Peyğəmbərimizin (s.ə.v) hədislərində bildirilir ki, hz. Mehdi Axırzamanda zühur edəcək və İslam əxlaqını yer üzünə hakim edəcəkdir. Hz.Mehdinin ortaya çıxması ilə bütün zülm və haqsızlıqlar sona çatacaq, dünyaya ədalət, sülh, sevgi, etibar və rifah gələcək.
Uca Allah Qurani-Kərimdə İslam əxlaqını dünyada hakim edəcəyini bildirmişdir. Peyğəmbərimiz (s.ə.v) də hədislərində bu böyük və mübarək hadisəyə Axırzamanda hz.Mehdinin səbəb olacağını xəbər vermişdir. Quran əxlaqının tələbi olaraq və Peyğəmbərimizin bildirdiyi kimi, İslam əxlaqının hakim olması ilə dünya rahatlıq və təhlükəsizliyə qovuşacaq, hər cür qarışıqlıq, qarşıdurma, anarxiya və terror sona çatacaqdır. Axırzamanın qarışıqlıq və zülmlərindən sıxıntı keçirən insanlar İslam əxlaqını yer üzünə hakim edən hz. Mehdinin ədalətindən, mərhəmətindən, comərdliyindən, sevgisindən və xoş münasibətindən razı olacaqlar.
Axırzamanda hz. Mehdinin Allahın iznilə mütləq gələcəyi Peyğəmbərimizin (s.ə.v) hədislərində belə müjdələnmişdir:
Dünyada bir gün qalsa belə (qiyamət qopmadan), Allah o günü uzadacaq, adı adıma, atasının adı da atamın adına uyğun Əhli-Beytimdən bir şəxs (Hz. Mehdi) gələcək, əvvəl zülm və haqsızlıqla dolu olan yer üzünü ədalət və insafla dolduracaq. (Ebu Davud ve Tirmizi / Büyük Hadis Külliyatı, Rudani 5. Cilt, s. 365)
... insanlar yer üzünü əvvəl zülmlə doldurduqları kimi, bu əmir (Hz. Mehdi) yer üzünü ədalətlə dolduracaqdır. Artıq sizdən kim o günə çatarsa, qarın üstündə iməkləsə də, onlara çatsın (qatılsın). (Sünen-i İbni Mace, "Kitabü-l'fiten Tercemesi ve Şerhi", Kahraman Neşriyat, cilt 10, Mütercim: Haydar Hatipoğlu, Bab: 34, s. 347)
Hz. Peyğəmbər İslamı əvvəl necə qorudusa, hz. Mehdi də sonda eyni formada İslamı qoruyub ucaldacaqdır... (El Kavlul Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 26)
Ancaq Peyğəmbərimizin (s.ə.v) də xəbər verdiyi kimi, hz.Mehdinin zühurundan əvvəl yoxluqlar və sıxıntılar şiddətlənəcək, dünyada etibar və rahatlıq qalmayacaq, bütün insanlar ard-arda meydana gələn fəlakətlərdən əziyyət çəkəcəklər. Belə ki, Qurani-Kərimdə də elçilər və peyğəmbərlər gəlməmişdən əvvəl Rəbbimizin insanları müxtəlif sıxıntılarla imtahan etdiyi bildirilmişdir:
Biz hansı bir ölkəyə peyğəmbər göndərdiksə, onun əhalisini sıxıntıya və bəlaya düçar etdik ki, bəlkə boyun əyələr. (Əraf surəsi, 94)
İslam əxlaqını bütün yer üzündə hakim edən, insanlara ədaləti və sülhü gətirən, Qızıl dövr adlandırılan bir dövrün yaşanmasına səbəb olan mübarək şəxsin - hz. Mehdinin də zühurundan əvvəl sıxıntı və bəlaların olması Adətullahın (Allahın qanununun) tələbidir. Peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v) isə bu sıxıntıların nədən ibarət olacağını ətraflı şəkildə bildirmişdir.
Axırzamanda qarışıqlıq və fitnələr insanların çətin vəziyyətə düşməsinə səbəb olacaq
Peyğəmbərimizin (s.ə.v) hədislərində xəbər verilir ki, hz. Mehdinin ortaya çıxmasından əvvəlki dövr fitnə və qarışıqlıqların geniş yayıldığı, insanların əzab və sıxıntı çəkdikləri, yoxluqların olduğu, dəhşətli müharibələrin yaşandığı çətin bir dövr olacaq. Mövzu ilə əlaqədar hədislər belədir:
Hədislərdəki məlumatlar Axırzamanda çox qan töküləcəyini, hücumların yayılacağını, şiddətin artacağını, qətliamların baş verəcəyini, müharibələrin və qarşıdurmaların yaşanacağını, ədalətin yerini haqsızlıq və zülmlərin tutacağını, aclığın və yoxsulluğun çoxalacağını, insanların bir-birinə güvənməyəcəyini, saxtakarlıqların artacağını, yalan danışmağın cəmiyyətin əksəriyyətində məqbul qarşılanacağını, əxlaqi dəyərlərin pozulacağını göstərir. Buna görə də, insanlar ard-arda gələn fəlakət və bəlalara məruz qalacaq, sıxıntı və əzabların ardı-arası kəsilməyəcəkdir. Bir hədisdə belə bildirilir:
Peyğəmbərimiz (s.ə.v) bu qaranlıq mühitdə insanları aydınlığa çıxaran, onlara çıxış yollarını göstərən, axtardıqları rahatlığı və güvəni onlara təmin edən insanın hz. Mehdi olacağını xəbər vermişdir.
İnsanların çarəsizliyini hz. Mehdi ortadan qaldıracaq
Axırzamanda insanların yaşadığı böyük sıxıntıların əsasında Quran əxlaqından və Peyğəmbərimizin (s.ə.v) mübarək sünnətindən uzaqlaşmaları durur. Din əxlaqının tələbi olan sevgi, şəfqət, dürüstlük, ədalət, xoş münasibət, təmkin, səbir, sülhpərvərliyin yerini inkarçı ideologiyaların təlqini olan eqoistlik, mərhəmətsizlik, ədalətsizlik, mənfəətpərəstlik tutduğu üçün insanlar Axırzamanda böyük əzab çəkirlər. Hədisdə Axırzamanda insanların din əxlaqından uzaqlaşmaları belə xəbər verilir:
Sünnətlərin itməsi, bidətlərin (dinə sonradan daxil edilmiş batil inanclar) ortaya çıxması, əmri-bil-maruf və nəhyi-anıl-münkər (yaxşılığı əmr edib pislikdən çəkindirmə) imkanlarının itməsi kimi səbəblərlə zəiflədiyi zaman Cənab Haqq mənim övladlarımdan Mehdi ilə sünnətləri canlandırar. ( Kitab-ül Burhan Fi Alameti –il Mehdiyy-il Axırzaman, s. 66)
Hədislərdə xəbər verildiyi və İslam alimlərinin əsərlərində açıqlandığı kimi, hz. Mehdi inkarçı ideologiyaları fikrən məğlub etmək, insanlara din əxlaqını və dini öyrətmək, onları imana və gözəl əxlaqa istiqamətləndirmək üçün böyük fikri mübarizə aparacaqdır. Rəbbimiz hz. Mehdini və apardığı böyük fikri mübarizəsini Axırzamanın çətinliklərinin ortadan qaldırılmasına səbəb edəcəkdir. Bir hədisdə hz. Mehdinin bu xüsusiyyəti belə bildirilir:
Muhəmməd ümmətinin ən xeyirlisi və sizin çətinliklərinizi aradan qaldıran, vəliniz olan şəxs... Mehdidir. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Axırzaman, s. 57)
Başqa bir hədisdə isə hz. Mehdi vasitəsilə fitnələrin sona çatacağı, fitnələrin bitməsi ilə yer üzündə rahatlığın və güvənin hakim olacağı belə xəbər verilir:
Allah kor fitnələri Onun (Hz. Mehdi) vasitəsi ilə söndürər. Hər yer əmin bir hala gələr... (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Axırzaman, s. 58)
Hədislərdə xəbər verildiyi kimi, əzablar, sıxıntılar və yoxluq içində olan xalq hz. Mehdinin ədalətinə, mərhəmətinə, sevgisinə və cömərdliyinə sığınacaq. Bir hədisdə belə bildirilir:
Ümmət bal arılarının ana arı ətrafında toplanması kimi Mehdiyə sığınar. O, əvvəl zülmlə dolu olan dünyanı ədalətlə doldurar, insanlar sanki Əsri-Səadət dövrünə geri dönər... (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Axırzaman, s.11)
Hz. Mehdinin İslam əxlaqını yer üzünə hakim etməsi ilə birlikdə yoxluqlar, aclıqlar, əzablar, sıxıntılar sona çatacaq, axan qanlar dayanacaq, insanlar uzun illərlə axtardıqları gerçək xoşbəxtliyi, rahatlığı və güvəni tapacaqlar. Hz. Mehdinin səbəb olduğu sevgi və sülh, bolluq və bərəkət mühiti hədislərdə bu şəkildə tərif edilmişdir:
Yer üzü zülm və düşmənçiliklə dolduqdan sonra mütləq mənim Əhli-Beytimdən biri çıxar. Əvvəllər necə zülm və düşmənliklə dolmuşdusa, O, dünyanı ədalətlə doldurar. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Axırzaman, s. 11)
O, yer üzünü ədalətlə və nəsafətlə doldurar. Ərz (yer üzü) nəbatatını (bitkisini) çıxarar, göy də yağmurunu yağdırar. Ümmətim əvvəl görünməmiş şəkildə nemətlənər. (Kitab-ül Burhan fi Alamet-il Mhediyy-il Axırzaman, s. 35)
O zaman göy heç bir yağmur damlasını əsirgəməyəcək və yer də bərəkətlənəcəkdir. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Axırzaman, s. 12)
Onun dövründə ölülərin dirilərə qibtə edəcəyi bir ədalət görünər. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Axırzaman, s. 68)
Hz. Mehdi sevgi və mərhəmətlə insanları İslam əxlaqına dəvət edəcək
Hz.Mehdi çox üstün əxlaqa sahib olan mübarək bir şəxsdir. Bir çox hədisdə hz. Mehdinin gözəl əxlaqı ətraflı şəkildə tərif edilmiş və öyülmüşdür. Hz. Mehdinin əxlaqı ilə bağlı olan hədislərdən birində bu mübarək şəxsin əxlaqının Peyğəmbərimizin (s.ə.v) əxlaqına bənzədiyi bildirilmişdir:
Əxlaqı mənim əxlaqım olan bir övladım çıxacaq. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahirzaman, s. 21)
Peyğəmbərimiz (s.ə.v) əxlaqı və imanı ilə aləmlərdən üstün tutulmuş, Rəbbimizin böyük nemətlər bəxş etdiyi çox dəyərli və üstün bir insandır. Rəbbimiz Quranda Peyğəmbərimizin (s.ə.v) üstün əxlaqına dair bir çox nümunə vermişdir. Onun bütün iman gətirənlərə nümunə olan yönlərindən biri də sevgi dolu, incə düşüncəli və mərhəmətli olması, insanlarla həlim davranmasıdır. Ayədə bu şəkildə buyurulur:
Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar. Sən onların günahından keç, (Allahdan) onların bağışlanmalarını dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevir. (Ali-İmran surəsi, 159)
Hədislərdə olan məlumatlardan aydın olur ki, hz. Mehdi də Peyğəmbərimiz (s.ə.v) kimi insanlara sevgi və mərhəmətlə yaxınlaşacaq, anlaşmazlıqları sülh yolu ilə həll edəcək, insanları səbirlə gözəl əxlaqa və imana dəvət edəcəkdir. Hz. Mehdinin inkarçı ideologiyalara qarşı mübarizəsi fikrən olacaq, Rəbbimizin lütfü ilə çox ağıllı və hikmətli üsullarla küfr ideologiyalarını məğlub edəcəkdir. Hədislərdə xəbər verildiyi kimi, hz. Mehdinin bu böyük fikri mübarizəsi yatan adamın fərqinə belə vara bilməyəcəyi sakitlik, sükunət və nizam içində olacaq:
(Hz. Mehdi) Zamanında nə kimsə yuxusundan oyandırılacaq, nə də kimsənin burnu qanayacaq. (El Kavlul Muhtasar fi Alametil Mehdiyy-il Muntazar, s. 42)
(Hz. Mehdi) Peyğəmbərin (s.ə.v) yolu ilə gedəcək. Yatan insanı oyatmayacaq, qan da axıtmayacaq. Canlandırılmamış sünnət, qaldırılmayan bidət buraxmayacaq... (Kıyamet Alametleri, s. 163)
Hədislərdə də bildirildiyi kimi, Mehdi bütün dünyaya İslam əxlaqını sülh yolu ilə hakim edəcək. Gərginliklərə və anlaşmazlıqlara ədalətlə çarə tapacaq, bütün problemlər sülh yolu ilə ortadan qaldırılacaq. Hz. Mehdi insanları İslam əxlaqının əmri olan mərhəmətə, səbirə, yaxşılığa və gözəlliyə çağıracaq, öz üstün əxlaqı və davranışı ilə insanlara hər mövzuda olduğu kimi, bu mövzuda da nümunə olacaq. Bir hədisdə belə bildirilir:
(Hz.Mehdi) Şam namazını qılandan sonra yüksək səslə belə xitab edər: Ey insanlar, mən sizə Allahı xatırladıram. Sabah məhşər günündə Allahın hüzurunda yerinizi xəbər verirəm. Allah-Təala sizə bir çox dəlillər və Peyğəmbərlər göndərmiş, Quranı endirmiş və sizə belə əmr etmişdir: Allaha heç bir şeyi ortaq qoşmayın, Allaha və Rəsuluna itaəti qoruyun. Quranın canlandırdığını dirildin, qadağalarını da qadağan edin və Mehdiyə kömək edin və dəstək olun. Belə ki, dünyanın pisləşməsi və zavala çatması yaxınlaşmışdır. Bu dəqiqdir. Mən sizi Allaha və Rəsuluna, Onun kitabı ilə əməl etməyə, batili yox edib, sünnəti canlandırmağa dəvət edirəm. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahirzaman, Ali b. Hüsameddin el-Muttaki, s. 55-56)
Bu məlumatlar göstərir ki, hz. Mehdi bütün dünyada böyük sıçrayışla insanları İslam əxlaqına istiqamətləndirəcək.
Hz. Mehdi hz. Zülqərneyn və hz. Süleyman kimi sülhlə hökm edəcək
Hədislərdə əvvəllər İslam əxlaqını dünyaya hakim edən hz. Süleyman və hz. Zülqərneyn kimi hz.Mehdinin yer üzündə hökm edəcəyi bildirilir. Bu hədislərdən biri belədir:
Mehdi eynilə Zülqərneyn və Süleyman kimi dünyaya hökm edəcəkdir. (El-Kavlul Muhtasar Fi Alametil Mehdiyy-il Muntazar, s. 29)
Böyük İslam alimi İmam Rəbbani də məşhur əsəri olan “Məktubat”da hz. Mehdinin hz. Süleyman və hz. Zülqərneyn kimi İslam əxlaqını dünyaya hakim edəcəyini bildirən hədislərə yer vermişdir. Bu hədislərdən birində belə deyilir:
Yer üzünün dörd məliyi var. Onların ikisi möminlərdən, ikisi də kafirlərdəndir. Zülqərneyn və Süleyman möminlərdəndir. Nəmrud və Buxtunnəsr isə kafirlərdəndir. Yerə beşinci kimi Əhli-Beytimdən biri sahib olacaq. Yəni Mehdi. (Məktubat-i Rəbbani, 2/251)
Peyğəmbərimizin (s.ə.v) hədisində də bildirildiyi kimi, bu günə qədər müsəlmanlardan İslam əxlaqını dünyaya hakim edən iki mübarək şəxs hz. Zülqərneyn və hz. Süleymandır. Dünyaya hakim olan üçüncü müsəlman isə hədisdə hz. Zülqərneyn və hz. Süleyman kimi xəbər verilən hz. Mehdidir. Hz.Zülqərneyn və hz. Süleymanın üstün əxlaq xüsusiyyətləri İslam əxlaqını yer üzünə hakim edən hz. Mehdidə də olacaqdır.
Quran ayələrində hz. Süleyman və hz. Zülqərneynin mülayim, əfvedici və sülhpərvər olduqları bildirilmişdir. Hz. Zülqərneyn ilə əlaqəli ayələrdən bəziləri bu şəkildədir:
Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə batan gördü. (Zülqərneyn) onun yanında bir tayfaya rast gəldi. Biz buyurduq: “Ey Zülqərneyn! Sən ya onları cəzalandırmalı, ya da onlarla yaxşı rəftar etməlisən!” (Kəhf surəsi, 86)
İman gətirib yaxşı iş görən kimsəyə isə ən gözəl mükafat veriləcəkdir. Biz ona əmrimizdən asan olanı buyuracağıq”. (Kəhf surəsi, 88)
Ayələrdə buyurulduğu kimi, hz. Zülqərneyn qarşılaşdığı tayfa ilə gözəl davranmış və bu tayfanı asan olana dəvət etmişdir. Həm bu tayfaya, həm də ayələrdə bildirildiyi kimi sonralar qarşılaşacağı tayfalara ədalətlə davranmış və problemləri qarşısında onlara çıxış yolu göstərmişdir. Ondan yardım istəyənlərə əvəz gözləmədən yardım etmişdir. Hz. Zülqərneyn ətrafındakı xalqlar tərəfindən yer üzündə pozğunluğu və fitnəni əngəlləyən insan kimi tanınmış, insanlara sülh və rahatlıq bəxş edən bir öndər olmuşdur. Şübhəsiz, bunlar uca Rəbbimizin əmr etdiyi gözəl əxlaqı ən gözəl şəkildə tətbiq etməsinin nəticəsidir.
Hz. Süleyman da, ayələrdən məlum olduğu kimi, yaşadığı dövrdə çox üstün bir mədəniyyət yaratmış və hakimiyyətini sülh yolu ilə, sənətlə və mədəniyyətlə təmin etmişdir. Çox güclü orduya sahib olmasına baxmayaraq, əsgəri qüvvəsindən istifadə etməmişdir.
Hz. Mehdi də zühur etdiyi zaman İslam əxlaqını hz. Zülqərneyn və hz. Süleyman kimi hakim edəcək, sülh yolundan istifadə edəcək, sənət və estetikaya əhəmiyyət verəcək, ədaləti və dürüstlüyü ilə bütün insanların sevgisini qazanacaqdır. İslam əxlaqının hakim olduğu dövrdə insanlar arasında kin-küdurət və düşmənçilik deyil, sevgi, anlayış və şəfqət yayılacaqdır. İnsanların sevgilərini yönəltdikləri və razı olduqları insan isə bu gözəl dövrə səbəb olan hz. Mehdi olacaqdır.
İnsanların hz. Mehdinin gözəl əxlaqından və ədalətindən razı olmaları
Hz. Mehdinin vasitəsilə İslam əxlaqının bütün dünyaya hakim olacağı dövr Qızıl əsr adlanır. Bu dövr hədislərdən də aydın olduğu kimi, yarım əsrdən çox davam edən Əsri-Səadətə bənzər bir dövr olacaqdır. Peyğəmbərimizin (s.ə.v) bu dövrü təsvir edərkən cənnətə bənzər xüsusiyyətlərlə danışması bu dövrün Qızıl əsr adlanmasına səbəb olmuşdur.
Hər cür məhsul və mal bolluğu, təhlükəsizlik, etibar və ədalətin təmini, səadət, texnologiyanın insanların nəşəsi və rahatlığı üçün istifadə olunması, istəyənə istədiyindən qat-qat artıq verilməsi bu dövrün əsas xüsusiyyətlərindəndir. Hədislərdə bu dövrdə yer üzünün sülhlə dolacağı müjdələnmişdir. Qızıl əsrdə əvvəlcədən aralarında qarşıdurma olan xalqlar arasında çox böyük qardaşlıq yaşanacaq, müharibənin yerini sülh, dostluq və sevgi tutacaqdır. Qarşıdurmalar, müharibələr, anarxiya və qarışıqlıq sona çatacaqdır. Dünyanın hər yerində əmin-amanlıq olacaq, insanlar güvən içində olacaqlar.
İnsanlar Qızıl dövrdə yaşanan sevgi, dostluq və etibardan çox məmnun olacaqlar və bu gözəlliklərə vəsilə olan hz. Mehdini dərin sevgi ilə sevəcək, onun ədalətindən və gözəl əxlaqından razı olacaqlar. Hz. Mehdinin insanlar tərəfindən çox seviləcəyi hədislərdə belə xəbər verilir:
Allah bütün insanların qəlblərini Onun (Hz. Mehdinin) məhəbbəti ilə dolduracaqdır. (El- Kavlul Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 42)
Hz. Mehdi gələndə insanlar Onu eşq və məhəbbətlə qucaqlayacaqlar. (El-Kavlul Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 37)
Başqa hədislərdə də hamının hz. Mehdinin gözəl əxlaqından bəhs etdiyi, daima ondan danışıldığı söylənilir. Hz. Mehdiyə duyulan sevgi hədislərdə bu şəkildə tərif edilir:
Mehdi (zamanındakı) insanların ən xeyirlisidir. Onun köməkçiləri və ona beyət edənlər... Cəbrail onların önündə, Mikail də arxalarında olar. O məxluqat arasında sevilər. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahirzaman, s. 58)
Mehdi zühur edər, hər kəs sadəcə ondan danışar, Onun sevgisini alar və Ondan başqa bir şeydən bəhs etməzlər. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahirzaman, s. 33)
İslam Birliyi Avropa Birliyinə əngəl deyil
Yaşadığımız dövr qarşıdurmaların, zülmün, müharibələrin, fəlakətlərin yaşandığı Axırzamandır. Ancaq hədislərdən də göründüyü kimi, Axırzaman bunların həll olunacağı, yer üzündə gözəl əxlaqın hakim olacağı, inananların bir yerdə rahat şəkildə yaşayacağı bir dövrdür. Bu günlərdə insanlar İslam Birliyinin Avropa Birliyinə qarşı olub-olmayacağı ilə maraqlanırlar. Halbuki bu, İslam Birliyini meydana gətirən əxlaqi dəyərlərin tam şəkildə aydın olmamasından qaynaqlanan bir sualdır. İslam Birliyinin əsasında sevgi, birlik, ədalət, sülh və dostluq durur. İslam Birliyinin qurulma məqsədi qarışıqlığı, çəkişmələri, ədalətsizlikləri, mərhəmətsizlikləri sona çatdıraraq hər bir insanın rahat şəkildə yaşaması, hər bir insanın hüquq və azadlıqlarına hörmət edilməsi, dil, dini və irqi ayrı-seçkilik edilmədən bütün insanların sülh içində yaşamasıdır. Bu səbəblə də, İslam Birliyinin gətirəcəyi üstün əxlaqi dəyərlər, hüquq və azadlıqlar, rifah və sülh mühiti Avropa Birliyi üçün əngəl deyil.
Nəticə
Bura qədər verdiyimiz məlumatlar onu göstərir ki, Axırzaman dünya tarixinin ən əhəmiyyətli dövrlərindən biridir. Hal-hazırda dünyanın hər tərəfində yaşanan səfalət, qarşıdurmalar, zorakılıq və terror hərəkatları, əxlaqi degenerasiya hz. Mehdinin zühur edib bu fitnələrə ən hikmətli və sülhpərvər yolla son verməsinin yaxınlaşdığını göstərir. Allahın iznilə hz. Mehdi ortaya çıxanda bütün insanlar tayı-bərabəri olmayan bir gözəllik, bolluq və bərəkətə, rahatlığa və etibara qovuşacaqdır. Bunlar səmimi olaraq iman gətirənlərin dərin coşğu və həyəcan duyacaqları qiymətli müjdələrdir. Müsəlmanlar bu müjdələrin sevincini yaşamaq üçün şövq və həyəcanla özlərini bu mübarək dövrə hazırlamalıdırlar.