Din əxlaqını yaşamayan insanların həqiqi mənada sevmələri və sevilmələri qeyri-mümkündür. Əsl sevginin qarşılıqlı olaraq yaşanması üçün o insan hər şeydən əvvəl Allah’ı dərin sevgi ilə sevməli və Allah’ın sevgisini qazana biləcəyi bir əxlaq göstərməlidir. Allah, sevdiyi qullarının ürəyinə bir sevgi verir və digər insanların ürəyində də onlara qarşı bir sevgi yaradır. Unudulmamalıdır ki, sevginin əsl qaynağı və əsl sahibi yalnız Allah’dır. Sevgi kimi çox böyük və qiymətli bir neməti yaşaya bilmək üçün insan əvvəlcə əxlaqı ilə bu nemətə layiq olmalı və Allah’dan özünə bu neməti verməsini istəməlidir. Pis əxlaqa sahib olan, ya da din əxlaqını yaşamayıb cahil həyata meyil göstərən bir insan dünyada da, axirətdə də buna görə bədbəxt ola bilər, tənha və dostsuz qala bilər.
Sevginin Allah Qatından verilən bir nemət olduğunu Allah Quranın bir çox ayəsində bildirmişdir:
“Biz həm də ona öz dərgahımızıdan bir mərhəmət və paklıq bəxş etdik. O, müttəqi idi”. (Məryəm surəsi, 13)
“Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman bir sevgi yaradacaq”. (Məryəm surəsi, 96)
“Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda bilənlər üçün nişanələr vardır! (Rum surəsi, 21)
Allah’ın əsl sevgini layiq gördüyü insanların xüsusiyyətlərindən bəziləri belədir:
Fədakar olmaq
“Bəzi zümrələrimizə verdiyimizə rəğbət gözü ilə baxma, onlardan ötrü kədərlənmə, möminləri qanadın altına al”. (Hicr surəsi, 88)
Allah’a və axirətə inanmayan insanlar dünya həyatını bir mübarizə yeri hesab edirlər, bu insanların fikrinə görə hər insan həyatda qala bilmək üçün mübarizə aparmalı və bu mübarizədə güclü olanlar gücsüz olanları əzərək həyatlarına davam etməlidirlər. Tamamilə azğın bir inancın məhsulu olan bu fikir insanların gözəl əxlaqdan tamamilə uzaqlaşmalarına və yalnız öz mənfəətlərini qorumağa əsaslanan pis əxlaq qazanmalarına səbəb olur. Bu dünyagörüşün hakim olduğu bir cəmiyyətdə zəiflərə kömək etmək, başqa biri üçün fədakarlıq etmək və ya bir başqasının sağlamlığını, xoşbəxtliyini, rahatlığını özündən üstün tutmaq kimi gözəl əxlaq xüsusiyyətləri lazımsız üstünlüklər olaraq görülür. Bu səbəbdən hər hansı bir qarşılıq əldə etmədiyi müddətcə heç kim bir-biri üçün fədakarlıq etmir.
Din əxlaqının yaşanmadığı cəmiyyətlərdə insanlar arasında bu cür dünyagörüşə tez-tez rast gəlinir. Belə bir dünyagörüşə sahib olan insanların isə bir-birlərinə gerçək mənada bir sevgi duymaları mümkün deyil. Çünki insan öz rahatlığını hər şeydən üstün tutan eqoist bir adama qarşı ürəyində həqiqi və səmimi sevgi duya bilməz. Qarşısındakı insanda tək bir mövzuda belə eqoizmə rast gəlməsi ruhunda ona qarşı duyduğu sevgi mənfi yönə istiqamətlənər. Məsələn, bir insanın yalnız öz rahatlığını düşünməsi, gözəl yeməyi, rahat çarpayını özü üçün saxlayıb, ətrafındakıları düşünməməsi belə o adama qarşı duyulan sevgini zədələyər. Cahil cəmiyyətlərdə insanlar bir-birlərinin bu tərz pis xüsusiyyətlərinə tez-tez şahid olurlar və bu da o adama qarşı sevginin azalmasına səbəb olur.
Cahiliyyə əxlaqını mənimsəyən insanlar ən yaxın dostlarına belə fədakarlıq etmələrini tələb edəcək hər hansı bir iş təklif edə bilməzlər. Məsələn, uşağı xəstələnən biri iş yoldaşlarından özünün yerinə işləmələrini istəyə bilməz. Anaya və ya ataya kömək etmək belə bəzən uşaqları arasında problem ola bilər, hətta buna görə aralarında küskünlük də yaşanar. Halbuki, soruşduqda hər kəs ana-atasını çox sevdiyini söyləyir. Amma fədakarlıq etmək məqamı çatanda, əgər ciddi bir mənfəətləri yoxdursa, bəzi insanlar bundan belə qaçırlar. Halbuki, həqiqətən sevən insan sevdiyi üçün hər cür fədakarlığı edər və buna görə heç vaxt şikayətlənməz, bezməz.
Möminlərin bir-birlərinə olan sevgi və bağlılıqlarının ən bariz nümunələrindən biri bir-birləri üçün sevə-sevə fədakarlıq etmələri, bir-birlərinin ehtiyaclarını öz nəfslərindən üstün tutmalarıdır. Allah’ın Quranda bu mövzuda verdiyi nümunələrdən biri Məkkədən Mədinəyə hicrət edən möminləri qonaq edən mədinəli möminlərdir.
Quranda möminlərin bu gözəl əxlaqları belə bildirilmişdir:
“Onlardan əvvəl yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərində üstün tutarlar. Nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə qovuşanlardır! (Həşr surəsi, 9)
Ayədə həm məkkəli, həm də mədinəli möminlərin gözəl əxlaqları təsvir edilir. Məkkəli möminlər mallarını, qohumlarını, əşyalarını, evlərini, bağlarını-bağçalarını, işlərini geridə buraxaraq, Allah’ın dinini yaşaya bilmək üçün yurdlarından çıxmış, Mədinəyə hicrət etmişlər. Allah’ın razılığını qazana bilmək üçün sahib olduqları hər şeyi geridə buraxmışlar. Bu, çox üstün bir əxlaq göstəricisidir və onların, Allah’ı özlərinə vəkil etmiş etibarlı insanlar olduqlarının bir ifadəsidir. Bu gözəl əxlaqları digər möminlərin onlara dərin sevgi, hörmət və mərhəmət duymalarına səbəb olmuşdur.
“Sevdiyiniz şeylərdən sərf etməyincə savaba batmazsınız. Şübhəsiz ki, Allah xərclədiyiniz hər bir şeyi biləndir!” (Ali-İmran surəsi, 92)
“O müttəqilər ki, bolluqda da, qıtlıqda da, xərcləyər, qəzəBLərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər”. (Ali-İmran surəsi, 134)
Necə ki, mədinəli möminlər bu etibarlı və sadiq mömin qardaşlarını ən gözəl şəkildə qarşılamış və ən gözəl şəkildə qonaq etmişlər. Öz ehtiyaclarını heç hesaba qatmadan mömin qardaşlarına qulluq etmişlər, ən gözəl yeməklərini və geyimlərini onlar üçün ayırmışlar, onlara ən rahat olacaqları sığınacaqları təmin etmişlər. Bu fədakarlıqları isə Allah’a və möminlərə olan güclü və səmimi sevgilərindən qaynaqlanır. Bu gözəl əxlaqları onlara qarşı da sevgi duyulmasına səbəb olur. Allah onları Quranda sevgi və təriflə anmış, 1400 ildir Quranı oxuyan hər müsəlmanın ürəyində onlar üçün bir sevgi və hörmət yaratmışdır.
Möminlərin fədakarlıqlarının başqa bir nümunəsini Allah Quranda bu ayələri ilə bildirir:
“Onlar öz iştahaları çəkdiyi halda, yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik. Həqiqətən, biz Rəbbimizdən çox sərt, çətin gündən qorxduq””. (İnsan surəsi, 8-10)
Özü ehtiyac içində olduğu halda, yoxsula yeməyini ikram edən bir kimsəyə qarşı insanların ürəyində təbii olaraq bir sevgi və hörmət hissi meydana gələr. Bu vəziyyəti belə bir örnəklə açıqlayaq, çox yorğun və ac olduğunuzu və yanınızda sizinlə eyni vəziyyətdə olan iki adam daha olduğunu düşünək. Önünüzdə isə yalnız tək bir adama çatacaq qədər yemək və yalnız tək adamın yatacağı bir çarpayı olsun. Yanınızdakı şəxslərdən biri sizə ehtiyacınız olub-olmadığını belə soruşmadan böyük iştaha ilə yeməyi özü yeməyə başlasın və çarpayıda özü yatmaq üçün təkid etsin. Digəri isə ac olduğu halda yeməyini sizə vermək istəsin və çarpayıda sizin yatmağınız üçün təkid etsin. Belə bir vəziyyət qarşısında, eqoist davranan adama qarşı içinizdə təbii olaraq bir soyuqluq, fədakar olana qarşı da sevgi meydana gəldiyini hiss edərsiniz. Allah insan ruhunu gözəl əxlaqdan xoşlanacaq, belə insanlara qarşı sevgi və mərhəmət duyacaq şəkildə yaratmışdır.
Bağışlayan olmaq
Cahiliyyə əxlaqını yaşayan insanlar bir-birlərinə qarşı asanlıqla qəzəb duya bilir, dərhal kin bəsləyə bilirlər. Özlərinə kiçik bir zərəri toxunan birinə qarşı da dərhal nifrət duymağa başlayırlar. Çox kiçik səbəblərə görə dostluğunu bitirən, 'ən yaxınım' dediyi dostuna bir anda düşmən kəsilən bir çox insan vardır. Bunun səbəbi Quran əxlaqı yaşanmadığında, insanların bağışlamaq kimi, səbir, sevgi və üstün əxlaq tələb edən xüsusiyyətlərdən uzaq olmalarıdır.
Halbuki, möminlər çox səbirli və bağışlayıcıdırlar. Kiçik səhvlərə, ya da insani qüsurlara görə qarşılarındakı insana qəzəb duyduğu bir anda onlarla olan əlaqələrini bitirmirlər. Ona hər dəfə bir fürsət verir, doğru olanı xatırladır və davranışlarını düzəltməsi üçün kömək edirlər. Sevdikləri dostlarının əskiklərini ortaya çıxarıb onlara qəzəb və kin duymaq əvəzinə, onların səhvlərini, əskiklərini örtməyə çalışır, Quran ilə öyüd verərək onlara dəstək olurlar. Əsl sevgidə dostlar arasında böyük bir anlayış və sevgi hakim olur. Hər problem sevgi və anlayışla, dinclik içində həll edilir.
Allah Quranda insanlara bağışlayıcı olmağı belə nəsihət edir:
“Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrəbaya, miskinlərə və Allah yolunda hicrət edənlərə verməyəcəklərinə and içməsinlər. Əfv edib, vaz keçsinlər! Məgər siz Allah’ın sizi bağışlamağını istəmirsiniz? Allah bağışlayandır, rəhm edəndir”. (Nur surəsi, 22)
“Onların az bir qismi müstəsna olmaqla, sən onlardan həmişə xəyanət görəcəksən. Bununla belə, onları bağışla, günahlarından keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər!” (Maidə surəsi, 13)
Allah’ın möminləri məsul etdiyi Quran əxlaqında bağışlayıcılığın sərhədi yoxdur. Belə ki, yuxarıdakı ayədə möminlərə davamlı xəyanət gördükləri şəxsləri də bağışlamaları əmr edilir. Bu inanca sahib olan bir insan başqasının səhvinə görə böyük zərərlərə məruz qalsa belə, bu insanı asanlıqla bağışlaya bilər. Arxasınca danışan, özünə pislik etməyə çalışan və ya maddi zərər çəkməsinə səbəb olan bir insanı bağışlayaraq, əxlaqı ilə onun üçün gözəl bir nümunə olar, onu özü üçün yaxın bir dosta çevirə bilər. Böyük səhv etdikdən sonra bağışlanıldığını görmək isə möminin ruhunda özünü bağışlayan adama qarşı böyük sevgi və bağlılıq meydana gətirər. Allah bağışlayıcılığın əsl sevginin meydana gəlməsi üçün lazım olan xüsusiyyətlərdən biri olduğunu Quranda belə bildirir:
“Yaxşılıqla pislik eyni ola olmaz! Sən pisliyi yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən!” (Fussilət surəsi, 34)
Təvazökar olmaq
Əsl sevginin meydana gəlməsi üçün əvvəlcə sevginin önündəki eqoizm, mənfəətçilik, səmimiyyətsizlik kimi maneələrin qaldırılması lazımdır. Qürur sevginin meydana gəlməsinə mane olan ən mühüm səbəblərdən biridir. Təvazökarlıq isə sevginin ən əhəmiyyətli şərtlərindəndir. Çünki təvazökar olmayan və özünü digər insanlardan üstün tutan birinin həyatda ən dəyər verdiyi varlıq öz nəfsidir. Digər insanları özündən daha dəyərsiz, daha aşağı görür. Ən ağıllı, ən vicdanlı, ən hörmətli insanın özü olduğuna inanır, bir mənada nəfsini ilahiləşdirmiş olur. Bu səbəbdən bu dünyagörüşə sahib olan bir insanın özündən daha dəyərsiz gördüyü bir adama bağlanması, onun üçün fədakar olması, onun nəfsini özündən üstün tutması, başqa bir ifadə ilə ürəyində ona qarşı gerçək bir sevgi meydana gəlməsi o qədər də mümkün deil. Sevgi və qürur bir-birinə zidd iki xüsusiyyətdir. Qürurlu bir insan nə başqaları tərəfindən sevilə bilər, nə də özü insanlara qarşı dərin bir sevgi duya bilər.
Qürurlu insanların sevgisiz həyatlarının bir çox səbəbi vardır. Qürurlu insanlar öz nəfslərini hər şeydən üstün tuturlar. Ətraflarındakı insanların qüsurlarını dilə gətirdikdə, öz üstünlüklərini daha yaxşı vurğulaya biləcəklərini düşünürlər. Davamlı başqalarına tənə edən və sözləri ilə ətrafındakıları hörmətdən salmağa çalışan birinə qarşı isə heç kim ürəyində səmimi sevgi duya bilməz.
Təvazökar insanlar isə bu şəxslərin əksinə çox sevilirlər. Təvazökar insanın qarşısındakı adama dəyər verdiyi hiss edilir, bu səbəbdən bu əxlaqı göstərən şəxslərin yanında hər kəs rahat olur. Belə bir insan özünə verilən tövsiyələri diqqətlə dinləyir, heç bir mövzuda "ən yaxşını mən bilərəm" iddiasında olmur, təkəbbür göstərmədən dərhal ən gözəl olan rəftarı göstərir. Doğruya qarşı müqavimət göstərmir, qüsurlara görə qəzəblə yaxınlaşmır. İnsanların problemlərinə qarşı həssas davranır və incə düşüncəli olur. Heç bir mövzuda bir üstünlük iddiası olmadığı üçün "əvvəl o sevgi göstərsin, əvvəl o salam versin, əvvəl o mənimlə danışsın" kimi təkəbbürdən qaynaqlanan hesablar aparmır. Qarşısındakı insan sərt və qürurlu olsa belə, təvazökar davranır. Hər kəsin fikrinə əhəmiyyət verir, hər kəsin salamına ən gözəli ilə cavab verir, hər kəsə qarşı sevgi və hörmət dolu olur. Qısası, Quran əxlaqının gətirdiyi təvazökarlıq, çox uyğun, hər fikrə açıq, heç bir mövzuda qürur etməyən, hər zaman qarşısındakı insanları dinləyən, onlara qayğı göstərən və dəyər verən bir insan modeli meydana gətirir. Bu səbəbdən təvazökar insanlar çox sevilən insanlardır.
Allah möminlərin bu gözəl xüsusiyyətini Quranda belə bildirir:
“Rəhmanın bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə gəzər, cahillər onlara söz atdıqları zaman salam deyərlər”. (Furqan surəsi, 63)
Allah başqa bir ayəsində də təvazökar olan qullarını sonsuz cənnət həyatı ilə müjdələyir:
“Sizin tanrınız yalnız bir olan Allah’dır. Yalnız Ona təslim olub itaət edin. Sən də itaət edənlərə müjdə ver!” (Həcc surəsi, 34)
Allah Ali-İmran surəsində insanların, təvazökar və yumşaq xasiyyətli olmasına görə Peyğəmbərimizin (səv) ətrafında toplandıqlarını ifadə edir:
“Allah’ın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər, qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün bağışlamaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allah’a təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevər”. (Ali-İmran surəsi, 159)
Dürüstlük
Allah’dan qorxub çəkinməyən bəzi insanlar çox asan yalan söyləyə bilirlər. Bir insanın yalan danışdığının başa düşülməsi isə, əgər o adam bunu dürüstcə etiraf edib rəftarını düzəltməmişsə, ona qarşı sevgi duyulmasına mane olur. Çünki yalan danışan bir insan, hansı sözünün doğru, hansı sözünün səhv olduğunun bilməməsindən dolayı etibarsızdır. İnsan inanmadığı birinə qarşı isə sevgi duya bilməz.
“Ey iman gətirənlər! Allah’dan qorxun və doğru söz söyləyin! Əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allah’a və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə nail olar.” (Əhzab surəsi, 70-71)
Möminlər isə böyük bir itkiyə məruz qalacaq, ya da maddi-mənəvi zərərlə qarşılaşsalar belə, heç vaxt yalan danışmırlar. Onlar, həmişə hər mövzuda dürüst və etibarlı əxlaq göstərən insandırlar. Heç vaxt doğruları gizlətmir, mənfəətlərini güdüb doğruları təhrif etmir, yerinə yetirə bilməyəcəkləri sözlər vermirlər. İslam əxlaqını yaşayan bir insan üçün yalanın böyüyü, kiçiyi də yoxdur. Buna görə də möminlər heç vaxt qarşı tərəfə yaxşı görünmək, etibarını qorumaq, nümayiş etmək, maddi qazanc əldə etmək, ya da hər hansı şəkildə zərər vermək kimi məqsədlər üçün də əsla yalan danışmazlar.
Bu gözəl əxlaq xüsusiyyəti, ruhu sevgiyə yönəldən vəsilələrdən biridir. Çünki insanın ruhunda dürüst və doğru gördüyü insanlara qarşı dərhal bir sevgi meydana gəlir.
Səbirli olmaq
Quranın “Nəfslərdə xəsislik həmişə mövcuddur” (Nisa surəsi, 128) ayəsində də göstərildiyi kimi, hər insanın nəfsində bəzi mənfi xüsusiyyətlər ola biləcəyi xatırladılır. İnsan Allah’ın özü üçün təqdir etdiyi ömür ərzində nəfsini sahib olduğu bu mənfi xüsusiyyətlərdən təmizləməklə və cənnət əxlaqındakı mükəmməlliyə çatmaq üçün səy göstərməklə məsuldur. Ancaq buna baxmayaraq, insan həyatının sonuna qədər yaşadığı hər an səhv etməyə meyilli olan bir varlıqdır.
Əsl sevgi və dostluğun yaşana bilməsi üçün şəxslərin insanın bu vəziyyətini unutmamaları lazımdır. İnsan sevdiyinə qarşı çox səbirli və bağışlayıcı olmalı, dostunun qüsurlarına qarşı səbir və anlayış göstərməli, onun əskiklərini örtməyə çalışmalıdır. Çünki sevmək və sevilmək, səbirli olmağı, fədakarlıq etməyi tələb edən xüsusiyyətlərdir. Səhvlər qarşısında göstəriləcək səbir insanlar arasında sevgi və tolerantlığı yayır. Möminlər bir-birlərinə güvəndikləri, müsəlman olduqları və bir-birlərinə hörmət etdikləri üçün bir-birlərinin səhvlərini səbir və bağışlayıcılıqla qarşılayırlar. Müsəlman qardaşlarının yalnız səhvlərini örtmək, Quran əxlaqını ən gözəl şəkildə yaşaya bilmək üçün göstərdikləri səmimi səy belə, tək başına onlara qarşı sevgi duyulması üçün kifayətdir. Bu səbəbdən qardaşlarının səhv bir sözü ilə, ya da rəftarı ilə qarşılaşsalar belə, ona qarşı səbir göstərər, ən gözəl davranışla cavab verərlər.
Allah’ı sevən və daim Allah’dan razı olan bir insanın səbri cahil cəmiyyətlərdəki insanların səbir anlayışlarından çox fərqlidir. Bu kimi insanlar, əgər qarşılarındakı adamdan bir mənfəət ümid edirlərsə və ya cəmiyyətin reaksiyasından çəkinirlərsə, bəzi vəziyyətlərə "dözüm"lülük göstərə bilirlər. "Dözən" adam özünü üzünü turşutmağa, deyinməyə, çatışmazlıq çıxarmağa haqq sahibi olaraq görür. "Bu qədər çətinliyə dözürəm, bunun qarşılığında istədiyimi etməyə haqqım var" kimi bir düşüncəyə qapılırlar. Məsələn, xəstə bir yoldaşına baxmaq məcburiyyətində qalan bir insan, əgər Quran əxlaqını yaşamırsa, bir müddətdən sonra mütləq bu vəziyyətdən sıxılmağa, hirslənməyə və şikayət etməyə başlayar. Gecələri yuxusuz qaldığını, yorğun düşdüyünü, işinin çox çətin olduğunu, ya da kimsənin özü kimi belə bir çətinliyə dözə bilməyəcəyini söyləyər. Bu vəziyyətdən duyduğu çətinlik və içində yaşadığı hirs açıqca hiss edilər. Xəstə olan yoldaşını minnət altında buraxacaq söhbətlər edərək, ona özünə borclu olduğunu xatırladar.
Səbirli bir insan isə sevdiyi adamın hər cür istəyinə, ehtiyacına şövqlə cavab verər və ona əlindən gəldiyi qədər kömək edər. Etdiklərinə görə qarşısındakı adamı əsla minnət altında buraxmaz. Səbir, Allah’ın Quranda möminlərə tövsiyə etdiyi gözəl əxlaq xüsusiyyətidir:
“Ey iman gətirənlər! səbr edin, dözün, hazır olun və Allah’dan qorxun ki, bəlkə, nicat tapasınız!” (Ali-İmran surəsi, 200)
Sadiq olmaq
Bir insana qarşı sevgi duyulmasına səbəb olan əxlaq xüsusiyyətlərindən biri də "sədaqət"dir. Allah Quranda möminləri göstərdikləri sədaqətə görə mükafatlandıracağını bildirir. Bu səbəbdən Rəbbimizin bəyəndiyi bu əxlaq xüsusiyyətini möminlər qeydsiz-şərtsiz tətbiq edirlər. Möminlərin bu xüsusiyyətini Allah bir ayəsində belə təsvir edir:
“Sonra da iman gətirən və bir-birinə səbr tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır!” (Bələd surəsi, 17)
“Allah doğruluqları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə də istəsə əzab versin, yaxud onların tövbələrini qəbul buyursun. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir”. (Əhzab surəsi, 24)
Möminlər ən çətin şərtlərdə də Allah’a və iman gətirənlərə olan sədaqətlərindən əsla əl çəkməzlər. Allah Quranda hz. Musaya tabe olan gəncləri nümunə verərək möminlərin bu xüsusiyyətinə diqqət çəkmişdir:
“Fironun və əyanlarının bəlası qorxusundan Musaya öz qövmündən yalnız kiçik bir dəstə iman gətirdi. Çünki Firon o yerdə hakim idi. O, həddi aşmışdı. Musa dedi: "Ey qövmüm! Əgər Allah’a iman gətirmisinizsə və təslim olmusunuzsa, Ona təvəkkül edin!” (Yunus surəsi, 83-84)
İman gətirənlər və elçilər tarix boyu öldürülmək, zənginlik və etibarın əldən alınması, böhtana məruz qalmaq kimi təhdidlər altında yaşamışlar. Həyatları boyu bir-birlərindən ayrılmayan müsəlmanlar Allah’a olan sevgiləri, qorxuları və bağlılıqları səbəbindən bütün bu təhlükələrdən qorxmamışlar. Allah’a olan bu qeydsiz-şərtsiz sədaqətləri möminlərin bir-birlərinə qarşı coşğulu bir sevgi duymaları üçün kifayət edən bir səbəbdir. Allah Quranda möminlərin bu xüsusiyyətlərini belə xəbər verir:
“Möminlər yalnız Allah’a və Peyğəmbərinə iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşməyın, Allah yolunda malları və canları ilə vuruşanlardır! Məhz belələri sadiq olanlardır!” (Hucurat surəsi, 15)
Mərhəmət sahibi olmaq
Mərhəmət sevginin bir parçasıdır. Buna görə də əsl sevginin yaşana bilməsi üçün mərhəmətin də tam olaraq başa düşülməsi lazımdır. Peyğəmbərimizin (səv) mərhəməti bu mövzuda bütün müsəlmanlar üçün çox gözəl bir nümunə meydana gətirir. Allah Quranda hz. Muhəmmədin (səv) bu üstün əxlaqından belə bəhs edir:
“Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir, o, sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir!” (Tövbə surəsi, 128)
Mərhəmətli bir insan ətrafındakı insanların çətinlik içində yaşamasını istəməz, öz həyatı, sağlamlığı, rahatlığı nə qədər əhəmiyyətlidirsə, ətrafındakı insanlarınkı da ən az o qədər əhəmiyyətlidir. Bu səbəbdən mərhəmətli bir insanın ən əhəmiyyətli xüsusiyyətlərindən biri ətrafındakı insanların problemlərinə qarşı laqeyd qalmaması və onların problemlərinin həlli üçün səy göstərməsidir.
İnsan həqiqətən sevdiyi birinin axirətini düşünər
İnsanın əsl həyatı ölümü ilə birlikdə başlayan axirət həyatıdır. Dünya hər insanın müvəqqəti və yalnız sınanmaq üçün olduğu bir yerdir. Bu həqiqəti dərk edən möminlər bir-birlərinə olan sevgilərini əsl olaraq bir-birlərini axirətdəki sonsuz həyatlarına hazırlayaraq göstərirlər. Özləri Allah’ın razılığına, rəhmətinə və cənnətinə nə qədər çox qovuşmaq istəyirlərsə, çox sevdikləri mömin qardaşlarının da eyni nemətlərə və gözəlliklərə qovuşmalarını istəyirlər. İnsanın sonsuza qədər, bir daha qurtuluş imkanı olmadan cəhənnəm əzabı ilə qarşılıq görəcəyini bilmələri iman gətirənlərin bu mövzuda böyük bir şövq və qətiyyət içərisində hərəkət etmələrini təmin edir. Bir-birlərində gördükləri yanlış, ya da qüsurları heç vaxt keçirmədən dərhal aradan qaldırmağa və bir-birlərini Allah’ın ən çox razı olacağı əxlaqa çatdırmağa çalışırlar. Bir-birlərini daim yaxşı və gözəl olana dəvət edir, pisliklərdən çəkindirməyə cəhd göstərirlər. Onların bu mövzudakı şövq və əzmləri bir-birlərinə olan gerçək sevgilərinin də ən açıq göstəricilərindən biridir. Allah Quranda iman gətirənlərin bir-birlərinin axirətlərinə yönəlmiş bu güclü sevgi anlayışlarını belə xəbər verir:
“Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar. Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allah’a və Peyğəmbərinə itaət edərlər. Allah əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir!” (Tovbə surəsi, 71)
“Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla müjdə verir. De: “Mən sizdən bunun müqabilində qohumlara məhəbbətdən başqa bir şey istəmirəm. Kim bir yaxşı iş görərsə, onun yaxşılığının savabını artırarıq!” Həqiqətən, Allah bağışlayandır, qədirbiləndir!” (Şura surəsi, 23)
Əsl sevgidə hər zaman qarşı tərəfin nəfsi üstün tutular
İnsanların bir çoxu üçün həyatlarının ən əhəmiyyətli mövzusu öz nəfslərinin rahatlığıdır. Ancaq əsl sevgidə insan öz nəfsini unudur və sevdiyi insanın nəfsi ön plana keçir. Onu rahatlaşdırmaq üçün əlindən gələn hər cür səyi göstərir. Hər zaman sevdiyi adamın istəklərini öz istəklərindən üstün tutur. Məsələn, birlikdə etdikləri bir işə görə özünün təriflənməsindənsə, sevdiyi insanın təriflənməsi onun üçün daha əhəmiyyətli olur. Özü haqlı çıxmaqdansa, sevdiyi adamın haqlılığından daha çox zövq alır. Əgər əmək tələb edən bir işin edilməsi lazımdırsa, sevdiyi adamın yorulması yerinə, özü yorulmağı seçir. Əsla qarşı tərəfi utandıracaq, hörmətdən salacaq, incidəcək bir rəftar göstərmir. Bunun səbəbi isə Allah’ın razılığını, sevgisini və cənnətini qazanmaq istəyidir. Bir insan ancaq Allah’ın razılığını qazanmaq üçün qarşısındakı insanı bu qədər dərin və səmimi bir sevgi ilə sevə bilər.
“Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər”. (Muminin surəsi, 61)
“Və öndə olanlar. Onlar öndədirlər.Onlar yaxşılaşdırılmış kimsələrdir.” (Vaqiə surəsi, 10-11)