Onlar ibadət üçün yataqlarından qalxar (gecələr az yatar), qorxu və ümid içində (Allahın əzabından qorxaraq, mərhəmətinə ümid bəsləyərək) Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər.(Səcdə surəsi, 16)
O kəslər ki, Rəbbinin əzabından qorxub tir-tir əsərlər. Çünki, onların Rəbbinin əzabından (bu əzabın kiməsə toxunub-toxunmayacağından) arxayın olmaq olmaz. (Məaric surəsi, 27-28)
Yer üzü düzəldikdən sonra orada fəsad törətməyin. Ona (Allaha) həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır! (Əraf surəsi, 56)
Qiyamətə inanmayanlar onun tez gəlib çatmasını istəyirlər. Möminlər isə ondan qorxur və onun həqiqət olduğunu bilirlər. Şübhəsiz ki, o Saat barəsində mübahisə edənlər dərin bir azğınlıq içindədirlər. (Şura surəsi, 18)
Biz (Zəkəriyyanın) duasını qəbul etdik, ona Yəhyanı bəxş etdik və zövcəsini (doğmağa) qabil bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsər (yaxşı əməllər etməkdə bir-birini ötməyə çalışar), ümid və qorxu ilə (rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq) Bizə ibadət edirdilər. Onlar Bizə müti idilər. (Ənbiya surəsi, 90)
Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik! (Biz onu Allahın əzabından) qorxanlara yalnız öyüd-nəsihət olaraq (göndərdik). (Taha surəsi, 2-3)
Sən ancaq Qurana tabe olub, Rəhmandan (Onu) görmədən qorxan kimsəni qorxuda bilərsən. Beləsinə (axirətdə) bağışlanacağı və çox gözəl bir mükafata (Cənnətə) nail olacağı ilə müjdə ver! (Yasin surəsi, 11)