Onlara oxunan Kitabı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi? Həqiqətən, bunda iman gətirən adamlar üçün mərhəmət və ibrət vardır. (Ənkəbut surəsi, 51)
Dilinizin uydurduğu yalana əsasən: “Bu halaldır, o haramdır!” – deməyin, çünki Allah`a qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allah`a qarşı yalan uyduranlar nicat tapmazlar. (Nəhl surəsi, 116)
De: “Allah`ın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?” De: “Bunlar dünya həyatında (hamıya), Qiyamət günü isə yalnız möminlərə məxsusdur”. Biz dərk edən adamlar üçün ayələri belə izah edirik. De: “Rəbbim həm aşkar, həm də gizli (törədilən) yaramaz əməlləri, (hər cür) günahı, haqsızcasına zülm etməyi, Allah`ın, haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Ona şərik qoşmağınızı və bilmədiyiniz şeyləri Allah`ın əleyhinə söyləməyinizi haram buyurmuşdur”. (Əraf surəsi, 32-33)
Onlar: “Bu mal-qaranın qarınlarındakı (balalar) kişilərimizə halal, qadınlarımıza isə haramdır” – deyirlər. Əgər o (bala) ölü doğularsa, hamısı onu (yeməyə) şərik olurlar. Allah onları (bu) vəsflərinə görə cəzalandıracaqdır. Həqiqətən, O, Müdrikdir, Biləndir. (Ənam surəsi, 139)
Axmaqlıqları üzündən dərk etmədən öz övladlarını öldürən və Allah`ın onlara verdiyi ruzini Allah`a iftira ataraq haram edənlər, əlbəttə, ziyana uğramışlar. Onlar azdılar və doğru yola yönəlmədilər. (Ənam surəsi, 140)
De: “Allah`ın sizə nazil etdiyi ruzi barədə söyləyin görüm, onun bir qismini haram, bir qismini isə halal saydınız”. De: “Allah`ım sizə izn verdi, yoxsa Allah`a iftira yaxırsınız?” (Yunus surəsi, 59)
Allah, – məcburiyyət qarşısında yeyəcəyiniz şeylər istisna olmaqla – haram buyurulanları təfərrüatı ilə sizə bildirdiyi halda, üstündə Onun adı çəkilənlərdən nə üçün yeməyəsiniz? Şübhəsiz ki, çoxları elmsiz olduqları üçün öz istəklərinə uyub (insanları doğru yoldan) azdırırlar. Həqiqətən, sənin Rəbbin, həddi aşanları daha yaxşı tanıyır. (Ənam surəsi, 119)
Həm sizin, həm də səfərdə olanların faydalanması üçün dəniz ovu və onu yemək sizə halal edildi. İhramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram edildi. Hüzuruna toplanılacağınız Allah`dan qorxun! (Maidə surəsi, 96)
Müşriklər dedilər: “Əgər Allah diləsəydi, biz də, atalarımız da Ondan başqa heç nəyə ibadət etməz və Onun izni olmadan heç nəyi haram saymazdıq!” (Bəli,) onlardan əvvəlkilər də eynilə davranmışdılar. Məgər elçilərin vəzifəsi ancaq aydın təbliğat aparmaq deyilmi? (Nəhl surəsi, 35)
Dəvədən də ikisini, inəkdən də ikisini. De: “O, iki erkəyi haram buyurdu, yoxsa iki dişini, yaxud iki dişinin qarnındakı (balaları)? Yoxsa Allah bunu sizə tövsiyə etdiyi zaman şahid idiniz?” Elmsiz olaraq insanları azdırmaq üçün Allah`a qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, Allah zalım camaatı doğru yola yönəltməz. De: “Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allah`dan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm”. Hər kəs (harama) meyl etmədən və həddi aşmadan (bunlardan yeməyə) məcbur olarsa, (ona günah gəlməz). Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir. (Ənam surəsi, 144-145)
Ey iman gətirənlər! Allah`ın sizə halal buyurduğu təmiz ruziləri haram etməyin və həddi aşmayın. Həqiqətən, Allah həddi aşanları sevmir. (Maidə surəsi, 87)
Açıq-aydın ayələrimiz onlara oxunduğu zaman Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər deyərlər: “Bizə bundan başqa bir Quran gətir və ya onu dəyişdir!” De: “Mən onu öz istəyimlə dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy olunana tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük günün əzabından qorxaram”. (Yunus surəsi, 15)
O kəslərdən ki, öz dinini bölüb firqələrə ayrıldılar. Hər firqə öz təriqətini üstün bilib sevinir. (Rum surəsi, 32)
(Allah) Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: “Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!” Sənin dəvət etdiyin (tövhid) müşriklərə ağır gəldi. Allah istədiyi kəsi Özü üçün seçər və (Ona) üz tutanı Özünə tərəf yönəldər. (Şura surəsi, 13)
Musa onların yanına açıq-aydın dəlillərimizlə gəldikdə onlar: “Bu ancaq uydurulmuş bir sehrdir. Biz ulu babalarımızdan belə bir şey eşitməmişik” – dedilər. (Qasas surəsi, 36)
Ayələrim sizə oxunurdu, siz isə arxa çevirirdiniz. (Muminun surəsi, 66)
Həm də onunla (o Kəbə ilə) təkəbbürlük edir, gecələr toplanıb yaramaz sözlər danışırdınız. (Muminun surəsi, 67)
Məgər (kafirlər) bu Söz (Quran) haqqında düşünmürlərmi? Yaxud onlara ulu babalarına gəlməyən bir şey gəldi? (Muminun surəsi, 68)
Yoxsa onların Allah`ın dində izin vermədiyi şeyləri onlar üçün şəriət qanunu edən bilən şərikləri vardır? Əgər həlledici Söz olmasaydı, aralarındakı iş bitmiş olardı. Həqiqətən, zalımları ağrılı-acılı bir əzab gözləyir. (Şura surəsi, 21)
Onlardan elə bir dəstə də vardır ki, oxuduqlarını Kitabdan hesab edəsiniz deyə Kitabı oxuyarkən dillərini əyib bükürlər. Halbuki bu, Kitabdan deyildir. Onlar: “Bu, Allah qatındandır!” – deyirlər. Halbuki o, Allah qatından deyildir. Onlar bilə-bilə Allah`a qarşı yalan danışırlar. (Ali-İmran surəsi, 78)
Sözsüz ki, ayələrimizdən üz döndərənlər Bizdən gizli qalmazlar. Onda (deyin görək) oda atılan kimsə yaxşıdır, yoxsa Qiyamət gününə əmin-amanlıq içində gələn kimsə? İstədiyinizi edin! Həqiqətən, O, nə etdiklərinizi görür. (Fussilət surəsi, 40)
Lakin onlar öz dinini aralarında parçalayıb firqələrə bölündülər. Hər firqə öz təriqətinə sevinir. (Muminun surəsi, 53)
Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!” – deyəcək. (Furqan surəsi, 30)
Müşriklər deyəcəklər: “Allah istəsəydi, nə biz, nə də atalarımız (Ona) şərik qoşar, nə də biz bir şeyi haram edə bilərdik”. Onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) beləcə yalançı hesab etmişdilər. Axırda əzabımızı daddılar. De: “Bizə göstərə biləcəyiniz bir bilginizmi var? Siz ancaq zənnə qapılır və ancaq yalan danışırsınız”. De: “Tutarlı dəlillər Allah`a məxsusdur. Əgər O istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi”. De: “Şahidlərinizi gətirin şəhadət versinlər ki, bunu Allah haram buyurmuşdur”. Əgər onlar şəhadət versələr, sən onlarla birlikdə şəhadət vermə. Ayələrimizi yalan sayanların və axirətə inanmayanların istəklərinə uyma. Onlar (başqalarını) öz Rəbbinə tay tuturlar. De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum: Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq ucbatından uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Murdar əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allah`ın, (öldürülməsini) haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız. Yetim həddi-buluğa çatana qədər, – xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla, – onun malına yaxınlaşmayın! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik. Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdə sadiq qalın. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb ibrət alasınız. Bu, Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın. Çünki, (o yollar )sizi Allah`ın yolundan uzaqlaşdırar. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz”. (Ənam surəsi, 148-153)
Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allah`dan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər. (Ali-İmran surəsi, 7)
Onlar həm (insanları) haqdan uzaqlaşdırır, həm də özləri ondan uzaqlaşırlar. Onlar ancaq özlərini həlak edir və bunu hiss etmirlər.(Ənam surəsi, 26)
Biz (hər hansı) bir ayəni dəyişdirir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, və ya ona bənzərini gətiririk. Məgər bilmirsən ki, Allah hər şeyə qadirdir? (Bəqərə surəsi, 106)
Xeyr! Çünki o, ayələrimizi inadla inkar edir. Mən onu sərt bir yoxuşa sürükləyəcəyəm. Çünki o, fikirləşərək qərara gəldi. Ona ölüm olsun! Necə qərara gəldi? Sonra (yenə) ona ölüm olsun! Gör necə qərara gəldi? Sonra o nəzər saldı. Üz-gözünü turşudub qaşqabağını tökdü. Sonra da arxasını çevirib təkəbbür göstərdi. (Muddəssir surəsi, 16-23)
Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə və doğru deyirsinizsə, onda ona bənzər bir surə gətirin və Allah`dan savayı (bütün) şahidlərinizi (köməyə) çağırın! (Bəqərə surəsi, 23)
Ey insanlar! Allah`ın sizə verdiyi lütfünü bir xatırlayın. Allah`dan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa heç bir məbud yoxdur. Necə də (haqdan) döndərilirsiniz! (Fatir surəsi, 3)
Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz. O, Eşidəndir, Görəndir.(Ənam surəsi, 115)
Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir elçi gəldikdə Kitab verilənlərdən bir dəstə guya (həqiqəti) bilmirmiş kimi Allah`ın Kitabına arxa çevirdilər.(Bəqərə surəsi, 101)
Sən onların dininə tabe olmayınca, nə yəhudilər, nə də xaçpərəstlər səndən razı qalmayacaqlar. De: “Yalnız Allah`ın haqq yolu doğru yoldur!” Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, səni Allah`dan nə bir qoruyan, nə də bir xilas edən olar. (Bəqərə surəsi, 120)
Siz (yəhudilərin) sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki onlardan bir zümrə var idi ki, Allah`ın Sözünü eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər. (Bəqərə surəsi, 75)
Onlardan sonra Kitaba varis olan xələflər gəldilər. Onlar bu fani dünya malını alıb: “Biz bağışlanacağıq!” – deyirdilər. Onlara buna bənzər mənfəətlər (yenə də) gəlsəydi, onu da alardılar. Məgər Allah barəsində haqdan başqa bir şey söyləməyəcəklərinə dair onlardan Kitabda yazılmış əhd alınmamışdımı? Halbuki onlar (Kitabda) olanları (oxuyub) öyrənmişdilər. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər anlamırsınız? (Əraf surəsi, 169)