(Hz. İsa, Hz. Yəhya, Hz. Musa, Hz. Yusif, Hz. İbrahim, Hz. Nuh, Hz. Süleyman, Hz. Davud, Hz. Eyyub)
Abdullah bin Zəmrə ibni-Matiye-Himyeri Kabul-Əxbar nəql edir ki, belə dedi: "… Qiyam edəcək (Qaim) olan Hz. Mehdi (ə.s.) Əlinin soyundandır (seyiddir). O, bu yer üzünü hazırkı halından fərqli bir hala gətirəcək... Qaim (Hz. Mehdi (ə.s.)) Əlinin nəslindəndir. Xeyirdə, görünüşdə və əxlaqda ən çox Hz. İsaya bənzəyən odur. Allah peyğəmbərlərə verdiyini (əzəməti) ona da verəcək. Ona fəzilətlər və zinət verəcək. Şübhəsiz, Hz. Mehdi (ə.s.) Əlinin övladıdır. Onun qeybəti, eynilə Yusifin (ə.s.) qeybəti (zindana atılması) kimidir və onun dönüşü, eynilə İsa ibni Məryəmin dönüşü kimidir...
(Şeyx Muhəmməd bin İbrahimi-Numani, Qeybəti-Numani səh. 169)
Əbu Basir deyir ki, imam Muhəmməd Baqirin (ə.s.) belə buyurduğunu eşitdim: "Bu qeybətin sahibində (Hz. Mehdidə (ə.s.)) dörd peyğəmbərin sünnəsi var; Musadan bir sünnə, İsadan bir sünnə, Yusifdən bir sünnə və Muhəmməddən bir sünnə. Allahın salamı hamısının üzərinə olsun.”
Dedim ki, Musanın sünnəsi nədir? Buyurdu ki, gizlənmək. Dedim ki, İsanın sünnəsi nədir? Buyurdu ki, İsa haqqında deyilənlər onun haqqında da deyiləcək. Dedim ki, Yusifin sünnəsi nədir? Buyurdu ki, zindan və qeybət. Dedim ki, Muhəmmədin (s.ə.v) sünnəsi nədir? Buyurdu ki, qiyam etdiyi zaman Rəsulullahın yolundan gedəcək; o, sadəcə Rəsulullahın əsərlərini açıqlayacaq... Dedim ki, Allahın rizasını haradan biləcək? Buyurdu ki, Allah onun qəlbinə rəhmətini nazil edəcək.
(Şeyx Muhəmməd bin İbrahimi-Numani, Qeybəti-Numani səh. 191)
Sidri-Seyrəfi deyir ki, imam Əbu Abdullah Cəfəri-Sadiqdən (ə.s.) eşitdim ki, belə buyurdu: "Bu işin sahibində (Hz. Mehdidə (ə.s.)) Yusifə bir bənzərlik var." Belə dedim: “Sən bizə sanki bir qeybəti və ya heyrəti bildirirsən.”
(Şeyx Muhəmməd bin İbrahimi-Numani, Qeybəti-Numani səh. 189)
... Belə dedim: “Elə bil, sən bizə bir qeybəti və ya heyrəti xəbər verirsən”. Buyurdu ki: “Yusifin qardaşları ağıllı və zəkalı idilər. Onlar peyğəmbərin övladları idi. Yusifin hüzuruna çıxıb onunla danışdılar. Ona xitab edərək onunla alış-veriş etdilər. Onunla qardaş olduqları halda onu tanımadılar. Ta ki sonda özünü onlara tanıdıb dedi ki, mən Yusifəm. Onda Yusifi tanıdılar.
Yaxşı, bu azmış və başıboş ümmət Allahın höccətini (Hz. Mehdini (ə.s.)) özlərindən gizlədə biləcəyini nə üçün inkar edirlər? Yusif Misirin maliki idi və onunla atası arasında on səkkiz günlük yol var idi. Yusifin yerini ona bildirmək istəsəydi, buna qüdrəti çatardı. Allaha and olsun ki, Yaquba müjdəni verdikləri zaman doqquz gündə Misirə getdi. Allah (azzə və cəllə) eynilə Yusifə etdiyinin eynisini öz hüccətinə də (Hz. Mehdiyə (ə.s.) də) edirsə, bu ümmət nə üçün bunu inkar edir?
Haqqı qəsb olunan, inkar edilən məzlum imamınız və bu (qeybətin) sahibi (Hz. Mehdi (ə.s.)) onların arasında, bazarlarda gəzər, onların gəzdikləri yerdən keçər. Amma onu (Hz. Mehdini) tanımazlar. Ta ki, sonda Allah özünü onlara tanıtması üçün, eynilə Yusifə izn verdiyi kimi, ona izn verər. O vaxt qardaşları ona demişdi ki: “Doğrusu, sən Yusifsənmi?” Dedi ki: “Mən Yusifəm.”
Eyni hədisi şeyximiz Kuleyni də nəql edir. (Şeyx Muhəmməd bin İbrahimi-Numani, Qeybəti-Numani səh. 189)
Amma Höccət (Hz. Mehdi (ə.s.)) xalqı tanıyar, xalq isə onu tanımaz. Eynilə Yusif kimi. Yusif xalqı tanıdığı halda onlar Yusifi inkar edirdilər. Sonra Hz. Əli bu ayəni oxudu: "Qullara təəssüflər olsun, Rəsul onlara gəldikcə ona lağ edirdilər."
(Şeyx Muhəmməd bin İbrahimi-Numani, Qeybəti-Numani səh. 162)
O, (Hz. Mehdi (ə.s.)) aləmlərə rəhmətdir. Musanın kamalı, İsanın dəyəri və Eyyubun səbri ondadır...
(Şeyx Muhəmməd bin İbrahimi-Numani, Qeybəti-Numani səh. 69-70)
Uca Allah eynilə İsa bin Məryəm və Yəhya bin Zəkəriyyaya kitab, peyğəmbərlik, elm və hikmət verdiyi kimi, bu imama da (Hz. Mehdiyə (ə.s.)) kiçik yaşda elm vermişdir.
Bunun dəlili isə imamımız Cəfəri-Sadiqin (ə.s.) bu sözüdür: “O, dörd peyğəmbərə oxşayır. Onlardan biri də İsa bin Məryəmdir. Çünki ona kiçik yaşda hikmət, peyğəmbərlik, kitab və elm verildiyi kimi, ona da (Hz. Mehdiyə də) kiçik yaşda elm verilmişdi...”
(Şeyx Muhəmməd bin İbrahimi-Numani, Qeybəti-Numani səh. 213)
... Hz. Mehdi (ə.s.) Davud (ə.s.) və ali-Davud hökmü ilə hökm edəcək, heç kimdən şahid və dəlil istəməyəcək.
(İrşad (Şeyx Müfid), səh. 365-366)
Şeyx Müfid belə deyir: "Qaimi-ali-Muhəmməd (s.ə.v.) (Hz. Mehdi (ə.s.)) qiyam etdiyi zaman eynilə Hz. Davud kimi, yəni batin hasəbi ilə (batin bilgisi ilə) hökm edəcək; şahidə ehtiyacı olmadan hökm edəcək. Allah hökmü ona ilham edəcək və o da ilahi ilhama görə hökm edəcək.
(İrşad (Şeyx Müfid), səh. 365-366)
Aban bin Təqlib belə deyir: İmam Cəfəri-Sadiqlə (ə.s.) birlikdə Məkkədə bir məsciddə idik. O, mənim əlimdən tutaraq belə buyurdu: "... Sonra bir münadiyə əmr edəcək və o, belə səslənəcək: Bu Hz. Mehdi Süleyman və Davud kimi hökm verəcək. Verdiyi hökmdə dəlil və şahid istəməyəcək."
(Şeyx Muhəmməd bin İbrahimi-Numani, Qeybəti-Numani, səh. 374)
İmam Zeynül-Abidin (ə.s.) belə buyurmuşdur: "Bizim Qaimimizlə (Hz. Mehdi) Allahın rəsulları arasında bir çox bənzərliklər var. Nuh, İbrahim, Musa, İsa, Eyyub və Muhəmməd (s.ə.v.) peyğəmbərlərin hər biri ilə bir bənzərliyi var. Nuh ilə uzun ömürlü olmasında; İbrahim ilə doğumunun gizli olması (doğumunun evdə olması) və xalqdan uzaq olmasında; Musa ilə təhlükə içərisində (Hz. Mehdiyə yönləndirilən təhlükələrin çoxluğu; öldürmə, tələ qurma, həbs olunma, nəzarətdə saxlanma, sürgün kimi hər cür təhlükə ilə üz-üzə yaşaması) və qeybətdə (gizli) yaşamasında; İsa ilə xalqın onun haqqında ixtilafa düşməsində (bir qisim insanların “Hz. Mehdi gələcək”, bir qisminin də “gəlməyəcək” deməsində); Eyyub ilə bəladan sonra qurtuluşa çatmasında (Hz. Mehdiyə də bir çox çətinlik, xəstəlik və dərd gəlməsi və ancaq Hz. Eyyub kimi, Allahın rəhməti ilə hamısından xilas olması ilə); Muhəmməd (s.ə.v.) ilə də qılıncla qiyam etməsində (Peyğəmbərimizin (s.ə.v.) müqəddəs əmanətləri olan mübarək bayrağı, qılıncı və xirqəsinin Hz. Mehdinin yanında olmasında) bənzərliyi var."
(Kəmalud-Din səh. 322, 31-ci bab, 3-cü hədis)
İmam Cəfəri-Sadiq belə buyurdu:
...İmam (Hz. Mehdi (ə.s)) Adəmin xatirəsidir; Nuhun nəslinin seçməsidir; ali-İbrahimin safisidir (pak, təmiz olanıdır); İsmayılın sülaləsindəndir; Muhəmmədin (s.ə.v.) itrətinin (nəslinin) ən seçkinidir. O, davamlı Allahın qoruması ilə qorunar; Allah imamı mələkləri ilə qoruyar. Gecənin qaranlıqları və fasiqlərin fitnələri ondan uzaqdır. Pis böhtanlar, xəstəliklər ondan uzaqdır, fəlakətlərdən qorunmuşdur, səhvlərə qarşı günahsızdır, bütün pisliklərdən qorunmuşdur. Həyatının ilk illərində comərdlik və yaxşılıqla bilinəndir, ömrünün sonlarında isə şərəf, elm və fəzilətə mənsubdur.
(Şeyx Muhəmməd bin İbrahimi-Numani, Qeybəti-Numani, səh. 264-265)