Nəhəng qitə olan Afrikanın səhralarından meşələrinə qədər zəngin təbiəti var. Dünyanın heç bir yerində görə bilməyəcəyiniz canlılar, müxtəlif növ meyvələr, zəngin yeraltı ehtiyatlar və bərəkət qaynağı olan böyük çaylar hamısı bu qitədədir.
Buna baxmayaraq (təbiətlə bağlı bəzi sənədli filmləri çıxmaq şərtilə), Afrika həmişə fəlakət xəbərləri ilə dünya gündəminə gəlir. Bu “qara qitə”nin adı ancaq terror aktları, çevrilişlər, insan hüquqlarının pozulması, qaçqınlar, təbii fəlakətlər və aclıqla bağlı xəbərlərdə hallanır.
Həmin xəbərlərin birində Çad gölü bölgəsində 800 min uşağın normal qidalanmadığı bildirilir. Xəbərdə verilən məlumatlara əsasən, Çad gölü bölgəsində 5 yaşından aşağı təqribən 800 min uşaq normal qidalanmır. Bunlardan 450 mini Nigeriyada, 247 mini Nigerdə, 63 mini Kamerunda, 22 mini isə Çadda yaşayır.
Bölgədəki geniş ərazilərə hələ də humanitar yardım çatdırıla bilmir. 2017-ci ildə bu böhranın həlli üçün lazım olan 2,2 milyard dolların 57%-i hələ də ehtiyac sahiblərinə çatdırılmayıb. Bölgədəki ölkələr quraqlıq və aclıqla yanaşı, Boko Haram kimi terror təşkilatlarının hücumlarına qarşı da mübarizə aparırlar.
Başqa bir xəbərdə isə maaşlarının vaxtında ödənilməməsi, ağır iş şəraiti və səhiyyə sektoruna pul ayrılmaması ilə əlaqədar Nigeriyada həkimlərin tətilə çıxmaq qərarına gəldikləri bildirilir.
Dünya gündəmində heç vaxt yer almayan xəbərlər də var. Məsələn, təxminən 12 milyon əhalisi olan Cənubi Sudanda 4 milyon insan vətəndaş müharibəsi nəticəsində evlərini tərk etmək məcburiyyətində qalıb. Qaçqınların yarıdan çoxu uşaqlardır. Bölgədə gedən döyüşlərə görə qida çatışmazlığı və yoluxucu xəstəliklər get-gedə daha da çox yayılır. BMT-nin Humanitar Məsələlər üzrə Əlaqələndirmə İdarəsi (OCHA) ötən ay yayımladığı humanitar yardım bülletenində malyariya xəstəliyinin fevral ayından etibarən 4 mindən çox insanın ölümünə səbəb olduğunu açıqladı.
Əslində bir çox ölkə və beynəlxalq qurum Afrikada baş verən fəlakətlərin qarşısını almaq üçün çalışır. Lakin yaşananlara nəzər saldıqda açıq-aydın görürük ki, bu yardımlar problemləri həll etmək üçün yetərli deyil. Belə bir məqamda problemlərin həll edilə bilməməsinin səbəblərini iki əsas qrupa ayırmaq olar. Birincisi, Afrikadakı prosesləri izləyən hər kəsin fərqində olduğu kimi, yardımların mahiyyəti ilə bağlı səbəblərdir. Əhalinin böyük əksəriyyəti edilən yardımların miqdarının, çatdırıldığı yerlərin və bölgüsünün yetərli olmadığından şikayət edir. Məsələn, kənd təsərrüfatı ilə məşğul olmağın mümkün olmadığı bir bölgədə insanlarının məskunlaşmasının artması və bu insanların sayına uyğun yardımın göstərilməməsi tez-tez rast gəlinən haldır.
Məsələn, Somalidə aclıq probleminin yaranmasının əsas səbəbi su qıtlığı və vətəndaş müharibəsidir. Lakin ölkənin yeraltı ehtiyatlarında yerin üstündəkindən demək olar ki, 100 dəfə çox su potensialı var. Somali sanki yeraltı çaylar ölkəsidir. Burada su quyuları qazmaqla kənd təsərrüfatı ilə məşğul olmaq mümkündür. Bunun üçün isə bölgədə qazıntı təchizatları təmin edilməli və kənd təsərrüfatı yaxşı planlaşdırılmalıdır. Türkiyə artıq Somalidə bu istiqamətdə iş aparır.
BMT-nin himayəsi, Afrika Birliyinin də dəstəyi ilə yaradılan, vahid mərkəzdən idarə edilən yardım təşkilatları ilə bu problemi aradan qaldırmaq mümkündür. Bu cür geniş miqyaslı sistem yardımların siyasi mahiyyətli olmasının da qarşısını ala bilər. Belə ki, iki lider, iki etnik qrup, ya da iki fərqli dinin mənsubları arasında qarşıdurma baş verdiyi zaman qərb ölkələri adətən özlərinə yaxın gördüklərinə yardım etməyi üstün tuturlar. Bunun qarşısını almaq üçün bütün yardımlar bir yerdə cəmlənməli, ehtiyacların davamlı olaraq ödənilməsinə xidmət etməli və bölgələrdə təmsilçiləri, nəzarətçiləri olan vahid mərkəzdən idarə edilməlidir.
Xarici təşkilatlar və ya dövlətlər bölgəyə yardım vəzifəsini davam etdirə bilməlidirlər, lakin bu yardımlara nəzarət və yoxlama məsələləri gələcəkdə qurulan, mərkəzdən idarə olunan və heç bir quruma tabeçiliyi olmayan təşkilatlara həvalə edilməlidir. Belə bir təşkilatın BMT üzvləri tərəfindən yoxlanıla bilməsi yardımların tərəfsizliyini təmin edə bilər. Humanitar yardım təşkilatlarında müxtəlif siyasi ünsürlərin veto hüququ kimi əlavə imtiyazlarının olmaması vacibdir. Bu təmin edildiyi təqdirdə, maneələrin və ya siyasi sui-istifadə hallarının baş vermə ehtimalı daha az olacaq.
Şübhəsiz ki, Afrikadakı fəlakətlərin heç də hamısı təbii fəlakətlər deyil. Bir çoxunun mənbəyi yerli qarşıdurmalardır. Məsələn, Cənubi Sudanda qaçqınların aclıqdan əziyyət çəkməsi və xəstəliklərlə boğuşmasının səbəbi əslində quraqlıqla əlaqədar deyil.
Ümumdünya Ərzaq Proqramı Əlaqələndiricisi Coys Luma (Joyce Luma) “bu qıtlığın qaynağının insan olduğunu” açıq şəkildə dilə gətirənlərdən biridir. Bölgədəki əhalinin demək olar ki, hamısı fermerdir və burada cərəyan edən qarşıdurmalar səbəbindən fermerlər ölkəni tərk etmək məcburiyyətində qalırlar. Bu zaman insanlar tapa bildikləri bitkilər və tuta bildikləri balıqlarla aylarla yaşamağa çalışırlar.
Bu insanlar BMT tərəfindən təhlükəsizliyin təmin olunan bölgələrdə məskunlaşdırıla, balıqçılıq və ya heyvandarlıqla məşğul olmaları üçün lazımi şəkildə təchiz edilə bilərlər. Bölgədə hal-hazırda qoyunlara və keçilərə peyvənd etməklə ev heyvanı ölümlərinin qarşısının alınması üzrə layihənin həyata keçirilməsi davam etdirilir. Lakin hansı yardım edilirsə edilsin, sülh və təhlükəsizliyin olmadığı bir yerdə yardımlar yetərli olmayacaq.
Afrikadakı insanlıq faciəsinin əsl səbəbinin burada öz mənfəətlərini güdən müxtəlif dairələrin güc və təbii sərvət əldə etmə cəhdi olduğunu unutmamalıyıq. Bu mənfəət ehtirasının qarşısı alındığı təqdirdə Afrika yardıma möhtac ölkə olmaqdan qurtulub dünyanın bir nömrəli humanitar yardım mərkəzinə çevriləcək. Bunun həyata keçməsi üçün mənfəət güdən dairələrə qarşı yaxşı insanlar ittifaq etməlidirlər. Mənfəətpərəstlərin məzlum insanları istismar etmə ehtirasını ancaq bu yolla dayandırmaq olar.
Adnan Oktarın “American Herald Tribune”də (Amerika) yayımlanan məqaləsi:
https://ahtribune.com/world/africa/1934-unlocking-africa-potential.html