Pakistan xurafatlardan artıq əl çəkməli və Qurana əsaslanan bir təhsil sisteminə keçməlidir
ucgen

Pakistan xurafatlardan artıq əl çəkməli və Qurana əsaslanan bir təhsil sisteminə keçməlidir

727

Olduqca sadə bir məktəbdə 12 yaşlı bir şagird lövhədə riyaziyyat məsələsi həll edir, müəllim tam ciddi şəkildə onu izləyir, digər şagirdlər səssizcə qeyd götürürlər. Müəllimin stolunda isə bir Kalaşnikov tüfəngi və ehtiyat daraqlar var.

Bu, fantastik bir film səhnəsi deyil. Pakistanda sadə təhsil müəssisəsindəki adi bir gündür. Pakistanlı müəllimlər artıq silahlandırılır və silahları ilə dərsə girirlər. Polislər isə şagirdlərə silahdan necə istifadə etməli olduqları və bombanı necə zərərsizləşdirəcəkləri haqda  təlimlər keçirlər. Bunlar, 2014-cü ilin son günlərində Talibanın Pişəvərdəki bir məktəbə etdiyi hücumun nəticələrindən bəziləridir.

Taliban hərbçilərinin amansızca qətl etdikləri qurbanların 132-si kiçik yaşlı günahsız məktəblilər idi. Talibanın hücum etdiyi gün-11 sentyabr vəhşilik dərəcəsinə görə Pakistanın 11 sentyabrı olaraq tarixə qeyd olundu. Bu hücum Pakistan ordusunun 2014-cü ilin yayında Şimali Vəziristan bölgəsində Taliban hərbi qüvvələrinə qarşı başlatdığı “Zərb-ə-Əzb" əməliyyatına verilən cavab tədbiri idi. Bu hadisə bir daha göstərdi ki, şiddətdən şiddət doğur, qan daha çox qan gətirir.

Pakistan terror hadisələrinin tez-tez baş verdiyi bir ölkədir. Pakistanlı şagirdlərin anti-terror təlimi almaları qəribə hal deyil. Amma təhsil müəssisələrinin silahlarla təchiz olunması qətiyyən Talibanı bu hərəkətindən yayındırmaz, terror aktlarını dayandırmaz və axıdılan qanı azaltmaz. Qətliamlar törədən radikal terroristlər onsuz da ölmək niyyətindədirlər, buna görə də qarşılarına çıxacaq silahlı müəllimlərdən çəkinmirlər.

Eyni Allah`a, eyni dinə, eyni peyğəmbərlərə iman gətirən insanlar bir-birlərini qırırlar. Problemlərin həllini sevgi, qardaşlıq və dostluqda deyil, silah və bombalarda axtarırlar. Sevgisizlik, qarşıdurma və zülm ruhu hər tərəflərini bürüyüb. Hadisələrin yaranmasına səbəb olan da elə məhz insanlardakı bu ruh halıdır.

Məktəb qətliamından dərhal sonra Pakistan hökuməti radikal terror təşkilatlarına qarşı bir plan tərtib etdiyini bildirdi və "Milli Fəaliyyət Planı"[i] adlı 20 maddədən ibarət mübarizə xarakterli bu planı qüvvəyə mindirdi. Bu plan sərt tədbirlər, hərbi əməliyyatlar, edam cəzaları yolu ilə mübarizə aparılması üçün tərtib olunmuşdu. Amma burada ciddi bir yanlışlıq var idi: Planda bataqlığı qurutmaqla yanaşı, ağcaqanadları öldürmək də nəzərdə tutulurdu .

Pakistan Talibanı və İŞİD-ə sadiqlik andı içən bəzi qruplar şiddət və terroru yeganə üsul hesab edirlər. Onlar müzakirələrə müsbət baxan Əfqan Talibanından daha radikal quruluşa sahibdirlər. Kiçik uşaqları, günahsız qadınları, məsciddə ibadət edən şiə müsəlmanlarını, uşaqlara çiçək peyvəndi vurmaq istəyən səhiyyə işçilərini qəddarcasına öldürürlər. Onlar günahsız qız şagirdlərə hücum edəcək və ya üzlərinə turşu atacaq qədər nifrət doludurlar.

Buna görə də bataqlığı qurutmaq üçün bu kin, nifrət və düşmənçiliyin əsl mənşəyinin nə olduğunu yaxşı qavramalıyıq. Amma əvvəlcə ön mühakimələrdən qurtulmalı, qəzəb və duyğusallığın təsiri altında qalmamalıyıq. Taliban Pakistan hökumətini devirməyi və orada öz radikal din modelini qurmağı planlayır, başqa bir anlayışa və inanca isə heç bir haqq tanımır. Talibanın təhlükəli olmasındakı məsələ silahlarının olması deyil, sahib olduğu radikal ideologiyasıdır. Taliban ideologiyasının əsasında gerçək İslamda heç bir yeri olmayan xurafatlar, uydurma hədislər və batil inanclar dayanır. Uğrunda öldükləri və öldürdükləri dinləri isə Qurandakı İslama tamamilə zidd olan xurafat dinidir.

Taliban terrorunu doğuran və bəsləyən radikal inanc sisteminin mənbəyi isə Amerika və ya Hindistan gizli servisləri, yaxud beynəlxalq qüvvələr deyil. Əslində problemin kökü kənarda yox, Pakistan xalqının sosial-siyasi müəssisələrində, xüsusilə də milli təhsil sistemindədir.

Pakistanlı tələbələr əsasən mədrəsələr və ya dövlət məktəblərində təhsil alırlar. Ölkədə təxminən otuz min mədrəsə və orada təhsil alan 1.5 milyon şagird olduğu təxmin edilir. Mədrəsələr xüsusilə yoxsul ailələrin uşaqlarına pulsuz dini təhsil və yaşayış imkanı təmin edir. Ancaq bu mədrəsələrin mühüm bir qismi rəsmi tədris planına zidd və xurafatlara əsaslanan bir din təlimi keçir. Bəziləri dövlətdən xəbərsiz və dövlət nəzarəti olmadan fəaliyyət göstərir və ya haradan maliyyələşdirildikləri məlum deyil. Ən vacibi isə budur ki, şagirdlər İslam dini adı altında xurafatçı, sevgisiz, nifrət doğuran sistemə əsaslanan təhsil alır və məzun olduqdan sonra da din xadimləri olaraq bunları insanlara təbliğ etməyə başlayırlar. Əlbəttə, bu cür yanlış bir təhsil İslam adı altında fəaliyyət göstərən radikallara çox rahatlıqla özlərinə davamçı yığmaq imkanı yaradır.

Şübhəsiz, şiddət və terror tərəfdarları təkcə mədrəsədə deyil. Dövlət təhsil müəssisələri də fanatik düşüncə tərzini gənclərin beyninə yeridir. "İslam dini və Pakistan təhlükə altındadır. Pakistan Qərb dövlətlərinə qarşı bir növ müharibə elan edir." kimi fikirlər də rəsmi tədris planının bir hissəsidir.

Pakistanı xurafat və terror bataqlığından qurtarmaq üçün yeganə yol gerçək İslama əsaslanan təhsil sistemidir. Silah, ya da təhdid bu problemə həll deyil. Pakistan məktəblərində nifrət doğuran danışıqlara ən tez müddətdə son qoyulmalı, İslamın sevgi, dostluq, şəfqət, mərhəmət ruhlu mesajları şagirdlərə çatdırılmalıdır. Pakistan məktəblərində İslam dini olduğu kimi, Quran əxlaqı ilə öyrədilməli və orada sevgi insanları hazırlanmalıdır.

Pakistan xalqı sonuncu dəfə məktəbə edilən qəfil hücum zamanı radikalizmin nə qədər təhlükəli və dəhşətli ola biləcəyini gördü. Ümid edirik ki, bu dəfə alınan tədbirlər gözə pərdə asmaq dərəcəsində qalmaz və ümid edirik ki, bu dəfə silahlı mübarizəyə deyil, təhsillə mübarizəyə üstünlük verilər.

[i] The National Action Plan

Adnan Oktarın Daily Times & Daily Mail'də yayımlanan məqaləsi:

http://www.dailytimes.com.pk/opinion/23-Mar-2015/pakistan-s-superstitions


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr