Keçdiyimiz günlərdə mübarək Ramazan ayınının mənəvi sevincini yaşadıq. Lakin İslam aləminin ürəkləri sızladan vəziyyəti bu sevincə kölgə salır. Müsəlmanlar uzun illərdir əzablara məruz qalırlar və bu vəziyyət hər gün daha da pisləşir. Dünyanın hər yerində, Suriyada, İraqda, Yəməndə, Əfqanıstanda, İranda, Liviyada, Myanmada, Şərqi Türküstanda sel kimi müsəlman qanı axır.
İngiltərə və ABŞ-ın rəhbərliyi altındakı koalisiya qüvvələri Suriya və İraq başda olmaqla İslam dünyasını məhv etməyə davam edir, dinc əhaliyə qarşı tarixdə heç görülməmiş qətliamlar törədirlər. Mosulda İŞİD-lə mübarizə adı altında təşkil edilən bombalı hücumlarda kütləvi müsəlman qırğınları baş verir.
Suriya İnsan Haqları Təşkilatının verdiyi məlumatlara görə, 23 aprel-23 may tarixləri arasında bu hücumlarda 255 nəfər şəhid olmuşdur. Onların 44-ü uşaq, 36-sı isə qadın idi. Bu rəqəm, koalisiya qüvvələrinin illərdir şəhid etdiyi dinc əhalinin yalnız bir aya düşən qismidir.
UNICEF-in mətbuat katibi Kristof Bulerac yaxın günlərdə Cenevrə BMT ofisində verdiyi mətbuat açıqlamasında, Rakka bölgəsi ilə əlaqədar narahatlıq verən hesabatların olduğunu açıqladı. Bölgədə həyata keçirilən əməliyyatlarda ən az 25 uşağın həyatını itirdiyini, 80 min uşağın yurdundan çıxarıldığını, ağır və təhlükəli şəraitdə qalan 40 mindən çox uşağın isə həyatlarının hər an təhlükədə olduğunu bildirdi.
Eyni mətbuat konfransında, BMT Humanitar İşlər üzrə nümayəndəsi Jeans Laerke də ən az 200 min vətəndaşın Rakka şəhərində sıxışıb qaldığını və bölgədə yaşayan təxminən 440 min vətəndaşın təməl ehtiyaclardan məhrum olduğunu bildirmişdi. Müsəlmanlara tətbiq olunan bu zülmün səbəbi isə özlərini müsəlman olaraq tanıdan, amma dini öz fikirləri ilə şərh edən insanlardır.
İŞİD, Əl-Qaidə, Həşdi-Şəbi kimi qanlı radikal terror təşkilatları Yaxın Şərqdəki əməliyyatlarda baş rolda olmaqla şiə-sünni yönümlü məzhəb münaqişələrini qızışdırırlar. Müsəlman ölkələri arasında kütləvi münaqişələrin olması üçün saysız terror hadisələri törədirlər. Bunda məqsəd isə müsəlmanların kütləvi şəkildə qırılmasıdır... Ramazan ayının əvvəlində Əfqanıstanda və keçdiyimiz günlərdə İranda reallaşan, yüzlərlə günahsız müsəlmanın şəhid edildiyi terror hücumları da bu alçaq planın bir hissəsidir. Zülm yalnız Yaxın Şərqlə məhdudlaşmır.
Arakan, Kəşmir, Moro, Şərqi Türkistan kimi bölgələrdə azlıq olaraq yaşayan müsəlmanlara tətbiq edilən işgəncə, zülm və qırğınlar da dəhşətli dərəcədədir. Dünya səviyyəsindəki beynəlxalq qurum və təşkilatların sanki görməməzlikdən gəldiyi, hətta heçə saydığı bu məzlum və çarəsiz müsəlmanların tək ümidi, əslində, İslam aləmidir. Statistika ən çox müsəlman qırğınını yenə müsəlmanların etdiyini göstərir. Bu isə olduqca dəhşət və utanc verici bir vəziyyətdir.
Koalisiya qüvvələrinin 2 ildir fasiləsiz davam edən hücumları və İŞİD terroru Yəməni qan gölünə çevirdi. 9 milyon insanın aclıq çəkdiyi Yəməndə epidemik xəstəliklər hər yeri əhatə etmişdir. Ümümdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, ölkədə 38.300 vəba hadisəsi təsbit edildi. Xalqın üçdə ikisi təmiz su tapa bilmir.
Keçdiyimiz günlərdə Qətərdə yaradılan süni böhran da İslam dünyasını öz daxilindən çökdürmə planlarının son nümunələrindəndir. Bir günün içində bir çox İslam ölkələri qardaş hesab etdikləri Qətərə qarşı düşmən reaksiyası verərək sanksiya və embarqo tətbiq etdilər. Daha da dəhşətlisi budur ki, bəzi səlahiyyətli şəxslər Qətərə və orada yaşayan milyonlarla müsəlmana müharibə təhdidləri etdilər.
Müsəlmanların onları bu vəziyyətə gətirən əsil düşmənlərini gözardı edərək belə ucuz oyunlara aldanmaları və aralarında anlaşmazlığa düşmələri böyük fəlakətlərə gətirib çıxaracaq, Allah qorusun, son dərəcə utancverici bir vəziyyət olacaqdır. Müsəlmanlar bir araya toplanaraq bütün güc və imkanlarını dünya səviyyəsindəki dəccaliyyət fitnəsinə qarşı səfərbər etməlidirlər.
Quranın heç bir ayəsində müsəlmanların bir-biri ilə döyüşməsi halal buyurulmayıb. Əksinə, əgər döyüşənlər varsa, aralarındakı vəziyyətin düzəldilməsi əmr edilir (Hucurat surəsi, 9). Döyüşmək bir tərəfə, müsəlmanların bir-birlərinə pis söz söyləməsi, bir-birinin arxasından danışması ,hətta bir-biriləri haqqında pis zənndə belə olmaları haram edilmişdir.
Burada məqsəd acınacaqlı vəziyyəti göz önünə gətirmək deyildir. Məqsəd Uca Rəbbimizin "Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!..."(Ali-İmran surəsi, 103) ayəsi ilə müsəlmanlara fərz buyurduğu "birlik olma" hökmünə əməl edilməməsi və bunun qarşılığında bəlaların, fəlakətlərin nə dərəcəyə çata biləcəyini göstərməkdir. Yeganə həll yolu isə müsəlmanların bu yanlışa görə dərhal tövbə edərək Quranın rəhməti və hidayəti ilə heç bir ayrılıq və ixtilafa girmədən sevgi və qardaşlıq ruhu içində qopmaz və sarsılmaz birlik ola biləcəklərini xatırlatmaqdır.
Müsəlmanların birlik olmalarını əmr edən, ayrılıq və ixtilafı qadağan edən ayələrdən bəziləri bunlardır:
Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur....(Ənam surəsi,159)
Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər! (Saff surəsi,4)
Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir. (Ənfal surəsi,46)
Kafirlər də bir-birinə dost-durlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər.(Ənfal surəsi,73)
Belə ki, bu gün müsəlmanlar bir-birləri ilə vəli olmadıqları üçün yer üzündəki ən böyük fitnə və fəsad mühiti yaşanır. Çəkişib ayrıldıqları üçün zəif düşürlər.
Demək olar ki, bütün dünya əleyhlərində birləşmişkən müsəlmanların ayrılığa düşmələri, bir-birləri ilə məşğul olmaları əsla doğru deyil. Hamısı nur kimi müsəlman olan şiələr, sünnilər və "La İlahə İllallah, Muhammədun-Rəsulullah" deyən bütün müsəlmanlar Allahın hökmü ilə qardaşdırlar (Hucurat surəsi, 10). Bu səbəbdən iman edənlər bütün varlıqları ilə bir araya gələrək birləşməli, bir-birlərini qorumalı, onlara edilən hücumlara qarşı bütünlüklə elmi mübarizə aparmalıdırlar.
Adnan Oktarın “Tehran Times”da yayımlanan məqaləsi:
http://www.tehrantimes.com/news/414369/Unity-is-the-way-out-for-the-Islamic-world