Sevgisizliyin hakim olduğu cəmiyyətlərdə üz-üzə gəlməkdən və bir-birlərinə salam verməkdən qaçan, "mənə toxunmayan ilan min il yaşasın" məntiqi ilə hərəkət edən, köməyə ehtiyacı olana əsla əl tutmayan, öz istək və mənfəətlərini daim ön planda tutan, xudbin, xoş sözdən uzaq, donuq, robotlaşmış, sevgi, hörmət kimi ülvi hislərdən məhrum olan nəsillər yetişir. Yaşadığımız axırzamanda sürətlə artan degenerasiyanın əsl səbəbi də sevgisizlikdir.
Dünyada insanlar arasında həqiqi dostluq və sülhü təmin edəcək yeganə güc ancaq imandır. Hesab günündən qorxan möminlər dünyada başlayıb axirətdə də sonsuza qədər davam edəcək möhkəm ittifaqın təməllərini qoyurlar. Bir-birlərini heç bir mənfəət güdmədən, xalis niyyətlə və yalnız Allah rizası üçün sevir, Allah rizası üçün dost olurlar. Təməli Allah sevgisi və Allah qorxusuna söykənən bu əlaqə, Allah`ın diləməsi xaricində, heç zaman qırılmaz.
Kainatdakı bütün gözəllikləri yaradan, gözəlliyin və mükəmməlliyin əsl sahibi Uca Allah`dır. İnsana zövq verən hər şey Allah`ın yaratdığı varlıqlardakı gözəl təcəllisidir. Ruhun bu gözəlliklərdən həyəcan duyması və hər zaman gözəl olanı axtarmasını təmin edən isə Rəbbimizin insanı yaradarkən onun ruhuna ilham etdiyi sevgi hissiyatıdır. Digər insanlardakı təqdir ediləcək mömin xüsusiyyətlərini görmək və bunlara daha gözəli ilə cavab vermək kimi bir çox üstün əxlaq xüsusiyyətləri sevməyə və sevilməyə olan həssaslıqdan irəli gəlir.
İnsanın ruhundakı sevmə və sevilmə meyli bəzi insanlarda başqalarına görə daha güclüdür. İnsanların bir qismi ətrafında gördüyü gözəllikləri daha incə detalları ilə görə bilir və bu xüsusiyyətlər onların ruhuna dərin zövq verir. Sevgi, şəfqət və həyəcan meydana gətirən yönləri görə bilməyən, ya da bunlara laqeyd yanaşanlar isə daha donuq və qatı ruh halındadırlar. Başqa sözlə, insandakı sevgi həssaslığı insanın ruh halı və yaşadığı əxlaqla düz mütənasibdir. Beləliklə, sevgi hissi insanın səmimi olaraq iman gətirməsinə və imanın gətirdiyi bir nemət olan həqiqi mənada yaxşı, şəfqətli, mərhəmətli, ağıllı və etibarlı insan olmaq kimi ali hisslərə bağlıdır.
Sevgidə qarşılıq ancaq Allah`dan gözlənilər
Həqiqi sevən insan sevdiklərinə hörmət edir və onları ucaldır. Onları dünya və axirətdə zərər verən şeylərdən çəkindirir. Onların yaxşılığı, rahatlığı və təhlükəsizliyi üçün əlindən gələni edir. Hər şeydən əvvəl, sevgisi müəyyən şərtlərə bağlı deyil. Sevgisinə qarşılıq gördüyü təqdirdə sevən bir insan həqiqi mənada sevginin nə olduğunu bilmir. Həqiqi sevgidə qarşılıq ancaq Allah`dan gözlənilər. Əsl məqsəd Allah`ın rizasını qazana bilməkdir.
Həqiqi sevgidə bir adamın gözəlliyi, maddiyyatı, yaxud da sahib olduqları dünya nemətlərini itirməsi qəti şəkildə əhəmiyyət kəsb etmir. Əsas olan adamın əxlaqı və xarakteridir. İnsanlar bir-birlərinin şəfqət, mərhəmət, comərdlik və fədakarlıq kimi gözəl xüsusiyyətlərinə hər dəfə şahid olduqca sevgiləri daha çox artır. Zaman keçdikdə insanların əxlaqlarının gözəlləşməsi və davranışlarının mükəmməlləşməsi bir-birlərinə qarşı hiss etdikləri sevgini də dərinləşdirir. Həqiqi sevgidə əsla bezmək və sıxılmaq yoxdur.
Əsl sevgini yaşaya bilmək dünyada insana verilmiş ən böyük və gözəl nemətlərdən biridir. Bu nemət Allah`ın səmimi və dərindən iman gətirən qullarına bir lütfüdür.
Allah rizası üçün sevənlərin üstünlüyü
Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdə həqiqi sevgini tapanlardan daha çox tapdığını zənn edib, yanılanların şikayət və peşmanlıqlarına rast gəlinir. Bu yanılma və peşmanlıqların səbəbi insanların bir çoxunun fərqində olmadıqları həqiqətdir: Seviləcək varlıqları yaradan Allah`dır və insana bu varlıqları sevmə qabiliyyətini verən də yenə ancaq Rəbbimizdir. Bu səbəbdən, sevgi kimi böyük və bənzərsiz bir nemətə layiq olmaq üçün sevginin əsas sahibi olan Allah`a səmimi qəlbdən iman gətirmək, Onu hər şeydən çox sevmək, Ona könüldən bağlanmaq və Onu razı edəcək şəkildə davranmaq lazımdır.
Həyatı boyunca Allah`ın rizasını axtaranları iman gətirməyənlərdən ayıran əsas xüsusiyyət budur ki, onlar Allah`ı hər şeydən çox sevir və Rəbbimizə duyduğu dərin sevgi və qorxularından ötrü gözəl əxlaqlı və davranışlı olurlar. Möminlər sevərkən də sevdikləri bütün varlıqları Allah`ın yaratdığını, onlara seviləcək xüsusiyyətləri verənin Allah olduğunu, Allah dilədiyi üçün sevgi hiss etdiklərini bilərək sevgilərini Rəbbimizə yönəldərək sevirlər. Səmimi olaraq iman gətirənlərin sevgisi həmişə Qurandakı sevgi anlayışına uyğun gəlir. Möminlər bu barədə son dərəcə diqqətlə davranırlar. Bu, onları öz nəfsi üçün sevgi axtaranlardan ayırd edən təməl xüsusiyyətlərdəndir.
İman gətirməyən cəmiyyətlərdə sevgi nəyə görə keçicidir?
Kitablarda, qəzetlərdə, televiziya proqramlarında, şeirlərdə, mahnılarda və məclis söhbətlərində sevgidən nə qədər çox bəhs edilsə də, bir çox insanlar həqiqi və daimi sevginin əldə edilə bilməməsinin səbəbini heç düşünmür. Onlar Quran əxlaqını tam olaraq bilmədikləri, ya da yaşamadıqları üçün həqiqi sevgini necə əldə edəcəklərini və ya yaşayacaqlarını bilmirlər. Həyatını Allah üçün yaşayanlarla nəfsləri üçün yaşayanların sevgi anlayışı müqayisə edildikdə, ikinci qrupun sevgidən nəyə görə məhrum olduğu daha dəqiq görüləcək.
* Bu cür insanlar sevəcəkləri insan seçərkən əxlaq gözəlliyi yerinə, fiziki gözəlliyə üstünlük verirlər. Halbuki bir insanı fiziki xüsusiyyətlərinə görə sevmək onu ancaq bir neçə il sevmək və həmin insan artıq yaşlanarkən sevməkdən imtina etmək deməkdir. Müsəlmanlar isə kimi sevəcəklərinə qərar verərkən bu insanın Allah`a olan sevgisinin dəlillərini görmək istəyərlər. Allah`ı sevən bir insanın təbii olaraq əxlaqı da gözəl olacaq.
* Bundan başqa, bu da bir həqiqətdir ki, əxlaqı gözəl olmayan insan fiziki yöndən nə qədər mükəmməl olsa da, o insana qarşı qəlbdə həqiqi sevgi və məhəbbətin oyanması mümkün deyil. Allah sevgiyə həssaslığın təqva sahibi olmaqla, yəni Allah rizasını axtararkən diqqətli davranmaqla bağlı olduğunu həzrəti Yəhyanın əxlaqını təriflədiyi bu ayə ilə bildirir:
"Biz həm də ona Öz dərgahımızdan bir mərhəmət və paklıq bəxş etdik. O, müttəqi idi." (Məryəm surəsi, 13)
* İnsanın əxlaqı gözəlləşdikcə iman gətirənlərin bir-birlərinə hiss etdiyi sevgi də get-gedə artır. Ən dərin sevgi kimi göstərdikləri duyğuların belə çox qısa davam etməsi iman gətirməyənlərin tez-tez dilə gətirdiyi bir həqiqətdir. Dünyəvi şərtlərə və nəfsə bağlı olan sevgi qısa müddətdə bitməyə məhkumdur, çünki nəfs əvvəl-axır gözəlliklərdən bir gün bezəcək şəkildə yaradılmışdır.
* Allah qorxusu və sevgisinə əsaslanan sevgi əvəzinə, nəfsani sevgini seçənlərin bir-birlərini həqiqi mənada sevmədiklərini bilmələri üçün uzun müddət keçməsinə ehtiyac yoxdur. Bu insanlar bir-birlərinin acizliklərini gördükləri anda qarşısındakı insanın zehinlərində böyüdüb heyran olduğu insan olmadığının fərqinə varırlar. Bu cür sevgi hələ əvvəldən kövrək təməllərə bağlı və bitəcəyi öncədən bilinən saziş kimidir. Gözəllik qəza, yaxud da yaşlanma nəticəsində aradan qalxanda, zənginliyin təmin etdiyi rahatlıq sona çatanda tərəflərin bir-birinə olan "sevgi" adlı razılaşmaları da bitmiş olur.
* Bu əxlaqdakı insanların bir-birlərinin xudbin və həris əxlaqını sevə bilmələri qeyri-mümkündür. Dolayısı ilə, əsl sevdikləri ancaq bir-birlərinə verdiyi mənfəətlər ola bilər. Buna görə, həyat boyu bağlanıb sevəcəkləri insanı axtararkən əvvəl gözəl əxlaq, sədaqət, etibarlılıq deyil, maddiyyat, təhsil və fiziki gözəllik axtarırlar. Bir müddət sonra da artıq xudbin davranışlarına və pis əxlaqlarına dözə bilməyən insanlar bir-birlərinin az qala ən böyük düşməninə çevrilirlər.
*İman gətirməyənlər isə nəfslərinin mənfi təlqinlərinə aldanır və sevginin əsas sahibi olan Allah`ı buraxıb (uca Allah`ı tənzih edirik), Onun yaratdığı varlıqları Ondan çox sevməyə başlayırlar.
Allah`ı sevən kimi başqasını sevənlərin yanılması
Allah`a səmimi qəlbən iman gətirən insan vicdanına görə sevir. Vicdanlarının göstərdiyi sevgi hissini rədd edən inkarçıların yol göstəriciləri isə nəfsləridir. Bu səbəbdən iman gətirənlərlə inkar edənlərin sevgidə axtardıqları dəyərlər də fərqli olur. Allah bu insanların Onun rizasını güdərək sevənlərdən fərqini Quranda belə bildirir:
(İbrahim) dedi: “Siz aranızda ancaq dünya həyatına bəslədiyiniz vurğunluğa görə Allah`ı qoyub bütlərə pərəstiş etdiniz. Sonra isə Qiyamət günü bir-birinizi kafir adlandırıb lənətləyəcəksiniz... (Ənkəbut surəsi, 25)
Ayədə xəbər verilən bütlər hər şeyi yaradanın uca Allah olduğunu unudub və ya göz ardı edib sevilən hər şey ola bilər (Allah`ı tənzih edirik.) Gözəl bir insan, lüks ev, iş yerində əldə edilən müvəffəqiyyət, zəkadan irəli gələn qabiliyyətlər… Halbuki iman gətirən insanlarda sevən tərəf sevdiyi gözəlliyin, əslində, Allah`a aid olduğunu bilir və bunu əsla ağlından çıxarmır.
Ancaq bəzi adamlar da vardır ki, bütün bu saydığımız nemətləri Allah`ın yaratdığını unutduğu üçün iman gətirənlərin ala bildiyi zövqü almaqdan məhrumdurlar. İş yerində, qəzet səhifələrində, televiziya proqramlarında və ya dost-tanış söhbətlərində hər cür gözəllikdən bezmiş və artıq heç bir şeydən zövq almayan müxtəlif insanlara rast gəlmək olur. Bu insanlar Allah`ın yaratdığı sonsuz gözəlliklərə qarşı həyəcan hisslərini itirmişdirlər. Gözəllikləri sevə bilməmələrinin səbəbi Allah`ı yetərincə tanımamalarıdır (uca Allah`ı tənzih edirik). Allah sevgisini unutmuş bir insanın Allah`ın yaratdıqlarını sevməsi də mümkün deyil. Bu adamların ortaq xüsusiyyəti Allah`dan hörmətlə qorxmamaları və Onu ucaldaraq layiqincə sevməmələri, özlərini üstün görmək xəstəliyinə qapılmalarıdır. Allah bu insanların vəziyyətini bir ayədə belə xəbər verir:
"Kafir olanlar cəhənnəm oduna göstəriləcəkləri gün (onlara məzəmmətlə belə deyiləcəkdir): “Siz dünyada həyatınızda bütün nemətləri görüb daddınız və onlardan ləzzət aldınız. Bu gün isə yer üzündə nahaq yerə təkəbbür göstərdiyinizə və fasiqlər olduğunuza görə həqarətli əzabla cəzalandırılacaqsınız!"(Əhqaf surəsi, 20)
Bu xətaya yol verən insanlar davranışlarını düzəltməzlərsə, etdikləri səhvin qarşılığını həm dünyada, həm də axirətdə almaqdan qorxmalıdırlar. Quranda səmimi iman gətirənlərlə inkar edənlərin sevgi anlayışındakı fərq bir ayədə belə bildirilir:
"İnsanların içərisində Allah`dan qeyrilərini (Allah`a) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allah`a məhəbbəti daha qüvvətlidir. Əgər (özlərinə) zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün (qüvvət və) qüdrətin Allaha məxsus olduğunu və Allah`ın əzabının şiddətli olacağını bilərdilər".(Bəqərə surəsi, 165)
İman gətirməyənlər sevgi hissindən niyə məhrum edilmişdir?
Həqiqi sevgi Allah`a hörmət dolu qorxu və səmimi sevgi hissindən qaynaqlanır. Çünki ancaq Allah`dan qorxan və Onun istəmədiyi əxlaqdan tamamilə uzaq duran bir insan sevilməyə layiq ola bilər. Allah`dan lazımınca qorxan bir insan nəfsinin oyunlarına və pisliklərinə qarşı həmişə diqqətli olar. Çünki Quranda həzrəti Yusifin adından bildirildiyi ayədəki kimi, insanın nəfsi daim pisliyi əmr edir:
"Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi (şəhvətə uymağı) əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!…" (Yusif surəsi, 53)
Allah qorxusu olmayan, ya da Allah`dan layiqincə qorxmayan, Allah`ın ölümdən sonra dünyadakı işlərinin hesabını soruşacağını görməzlikdən gələn və nəfsi hər nə istəsə, ona boyun əyən insan isə pis iş görməkdə sərhəd tanımaz. Nəfsin sonsuz pislik təlqin etdiyi, onu təmizləyən möminlərin nicat tapdığı, onun təlqin etdiyi pislikləri müdafiə edənlərin isə həlak olacağı Quranda belə bildirilir:
“Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki,
Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!
Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır”. (Şəms surəsi, 8-9-10)
Nəfslərinə uyub iman gətirməyən və sevgisizliyi yaşayan bu insanlar həyatı boyunca özlərinə və ətraflarına həm maddi, həm də mənəvi yöndən zərər verirlər. Çünki:
* Onlar dünyada özlərinə mümkün qədər çox mənfəət əldə etməyə, istək və şəhvətlərini təmin etməyə, qısa olan həyatlarını qayğısız keçirməyə çalışırlar.
* Uşaqlarına lazım olan sevgi və hörmət göstərməyən ata-analar və ata-anasına qarşı (ətrafından aldığı mənfi təlqinlərin nəticəsində) lazımlı hörməti göstərməyən uşaqlar bu degenerasiyanın ən açıq nümunələrindən biridir. Uşaqlar valideynlərinə qarşı aqressiv, sərt cavab verən, asan yalan danışan, öz zövq və istəklərinə çatmaq üçün ailəsini yalnız bir vasitə kimi görən insanlar olurlar.
* Fədakarlıq, həmrəylik, comərdlik kimi dəyərlər tamamilə ortadan qalxır. Hər şeydən əvvəl, insanlar bir-birlərinə insan kimi dəyər vermirlər.
* Heç kim heç kimin sağlamlığını, hüzurunu və rahatlığını düşünmür. İnsanlara bir zərər toxunmasından narahat olmur və buna mane olmaq istəmir.
* Durmadan pisliyi əmr edən nəfsinə sərhəd qoymayan bir insana güvənmək mümkün deyil. Belə insanın verəcəyi sözə sadiq qalmasını gözləmək olmaz, çünki bu adamın sözündən dönməməsi üçün heç bir səbəb yoxdur.
* Sevgi hissindən məhrum bir insan qarşısındakı insanın təbii acizliklərini görməzlikdən gələ və ən cuzi səhvlərinə belə çox vaxt tab gətirə bilmir. Hətta səhv belə sayılmayan hadisələrə görə dava çıxara bilir. Əsas düşündüyü öz istəyidir və kefsiz olduqda sevdiyini iddia etdiyi insanların belə xoşbəxt olmalarını istəmir.
Həqiqi sevgini yaşayan möminlərin üstün əxlaqı
* Digər insanların gözəl xüsusiyyətlərini təqdir edə və bunlara daha gözəli ilə qarşılıq verə bilməyi ancaq Allah`dan qorxan möminlər bacara bilir.
* Səmimi bir müsəlmanın həyatındakı hər davranışın məqsədi Allah`ı razı etməkdir və əməllərinin qarşılığını qarşısındakı insandan deyil, yalnız Allah`dan gözləyir.
* Allah`ın Quranda bildirdiyi əxlaq fədakarlığa, çətinlikdə vəfa göstərməyə və həmişə dürüst olmağa əsaslanır.
* Səmimi bir müsəlman qarşısındakı insanın dünyada imtahan edilmək üçün aciz yaradıldığını bilir və sevdiklərini bu yönlərinə şəfqət duyub sevir.
* İnsanın gözəl əxlaq mövzusunda nəfsinə və şeytana qarşı mübarizə apardığını bilir və anlıq səhvləri könül rahatlığı ilə bağışlayır.
* Sevdiklərinin rahatlığı, sevinci və hüzuru özününkündən üstün tutur, bilir ki, bu yolla xoşbəxt və rahat ola bilər.
* Tamahkarlıq etmədən paylaşmağı, hər şeyə baxmayaraq bağışlamağı və yalnız nəfsi istədiyi müddətdə deyil, hər şərtdə sevməyi bacarmağı yalnız Allah üçün edir. Sadaladığımız bu xüsusiyyətlər olmadan həqiqi sevgini yaşamaq qeyri-mümkündü. Həqiqi sevgini ancaq bütün bunları Allah üçün edənlər, yəni könüldən iman gətirənlər yaşaya bilər.
İman gətirməyən insanların sevgiyə baxışları, ümumiyyətlə, səhvdir. Bu səhv anlayışa sahib insanların sevgisi əsasən mənfəət üzərinə qurulduğu üçün sevgini həqiqi mənada yaşaya bilmirlər. Həyatlarını tutarsız təməllərə söykədikləri üçün hislərini qəlbdən gələn səmimi sevgiyə çevirə bilmirlər. Çünki ən çox özlərini sevirlər. Bütün gözəlliklərin özünə verilməsini, özlərini əl üstündə saxlanmasını və özlərinə qayğı göstərilməsini istəyirlər.
Həqiqi və daimi sevgini əldə etmək din əxlaqı ilə mümkündür
Zalımların qazandıqları (günahlar) özlərinə qarşı çevrildikdə onları bunun qorxusundan titrəyən görəcəksən. İman gətirib yaxşı işlər görənlər isə Cənnət bağçalarında (məskunlaşacaqlar). Rəbbinin yanında onlar üçün istədikləri hər şey hazırlanmışdır. Böyük lütfkarlıq da elə budur.(Şura surəsi, 22)