İstər ideoloji, istərsə də insanlardakı dəyişiklik Avropada təsirlərini artıq konkret şəkildə hiss etdirməyə başlayıb. Bunun ən mühüm nümunələrindən biri ötən həftə qəbul edilən Avstriya İslam qanunudur. Uzun müddətdir ki, radikal İslam mövzusunda ciddi narahatçılıq yaşayan, immiqrantların problem olduğunu düşünən və irqçi partiyaları gücləndirən Avropa görəsən qanunlarla istədiyi nəticəni əldə edə biləcək?
Avstriyadakı bütün islami dərnəkləri Avstriya İslam Camaatına bağlayan və xüsusilə xaricdən məmur kimi gələn və maaşlarını öz dövlətlərindən alan imamların 1 il ərzində ölkələrinə göndərilmələrini zəruri edən qanun xüsusilə Türkiyənin etirazına səbəb olub. Çünki Avstriyadakı 300 müsəlman vaizdən 63-ü türkdür. Qanun çərçivəsində Quran məallarının almancaya tərcümə edilərək istifadə edilməsi və İslam mərkəzlərində istifadə ediləcək tək rəsmi dilin almanca olması şərt qoşulur.
Məqsəd odur ki, gənc insanların radikallaşmasına mane olunsun. Avstriya hökuməti bu mövzuda olduqca təmkinlidir, çünki Ölkə Təhlükəsizliyi və Terrorla mübarizə Avstriya Təmsilçiliyinin son hesabatında Avstriya Avropada radikal İslamın əsas qərargahlarından biri olması səbəbi ilə xəbərdar edildi. Qanun Avropadakı müsəlmanlar üçün böyük əhəmiyyət daşıyır. Çünki Avstriyanın ardınca Almaniya da buna oxşar bir qanun üçün çalışmalara başlayıb.
Yuxarıda bəhs etdiyimiz və xüsusilə Türkiyə Diyanət İşləri başda olmaqla islami çevrələrin etirazına səbəb olan maddələri isə belə qiymətləndirə bilərik: Edilən ən böyük tənqid “Avstriyaya xüsusi bir İslam dini olmaz, İslam universaldır” tənqidi idi. Bu əlbəttə, doğrudur.
Lakin dövrümüzdə İslam ölkələrinə nəzər salanda, İslam adı altında bir-birindən fərqli izahlar gətirmiş, fərqli şəriətlər tətbiq edən, sadəcə öz şəriətini doğru qəbul edən və bu səbəbdən də digər müsəlmanlarla ixtilafda olan cəmiyyətlər görürük. Bunun tək izahı var: İslamı universal edən Quran tərk edilmiş və fərqli izahlarla fərqli dinlər yaradılmışdır. Avstriya hökuməti ehtimal ki, bu fərqli izahların öz ölkəsinə çatmasına mane olmaq istəmiş və buna görə qapılarını xarici imamlara, xarici təfsirlərə və xarici dillərə bağlamışdır. İslam təhsilinin tək bir qoldan verilməsini təmin etməyə çalışaraq radikal ünsürlərdən təmizlənmiş bir İslam təhsili vermək istəyir.
Müxtəlif müsəlman qruplar ayrı-ayrı səbəblərlə tənqid edilsələr də, bu hədəfin doğru yönləri də vardır. Lakin Avstriya “radikal amillərdən təmizlənmiş İslam təlimi” ilə yeni bir İslam modeli formalaşdırmağı hədəf alırsa, bununla radikalizmə qarşı nəticə əldə etmək mümkün deyil. Bu yolla dünyada mövcud olan yüzlərlə İslam modelinə yenisini əlavə edəcək və nə qədər süni tədbir görülsə də, radikalizmə meyli olanlar hər zaman ən fanatik və şiddətlə dolu olan modeli seçəcəklər. Ölkə qanunları bunun qarşısını ala bilməz.
Avstriya hökuməti, əgər həqiqətən radikal İslamın qarşısını almaq istəyirsə, yalnızca Qurana əsaslanan İslamın təbliğinə çalışmalıdır. İslama bir-birindən fərqli mənalar verən xurafatlardan tamamilə təmizlənmiş, yalnızca Qurandakı izahın doğru olduğu yeni bir təlim siyasətini hədəf almalıdır. Bu təhsil müsəlmanlara o qədər faydalı olar ki, Qurandakı həqiqi mənanı anlayan bir gəncin xurafata, yəni radikalizmə qayıtması mümkün ola bilməz. Belə bir təhsil, əksəriyyəti roman-katolik olan Avstriya xalqına da gözəllik gətirəcəkdir. Bu bir həqiqətdir ki, 1912-ci ildə İslamı rəsmi din olaraq qəbul edəndən sonra İslam və müsəlmanlar Avstriyanın bir parçası olublar. Qurana əsaslanaraq təhsil alan müsəlman cəmiyyətləri Avstriyaya keyfiyyətli, demokratik, mehriban, sülhsevər, sənətçi, mədəni cəmiyyətlər kimi faydalı ola bilərlər. Avstriya cəmiyyətini həm insani, həm də mədəni cəhətdən zənginləşdirən, qardaşlığı gücləndirən amil kimi fəaliyyət göstərə bilərlər. Bu yalnızca Qurandakı yeganə İslam modelinin tətbiq edilməsi ilə mümkündür. Müxtəlif məalları və ya başqa imamları qadağan etmək Avstriyanın radikalizmə qarşı mübarizəsində lazım olanı verməyə bilər. Lakin doğru mənbədən yeganə və düzgün təhsil avstriyalı müsəlmanları sülhsevər, keyfiyyətli və güclü insanlara çevirər; həm İslam ictimaiyyəti, həm də Avropa üçün. Bunu da bildirək ki, Avstriya İslam qanununda mübahisəli maddələrlə yanaşı, əsasən ələvilərə verilən hüquqlar başda olmaqla, müsəlmanları qoruyan müddəalar da vardır. İşləyən müsəlmanlar üçün dini tətillər; hərbi düşərgələrdə, xəstəxanalarda və həbsxanalarda dini vəzifəli şəxslərinin olması, müsəlman qəbirstanlığının açılması və halal kəsim məsələləri qanuniləşən maddələrdəndir. Vyana Universitetində İlahiyyat Fakültəsinin açılması qərarı da sevindiricidir. Lakin yenə də vacib olan bu fakültənin Qurana əsaslanan düzgün İslam təhsilini verməsidir. Bir məqamı qeyd etmək lazımdır: radikalizm ilə mübarizə adı altında həyata keçirilənlər Avstriyanı İslam əleyhdarı və irqçi ölkə vəziyyətinə sala bilər və bu böyük bir riskdir. Hal-hazırda bu riskin Avropanın böyük bir hissəsini əhatə etdiyini görürük və hədəf aldığı hissə yalnızca müsəlmanlar deyil. Əgər İslam əleyhdarlığı və irqçilik Avropada yayılsa, demək ki, Avropanı sevgisiz və ruhsuz nəsil hakimiyyəti altına alır. Bu eyni zamanda Avropanın öz dəyərini itirməsi, tək başına qalması və öz içində nifrəti gücləndirməsi deməkdir. Başqalarına sevgi duya bilməyənlər, əsasən də Allah’dan uzaqlaşan bir həddə çatarlarsa, demək olar ki, bir-birlərinə qarşı da sevgi hiss etməzlər. Bu, bəzilərinin gözlədiyi kimi, Avropada İslamı deyil, insani dəyərləri məhv edə bilər. Bunu da qeyd edək ki, radikalizm əleyhdarlığı doğrudur, lakin radikalizmin yeganə çarəsi olan İslama qarşı tədbir almaq problemlərin həllini yox etmək mənasını verir. Buna görə də İslam qanununu tətbiq edən ölkələr bu əhəmiyyətli fərqləndirməni aparmalıdırlar. Hədəfimiz və istəyimiz həqiqi İslam anlayışına dəstək olunması və bu vəsilə ilə gözəl Avropanın daha da gözəlləşməsidir.
1. http://www.gatestoneinstitute.org/5277/austria-reforms-islam-law
Adnan Oktarın Arab News'da yayımlanan məqaləsi:
http://www.arabnews.com/columns/news/714721
http://ensonxeber.az/6145-islam-qanunu-avropada-neyi-deyisdirer.html