Başlanğıcı çox qədimlərə gedib çıxsa da, 11 sentyabr hücumu islamofobiya anlayışı üçün milad olaraq qəbul edilir. Bu təcavüz istər ABŞ, istərsə də dünyada şok təsiri yaratdı. Bu tarixdən sonra dünyadakı bütün tarazlıqların dəyişəcəyi hələ hücumun baş verdiyi ilk gündən məlum olmuşdu. Bu tarixdən sonra İslam dininə və müsəlmanlara qarşı ayrı-seçkilik mövqeyi Qərb ölkələrində aqressiv şəkildə yayılmağa başladı. Bu prosesdə müsəlmanlara qarşı zorakılıq hücumlarının sayında gözəçarpacaq dərəcədə artım oldu.
Ancaq bütün bu reaksiya və təzyiqlərə baxmayaraq, hələ də milyonlarla müsəlman Qərb ölkələrində ictimai həyata adaptasiya olaraq həyatına davam etməyə çalışır. Müsəlmanların Qərb ölkələrindəki həyatlarını araşdıraraq mühüm nəticələrə nail olan müxtəlif hesabatlar tez-tez müvafiq təşkilatlar tərəfindən nəşr olunur. Ancaq bu tədqiqatların nəticələri adətən akademik səviyyədə qalır və cəmiyyət arasında çox eşidilmir. Bu səbəbdən islamofobiyanın qarşısının alınmasında çox təsirli ola biləcək bu kimi mühüm məlumatlar statistik məlumatlar olmaqdan uzağa getmir.
Bu tədqiqatlar bizə mühüm həqiqəti göstərir: müsəlmanlar yaşadıqları cəmiyyətlərə uyğunlaşmaq üçün böyük əmək sərf edir və özlərini yaşadıqları cəmiyyətin bir hissəsi kimi görmək meyilləri çox yüksəkdir.
"Guardian" qəzetinin 2015-ci ilin son aylarında nəşr etdirdiyi bir məqaləyə görə, İngiltərə və Uelsdə yaşayan müsəlmanların yarısı burada doğulub böyüyüb və 73%-i özünü ingilis hesab edir. [1]
2008-ci ildə CSA tərəfindən aparılan bir araşdırmaya görə, Fransada yaşayan müsəlmanlar özlərinin cəmiyyətə yaxşı inteqrasiya olunduğuna inanır. Aparılan araşdırmanın nəticələrinə görə, 14% özünü ilk növbədə fransız, 60% isə özünü həm fransız, həm də müsəlman hesab edir. 22%-in isə fransızdan əvvəl özünü müsəlman hesab etdiyi qeyd olunur. [2]
Yenə oxşar bir dəyərləndirmə də ABŞ-da nəşr olunan "Behind the Backlash: Muslim Americans After 9/11" kitabının müəllifi və Kolorado Universitetinin sosioloqu olan Lori Pikin "Reuters" xəbər agentliyinə verdiyi açıqlamada dilə gətirilmişdir: "Tədqiqatlar nəticəsində müsəlman miqrantların Amerika cəmiyyətinə ən çox inteqrasiya olunmuş qrup olduğunu gördük. Müsəlmanların təhsilə önəm verməsi, Amerika siyasətinə qoşulması və müxtəlif icmalarla yaşamağa meyilli olduğu bu tədqiqatın digər bir nəticəsi idi". [3]
Bəli, müsəlmanlar Qərb ölkələrində cəmiyyətə inteqrasiya olunduqlarını düşünürlər, ancaq dini mənsubiyyətlərinə görə təcavüzə və ayrı-seçkiliyə məruz qalmağa davam edirlər.
Fransada meydana gələn islamobofik hücumların səbəbləri və hədəf kütləsi ilə bağlı 2013 aprel-2014 aprel tarixləri arasında CCIF tərəfindən keçirilən sorğuya görə:
"İslamofobik hücumların səbəbi nədir" sualına verilən cavablara baxdıqda, bunda medianın payının böyük olduğu məlum olur. Sorğuda iştirak edənlərin 78%-i hücumların səbəbini medianın qərəzli olması ilə ələqələndirir. İştirakçılara görə, mediada İslam əleyhinə ifadələr getdikcə artır. İştirakçıların 50%-i ölkə siyasətinin də İslam əleyhdarlığında rol oynadığını, siyasi fikirlərin İslamofobik hadisələri artırdığı fikrini bölüşür. 41 % isə bəzi müsəlmanların davranışlarının İslam əleyhdarlığına səbəb olduğunu müdafiə edir, 35%-i də hücumların Fransadakı dünyəvilik hissindən qaynaqlandığını düşünür. [4]
Əslində bu son araşdırma islamofobiyanın necə ortaya çıxdığını və bizə həll yolunu də göstərən araşdırma olması baxımından əhəmiyyətlidir. Bu tədqiqatda da diqqət çəkilən medianın xalqı istiqamətləndirmə məsələsində nə qədər təsirli olduğunu İngiltərədə baş verən bir hadisə çox açıq bir şəkildə ortaya qoyur.
London neftlə zəngin olan ərəblərin ən sevimli şəhərlərindən biridir. İngilis qəzetlərində zəngin ərəblərin sərvətlərini necə və harada xərclədiklərinə dair tərif dolu məlumatlar yer alır. Xüsusilə Qətər, Küveyt, Dubay, Səudiyyə Ərəbistanı kimi ölkələrdən gələn müştərilərin böyük pullar xərclədiyi hər gün xəbər olur. Hətta ofisiantların aldığı bəxşişlərin bəzən əmək haqlarından çox olduğu ilə bağlı xəbərlərə tez-tez mətbuatda yer verilir.
Müsəlman iş qadınları da ingilis cəmiyyətində yaxşı yer tuturlar. Misir mənşəli zəngin iş adamının qızı olan Camilla Al-Fayed də bunlardan biridir. Ərəb əsilli Shelina Janmohamed və Pakistan əsilli Farmida Bi isə elit təbəqəyə aid digər məşhur müsəlman qadınlar arasındadır. İngilislər arasında bunlar kimi tanınmış və cəmiyyətdə yer tutmuş daha bir çox müsəlman qadın var. Olduqca zəngin olan bu insanların müsəlman şəxsiyyətləri heç vaxt neqativ şəkildə mətbuatda yer almır. Bu insanlar Böyük Britaniyada çox etibar görür və heç kim onların terrorçu olmalarından, özlərinə və ya ölkələrinə hər hansı bir zərər verməsindən qorxmur. İngilislər zəngin ərəblərə yalnız geyim satmaqla qalmır, bir çox dəyərli daşınmaz əmlakı, hətta ingilislər üçün çox önəmli olan futbol klublarını belə ərəb müsəlmanlara satmaqdan çəkinmirlər.
Digər tərəfdən məlum olduğu kimi, müasir Dubayın memarı da ingilislərdir. Dubayda son 10-15 ildə tikilən binaların demək olar ki, hamısının müəllifi ingilislərdir. Hətta bu layihələrin bir çoxu ingilis podratçı firmalar tərəfindən həyata keçirilir. Bu səbəbdən Dubayda uzun illərdir yaşayan bir çox ingilis vətəndaşı var. Bu insanların da heç bir şəkildə müsəlmanlardan qaynaqlanan bir narahatlıqları olduğu düşünülə bilməz.
Deməli Qərb üçün qorxu yaradan bir insanın müsəlman olması deyil. Qorxuya səbəb olan amil bu insanların cəmiyyət içindəki sosial statuslarıdır. Qərb ölkələrində yaşayan az gəlirli müsəlmanlar ictimai mövqelərinə görə alçaldılır və təhlükəli qəbul edilirlər.
Suriya miqrantları barəsində də bir çox Avropa ölkəsi təhsilli suriyalıları seçərək ölkələrində kimləri görmək istədiklərini açıq şəkildə ifadə etmişdir. Burada əsas fikir bu insanların ali təhsillərinə görə Avropa cəmiyyətində daha yaxşı inteqrasiya olunacaqları və problem təşkil etməyəcəklərinin düşünülməsidir.
Dərin dövlətlər tərəfindən qızışdırılan bu istiqamətdəki fikirlər siyasi partiyalar vasitəsilə səsləndirilir və medianın təsiri ilə genişləndirilərək islamofobiyanın əsası yaradılır.
Suriya, İraq və digər ölkələrdə terrorçuluq fəaliyyətlərini dərin dövlət mexanizminin idarəçiliyi ilə bombalayaraq dayandırmağa çalışmaq əvəzinə daha təsirli nəticə əldə edə biləcək bir üsul olan maarifləndirmə ilə həll etməyə çalışmaq lazımdır. Qərbli ölkələr silaha ayırdıqları pulların çox az bir hissəsini xərcləyərək terrorizmi maarifləndirmə ilə məğlub edə bilərlər. Eyni şəkildə öz ölkələrində yaşayan müsəlmanları ayrı-seçkiliyə məruz qoymaqdansa, daha çox sahib çıxmalıdırlar. Müsəlmanların təhsillərinə üstünlük verərək bu şəkildə bu yanlış radikal düşüncələrə meyil etməyin qarşısını ala bilərlər. Terrorizmə mane olmaq üçün zorakılığın daha böyük zorakılığa səbəb olduğunu, maarifləndirmənin hər bir problemin həllində ən təsirli metod olduğu unudulmamalıdır.
[1] http://www.bbc.com/turkce/haberler/2015/02/150212_ingiltere_muslumanlar
[2] https://www.cihan.com.tr/tr/fransada-muslumanlar-ulkeye-iyi-entegre-olduklarina-inaniyor--190587.htm
[3] http://www.dunyabulteni.net/yazar/joshua-holland/20475/amerikadaki-muslumanlar-hakkinda-gercekler
[4] http://www.timeturk.com/tr/makale/nevzat-cicek/fransa-saldirilarinin-avrupa-ve-muslumanlara-ogrettikleri.html