20-ci əsrdə tarixin ən böyük iki dünya müharibəsi ilə yanaşı yüzlərlə qanlı regional müharibə, hərbi əməliyyat, qarşıdurma, üsyan və vətəndaş müharibəsi baş verib. Təkcə II Dünya Müharibəsindən sonra 55 il ərzində təxminən 200 müharibə olub.
Bu müharibə və münaqişələrdə həlak olanların sayı rəsmi rəqəmlərə görə, 150 milyona yaxındır. Bu rəqəmin təqribən 80%-i mülki itkilərdir... Yaralanan, əlil, yetim və dul qalan, ailəsini, yaxınlarını itirənlərin statistikası heç aparılmır.
20-ci əsri geridə qoyduq. Amma təəssüf ki, müharibələri geridə qoya bilmədik. Əksinə, müharibələr daha sürətlə və çox daha böyük fəlakətə çevriləcək şəkildə fasiləsiz davam edir. Təxminən 15 ildir ki, xüsusilə Əfqanıstan, İraq, Suriya, Yəmən, Liviya, Pakistan, Somali, Fələstin kimi Yaxın Şərq və İslam coğrafiyasını hədəf alan bu müharibələrdə həyatını itirən qoca, qadın və uşaqların sayı milyonlarla ifadə olunur.
Daha da dəhşətlisi isə bu müharibələri çıxaran qlobal güclərin beynəlxalq cəmiyyətə bunları "zərurətdən irəligələn müharibə" kimi göstərməsidir. Məsələn, 20 mart 2003-cü ildə İraqda kütləvi qırğın silahının olduğu bəhanəsi ilə ABŞ və İngiltərə rəhbərliyində başlayan İraq müharibəsi və sonradan 2011-ci ilə qədər ölkədə mövcud hərbi işğal dövründə böyük əksəriyyəti mülki şəxs olan 1 milyondan çox iraqlı həyatını itirdi.
Halbuki bu faciənin baş verməsinə heç bir halda ehtiyac yox idi. İngiltərədə Ser Con Çilkot (Sir John Chilcot) rəhbərliyindəki komissiya 2009-cu ildən etibarən Toni Bler hökumətinin 2003-cü ildə İraq müharibəsinə daxil olmasının qanuniliyini araşdırdı. Ötən günlərdə nəticələri açıqlanan bu araşdırma-hesabata görə,
İraq o dövrdə hər hansı bir təhlükə təşkil etmirdi. Ölkənin kütləvi qırğın silahlarının risk təşkil etməsi ilə bağlı qərarın da haqlı səbəbi yox idi.
İngiltərənin İraq siyasəti qüsurlu kəşfiyyata əsaslanırdı. Kəşfiyyat sorğulanmalı idi, ancaq bu edilmədi.
Həmin dövrün Baş naziri Toni Bler özü haqqında çox ağır ittihamların yer aldığı Çilkot hesabatından sonra İraq müharibəsindəki itkilərdən məyus olduğunu, ancaq müharibə qərarının xoş niyyətli olduğunu və qərardan peşman olmadığını bildirdi.
İraq müharibəsinin digər bir fiquru və əsas memarı ABŞ-ın keçmiş prezidenti Corc W. Buşun kommunikasiya direktoru Fredi Ford da hesabatdan mətbuata, "Daha öncədən də qəbul etdiyi kəşfiyyat qüsurları və digər xətalara baxmayaraq, Buş, Səddam Hüseynin iqtidarda olmadığı dünyanın daha yaxşı olduğuna inanmağa davam edir" açıqlamasını verdi.
Göründüyü kimi, İraq müharibəsi başlanğıcda bütün dünyaya qəbul etdirilmək istənildiyi kimi, «zərurətdən irəli gələn müharibə» deyil, bütövlükdə fərqli niyyətləri olan «seçim müharibəsi» idi. Belə ki, 2003-cü ildə müharibəyə qarşı çıxan Fəhlə Partiyasının lideri Ceremi Korbin (Jeremy Corbyn) də İraq müharibəsinin «həqiqətlərin qəsdən yanlış əks etdirildiyi işğal hadisəsi olduğunu» deyirdi.
Bundan başqa Wikileaks tərəfindən ortaya çıxarılan dövrün Bler-Buş yazışmalarında İraqda hər hansı bir nüvə silahının olmadığını lap əvvəldən bildiklərini, ancaq bu məlumatı təkcə o bölgəni işğal etmək üçün bəhanə olaraq istifadə etdikləri görünür.
"Zərurətdən irəli gələn müharibə" kimi göstərilmək istənilən digər bir nümunə də Əfqanıstan müharibəsidir. 9 sentyabr hücumları bəhanə edilərək Əfqanıstana qarşı 2 milyon amerikalı mülki və hərbi şəxs 50 min NATO əsgəri ilə birlikdə 13 il davam edən işğal dövrü başlatdı. "Terrorla mübarizə" adlandırılan bu müharibədə böyük şəhərlərə mülki və ya hərbi şəxs olmasından asılı olmayaraq, saysız-hesabsız bombardmanlar edildi. On minlərlə mülki şəxs hava əməliyyatları, pilotsuz uçan aparat hücumları və koalisiya qüvvələrinin silahlı hücumları nəticəsində həyatını itirdi.
Əfqan elm adamı dr. Muhamməd Davud Mirki, “Demokratiyadan sonra Əfqanıstan” (Afghanistan afterDemocracy’) adlı kitabında NATO işğal qüvvələrinin dəhşətli ölümlərə yol açan və normal halda insanlıq əleyhinə cinayət sayılan fosfor tərkibli raketləri və nüvə başlıqlarını əfqan xalqı üzərində sınaqdan keçirməsindən bəhs edir.
Özlərinə «ölüm briqadası» adını verən amerikan-ingilis və muzdlu əsgərlərin yollarda, kənd və qəsəbələrdə sırf əyləncə olsun deyə güllələdikləri əfqan qadın, uşaq və qocaların sayı minlərlədir. Bu cür sayısız utanc hadisəsinin göstəriş üçün bir neçəsi istisna olmaqla heç biri ciddi araşdırılmır.
Burada hamısını sadalaya bilmədiyimiz saysız-hesabsız zülm və vəhşiliyə səbəb olan bu müharibəni 2009-cu il Nobel Sülh Mükafatına layiq görülən ABŞ prezidenti Barak Obama da əlindəki Sülh Mükafatı ilə ziddiyyət təşkil edən çıxışında qəribə şəkildə müdafiə edirdi: "Bu seçim müharibəsi deyil, zərurətdən irəli gələn müharibədir", "Bu təkcə vuruşmağa layiq mübarizə deyil, xalqımızı müdafiə etmək üçün əsas qaydadır".
Əfqanıstan, İraq, Suriya, Yəməndəkilər və digərləri... Tarixdəki minlərlə müharibədən biri kimi çıxarılmasında və dəstəklənməsində heç bir zərurət olmayan müharibələrin son nümunələri... Edilən hücumlar qarşısında özünü müdafiə, vətənini, canını, malını, namusunu, azadlığını qorumaq məqsədi daşımayan heç bir müharibə qanuni və zəruri ola bilməz.
Müharibə ancaq müstəmləkəçi ölkələr, gəliri azalmış dərin dövlətlər, silah baronları, faiz spekulatorları və bəzi mərkəzi bankların sərvətlərini artırmaq üçün zəruridir.
Keçmişdə yalnız əsgərlər arasında baş verən cəbhə müharibələrinin yerini, hazırda hava hücumları və kütləvi qırğın üsullarından istifadə edilən müharibələr tutub. Ona görə bundan sonrakı müharibələrdə kütləvi şəkildə mülki itkilərin olması qaçınılmazdır. Dolayısilə bu gün əsası nə olursa olsun, bir müharibəni başlamaq və ya müharibəyə qoşulmaq qərarı vermək minlərlə günahsız insanın qətl edilməsi qərarını vermək deməkdir.
Yaşamaq hüququ insan hüquq və azadlıqlarına dair bütün beynəlxalq sazişlərin dəyişməz maddəsidir. Yaşamaq hüququnun pozulması isə bütün hüquq sistemlərində edam, ömürlük həbs, ağırlaşdırılmış ömürlük həbs kimi ən ağır sanksiyalarla cəzalandırılan, əxlaqdan, vicdandan, hüquqdan uzaq əməldir. Kütləvi insan itkisi mənasına gələn müharibə qığılcımlarını alovlandırmaq, münaqişələri, gərginlikləri, qarışıqlıqları qızışdırmaq çox böyük ağılsızlıq olar.
Bu səbəbdən ən kiçik müharibə səbəbini belə diplomatiya və sülh yolu ilə qısa müddətdə aradan qaldırmaq lazımdır.
Bu utopiya deyil, qaçılmaz həqiqətdir. Dünyada hazırda yaşanan bölgü mübarizəsində sevgisizlik var. İnsanlarla ünsiyyəti elm və diplomatiya ilə deyil, zorakılıqla həll etməyə çalışırlar. Halbuki insanlarla danışmaq insanları öldürərək nəticə əldə etməyə çalışan sistemdən çıxmaq kimi asandır. Təbii ki, bu bir anda əldə ediləcək bir şey deyil. Amma bir nəfərdən nə çıxar deməyib hər bir vicdanlı insan bu məsələdə bir-birinə dəstək verməli, yığışıb qanuni etirazlar etməlidir. Beynəlxalq ictimaiyyətin, mətbuatın, qeyri-hökumət təşkilatlarının bir araya gələrək müharibə lobbilərinə qarşı vahid səs olma vaxtı gəlib çatıb. Artıq bu axan qan durmalıdır.
Adnan Oktarın «Tehran Times & News Rescue»da dərc edilən məqaləsi:
http://www.tehrantimes.com/news/407341/War-is-never-justified
http://newsrescue.com/war-never-justified/#axzz4O2kR8ixC