Peyğəmbərimiz (səv) bütün aləmlərə nümunə bir əxlaqa sahib idi və insanları da gözəl əxlaqlı olmağa çağırmış, onlara Allahın razı olacağı əxlaqın və davranışların necə olduğunu açıqlamışdır. Quranda Peyğəmbərimizə (səv) gözəl əxlaqla bağlı insanlara xatırlatması əmr edilən bəzi ayələr vardır:

De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum: Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq ucbatından uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Murdar əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın (öldürülməsini) haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız. Yetim həddi-buluğa çatana qədər, xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla, onun malına yaxınlaşmayın! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik. Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdə sadiq qalın. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb ibrət alasınız” (Ənam surəsi, 151-152)
De: “Rəbbim həm aşkar, həm də gizli (törədilən) yaramaz əməlləri, (hər cür) günahı, haqsızcasına zülm etməyi, Allahın haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Ona şərik qoşmağınızı və bilmədiyiniz şeyləri Allahın əleyhinə söyləməyinizi haram buyurmuşdur”. (Əraf surəsi, 33)

Peyğəmbərimizin (səv) gözəl əxlaqı tövsiyə etdiyi hədislərindən bəziləri isə belədir:

"Rəbbim mənə doqquz şey əmr etdi: Gizli halda da, aşkar halda da, Allahdan qorxmağımı, hirsli və sakit halında da ədalətli söz söyləməyi, yoxsulluqda da, zənginlikdə də qənaət etməyimi, məndən ayrılanla da rəhm (dostluq) etməyimi, mənə zülm edəni bağışlamağımı, susmağımın təfəkkür olmasını, danışmağımın zikr olmasını, baxışımın ibrət olmasını, doğru və gözəl olanı əmr etməyimi. "

"Sənə zülm edəni bağışla. Səndən küsənə get, sənə pislik edənə yaxşılıq et. Əleyhinə də olsa haqqı söylə."

"Harada olursan ol, Allah rizası üçün pisliyin arxasından yaxşılıq et, bu pisliyi yox edər. İnsanlarla gözəl əxlaqla rəftar et."

Peyğəmbərimiz (səv) Yəmənə göndərdiyi elçilərinə bunları tövsiyə etmişdir:

"Sirkə balı pozduğu kimi, pis xasiyyət də yaxşı əməli yox edər."

"Möminin şərəfi dini, zadəganlığı gözəl əxlaqı, insaniyyəti də ağlıdır."

2013-11-16 23:26:40