Dünyanın əsas amili insandır. Bu planetdəki bütün iqtisadi, siyasi, sənaye və yaradıcılıq fəaliyyətləri biz insanların varlığına görədir. Bu dünyanın var olma və yaradılış səbəbi 'insan'dır. Ölkələr inkişaf etməlidir, sənaye, incəsənət, mədəniyyət və sülh inkişaf etməlidir, amma yalnız bir millət, bir dövlət və ya bir şirkət üçün deyil, bütün dünyada bütün insanlar üçün olmalıdır.
Siyasət cəmiyyətlər üzərində təşkil olunmuş nəzarəti təmin edən tətbiqatlar cəmidir. Ancaq ideal qaydada, hər fərdin bir insan olaraq haqqı çatan və arzuladığı həyat standartına sahib olmasını təmin etmək üçün istifadə edilməli olan siyasət, insanları müəyyən hədəflərə doğru manipulyasiya etmək vasitəsi olaraq görünür.
Əgər siyasət, idealındakı məqsədə uyğun olaraq istifadə edilmirsə, bu da yenə içindəki "insan faktoru"na görədir. Əgər bir siyasətçinin əsas motivasiyası öz insanlarının mənfəəti yox, başqa əsaslardısa, əgər işin içinə insanlarının tam olaraq firavanlığından başqa digər hədəflər giribsə, siyasətin məqsədinə çatmasını da gözləyə bilmərik.
Məhz buna görə də siyasətdə mənəvi və əxlaqi dəyərlər çox əhəmiyyətlidir. Bu dünyanı formalaşdırmağa gücü çatan şəxslər də bir insandır və digər insanlar kimi onların da həm şəxsi, həm də siyasi həyatlarında mənəvi və əxlaqi təlimata ehtiyacları vardır ki, bu da yalnız üç İlahi dindəki əsas dəyərlər tərəfindən təmin edilə bilər.
Dini sərt və radikal ünsürlərdən tamamilə təmizləyərək düzgün yaşamaq vətəndaş azadlıqları, demokratik hüquqlar və insanın insan olaraq yaşaması üçün lazım olan, hər şeyə sahib firavan bir cəmiyyətin inşası üçün lazım olan yeganə yoldur. Amma bunun həyata keçməsi üçün çox vacib bir məqam var: Din heç vaxt siyasətə əsaslanmamalıdır. Vacib olan dinin insani, sevgi dolu və səmimi yönünün siyasətçilərin əsas düsturu olmasıdır. İşlərinin mərkəzinə dinin səmimiyyətinə əsaslanaraq insan faktorunu qoyan siyasi liderlər, politoloqlar və diplomatlar problemlərə və qarşıdurmalara münasibətlərində əhəmiyyətli bir dəyişiklik edə bilərlər.
Məsələn, beynəlxalq əlaqələr və diplomatiyada soyuq və laqeyd bir tərzdə, texniki və siyasi bir baxışla (viza problemləri və bunun kimi) həllini gözləyən məsələlər siyahısını ortaya qoymaqdansa, bu cür diplomatlar, təbii olaraq, bütün bu məsələləri tamamilə aradan qaldıracaq, möhkəm bir bünövrəyə salacaq müsbət təkliflər verməyi seçərlər. Şübhəsiz, belə bir yanaşma yenə də yalnız səmavi dinlərin qazandırdığı mənəviyyatı əsas alan dünyagörüşü ilə ola bilər. Çünki səmavi dinlərə əsaslanan bir yanaşmada bölünmək yox, birləşdirmək əsasdır. Bir yerdə, birlik içində, insanların yaxşılığı üçün ortaq bir şərait axtarışı vardır, ayrılıq, özünü haqlı görmək, öz mənfəətini gözləmək deyil. Dinin birləşdirici gücündən ilham alan iqtidar sahibləri sülhü qurmaq niyyəti ilə, dialoq, qarşılıqlı razılaşma əldə etmək, ayrılıqları və məsafələri aradan qaldırmaq üçün razılığa daha çox həvəsli olacaqlar.
Bu məziyyətlərdən qaynaqlanan bir siyasətdə, sevgisizlik və eqoizmin yerini sevgi, məhəbbət və anlayış alacaq və bu gözəlliklərin təsiri altındakı bölgələr yaşanılacaq yerlərə çevriləcək. Digər tərəfdən, belə bir yanaşmanın rəhbərliyin hər səviyyəsinə yayılması isə həm milli, həm də beynəlxalq miqyasda diplomatiyanın üzünü dəyişdirəcək.
Bu dünyanı daha gözəl dünyaya çevirəcək şey sərt mənfəətlərə əsaslanan siyasi manevrlər deyil, bütün insanlar üçün sülh, bərabərlik və azadlıq hissinin hakim olduğu qəlb rahatlandıran, sevgi dolu münasibətdir.