Bir çox mövzuda konspirasiya nəzəriyyələri eşitməyə öyrəşmişik. Amma məsələ Yaxın Şərq olduqda plan və layihələri təkcə konspirasiya nəzəriyyəsi kimi dəyərləndirmək çətinləşir. Çünki zaman keçdikcə Yaxın Şərq üzərində qurulan ssenarilərin bir hissəsinin həyata keçirildiyini gördük. Dövrümüzün ssenariləri isə həmin planları quranlar tərəfindən artıq gizlədilmir.
I Dünya müharibəsi hələ davam edərkən, dərin dövlət planları daxilində Yaxın Şərqi formalaşdıran müxtəlif xəritələr formalaşdırılmışdı. Hələ parçalanmamış Osmanlı torpaqları bağlı qapılar ardında çoxdan bölüşdürülmüş, bir-birilə qardaş, dindaş, soydaş yaşayan insanlar arasında çoxdan sədlər çəkilmişdi. Müharibə davam edərkən hazırlanmış 6 gizli razılaşmadan xəbərimiz olmasa, bütün bunların şişirdildiyini və ya fantaziya olduğunu deyərdik. Əgər Says-Piko sazişini imzalayanlardan biri olan Rusiyanın Qərblə münasibətləri pozulmasaydı, bəlkə də gizli planların miqyasını heç vaxt bilməzdik.
I Dünya müharibəsi çoxdan bitib və Yaxın Şərq stol arxasında planlaşdırıldığı kimi xətkeşlə bölünüb. Bu vəziyyət Yaxın Şərq üzərində haqq iddia edənlərin planlarına həqiqi mənada yol açmaqla qalmayıb, gələcək nəsillər üçün bir növ ilham qaynağı olub. "Konstruktiv xaos" adı verilən termin məhz bu ilhamla ortaya çıxan, Yaxın Şərqi zorakılıq və münaqişələrdən istifadə edərək daha kiçik hissələrə ayıracaq, daha çox qan tökəcək gizli planlardan biridir.
ABŞ prezidenti Bill Klintonun müşaviri olmuş podpolkovnik Ralf Petersin 2006-cı ildə formalaşdırdığı Yeni Yaxın Şərq layihəsini xatırlayaq. Peters Amerika Silahlı Qüvvələr jurnalında dərc olunan "Qanlı sərhədlər: daha yaxşı Yaxın Şərq necə görünərdi?" adlı məqaləsində demokratiyanı yaymaq və terrorizmin kökünü kəsmək üçün Yaxın Şərqin sərhədlərinin yenidən müəyyənləşdirilməli olduğuna dair çağırış etmişdi. Buna görə Yaxın Şərq 20 hissəyə daha bölünməli idi. İraqın şiə və sünnilər arasında bölündüyü, Kürdüstan dövlətinin yarandığı, Ermənistanın sərhədlərinin genişləndiyi, Məkkədə Vatikana oxşar yeni bir dövlətin yarandığı, İranın şimalında azərbaycanlılar və beluclara aid dövlətlərin meydana gəlməsi, Suriya, Livan və İordaniyanın sərhədlərinin yenidən müəyyən edildiyi bu virtual xəritənin həqiqətən də müəyyən bir hədəfə qarşı formalaşdırıldığı 2016-cı ilə girdiyimiz bu günlərdə sübut edilmiş olur.
Bu xəritə 2006-cı ildən sonra ABŞ hökuməti, NATO və ordu dairələrində tədavülə buraxıldı. Dünyanı, dövlətləri və xalqları bu vəziyyətə hazırlamaq üçün xəritə gizlədilməmişdi. Həmin xəritə NATO müdafiə təlim mərkəzlərində təhsil proqramı daxilində belə istifadə edilmişdi.
Peters, "Tarix bizə süni sərhədlərin hər zaman qeyri-sabitliyə yol açdığını və aradan min il keçsə də, etnik təmələ söykənən sərhədlərə üstünlük verildiyini göstərdi" fikri ilə yola çıxmışdır. Süni sərhədlərin hər zaman qeyri-sabitliyə yol açdığı doğrudur. Amma bu qeyri-sabitliyi nizamlamağın yolu daha çox bölünmək deyil, birləşməyi təmin etməkdir. Peters terrorun qarşısını almaq və qeyri-sabitliyə həll yolu tapmaq istəyirsə, Yaxın Şərqdə birlik olma ruhunun üzərində dayanmalıdır.
Lakin konstruktiv xaos məsum bir hədəf üçün qurulmamışdı təbii ki. I Dünya müharibəsindən sonra virtual sərhədlərlə qardaşların arasını ayırmaq necə ki, o bölgə xalqının yaxşılığı üçün olmayıbsa, bu layihə də eyni şəkildə Yaxın Şərq xalqlarının xeyrinə olmamışdı. Ralf Peters ABŞ Müdafiə Nazirliyi daxilindəki Kəşfiyyat rəhbərinin müavini olmuş və hərbi jurnallar və ABŞ xarici siyasətinə yönəlik saysız-hesabsız strateji məqalə yazmış kəşfiyyatçıdır. Əvvəlki dörd kitabının hökumət və hərbi dairələrdə olduqca təsirli olduğu deyilsə də, əslində Peters strateqlərin Yaxın Şərq üçün nəzərdə tutduğunu ortaya qoymaqdan başqa bir şey etməmişdi. Yəni plan daha dərindir.
İllərdir ki, dərin strateji planlarla formalaşan Levant bölgəsi I Dünya müharibəsindən sonra idarəçiliyə möhtac, zəif bir region kimi dəyərləndirilə bilər. Amma bu gün Yaxın Şərq regionu deyildikdə niyə dövrədə daima Qərbin olduğunu soruşmaq lazımdır. Nə üçün Qərb tərəfindən daim parçalanma planları hazırlanır? Yaxın Şərq ölkələrinin daxili iğtişaşları necə olur ki, o bölgənin xalqından əvvəl Qərbi maraqlandırır? Niyə "Yaxın Şərqin həll yolu" danışıqları Avropa paytaxtlarında avropalılar tərəfindən həyata keçirilir? Niyə hər tərəfdə Qərbin hərbi bazaları, Qərbin bomba yüklü təyyarələri var? Yaxın Şərq üçün qərarlar verəcək Yaxın Şərq liderləri, Yaxın Şərq xalqları hardadır?
Yaxın Şərqdə bütün qərarları böyük qardaşlara həvalə etmiş, bütün əcaib strategiya və layihələrə təslim olmuş bir dairənin mövcudluğu aşkardır. Qərbdə həmin gizli mərkəzlər tərəfindən bu şəxslərin himayə edildiyi, ön plana çıxarıldığı və güclü mövqeyə gətirildiyi də bilinir. Hazırda Yaxın Şərq üçün bunun tam əksi bir strategiya yürütməyin vaxtıdır. Qərbin demokratiyasını, azadlığını və dostluğunu əsas alan, lakin ayrılıq planlarını heç vaxt qəbul etməyən, parçalanmanın bərəkət deyil, fəlakət gətirəcəyini əsrlik təcrübə nəticəsində anlamış sağlam düşüncəli bir cəmiyyət ön plana çıxmalıdır. Bunun yalnız Yaxın Şərq üçün deyil, Qərb üçün də fayda gətirəcəyinə bütün dünyanı inandırmaq və əsl terror problemini yox edəcək gücün birlik ruhu olduğunu hiss etdirmək lazımdır. İllərdir hər problemi qətiyyətlə həll etməyə öyrəşmiş strateqlərin planlarının və xəyallarının yanlışlığını onlara göstərmək lazımdır.
Unudulmamalıdır ki, insanlar qəzəb dili istifadə etməyə, nifrət etməyə, ən qısa yol kimi zorakılıqdan istifadə etməyə meyillidirlər. Bu səbəbdən bölünərək, parçalanaraq, tək qalaraq problemlərin həll ediləcəyinə, xoşbəxtliyin gələcəyinə inanmağa meyilli olurlar. Bu tendensiya həmişə münaqişə və qarışıqlıq istəyənlərin bəhanəsi olub. Həm Yaxın Şərq xalqlarına, həm də Qərb strateqlərinə bunun yanlışlığını göstərmək əlimizdədir. Bəziləri nifrəti qızışdıracaq planlar qurarkən, biz birlikdə nifrəti yox edəcək planlar quraq. Aramızdakı sülhün bərpasını da yenə Qərbdən gözləməyək.
Adnan Oktarın «Arab News və «Riyadh Vision»da dərc edilən məqaləsi:
http://www.arabnews.com/columns/news/859156
http://www.riyadhvision.com.sa/2016/01/04/54264/