandan, həm də hələ də gücünü qoruyan modernist düşüncədən xilas ola bilmək üçün öz mövcud olma məqsədlərini dərketməlidirlər.
Postmodernizm də süqut edir
Son iki əsrdə bütün yaşananlar, bu gün cəmiyyətin böyük əksəriyyətinin yaşadığı əxlaqi degenerasiya və bu degenerasiyanın səbəb olduğu zülmlər həm modernizmin, həm də modernizmdən sonra ortaya çıxan bütün dindən kənar cərəyanlara son vermişdir. Bu gün artıq materializm, ateizm və bu fikirlərə əsaslanan bütün ideologiyalar sürətlə süquta doğru gedir. Kosmologiya, biologiya, psixologiya, tibb və ya sosiologiya kimi müxtəlif elm sahələrində olan yeniliklər də materializmin və ateizmin süqutunu sürətləndirir. Amerikalı yazıçı Patrik Qlin (Patrick Glynn) 1997-ci ildə nəşr olunan “Allahın dəlilləri, postsekulyarizm dünyasında ağıl və inancın uzlaşması” ( “God: The Evidence, The Reconciliation of Faith and Reason in a Postsecular World”) adlı kitabında bu süqut və çevriliş müddəti ilə əlaqədar belə deyir:
“Ötən iki onillikdəki tədqiqatlar daha əvvəlki nəslin sekulyar və ateist mütəfəkkirlərin Allah haqqındakı bütün fərziyyələrini və proqnozlarını əks istiqamətə çevirmişdir. (Bəhs etdiyimiz) müasir mütəfəkkirlər kainatın mexaniki və təsadüf nəticəsində yarandığını zənn etmiş, elm isə əksinə, kainatda ağlasığmaz dərəcədə “böyük dizayn” olduğunu aşkara çıxarmışdır. Müasir psixoloqlar dini bir nevroz xəstəliyi kimi hesab edirlər və sonra isə tərk ediləcəyini düşünürlər, ancaq əksinə, dini inancların psixi sağlamlığın çox əsas bir hissəsi olması empirik (yaşanaraq) kəşf olmuşdur…
Bunu çox az sayda insan başa düşmüşdür, amma bu açıq bir həqiqətdir. Elm və din arasında keçən bir əsrlik böyük mübahisənin ardınca hazırda mövqelər tamamilə alt-üst olmuş vəziyyətdədir. Darvinin ardınca Haksli və Rassel kimi ateistlər və aqnostiklər həyatın tamamilə təsadüfi və kainatın da radikal şəkildə məqsədsiz olduğunu göstərən bir fikrə söykənirdilər. Çox sayda alimlər və ziyalılar hələ də bu cür düşünür. Amma bunu müdafiə etmək üçün getdikcə daha da məntiqsiz yollara yönəlirlər. Dövrümüzdə konkret dəlillər çox güclü şəkildə Allah inancını dəstəkləyir.
Elm başda olmaqla, materializmin məruz qaldığı bu böyük məğlubiyyət materializmdən qaynaqlanan postmodern ideologiyanın da məhv olmağa hazırlaşdığının mühüm bir nişanəsidir.
Bəzi insanlar postmodernizmin mövcud sistemin yanlışlıqlarını və çatışmazlıqlarını tənqid edib qınadığını, beləliklə, cəmiyyətin yaxşılığı üçün çalışan bir fikir sistemi olduğunu iddia edirlər. Doğrudur, belə bir tənqid var. Amma bu insanların gözardı etdikləri vacib bir həqiqət var. Vacib olan bu səhvləri tənqid etmək deyil, problemi kökündən məhv edən bir həll yolu tapmaqdır. Belə ki, eyni ideoloji qaynaqdan əsasını götürdüyü üçün postmodernizm tənqid etdiyi bu səhvlərlə əsla bu problemlərə çarə tapa bilməz. Unudulmamalıdır ki, postmodernizm tərəfindən guya tənqid olunan məsələlər müasir dövrün din əxlaqından uzaq olmasının nəticəsidir. Postmodernizm özü də müdafiə etdiyi dindənkənar mədəniyyətlə problemin bir hissəsidir.
Bu gün dünyanın bir çox ölkəsində din əxlaqından uzaq yaşamağın çətinliyi və əzabları yaşanır. Dindən kənar əxlaqın səbəb olduğu şiddət bir çox cəmiyyəti öz təsiri altına almışdır. Bu həyat tərzi insanları xaosa, böhrana, yoxsulluğa, qaranlığa, müharibəyə, qarşıdurmaya, istismara sürükləyir. Bu həyat tərzinin meydana gətirdiyi sistemin bir çox çatışmazlıqları vardır. Alimlər və sosioloqlar postmodern mədəniyyətin yaşadığı xaosu ancaq bu mədəniyyətdən fərqli bir anlayışın ortadan qaldıra biləcəyini müdafiə edirlər.
Bu anlayış isə Allahın insanlara Quranda əmr etdiyi haqq din əxlaqıdır. Quran əxlaqının yaşanması ilə ədalətsizlik, ixtilaf, bərabərsizlik, mübarizə, müharibə, haqsızlıq, israf, kin, zülm, şiddət kimi saysız sosial problemlərə insanların həyatlarını asan, rahat və xoşbəxt edəcək ən mükəmməl və ən əsaslı çarələr tapılacaq. Quranda hər mövzuda və hər vəziyyətdə göstərilməli olan gözəl reaksiya və ideal əxlaq forması da bildirilmişdir. Quranda təsvir edilən bu üstün əxlaq modelini yaşayan insanlardan ibarət olan cəmiyyət əsrlərdir arzu edilən ideal quruluşa qovuşacaqdır.
Həll yolu: Quran Əxlaqı
İnsanlar haqq din olan İslama uyğun davranmadan nə şəxsi, nə də ictimai problemlərə əsaslı və qaneedici çarələr tapa bilməzlər. Tarixdə din əxlaqından uzaq həyat tərzi yaşayan insanların çarə tapa bilmədikləri problemlər bu həqiqəti bir daha təsdiqləyir. İnsanlar din əxlaqından uzaqlaşdıqca yaşadıqları cəmiyyət əzab və problemlərlə qarşılaşacaq.
Çarə isə məlumdur. Hər şeyin Yaradıcısı olan Allaha yönəlmək və bizim üçün seçdiyi dini yaşayaraq həqiqi xoşbəxtliyə çatmaq. Allah dünyada qurtuluş yolunun dinə yönəlmək olduğunu xəbər vermiş və səmimi qullarına din əxlaqını yaşadıqları halda dünyada qorxu ilə qarşılaşmayacaqlarını müjdələmişdir. Cəmiyyətin xilası Rəbbimizin bizə əmr etdiyi şəkildə hamılıqla İslama yönəlməkdədir.
“Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (islama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq düşməninizdir!” (Bəqərə surəsi, 208)
Unudulmamalıdır ki, tarixin bu mühüm dövrü müsəlmanlara çox vacib məsuliyyətlər gətirir. Qədərdə olduğu üzrə cəmiyyət materialist düşüncədən xilas olur, bunun nəticəsində Allaha vədinə yönəlir. Bu da təbii olaraq "hansı din?" sualını gündəmə gətirir. Bu vəziyyət müsəlmanların bütün dünyaya İslamı izah etmək və təbliğ etmək üçün ciddi səy göstərməli olduqlarını göstərir. İnternet, televiziya, mətbuat kimi kütləvi informasiya vasitələrinin böyük sürətlə yayıldığı, bütün dünyanın bir-birini gördüyü və tanıdığı bir dövrdə haqq din olan İslamın doğru başa düşülməsi, doğru izah edilməsi və doğru çatdırılması şübhəsiz ki, çox böyük və vacib vəzifədir.