Ən güclülərdən deyil, doğrulardan yana olmaq
ucgen

Ən güclülərdən deyil, doğrulardan yana olmaq

1155

"Dünyada ən güclü insan kimdir" sualı verilsə, böyük əksəriyyət cavab olaraq "ABŞ prezidenti" deyəcək. Dünyanın ən güclü ordusunun, ən böyük iqtisadiyyatının sahibi olan, media və texnologiyası ilə dünya siyasətinə təsir edən bir dövlətin son qərar mərkəzi olmaq əlbəttə ki, ABŞ prezidentinə güc verir. Belə ki, ABŞ-ın paytaxtı Vaşinqton dünyanın hər yerinin haqq axtardığı bir yerdir. Regional münaqişələrdən, əzilən azlıqlara, qaçqınlardan yeni iqtisadi layihələrə qədər fərqli məkanlardan, fərqli mədəniyyətlərdən insanlar ABŞ-ın siyasi gündəliyini təqib edirlər. ABŞ prezidenti bəzən milyardlarla insana təsir edəcək qərarlar vermək məcburiyyətində qalır. Bəs əslində bu qərarlar birbaşa qəbul edilir, yoxsa başqa amillər də dövrəyə girir?

 

ABŞ prezidenti dünyanın ən güclü qərar mərkəzi kimi qəbul edilsə də, əslində bu gücün həm ardında, həm də qarşısında başqa bir güc olduğu hər kəs tərəfindən qəbul edilir: lobbiçilik.

 

Siyasi dialoqun mühüm yollarından biri olan lobbiçilik ən sadə dillə desək, "siyasi qərarvermə mexanizmlərinə təsir etmək" deməkdir. Lobbi fəaliyyətinin məqsədi gündəmdəki mövzuları təmsil olunan maraq qrupu baxımından qiymətləndirmək, öz həqiqətlərini, iddialarını, beynəlxalq arenada doğru üsul və vasitələrlə müdafiə etmək, qərar vermə mexanizmlərində insanları razı etmək, onlara təsir etmək kimi qəbul edilir. Lobbi fəaliyyəti həyata keçirənlər öz tezisləri haqqında araşdırma aparır, məlumat verir və bunları sənədləşdirərək aksiyaya çevirirlər.

 

ABŞ konstitusiyası hakimiyyəti qanunvericilik, icra və məhkəmə olaraq 3 əsas qola ayırıb. Bu 3 orqanın qərarlarına təsir edən isə lobbi şəbəkəsidir. Lobbiçilik sistemi müxtəlif maraq qruplarının ABŞ konqresi və federal hökumət üzərində təzyiq etmək üçün yaratdığı bir modeldir. Vaşinqton şəhəri lisenziyalı 10.000 lobbiçiyə ev sahibliyi edir. Bu rəqəmə biznes nümayəndələri, ictimaiyyətlə əlaqələr mütəxəssisləri və vəkillər daxil deyil. Əlavə olaraq irili-xırdalı yüzlərlə lobbi firması var. Bu geniş şəbəkə ölkənin hər ştatından və dünyanın hər yerindən hüquqlarını qorumaq istəyənlərə xidmət edən bir sistemdir.

 

Bu elə güclü bir sistemdir ki, ən böyük 10 lobbi firmasının son 5 ildəki gəliri 2 milyard dolları keçib. "Konqres və prezidentlik" (Congress and the Presidency) jurnalının redaktoru və Vaşinqton Amerika Universitetinin Konqres və Prezidentlik Araşdırmalar Mərkəzinin direktoru Ceyms A. Thurber (James A. Thurber)  lobbiçilik sektorunun real işləyən sayını 100 min, illik dövriyyəsini isə 9 milyard dollar olaraq hesablayır. Bu məbləğ bir çox dövlətin illik büdcəsinə yaxındır. Bu qədər insan konqresdəki 100 senator və 435 nümayəndə ilə federal hökumətin qərar vermə orqanındakı bir neçə min insana təsir etmək üçün çalışır.

 

Lobbiçilik tarixi ABŞ tarixi qədər qədimdir. 19-cu əsrdə əyalət rəhbərliyi üzərində köklənmiş lobbiçilər 20-ci əsrdə federal hökumətin güclənməsi ilə Vaşinqtonu özlərinə məskən ediblər. 2000-ci illərdən etibarən isə lobbiçilik sektoru ağlasığmaz sürətlə böyüyüb. Bu gün böyük şirkətlərin qeydiyyat altına alınmış lobbiçilik xərcləri ildə 2,6 milyard dollardır. Bu məbləğ nümayəndələr palatası (1,18 milyard ABŞ dolları) və senatın (860 milyon ABŞ dolları) illik büdcələrinin cəmindən daha çoxdur.

 

ABŞ federal büdcəsinin ən böyük xərcləri İraq və Əfqanıstan müharibələrinə gedir. Bu 2 müharibənin ümumi xərci 6 trilyon dollar olaraq hesablanır. Aşağı gəlirli ABŞ xalqının və ya təqaüdçülərin ehtiyacı olan yüz milyardlarla dollar okeanın o tayındakı müharibələrdə xərclənir. Həmçinin 2008-ci il böhranında iflas etmə mərhələsində olan banklara "bail out" (xilas olmaq) adı ilə köçürülən pulların dəyəri 10 trilyon dollardan çoxdur. Müdafiə və maliyyə sektorları ən böyük lobbi büdcələrinə malik sektorlardır.

 

Siyasi hər hansı bir məsələdə müsbət dəyişiklik etmək, istiqamətləndirmə strategiyası izləmək və müsbət imic yaradaraq geniş miqyaslı təbliğat aparmaq əlbəttə ki, təbii və qəbul edilən fəaliyyətlərdir. Ancaq lobbiçilik adı altında böyük məbləğlər xərcləyən sektorlara pul transferlərinin edilməsi vicdanları narahat edir. Bənzər şəkildə tütün lobbisinin siqaret istehlakını dəstəkləyən, ərzaq lobbisinin şişmanlığı artıran yeməklərə yönəldən, ya da neft lobbisinin karbondioksid emissiyalarını artıran fəaliyyətləri bütün bəşəriyyətə təsir edəcək, qlobal problemlərə təkan verəcək xüsusiyyətlərə malikdir.

 

Bir çox amerikalı da lobbi fəaliyyətlərinin Vaşinqton üzərindəki təsirindən narahat olur. Son dövrdə Vaşinqton işğalları ilə gündəmə gələn Democracy Spring hərəkatı maddi olaraq güclü maraq qruplarının prezidentlər üzərindəki təsirinin azaldılmasını tələb edir. Bənzər şəkildə Occupy Wall Street hərəkatı Wall Street şirkətləri ilə qaynaşmış maliyyə lobbisinin ABŞ-dakı gəlir bərabərsizliyini qızışdırdığını iddia edir. 2016-cı il seçkilərində Demokratlar partiyasının prezidentliyə namizədlərindən Bernie Sanders isə prezident olduqda müdafiə podratçılarının və lobbiçilərin təsirini azaldacağını seçki kampaniyalarında bir neçə dəfə dilə gətirib.

 

Lobbi fəaliyyətləri əlbəttə ki, təkcə Amerika ilə məhdud olmayıb, dünyanın hər bir ölkəsində tərəfdaş qazana bilmək üçün fəaliyyət göstərir. Ancaq bu məsələdə ABŞ-a mühüm vəzifələr düşür. Çünki dünyanın hər yerindəki milyardlarla insan ABŞ siyasətindən umur. Məsələn, texnologiya sahəsində alınan qərarlar təkcə ABŞ-la məhdud deyil, çünki ABŞ texnologiyaları dünyanın hər yerində istifadə olunur. Twitter və ya Facebook barəsində qəbul ediləcək bir qərar dünyada 1 milyard insana təsir edəcək. Həmçinin bio yanacaqlar üçün alınacaq hər hansı bir qərar ərzaq qiymətlərinə təsir edəcək ki, bu da aclıq sərhəddində yaşayan 1,5 milyard insan üçün ölüm-qalım məsələsi deməkdir.

 

Bütün bunlar lobbi fəaliyyətlərinin əhəmiyyətini və mütləq haqq istiqamətində istifadə edilməli olduğunu açıq şəkildə ortaya qoyur. Dolayısilə Vaşinqtonun güclüdən deyil, ədalətdən və haqdan yana mövqe qoyması vacibdir. Belə ki, yeni seçiləcək prezident də bu məsələdə önəmli sınaqdan keçəcək. Dünyanın gözləntisi ABŞ hökumətinin qərar mexanizmlərinin hər kəs üçün ədaləti qoruması və hər bir qərarda şəxsi deyil, bəşəriyyətin ortaq maraqlarının qorunmasıdır.

 

Adnan Oktarın «American Herald Tribune»da dərc edilən məqaləsi:

http://ahtribune.com/politics/858-lobbying.html

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr