İbb şəhərində Husilərin təşkil etdiyi Mövlud bayramındakı bombalı hücum...
Sanada polis bölməsinə bombalı hücum...
Yəmənlə əlaqəsinin olduğu iddia edilən terroristlərin Fransada bir jurnal redaksiyasına silahlı hücumu...
İŞİD-in amerikalı və ingilis əsirlərin başlarını kəsməsi...
Şiələr sünniləri öldürür, sünnilər şiələri qətlə yetirir, müsəlmanlar ateistləri güllələyir, xristianların başını kəsir.
Son illərdə İslam dedikdə insanların ağlına ilk bunlar gəlir.
Avropalılar nəinki İslam ölkələrinə getmək, heç müsəlmanları öz ölkələrində də görmək istəmirlər. Artıq bunu kütləvi şəkildə küçələrə çıxaraq bağırtılarla bildirirlər.
600 il əvvəl müsəlmanların yaşadığı Andalusiya və Bağdad avropalılar üçün bir gözəllik və mədəniyyət mərkəzi idi. Buralara gedənlər öz ölkələrinə müsəlmanların nə qədər savadlı, incəsənətə meyilli, fərqli, mədəni və ədalətli olduqlarını bildirən məktublar yazırdılar.
Xristian fanatiklərin zülmündən qaçan yəhudilər müsəlman osmanlıların torpaqlarına pənah gətirərək azadlığa qovuşurdular.
İndi isə Qahirədən Sanaya, Sanadan Bağdada, Bağdaddan Kabilə qədər bir çox İslam şəhəri münaqişə və səfalət içindədir. Bir vaxtlar heyranedici olan bu şəhərlər, indi tamamilə xarabalıqdır. Xristianların ədalət mərkəzi olaraq gördüyü bu torpaqlardan artıq müsəlmanlar da canlarını qurtarmağa çalışır.
Şübhəsiz ki, İslam dünyasının böyük hissəsinin düşdüyü vəziyyət bütün vicdanlı insanları narahat edir. Lakin insanların əksəriyyəti televiziyada izlədikləri, qəzetlərdə oxuduqları, internet vasitəsilə aldıqları bu məlumatları qısa müddətdə unudurlar. Günahsız, məzlum insanların vəhşicəsinə öldürülməsini, körpələrin qətlə yetirilməsini, evlərin yandırılıb dağıdılmasını, əksəriyyətinin qaçqın düşərgələrində aclıq içində yaşadığını unudaraq öz işləri ilə məşğul olurlar.
Bütün İslam dünyası bu dərtlərdən keçirdikləri narahatlığı dilə gətirir, bəlkə də saatlarla bu mövzu üzərində söhbətlər aparılır, hətta yazılar yazılır, lakin məsələ bu dərdləri aradan qaldırmaq üçün çarə tapmağa gəldikdə geri çəkilirlər.
Bəzi insanlar isə çarəni yanlış istiqamətdə axtarırlar. Quran əxlaqına və Peyğəmbərimizin (səv) sünnətinə uyğun olmayan şiddət və terrorla nəticə əldə edəcəklərini zənn edirlər. Bəziləri isə bunun tam əksini düşünür.
Charlie Hebdo terror hücumundan dərhal sonra hadisə yerinə qaçan imamı xatırlayın. Hadisəni qınayaraq İslamın bu olmadığını dönə-dönə bildirdi.
Bir çox müsəlman eynilə bu imam kimi İslamın bu olmadığını söyləyir. Ancaq bu bombardmanları, qətliamları törədənlər də bütün hadisələri ən mötəbər İslam qaynaqlarına əsaslanaraq həyata keçirdiklərini bildirirlər.
Məhz Yəməndə, hətta Liviyadan Əfqanıstana qədər bütün İslam ərazisində baş verən qarşıdurmaların, insidentlərın səbəbi burada gizlidir. Yüzlərlə il əvvəl İslam təhsili, sənəti və ədaləti təbliğ edirdi və müsəlmanlar birlikdə bunlara sahib çıxmışdılar. O dövrlərdə hər müsəlman qonşusunun haqqını gözləyir, müsəlman olmayanlara qarşı şəfqətlə davranırdı. Bu gün isə bu gözəl xüsusiyyətlərin, demək olar ki, hamısı tərk edilib.
Digər tərəfdən də müsəlmanların böyük əksəriyyəti düşdükləri vəziyyətə görə qərbi məsul görürlər. Avropanın böyük dövlətləri Afrikadan Yaxın Şərqə, Yaxın Şərqdən Uzaq Şərqə qədər müstəmləkəsi etdiyi torpaqlardan çıxarkən geridə kasıb və təhsil səviyyəsi həddindən çox aşağı olan böyük bir əhali buraxdılar. İndi də öz ölkələrində qul və ya ikinci dərəcəli münasibət görən bu insanların nəvələri qisas hissi ilə yaşayırlar. Düşdükləri vəziyyətdən avropalıları məsul görürlər.
Avropa ölkələri və ABŞ bu qisası söndürəcək, dostluq və şəfqət göstərəcək geniş bir siyasət həyata keçirmirlər. Bunun əvəzinə Əfqanıstana bombalar atılır, Parisdə mağriplilər şəhərdən kənar yerlərə məhkum edilir, Almaniyada insanlar müsəlmanlar çıxsın deyə qızışdırılır. İndi də müsəlmanlar “qərblilər karikatura jurnalına hücum edənlərin əlaqələrini bəhanə edərək Yəməni də yerlə bir edərlərmi?” deyə narahatlıq keçirirlər.
Bütün bunlar əvvəlkindən daha qatı, intiqam hissi daha kəskin olan nəsillərin yetişməsinə səbəb olur. Sosial mediaya baxsanız görərsiniz ki, istər afrikalı, istərsə də Yaxın Şərq insanı olan mülayim bir müsəlman da baş verənləri keçmişin bir hesablaşması olaraq qəbul edir. Terrorla əlaqəsi olmayan adi bir müsəlman da “fransızlar 1,5 milyon əlcəzairlini qətlə yetirdilər, lakin üzr də istəmədilər” deyərək terror hücumunu keçmişin bir intiqamı olaraq görür.
Qarşılıqlı olaraq inkişaf edən, keçmişdə baş vermiş xətalar, qatı fanatiklik və cahillik ilə qidalanan bu qisas fəlsəfəsi necə dayandırıla bilər?
İlk növbədə Avropa ölkələri hər ölən bir insan, hər partlayan bir bombadan sonra hər hansı bir Afrika və ya Yaxın Şərq ölkəsinə qarşı hərbi müdaxilə edərək bombardman etməkdən əl çəkməlidir. İstər öz ölkələrində, istərsə də ölkə xaricində müsəlmanlara qarşı bərabər, humanitar sosial siyasət tətbiq edərək onların etibarını qazanmalıdır. Fransada hər ikisi də fransız vətəndaşı olduğu halda, mağripli ilə parislinin fərqli münasibət görməsinin qarşısı alınmalıdır. Ən vacibi isə Almaniya, Fransa, Hollandiya kimi ölkələr vəziyyətin daha da gərginləşməsinə səbəb olan sağ cərəyanları gizlicə dəstəkləməkdənsə, nəzarət altına almalıdır.
Bəs müsəlmanlar nə etməlidir? İlk öncə müsəlmanlar hər hadisədən sonra “İslam bu deyil” deməklə kifayətlənməməlidir. Qurana uyğun olmayan fikirləri müdafiə edən insanların düşüncələrindəki səhvləri geniş şəkildə izah etməlidir. Qurana görə müsəlmanlara fərz olan, insanları İslam əxlaqına şiddət və zor tətbiq edərək deyil, yalnızca gözəl sözlə dəvət etməkdir. Dünyanın hər yerində müsəlmanlar İslam əxlaqında inanc azadlığı olduğunu uca bir səslə izah edərək bu insanları doğru yola çağıra bilər.
Müsəlmanlar digər müsəlmanlara və bütün dünyaya şiddətin haqqı müdafiə etmək üsulu olmadığı və bunun da İslam əxlaqına tamamilə zidd olduğunu açıq şəkildə elan etməlidir. Terror aktları ilə İslam əxlaqını qoruya bilməyəcəklərini, tam əksinə İslam düşmənlərinin sayını artıracağı üçün müsəlmanlara daha çox zərər verəcəyi izah edilməlidir. Bu məlumatların cəmiyyətə geniş bir şəkildə çatmasını təmin etmək üçün böyük bir kompaniya da təşkil edilə bilər. Qərb ölkələrinin də dəstəkləyəcəyi bu kompaniyalarda məktəblərdən, kitablardan, media və cəmiyyətdə tanınmış insanlardan istifadə edilə bilər.
Buna nail olunsa İslam aləmi güclü, davamlı, firavan bir mədəniyyətə sahib olacaq və dünyaya hər sahədə yol göstərərək işıq tutacaqdır. Bunun üçün də bütün müsəlmanların əvvəldə olduğu kimi birlikdə hərəkət etməsi, tolerant və anlayışlı yaşaması şərtdir.
Adnan Oktarın National Yemen-də nəşr olunan məqaləsi