Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır. (Ənfal surəsi, 30)
Tarix boyu haqq dinə qarşı hiylə quran inkarçılar öz eqoist istəkləri üçün (iqtidar həvəsi, fərdi mənfəətləri kimi) insanları dindən uzaqlaşdırmağa çalışmış və onları axirətdə: "... Siz bizə Allah`ı inkar etməyi və Ona şəriklər qoşmağı əmr edirdiniz…" (Səba surəsi, 33) - deyəcəkləri vəziyyətdə qoymuşlar. Ancaq burada diqqət edilməli çox əhəmiyyətli bir nöqtə var, Allah bir ayəsində belə bildirir:
Onlardan əvvəlkilər də hiylə qurdular. Halbuki, bütün hiylələr Allah`a aiddir… (Rəd surəsi, 42)
Yuxarıdakı ayədə ifadə edildiyi kimi, hiylə Allah`a aiddir, buna görə də inkarçıların qurduqları hiyləyə qarşılıq olaraq ən böyük hiyləni quran yenə Allah`dır. Allah “İbrahim” surəsinin 46-cı ayəsində inkarçıların möminlərə qarşı tələ qurmaq istəyərkən içində olduqları çıxılmaz vəziyyətə belə diqqət çəkmişdir:
(Zalımlar) öz hiylələrini qururdular. Halbuki, onların hiyləsi Allah`a bəlli idi. Onların hiyləsi ilə dağlar yerindən tərpənən deyildir. (İbrahim surəsi, 46)
Ayələrdən də göründüyü kimi, möminlərə qarşı qurulan hiyləli tələlərə qarşılıq olaraq Allah qatında mütləq rəhmani, yəni möminləri qorumaq üçün nizam var. Bu, Allah`a görə çox asandır. Allah elçilərini, möminləri hədəf seçən tələlərin hamısını puç edir və tələlərini inkarçıların öz başlarına keçirir. Ayədə buyurulduğu kimi: "... Allah daha tez hiylə qurar..." (Yunis surəsi, 21)
Şübhəsiz, Allah hər hadisəni bir xeyirlə yaradır. Allah inkarçıların bütün bu cəhdləri ilə iman edənləri imtahandan keçirir. Yaratdığı hadisələrdəki xeyir və gözəllikləri görə bilən qullarına yardım edir və bütün bunları onların lehinə çevirir.
Məgər o məmləkətlərin əhalisi əzabımızın onlara gecə yatarkən gəlməyəcəyinə əmin idilərmi? Və ya o məmləkətlərin əhalisi əzabımızın onlara gündüz oynayıb əylənərkən gəlməyəcəyinə arxayın idilərmi? Yaxud Allah`ın onları dolaşdırıb bəla toruna salmayacağına əmin idilərmi? Allah`ın dolaşdırıb bəla toruna salmayacağına özlərinə zərər eləyənlərdən başqa heç kəs arxayın ola bilməz! (Əraf surəsi, 97-99)
Şübhəsiz ki, Allah iman gətirən kəslərdən (kafirlərin əzab-əziyyətini) dəf edər. Allah, həqiqətən, heç bir xaini, nankoru sevməz! (Həcc surəsi, 38)