Bəzi insanlar fitrət olaraq, ya da uşaqlıqdan aldığı tərbiyəyə görə daha müsbət əxlaqa sahib olurlar. Bəzi insanlar da onların əksinə, daha sərt xasiyyətə malik olurlar.
Daha mülayim əxlaqa sahib olan şəxslərə nisbətən digərlərinin özlərini yetişdirməsi daha çox səy, daha çox səmimiyyət və iradə tələb edir. Ancaq nəticədə bir insanın ürəyində kifayət qədər Allah eşqi, iman coşğusu və iradə varsa, bu şəxslər də digərləri qədər gözəl əxlaqa sahib ola bilərlər. Əlbəttə ki, fitrət olaraq daha həlim xasiyyətli, daha mülayim olan insanlara nisbətən daha sərt və ya mənfi xüsusiyyətlərə sahib olan insanlar göstərdikləri səmimi səy nəticəsində Allah qatında daha çox əcr qazana bilərlər (doğrusunu Allah bilir).
Belə ki, insan daha çox səy göstərib özünü çox gözəl yetişdirə bilirsə, eyni şəkildə, çox gözəl əxlaqlı bir insanın sahib olduğundan daha çox, daha dərin əxlaqa sahib olmaq imkanı var. İnsanın qarşısında bu mövzuda bir maneə yoxdur. Allah bir ayədə insanlara: “Allahdan bacardığınız qədər qorxun... (Təğabun surəsi, 16)”- buyurmuşdur. Bu səbəbdən, insan gücünün çatdığının ən çoxunu etməklə və ən yaxşısını əldə etməyə çalışmaqla məsuldur. Dərin Allah qorxusunu, Allah eşqini, Allah sevgisini, iman həyəcanını ürəyində hiss edən bir insan imanından aldığı güclə (Allahın izni ilə) əxlaqını daha mükəmməl səviyyəyə çatdıra bilər.
Allahın Quranda insana gücünün çatdığının ən çoxunu etməyi əmr etməsi mömin üçün çox əhəmiyyətlidir. İman gətirən bir insan Allahın bu əmrini bilərək: “Onsuz da ürəyimdə heç bir pislik yoxdur, həmişə, hər mövzuda, hamıya qarşı gözəl davranıram. Hər cür yaxşılığı və gözəlliyi tətbiq edirəm. Vicdanımın səsinə qulaq asıram. Quran əxlaqına müxalif davranmıram”,- deyərək, əxlaqını müəyyən bir səviyyədə məhdudlaşdırmamalıdır. Mütləq yaxşının daha yaxşısı, gözəlin daha gözəli, müsbət rəftarın daha müsbəti olduğunu unutmamalıdır. Sevginin, hörmətin, şəfqətin, xoş münasibətin, mülayimliyin daha üst səviyyələrinin ola biləcəyini düşünərək, daha yaxşısını tapıb tətbiq etmək üçün özünü məcbur etməlidir. Allahın Quranda bildirdiyi kimi, əgər insan Allahdan bacardığı qədər qorxsa, Allah o insana daha gözəl əxlaqa necə yiyələnə biləcəyini ilham edəcəkdir.
İnsan bu səyinin nəticəsində mövcud olandan daha üstün bir əxlaq anlayışı əldə etdiyində də yenə də bunu kafi görməməlidir. Bundan daha üstün xüsusiyyətlərə yiyələnə biləcəyinə inanaraq, Allahdan çox qorxaraq əxlaqını daha da mükəmməlləşdirmək üçün var gücü ilə səy göstərməlidir.
Səmimi iman gətirən bir insan üçün bu səy həyatının sonuna qədər davam edər. Mömin Allahın ona lütf etdiyi ömrünün hər gününü, hər saatını və hər anını daim: “Necə daha yaxşı ola bilərəm?”- deyə düşünərək, Allaha sığınıb daha yaxşısını əldə etməyə çalışaraq keçirməlidir. Allaha olan sevgisini, səmimiyyətini, Allaha qulluq etmə eşqini, şövqünü, iradəsini daim daha da artırmaq üçün yollar axtarmalı, ən mükəmmələ çatdığına inansa belə, əsla özünü kafi görməməlidir.