Hər bir insan mərhəmət, sevgi, şəfqət və gözəl əxlaqdan xoşlanır. Özünə qarşı da həmişə belə davranılmasını istəyir. Zülm, əxlaqsızlıq, ədalətsizlik kimi hər cür pis hərəkəti sevmir və onlardan uzaq olmağa çalışır. Allah insanın fitrətini, vicdanını bu şəkildə yaratdığı üçün insan gözəllikdən xoşlanıb pis şeylərdən uzaq olmaq istəyir və hər zaman gözəl əxlaq görmək istəyir.
Allah`ın Quranda əmr etdiyi əxlaq xüsusiyyətləri bunlardır; mərhəmətli, şəfqətli, ədalətli, etibarlı, dürüst, təvazökar insan olmaq və zülm, haqsızlıq kimi hər cür pis xüsusiyyətlərdən çəkinməkdir. Yəni, Allah`ın seçib bəyəndiyi İslam dini ilə insanın yaşamaq və görmək istədiyi gözəl əxlaq açar və kilid kimi bir-birinə bağlıdır. Allah bu həqiqəti Quranda belə xəbər verir:
Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allah`ın insanlara – xəlq etdiyi (şüurlu) məxluq kimi verdiyi fitrət budur. Allah`ın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu (bunu) bilmir. (Rum surəsi, 30)
İnsanlar dinin gətirdiyi gözəl əxlaqı yaşamayanda özlərinə zülm edirlər
İnsanlar Allah`ın buyurduğu gözəl əxlaqı yaşamadıqları müddətcə özlərinə zülm edirlər. Çünki yaradılışlarına uyğun olan davranış və əxlaqı göstərməyərək öz fitrətlərinə tərs hərəkət edirlər və bu da həm vicdani olaraq narahat olmalarına, həm də başqa insanları narahat etmələrinə səbəb olur. Bu insanların özlərinə zülm etdiklərini Allah bir ayəsində belə bildirir:
Həqiqətən, Allah insanlara əsla zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər. (Yunus surəsi, 44)
Unudulmamalıdır ki, İslam əxlaqı ancaq səmimi olaraq könüldən yaşana bilər və Allah belə imanı məqbul sayacağını bildirir. Zorakılıqla yaşadılan din Allah qatında məqbul olmadığı kimi, Quranda münafiq olaraq adlandırılan ikiüzlü insanların çoxalmasına səbəb olar. Bu da cəmiyyət üçün olduqca zərərlidir. Allah dində məcburiyyət olmadığını bildirmişdir:
Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir. (Bəqərə surəsi, 256)
Bu səbəbdən İslam dini heç bir sahədə insanlara təzyiq etmir və insanlara həqiqi fikir və vicdan azadlığını verir. Dinin gətirdiyi gözəl əxlaqı yaşayan insan heç bir şəkildə məhdudlaşdırıla bilməz. Ürəkdən inanclarını yaşadığı üçün hər zaman dinc, rahat və xoşbəxt olar.
Gözəl əxlaq dinclik və azadlıq gətirir
Dinin gətirdiyi əxlaq modelini bilməyən və bunu yaşamayan insanlar möminlərin azadlığına sahib ola bilməzlər. Çünki cəmiyyətdə bir çox lazımsız qayda və ənənələr vardır. Hər cəmiyyət özünə çox sayda dəyər və ölçü müəyyən edir, qaydalar meydana gətirir və Allah`ın verdiyi azadlıqları öz əlləri ilə məhdudlaşdırır. Məhz dindən uzaq olan insanlar həm cəmiyyətin cahil qaydaları, həm insanların sanksiyaları, həm də öz-özlərinə qoyduqları gərəksiz prinsiplərə görə mənəvi azadlıqdan məhrum olurlar.
İnsanı ətrafındakı cəmiyyətdən daha ciddi məhrumiyyət altına alan güc nəfsindəki eqoist ehtiraslardır. Bu eqoist ehtiraslar insana həmişə narahatlıq verir. Daimi etibarsızlıq və gələcək qorxusu aşılayır. İnsan nəfsindəki bu mənfi gücə görə bitib-tükənməyən ehtiraslar içində boğuşur. Nəfsi ona həmişə daha çox mal yığmasını, daha çox pul qazanmasını, özünü insanlara bəyəndirmək üçün daha çox çalışmasını əmr edir. Halbuki bu ehtirasların təmin edilməsi mümkün deyil. Zəngin olmaq böyük ehtirasdır, ancaq bu, təmin edildikdə yeni ehtiraslar doğacaqdır. Qısacası, dünya ilə bağlı bütün ehtiraslar bitib-tükənmək bilməz. Bu, cahiliyyə sistemindən insan ancaq Allah`a iman gətirib, həyatını Ona təslim etməklə xilas olar. Allah`ın Quranda bildirildiyi kimi:
"... Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır. (Həşr surəsi, 9)
İnsan bu ehtirasların əsiri olmaqdan xilas olanda azad olur. Artıq onun həyatının məqsədi sonu gəlməyən ehtirasları təmin etmək deyil. Həyatının məqsədi yalnız Allah`ın məmnuniyyətini qazanmaqdır ki, insan onsuz da bunun üçün yaradılmışdır.
Allah`ın insanlara elçi kimi göndərdiyi rəsullar tarix boyunca insanları nəfslərindəki ehtiraslara ya da başqa insanlara qul olmaqdan xilas olmağa və yalnız Allah`a qul olmağa dəvət etmişlər. İnsanlar yaradılış məqsədlərinə zidd olan bu azğınlıqlardan xilas olduqda nicat tapırlar. Buna görə də, Allah Quranda elçisini möminlərin “ağır yüklərini, üstlərindəki zəncirlərini qıran” insan kimi təsvir edir.
Din asanlıqdır
İslamın insan fitrətinə uyğun olmasının bir başqa səbəbi asan olmasıdır. Allah insanın yaradılışına uyğun olaraq endirdiyi dini, eyni zamanda yaşaması üçün asan etmişdir. Allah bu həqiqəti bir ayədə belə vurğulamışdır:
Allah sizin üçün (şəriət hökmlərini) yüngülləşdirmək istəyir, çünki insan zəif yaradılmışdır. (Nisa surəsi, 28)
Bu asanlıq ibadətlərə də aiddir. Məsələn, Allah Ramazan ayında tutulması fərz qılınan oruc ibadəti ilə əlaqədar bir ayədə belə buyurur:
İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər (həmin ayı) oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda (oruc tutmalıdır.) Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, (istəyir ki,) siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz.(Bəqərə surəsi, 185)
Nəticə etibarı ilə, İslam insanın yaradılışına tamamilə uyğun bir dindir. Çünki İslamı bizim üçün din seçən, insanı da yaradan Allah`dır. Allah yaratdığı qullarına asanlıq diləmiş, onların ehtiyac və istəklərinə ən uyğun əxlaq və həyat modelini bildirmişdir. Rəbbimiz bir ayədə belə buyurur:
…Bu gün kafirlər (sizi) di-ninizdən (döndərməkdən) əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim…(Maidə surəsi, 3)