Hazırda dünyanın əksər İslam ölkələrində silahlı qarşıdurmalar, əks fikirlər arasında şiddətli çəkişmələr davam edir. İdarəçi sistemlər zorakılığa əl ataraq demokratiya anlayışını bu ölkələrdən tamamilə silməyə çalışırlar. İraqda başlayıb Suriyada davam edən və qısa müddətdə Misiri də öz cənginə alan bu dəhşətli müharibələr İslam ölkələrində təkrarlanan filmə bənzəyir.
Bəs bütün bunların əsasında nə dayanır?
Müsəlmanların əsl İslam əxlaqını yaşamalarına mane olan və İslam ölkələrini cənginə alan bəlaların əsl səbəbi xurafatla necə mübarizə aparılmalıdır?
Sürətlə inkişaf edən texnologiya və internet sayəsində dünyagörüşlərini genişləndirən insanlar müasir həyat tərzini asanlıqla mənimsəyirlər. Məhz bu səbəbdən bu insanlar müsəlman ölkələrindəki qadağalarla dolu xurafat həyat tərzini gördükdə İslam dinindən uzaqlaşırlar.
Qeyd edək ki, hazırda qarışıqlıqların yaşandığı əksər müsəlman ölkələri bu müasirliyi qəti şəkildə rədd edir. Halbuki İslam ölkələri Quranda bildirilən və olduqca asan olan həyat tərzini hədəf almalıdırlar. İslam dinini tamamilə başqa dona bürüyərək dünyada təbliğ edən və müasirliyə qarşı sərhədlər qoyan bu təhlükədən xilas olmağın tək yolu əsl İslam əxlaqına uyğun yaşamaq və Quran əxlaqının gözəlliyini dünyaya göstərməkdir.
İslam ölkələri gözəl və estetik görünüşə malik olmalıdır.
Bir çox İslam ölkəsi iqtisadiyyatını dirçəltməklə bütün problemlərini həll edəcəyini düşünür. Əlbəttə, iqtisadiyyatın inkişafı və xalqın yaşayış səviyyəsinin yaxşılaşdırılması çox vacib məsələdir. Lakin iqtisadi problemlərin həlli modern dünyanın qurulması üçün kifayət deyil. Əksər müsəlman ölkəsində yaşayış yerləri (dini məkanları, müəssisələri və bölgələri tənzih edirik) qara, boz, qəhvəyi rəngə boyanır, təmizliyə isə, demək olar ki, riayət edilmir. Bu şəhərlərdə tək-tük rast gəlinən gözəl binalarda da təbii gözəllikdən, sevgi və xoşbəxtlikdən əsər-əlamət yoxdur. Buna görə də bəzi İslam şəhərləri hər hansı Avropa və ya Amerika şəhəri ilə müqayisə edilməyəcək dərəcədə baxımsız, dağınıq və zövqsüz görünüşə malikdir. Sevgidən, estetikadan, incəsənətdən məhrum cəmiyyətlərdə keyfiyyətli və müasir həyat tərzindən bəhs etmək qeyri-mümkündür. İslam ölkələrinin bu cansıxıcı görünüşünü dəyişmək üçün uca Allahın Quranda cənnəti təsvir edərkən bildirdiyi keyfiyyət və estetika anlayışını bu ölkələrdə tətbiq etmək lazımdır.
Allah Quranda sənətin və estetikanın ən gözəl nümunələrini bizə bildirir. Yəni Quran əxlaqına yiyələnən bütün ölkələrdə təmiz, işıqlı, rahat, eyni zamanda xarici görünüşü ilə göz oxşayan binalar tikilməli, hər yerdə park və bağçalar salınmalı, çiçəklər əkilməli, zövqlü heykəllərlə bəzədilmiş hovuzlar tikilməli, yol boyu cürbəcür meyvə ağacları yetişdirilməli, geniş muzeylər, qalereyalar, teatr və konsert salonları inşa edilməlidir.
Liderlər bütün insanlara sevgi və şəfqətlə yanaşmalıdırlar
Bəzi İslam ölkələrinin başçıları kobud danışıq tərzləri, əsəbi və hirsli rəftarları ilə xalqda özlərinə qarşı mənfi düşüncələr formalaşdırırlar. Bu insanlar danışarkən sevgi ifadə edən sözlərdən istifadə etmirlər. Hətta bəziləri müasir dünyagörüşündən məhrumdur, sənət və estetika ilə maraqlanmır, musiqidən, rəsim əsərindən, heykəltəraşlıq nümunələrindən zövq almırlar. Dünyada gözəlliklə, inkişafla bağlı dəyişikliklərdən bixəbərdirlər. Bu xoşagəlməz vəziyyət, yəni xalqı təzyiq altında saxlayaraq “doğru yola dəvət etmə”, qeyri-səmimi danışıqlar və rəftarlar İslam ölkələrinin bir çoxuna hakimdir. Bu liderlərin əksəriyyəti gənclərə dəyər vermir və onlarla münasibətdə soyuq və məsafəli üslubdan istifadə edirlər. Şübhəsiz, bütün bunlar xalqda bu başçılara qarşı sevgisizlik hissi yaradır. Halbuki Quran sevgi dolu, şəfqətli, həlim olmağı əmr edir. Allah bir çox ayədə mülayim xarakterli olmağı tövsiyə edir və peyğəmbərlərin bu gözəl xüsusiyyətə yiyələndiklərinə diqqət çəkir:
"... Həqiqətən, İbrahim (Allaha) çox yalvaran həlim bir kimsə idi." (Tövbə surəsi, 114)
Gəncləri sevən, onların istəklərini dinləyib həll etməyə çalışan, cəmiyyətdəki insanların hər birinə sevgi, qayğı və şəfqətlə yanaşan, zarafatcıl, təvazökar üslubla danışan və sözün ən gözəlini söyləyən, sənətə, estetikaya üstünlük verən zəngin mənəviyyatlı liderlərin iqtidara gəlməsi Allahın İslam ölkələrinə gözəllik bəxş etməsinə vəsilə olacaqdır, inşaAllah.
Qadınlarla Quranda bildirildiyi kimi gözəl rəftar edilməlidir
Quran əxlaqı tətbiq edilmədiyi üçün İslam ölkələrində ən çox əziyyətlərə və təzyiqlərə məruz qalan qadınlardır. Çünki bu ölkələrdəki xurafatçılar Quranın hökmlərini qulaq ardına vuraraq qadınlara təmizlik işlərinə baxan və onlara xidmət edən ikinci təbəqənin insanları kimi yanaşırlar. Fiziki cəhətdən zəif olduqları üçün qadınların bacarıqlarının çox az, hətta əxlaqi keyfiyyətlərinin də zəif olduğuna inanırlar. Cəmiyyətdə qadın və kişi işi ayrı-seçkiliyi buna nümunədir. Bu səbəbdən, bir çox cəmiyyətlərdə qadınlar xoşbəxt olmurlar. Yalnız səmimi olanlar Allahın qadınlara verdiyi dəyəri dərk edir və qadınlar üçün uydurulan xurafatlara əsla inanmırlar. Lakin bu xurafatlar nəticəsində bəzi insanlar qadınları kişilərdən aşağı təbəqədə görürlər. İslam adı altında fəaliyyətlərini yürüdən xurafatçılar qadını yarım insan kimi görür və cəmiyyətdə də belə fikrin formalaşması üçün böyük cəhd göstərirlər. Məsələn, qadınlarla bağlı xurafatları Peyğəmbərimizin (səv) hədisləri kimi qələmə verərək onlarla pis rəftar edilməsinə səbəb olurlar. Quranda qadınların namazı pozması ilə bağlı hökm yoxdur və Peyğəmbərimiz (səv) də əsla Qurana zidd söz söyləməz. Lakin xurafatçılar qadını itə və donuza tay tutaraq müsəlmanları qadına dəyər verməyən və əzən insanlar kimi göstərirlər.
"Qara it, eşşək, donuz və qadın namazı pozur." (Sahihi Müslim, Salat 265; Tirmizi Salat 253/338 Ebu Davud, Salat, 110/720)
"Çünki bu, onları doğru yola gətirmək, tərbiyələndirmək üçün daha təsirlidir" (Şevkani, el-Fevaid, Nikah, səh. 137, h.389/61)
Bu azğın düşüncə tərzinə görə, qadın hər an səhv hərəkət etməyə meyillidir və ağlı əskikdir, onu tərbiyələndirmək çubuğu daima hazır tutmaq lazımdır. Bu xurafatları doğru qəbul edib həyata keçirən bir cəmiyyətin sevgisiz və qəddar olacağı aydındır. Əslində, Qurandakı şəfqət və mərhəmət hissi ilə uyğun gəlməyən və həqiqəti əks etdirməyən bu xurafatların cəmiyyətə nə qədər böyük zərər verəcəyi məlumdur.
İslam adı altında qadınlara qarşı uydurulan bu xurafatlar dinimiz üçün çox böyük təhlükədir. Əlbəttə ki, fiziki cəhətdən qadınla kişi eyni gücə malik deyil. Lakin bu, qadının ağlının zəif və bacarığının az olması demək deyil. Müasir dövrdə bir çox sahədə göstərdikləri bacarıqla qadınlar bu düşüncə tərzinin əsassız olduğunu sübuta yetirmişdir. Quranda qadınların ağıllı, bacarıqlı və idarəetmə qabiliyyətlərinin olması Səba məlikəsi nümunəsi ilə bildirilmişdir. Allah qadınların rəhbər ola biləcəyinə "Mən onlara padşahlıq edən, özünə hər şey verilmiş və çox böyük bir taxtı olan bir qadın gördüm." (Nəml surəsi, 23) ayəsi ilə diqqət çəkmişdir. Eyni zamanda “Qadına: “Saraya daxil ol!”– deyildi. O, sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və baldırlarını açdı. (Süleyman) dedi: “Bu, büllurdan hamarlanıb düzəldilmiş bir saraydır!” (Qadın) dedi: “Ey Rəbbim! Mən özümə zülm etmişdim. İndi isə Süleymana tabe olub aləmlərin Rəbbi olan Allaha təslim oldum!” (Nəml surəsi, 44) ayəsi ilə qadınların da doğru qərarlar qəbuletmə bacarığının olduğunu bildirmişdir.
Yalnız qadınlar və gənclər cəmiyyətdəki azad mövqelərinə qovuşduqları halda güclü dövlətin yaradılmasından söhbət gedə bilər. Buna görə də xurafatçıların əziyyətlərinə məruz qalan qadınlara layiq olduqları dəyərin verilməsi, hüquq və azadlıqlarının qorunması, ictimai və siyasi həyatda hər kəslə bərabər mövqəyə gətirilməsi çox əhəmiyyətlidir. Qadınların hürriyyətlərinə və rahat həyat tərzinə qovuşması cəmiyyətin dirçəlməsində və rahatlıq tapmasında çox böyük rol oynayacaqdır.
Qadın hüquqlarının bərpa olunmalı, Allahın Quranda hz. Məryəmi (əs) bitki kimi yetişdirdiyini bildirərək qadınların zərif, incə, təmiz və dəyərli olduqlarına diqqət çəkilməli və onlara diqqət, şəfqət, hörmət və sevgi ilə yanaşılmalıdır. Qadınları "yarı insan" kimi görən və alçaldan xurafatçıların Qurana tamamilə zidd düşüncələrini deyil, Səba məlikəsi nümunəsində olduğu kimi qadınları cəmiyyətin hər sahəsinə daxil olmağa və bacarıqlarından istifadə etməyə imkan yaradan bir sistemin mənimsənilməsi vacibdir. Bu məqsədlə, İslam ölkələrini idarə edən liderlərin müasir, baxımlı gənc qızlarla, başı açıq, dekolte geyinən, örtülü və ya hicab taxan xanımlarla birlikdə bütün qadınlara dəyər verən bir üslubdan istifadə etmələri, xurafatçı zehniyyətin çürüdülməsi üçün əhəmiyyətli addım olacaqdır. Qadınların cəmiyyətin bütün təbəqələri kimi azad olduqları Quranda açıq-aşkar ifadə edilir.
Demək olar ki, bütün İslam ölkələrinə hakim kəsilən xurafatlar nəinki təkcə bu ölkələrdə, hətta dünyada tamamilə Qurana zidd İslam anlayışı formalaşdırır. Bu xurafatlar İslam dünyasının sənət, elm və texnologiyadan fikrən və maddi cəhətdən geri qalmasının nəticəsində meydana gəlmişdir. Yəni İslam aləminin sənət, gözəllik və estetikaya xüsusi diqqət yetirməsi olduqca vacibdir. Müsəlmanlar müasirlikləri, bütün sahələrdə nailiyyətləri, gözəlliyə, estetikaya, incəsənətə verdikləri dəyər ilə dünyada nümunəyə çevrilməli, hər kəsi təmiz, keyfiyyətli, dürüst həyat tərzinə təşviq etməli, xüsusilə gənclərə geniş səlahiyyətlər verərək bu barədə azadlıqlarını təmin etməlidirlər. Azad cəmiyyətlərin qurulması insanların lehinədir, çünki din ancaq azad mühitdə yaşana bilər.
İslam ölkələri Quranın əmrlərinə uyğun olaraq Kitab əhlinə şəfqətlə yanaşmalıdır
Dünyanın bir çox yerində müsəlman dedikdə insanların gözündə xurafatçılar canlanır. Bunun əsas səbəbi isə xurafatçıların uydurduqları qadağaların, qanunların, şiddət və nifrət dolu davranışların İslam dini adı altında dünyaya təqdim edilməsidir. Bu insanlar Kitab əhlinə də nifrət bəsləyirlər. Lakin Peyğəmbərimizin sünnəsindən də aydın olur ki, bütün müsəlmanlar Kitab əhlinə qarşı şəfqət, sevgi göstərməli və onları qorumalıdırlar. Uca Allah Maidə surəsinin 5-ci ayəsində yəhudi və xristianların yeməklərini müsəlmanlara halal buyurmuşdur. Bu ayədə bir müsəlmanın Kitab əhlindən olan bir qadın ilə evlənə biləcəyi də bildirilmişdir. Yəni Quran ayəsinə görə hər hansı bir yəhudi və ya xristian nifrət ediləcək insan deyil, əksinə müsəlmanın dünya və axirət həyatını birlikdə keçirə biləcəyi yoldaşı və ya sevdiyidir. Əraf surəsinin 159-cu ayəsində Allah yəhudilər arasında "elə bir camaat vardır ki, haqq ilə (insanları) doğru yola yönəldir" deyə bildirir. Ali İmran surəsinin 113, 114 və 199-cu, Qəsəs surəsinin 52-ci, Nisa surəsinin 162-ci, Bəqərə surəsinin 62-ci, Maidə surəsinin 12 və 69-cu ayələrində Rəbbimiz "Allaha yəqinliklə iman gətirən yəhudi və xristianların olduğunu" xəbər vermiş və onları gözəl bir əcrlə müjdələmişdir. Gördüyümüz kimi, bəzi xurafatçıların nifrət etdiyi Kitab Əhli Qurana əsasən müsəlmanların dostu, sirdaşı, hətta həyat yoldaşıdır. Buna görə də İslam ölkələri Avropa ölkələrinə qapılarını açmalı, İsrail dövləti ilə dostluq münasibətlərini genişləndirməlidirlər. Dindar xristianlara və yəhudilərə nifrət etmək Quran əxlaqına görə günahdır və Kitab əhlinə qarşı ədalətsizlikdir.
İslam dövlətlərinin başçıları həm xristianlara, həm də yəhudilərə şəfqət hissi duymalıdırlar. Bütün İslam aləmi Peyğəmbər (səv) və səhabə dövründə olduğu kimi dost və qardaş olmalıdır.
Adnan Oktar: "Xurafatlar aradan qalxsa, Avropa Birliyi Türkiyəni dərhal qəbul edər"...
Xurafatlar səbəbindən Türkiyə Avropa Birliyinə qəbul edilmir. Bu düzəlsə, Türkiyə dərhal qəbul olunar. Başqa cür bu məsələ həllini tapmayacaq.
Günter Ottinger "Diz üstündə sürünərək türklərə gedib "Bizə qoşulun" deyə təklif edəcəklər" sözlərini xoşumuza gəlsin, gündəmdə qalsın, tarixə düşsün deyə söyləmişdi. İstədiyinə nail olmuş, bu sözlər bütün qəzetlərin ilk səhifəsinə də başlıq olmuşdu. Yoxsa heç bir avropalı belə bir şey deməz.
Yəni insanın həyatını iflic edən davranışdan bəhs edirik. Məsələn, iltifat etməyi, gözəl sözlər söyləməyi qadağan edirlər. Lakin avropalılar bir-birlərinə iltifat etməyi sevirlər. Hətta gülməyə, gözəl ətirlər vurmağa, diş fırçasından, pomadadan istifadə etməyə də qadağa qoyurlar. Halbuki, avropalılar çox baxımlı, təmizkar olurlar. Tərtəmiz, baxımlı olmağı qadağan edirlər, haram deyirlər, hamısına da fasiq gözü ilə əcaib insan kimi baxırlar. İnsan buna dözə bilərmi? Sıxılar, narahat olar. İnsana fasiq gözü ilə baxılsa, orda necə rahat ola bilər? Günahkar və alçaldıcı bir üslubdan istifadə edilsə, bu insanın qüruruna toxuna bilər, rahat yaşaya bilməz.
Məsələn, bu düşüncədəki insanların ehtişamlı, təmiz evləri olmaz, ağlımıza gələn hər şey, bütün gözəlliklər, keyfiyyətli həyat tərzi, estetika qadağandır. Bundan fərqli həyat tərzini və bu həyatı yaşayan insanları da qəbul etmirlər.
Bu mövzunun üzərindən ötəri keçmək olmaz. Qarşımızda İslam dininə çox böyük zərər yetirən yanlış düşüncə tərzi var. Bütün bunların xurafatçıların düşüncələri olduğu, Quranın, İslamın bu düşüncə ilə heç bir əlaqəsinin olmadığı bütün dünyaya bildirilməlidir. (Adnan Oktar, 22 fevral 2013, A9 TV)
Müsəlman aləmində xurafatçıların qadağaları deyil, Quranda təsvir edilən demokratiya və azadlıq anlayışı mənimsənilməlidir.
Xurafatçılar Quranda olmayan haramlarla insanların həyatlarını olduqca çətinləşdirir, azadlıqlarını əllərindən alırlar. Bu azğın düşüncə tərzinə görə gülmək, musiqiyə qulaq asmaq, ətir vurmaq, stolda yemək yemək, yemək zamanı bıçaq və çəngəldən istifadə etmək haramdır. Qadınlar isə evə həbs edilən, bəzənməsinə, gözəl geyinməsinə icazə verilməyən insanlardır. Onlara görə bəzi heyvanlar lənətlənmişdir. Məsələn, kərtənkələ öldürməyin savab olduğuna inanırlar. Xurafatçılıqda namaz qılmayanın və zəkat verməyənin edamı, oruc tutmayanın həbs edilməsi qanundur. Həyatı gözəlləşdirən hər şeyə - sənətə, estetikaya, musiqiyə qadağa qoyurlar. Keyfiyyətli həyat tərzini, azad düşüncələri formalaşdıran, insanların fikirlərini açıq şəkildə ifadə etməsinə kömək edən bütün bu gözəlliklər qadağan edilərək təzyiq altında yaşayan cəmiyyət yaradılır.
Halbuki, İslam şəfqət dinidir və Quranda hökm edildiyi kimi "Dində məcburiyyət yoxdur" (Bəqərə surəsi, 256). Xurafatçıların "dinini dəyişdirəni öldürün!" qanunu İslam əxlaqına tamamilə ziddir. İslam insanlara fikir, ibadət və söz azadlığı verən, hər kəsin hüquqlarını qoruyan və ən əsası insanlara həqiqi hürriyyəti bəxş edən bir dindir. Allah insanlara asanlıq, rahatlıq, sevinc və xoşbəxtlik diləyər. Allah qullarına zülm edən deyil. Allahın seçib bəyəndiyi din insanlara ən rahat, ən xoşbəxt, ən etibarlı, ən keyfiyyətli və ən zövqlü həyatı yaşamağı öyrədir.
Xalqa aid qərarlar müşavirə məclisi qurularaq verilməlidir
İslam ölkələrində demokratiya adı altında xalqı əzməyi, öldürməyi, əzab verməyi vərdiş halına gətirənlərin, münaqişələrdən əxlaqsızca mənfəət əldə etməyə çalışanların, müsəlmanların azad seçiminə zərrə qədər dəyər verməyənlərin, bir sözlə, müsəlmanları demək olar ki, insan yerinə qoymayanların sayı xeyli çoxdur. Xüsusilə də, Suriya və Misirdə baş verənlər bu vəziyyəti açıq-aşkar gözlər önünə sərir. Bir çox İslam ölkələrindəki xurafatçıların İslam əxlaqına zidd ağır cəza sistemlərinə, fikirlərini azad ifadə etdikləri üçün günahsız insanların həbs edilməsinə, uşaqların, qadınların üzərinə güllələrin yağdırılmasına, kəskin nişançıların məsum insanları qətlə yetirməsinə, baltaçıların vəhşiliklərinə bütün dünya şahid olur. Xüsusilə də bu ölkələrdəki dövlət qurumları xurafatçıları səbəb göstərərək daima yeni münaqişələr yaradırlar.
Xalq arasında fitnə törədərək əsl düşmənlərini görməyə mane olmaq və demokratikləşmənin qarşısını almaq olduqca asandır. Azadlığı, müasirliyi təşviq edən, elmi və sənəti dəstəkləyən, insanlara ziyalılığı aşılayan gümrah, dinamik, müasir və keyfiyyətli həyat tərzini mənimsəmək bu oyunu pozacaqdır. Yalnız bir istiqamətli təzyiq göstərən və çoxlu qadağaların olduğu xurafatçı düşüncənin dəyişməsinin ən təsirli üsullarından biri də budur. Gənclərdən, müxtəlif təbəqələrin insanlarından, başı açıq və qapalı xanımlardan, müxtəlif məzhəb, fikir və dinlərə mənsub insanlardan seçilən təmsilçilər heyətinin hər kəsin istəyini dinləməsi Quran əxlaqına da uyğundur. Quranın bu əmrini ən gözəl şəkildə yerinə yetirən peyğəmbərimiz hz. Muhəmməd də “Kim bir işi görmək istədikdə, o işin əhli müsəlmanla məsləhətləşərsə Allah onu işində müvəffəq edər." (Kütüb-i Sitte, 16-cı Nəşr) sözləri ilə məsləhətləşməklə bağlı bütün möminlərə nümunə olan davranış nümayiş etdirmişdir.
Fərqli düşüncələr, müxtəlif dünyagörüşləri və tənqidi yanaşmalar əskiklərin düzəldilməsi və keyfiyyətin yüksəlməsinə də vəsilə olacaq.
İslam adı altında ortaya çıxan siyasi hərəkət xurafatlara görə deyil, Quranda bildirilən sevgi, şəfqət, ədalət və demokratiya üzərində qurulmalıdır. Xüsusilə də cəmiyyətə sevgini və hörməti hakim etmək, hər düşüncədən, hər dindən, hər irqdən, hər inancdan insanlara şəfqət göstərmək, hüquqlarını, azadlıqlarını qorumaq, rahatlıqlarını təmin etmək olduqca vacibdir. Fərqli düşüncə və inanclara sahib insanlar bərabər yaşaya bilməli və bir-birilərinə hörmət, sevgi bəsləməlidirlər. Bütün bunları təmin etmək İslam ölkələrinin əsas vəzifəsidir.
Müsəlmanlar səmimi olaraq Quran əxlaqını yaşasalar, xurafatçıların yaratdığı sıxıntılar da sona çatar.
Bütün müsəlmanların müasir, sevgi dolu, sənətə, estetikaya bağlı bir sistem qurmaları İslam aləminin dünyaya nümunə olmasına vəsilə olacaqdır. Xurafatçıların uydurduqları ölü həyat sistemləri xüsusilə son əsrdə meydana gəlmişdir. İslam ölkələrinin bir çoxuna hakim olan bu xurafatları, əslində, onları uyduran insanlar da istəmirlər. Lakin İslam aləmi bu xurafatçıların uydurduqları bəladan xilas ola bilmir. Əslində isə İslam dünyasında böyük birlik meydana gətirən müasir bir cəmiyyət mövcuddur. Onlar da xurafatçıların uydurduqları bu sistemi istəmirlər, lakin xurafatçı diktator rejim onları da susdurur və özünə tabe edir.
Zərbə, iqtidar, ittifaq və ABŞ-ın işğalı ilə bu rejim əsla ləğv olunmaz. Əksinə, qarışıqlıqlar daha da artar və bütün dünya bu rejimlə birlikdə böyük bəlaya sürüklənər. Hal-hazırda İslam dünyasındakı qarışıqlıqların yeganə həlli Allahın Quranda bildirdiyi həqiqi müsəlman anlayışını mənimsəməkdir. Allahın Quranda bildirdiyi müsəlmanlıq anlayışı sevgi, ədalət, anlayış, barış, azadlıq, keyfiyyət, təmizlik, estetika, gözəllik və müasirlik deməkdir. Peyğəmbərimizin (səv) hədislərində bildirdiyi bütün axırzaman əlamətləri bir-bir çıxdığı halda, onlara laqeyd yanaşmaq və Allahın Quranda fərz qıldığı halda xurafatçıların İttihadi-İslama, hz. İsaya (əs) və hz. Mehdiyə (əs) qarşı çıxmaları İslam dünyasındakı xaosun digər səbəbidir. Müsəlman aləminin parça-parça olmasının, qan gölünə dönməsinin, milyonlarla insanın acı və iztirab çəkməsinin səbəbi də budur. Bu insanlar İslam aləmində yaşanan sıxıntıların günahını ABŞ və Rusiyada görürlər. Halbuki bütün günah Allahın əmri olduğu halda İttihadi-İslamın yaranmasına bilərək və ya bilməyərək mane olan xurafatçılardadır. Müsəlmanlar birləşsələr, Allahın əmrini yerinə yetirib İttihadi-İslamı qursalar və Quranda bildirilən müasir İslamı yaşamağa başlasalar, Rəbbimizin izni ilə İslam dünyasının üzərindəki qara buludlar tezliklə yox olacaqdır.