Uca Rəbbimiz Allah, insanların qədərlərində təyin etdiyi ölüm vaxtı gəldikdə, bir çox hadisəni buna səbəb edərək, həmin insanların həyatına son verir. Bəziləri üçün müalicəsi olmayan xəstəlik, bəziləri üçün öldürücü bir yara, bəziləri üçün çox sadə bir qəza, bəziləri üçün bir anlıq diqqətsizlik və.s ölüm üçün yaradılan bir səbəblərdir. Bəzi insanlar isə ətrafda heç bir səbəb olmadan yuxularında ölürlər. Yuxularında ölən bir çox adam gecə yatarkən və son dərəcə sağlam olduğu halda, öləcəyini heç düşünmədən növbəti günə dair bir çox planlar barədə düşünür. Səhər geyinəcəyi paltarını, özünü çatdırması lazım olan yığıncağını, qurtarması lazım olan işləri, məzuniyyət üçün görüləcək son hazırlıqları, satın alınması lazım olan əşyaları və s. bu kimi bir çox şeyi hazırlayar. Yatarkən əslində bunun son yatış olduğunu, gecə ölüm mələkləriylə qarşılaşacağını, canının alınacağını ağılına gətirməz. Yuxusunda birdən və heç gözləmədiyi anda Allah onu ölüm mələkləriylə qarşılaşdırar.
Yuxu, Allahın bizə ölümü xatırlatmaq və düşündürmək üçün yaratdığı çox vacib hadisədir. Çünki insan ruh ilə məna qazanan, ruh ilə həqiqətdə var olan, ruhu alındığında yalnız ət, sümük kimi maddələrdən ibarət olan varlıq halına gəlir. Ruha sahib olarkən həqiqi mənada insan, ruhu alındığı halda sadəcə bədəndən, ibarətdir. Yuxu əsnasında ruhu alınan insandan geriyə nə qalır? - Yataqda yatan, tənəffüs edən, ürəyi döyünən, hüceyrələri öz fəaliyyətlərini yerinə yetirən bir bədən... Halbuki ruh o əsnada bəlkə də fərqli görüntülər ilə qarşılaşır, Allahın möcüzə olaraq yaratdığı yuxuda sevinir, ağlayır, danışır, həyəcandan təngnəfəs olur, dayanmadan danışır. Yəni yuxuda olarkən insanın ruhu bədənindən tamamilə müstəqil və ayrıdır. Allah yuxunun bir növ ölüm olduğunu Quranda bizə belə xəbər verir:
"Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır". (Zumər surəsi, 42)
Qədərində Allahın təyin etdiyi ölüm vaxtı gəlmiş bir insan yatdığı yuxudan bir daha oyana bilməz. Allah ölüm qərarı verdiyi adamın ruhunu yuxusunda alır. Allahın yaratdığı qədərdə ölüm vaxtı hələ gəlib çatmamış adamın ruhunu isə təyin etdiyi vaxt gələnə qədər qaytarar.
Burada bu əhəmiyyətli həqiqətin unudulmaması lazımdır: Hər səhər yuxumuzdan sağlam və ya gənc olduğumuz, ya da bədənimizlə əlaqədar fiziki problemimiz olmadığı üçün oyanmırıq. Allahın hər birimiz üçün ayrı-ayrılıqda yaratdığı qədərimizdə ölüm anımız hələ gəlmədiyi üçün oyanırıq. İnsan son dərəcə aciz və öz bədəninə də güc çatdıra bilməyəcək qədər zəiflikdə yaradılmışdır. İnsan nə edirsə etsin, Allahın ayəsində də bildirdiyi kimi "Allah, ölümünə hökm verdiyi kəsin canını saxlayır ". Əgər özü haqqında ölüm qərarı verildisə, insan yuxudan oyanmağa heç vaxt güc çatdıra bilməz. İnsanın səhər oyanıb planlaşdırdığı, düşündüyü şeyləri reallaşdıra bilməsi, Allahın bildirdiyi kimi"digərini (ölümünə hökm olunmamış kimsələrin canlarını) isə müəyyən olunmuş vaxtadək buraxır."
Allahdan lazımı qədər qorxan, Allahın yaratdığı qədərə tam təslim olan və Allahdan gələcək hər şeyin gözəllik olduğunu bilən bir insan, hər bir hadisədə olduğu kimi, Allahın yuxunu yaratmasında da böyük hikmətlər olduğunu görər. Allah Quranda, bütün bunlarda düşünə bilən insanlar üçün həqiqətən ayələr olduğunu bildirir. Səmimi və həyatının hər anında Allahı razı etməyi düşünən bir insan, yuxuda Allahın diləyərsə ruhu geri qaytarmayacağını və hər an ölümlə qarşılaşa biləcəyini, hər an qarşısında ölüm mələklərini görə biləcəyini, Allah diləyərsə yatdığı yerdən bir daha qalxa bilməyəcəyini, əgər qalxarsa belə Allah dilədiyi üçün yenidən ruhuna qovuşaraq qalxdığını bilər.
Allahın Quranda bildirdiyi kimi, insanın qaçdığı ölüm mütləq, bir gün qədərində müəyyən olunmuş müəyyən zaman və məkanda onunla qarşılaşıb-görüşəcək:
"De: "Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir"". (Cümə surəsi 8)