Son zamanlar bəzi insanlar İslam əxlaqı haqqında yalnış təsəvvürlərə malikdirlər. Bu, din əxlaqı haqqında məlumat əskikliyindən, yaxud səhv məlumatlardan qaynaqlanır. Bu insanlara din əxlaqına tabe olanların təzyiq altında yaşayacağı təlqin edildiyi üçün onlar üstün əxlaqın bəxş etdiyi gözəllikləri təqdir edə bilmirlər. Halbuki uca Rəbbimizin Quranda bildirdiyi əxlaq təzyiqdən və məcburiyyətdən uzaq, sevgiyə, hörmətə, ədalətə əsaslanır. İslam tarixi dəyərli Peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v) və digər böyüklərimizin müxtəlif inanclara sahib olan insanlara göstərdikləri gözəl əxlaq nümunələri ilə zəngindir.
İslamın əsasını təşkil edən və bütün müsəlmanlara rəhbər olaraq endirilən Quranda bildirilən əxlaq sevgi, şəfqət, mərhəmət, təvazökarlıq, fədakarlıq və sülh anlayışlarına əsaslanır. Buna görə də İslam təzyiq, məcburiyyət və çətinliklərin qarşısını alan yeganə çıxış yoludur. Lakin bəzi cəmiyyətlərdə İslam əxlaqını bilməməzlikdən qaynaqlanan yanlış düşüncələr ucbatından bu gerçək gözardı edilir və İslam əxlaqı cəmiyyətin rifahına əngəl kimi təqdim edilir. Halbuki İslam əxlaqına uyğun şəkildə yaşayan cəmiyyətdə:
* Təzyiq yox, rahatlıq, sevgi və hörmət hakim olar.
* Nəzakətli, düşüncəli, təvazökar, ədalətli, etibarlı, ətrafına rahatlıq və sevinc bəxş edən insanlar yetişər.
* Dövlətin bütövlüyünə və cəmiyyətin rahatlığına xələl yetirməyən müxtəlif inanc və ya düşüncəyə sahib olan şəxslərə sahib durmaq lazımdır. Bu insanlarla gərginlik yaradılmamalıdır. Fərqli düşüncəyə, yaxud həyat tərzinə sahib olan insanları özündən uzaqlaşdırmaq cahillikdən qaynaqlandığı üçün doğru davranış deyil.
İslam əxlaqı dünyaya necə təsir etmişdir?
Keçmiş dövrlərdə İslam əxlaqı cəmiyyətləri necə işıqlandırmışdır?
Sülh və təhlükəsizliyin qaynağı: İslam əxlaqı
Quran Allahın insanlara yol göstərici olaraq endirdiyi kitabdır. Allah Quranda insanlara gözəl əxlaqı əmr edir. Bu əxlaqın əsasını isə sevgi, şəfqət, ədalət və mərhəmət kimi anlayışlar təşkil edir. "İslam" sözü ərəbcə "sülh" sözü ilə eyni mənanı daşıyır. İslam dini Allahın sonsuz mərhəmət və şəfqətinin yer üzündə təcəlli etdiyi hüzur və sülh dolu həyatı insanlara təqdim etmək üçün endirilmişdir. Quran ayələrində insanlar yer üzündə mərhəmətin, şəfqətin və sülhün yaşanacağı yeganə həyat tərzi olan İslam əxlaqına çağırılır. Bəqərə surəsinin 208-ci ayəsində belə buyurulur:
"Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (islama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq düşməninizdir!"
Ayədə Rəbbimiz insanların təhlükəsizliyinin və sülhün Quran əxlaqının yaşanması ilə təmin ediləcəyini bildirir. Quran əxlaqına görə imanlı şəxs müsəlman olan və ya olmayan bütün insanlara qarşı gözəl və ədalətli davranmaqla, zəifləri və günahsızları qorumaqla, yer üzündə təxribatın qarşısını almaqla məsuldur. Təxribat törətmək yer üzündə insanların təhlükəsizliyini, sülh və dincliyi ortadan qaldırmaq deməkdir. İradəyə, düşüncə və inanc azadlığına sahib olan insanlara təzyiq etmək də İslam əxlaqına uyğun olmayan və cəmiyyətdə təxribat törədən davranışdır. Buna görə də "...Allah isə fitnə-fəsadı sevmir" (Bəqərə surəsi, 205) hökmünə əsasən müsəlmanlar bu yanlış davranışdan çəkinirlər. Müsəlmanlar cəmiyyətin dincliyini pozan şəxslərin fəaliyyətlərinin qarşısını fikri mübarizə ilə almaqla, yaxşılığı əmr edib pislikdən çəkindirməklə, yer üzündəki fitnəni ortadan qaldırmaq və bütün insanlara sülhü təmin etməklə məsuldurlar. Allahdan qorxan insanın dövlətinə, millətinə, insanlara ən kiçik zərər toxunduran bir hərəkətə belə vəsilə olmasının və ya göz yummasının mümkün olmayacağı məlumdur.
Haqqı batil, batili haqq göstərmək dəccalın oyunudur
Axırzamanda insanları inkara yönəldən, din əxlaqından uzaqlaşdıran, insanlar arasında fitnə və qarışıqlıq çıxaran hər cür ideologiya və düşüncə sistemi yer üzündə pisliyin rəmzi olan Dəccalı təmsil edir. Dəccal sözünün mənalarından biri də "haqq ilə batili qarışdıran, sözü bəzəyib batili haqq göstərən"dir. Dəccalın doğrunu səhv, səhvi doğru, yaxşını pis, pisi yaxşı göstərdiyinə işarə edən hədislərdən bəziləri bu şəkildədir:
"Sonra Dəccal çıxacaq, yanında bir çay və bir alov olacaq. (Onu inkar edib) Alovuna düşənin savabı vacib olacaq, (ona iman gətirib) çayına düşənin isə günahı vacib olacaq".1
"Şübhəsiz, yanında bir cənnət və bir cəhənnəm (deyə adlandırdığı iki çay) olması da onun fitnəsidir. Əslində, cəhənnəmi cənnət, cənnəti də cəhənnəmdir..." 2
Hədislərdə də bildirildiyi kimi, Dəccalın insanlara yaxşı kimi tanıtdığı, əslində, onların əleyhlərinə, hətta fəlakətlərinə səbəb olan şeylərdir, onlara pis kimi göstərdiyi dəyərlər isə, əslində, onların xeyrinə və mənfəətinədir. Lakin insanların bəziləri hadisələri Quran əxlaqına və Peyğəmbərimizin (s.ə.v) sünnəsinə görə dəyərləndirmədikləri üçün Dəccalın yaxşılığa çağırdığını sanaraq ona tabe olacaq və xeyirdən üz döndərəcəklər. Bunun nə qədər böyük səhv olduğunu isə Dəccalın yaratdığı zülm sayəsində anlayacaqlar. Bu səbəbdən, Peyğəmbərimiz (s.ə.v) insanları xəbərdar etmiş və Dəccalın pis kimi göstərdiyi hər şeyin yaxşı olduğunu bildirmişdir:
"Dəccal çıxar. Yaxınlığında su və alov olar. İnsanların su kimi gördüyü yandırıcı alovdur. İnsanların alov kimi gördükləri də soyuq və şirin sudur. Sizdən hər kim bunu dərk etsə alovu seçsin; özünü alova atsın. Əslində, o şirin və gözəl sudur." 3
Əlbəttə, Dəccalın hiylələrindən biri din əxlaqını pis, pisliyin qaynağı olan Dəccaliyyət sistemini yaxşı göstərməsi olacaq. Quran əxlaqını kifayət qədər bilməyən, yaxud yaşamayan insanlar fərqinə varmadan Dəccalın din əleyhinə apardığı bu təbliğatın təsirinə düşə bilər, İslam əxlaqı haqqında əsassız və yanlış düşüncələrə qapıla bilərlər.
Dəccalın xüsusiyyətlərdən biri də "yaxşılıq etmək üçün" yalan söyləməsidir. Hədislərdə bildirildiyi kimi, Dəccal yer üzündə pisliyi yaymağı hədəfləməsinə baxmayaraq, insanların yaxşılığını istədiyini iddia edəcək. Şübhəsiz ki, bu böyük yalandır. Səmimi olaraq iman gətirənlərin Dəccalın din əxlaqından uzaq həyata, əxlaqsızlığa və pisliyə olan bu çirkin dəvətinə qarşı verəcəkləri cavab isə qətidir. Ayədə belə bildirilmişdir:
De: “Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən şeylərəmi ibadət edəcəyik? Allah bizi doğru yola yönəltdikdən sonra şeytanların yer üzündə azdırdığı, (mömin) dostlarının isə: “Bizə tərəf gəl!” - (deyib doğru yola) çağırdıqları çaşbaş qalan kimsə kimi geriyəmi döndəriləcəyik?” De: “Ancaq Allahın haqq yolu doğru yoldur! Bizə əmr edilmişdir ki, aləmlərin Rəbbinə təslim olaq. (Ənam surəsi 71)
İslam əxlaqında inanc azadlığı əsasdır
İnsanları bir dinə inanmağa və ya o dinin ibadətlərini yerinə yetirməyə məcbur etmək İslam əxlaqına ziddir. Çünki İslamda səmimi iman azad iradə və vicdanla qazanılır. Əlbəttə, müsəlmanlar bir-birlərini Quranda bildirilən əxlaqi xüsusiyyətləri tətbiq etməyə təşviq edə bilərlər. Quran əxlaqının ən gözəl sözlə izah edilməsi və ya xatırladılması bütün iman gətirənlərin məsuliyyətidir.
İman gətirənlər "... Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et..." (Nəhl surəsi, 125) hökmünə əsasən din əxlaqının gözəlliklərini izah edər, ancaq "Onların doğru yola gəlməsi sənə aid deyildir. Yalnız Allah istədiyi şəxsi doğru yola yönəldir..." (Bəqərə surəsi, 272) ayəsini də şüurlarında tutarlar. Əsla məcbur etməz, insanlara maddi, ya da mənəvi təzyiq göstərməzlər. Ya da dünyəvi mənfəət üçün insanı din əxlaqını tətbiq etməyə istiqamətləndirməzlər. Çünki uca Allahın bildirdiyi ibadətləri yerinə yetirmək və ya yetirməmək, iman gətirib-gətirməmək insanın şəxsi qərarıdır. Allah Quranda iman gətirənlərə belə buyurmuşdur:
"Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver! " (Qaf surəsi, 45)
Bundan əlavə, insanların ibadət etməyə məcbur edildikləri bir cəmiyyət modeli İslama tamamilə ziddir. Çünki inanc və ibadət yalnız Allaha yönəlmiş və insanın öz seçimi ilə olduğu zaman dəyər qazanır. Əgər bir sistem insanları inanca və ibadətə məcbur etsə, insanlar həmin sistemdən qorxduqları üçün dindar olarlar. Dini baxımından məqbul olan isə vicdanların tamamilə azad olduğu bir mühitdə Allah rizası üçün din əxlaqının yaşanmasıdır.
"Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir..." (Bəqərə surəsi, 256)
İslamda məcburiyyət və təzyiq yoxdur
İslam insanların düşüncə və həyat azadlığını təmin edən və zəmanət altına alan dindir. Uca Allah insanlar arasında gərginliyi, anlaşılmazlığı, bir-birlərinin haqqında pis danışmağı və hətta mənfi düşüncəni (zənn) belə qadağan etmişdir. Bütün nöqsanlardan münəzzəh olan Rəbbimiz şiddəti qadağan etdiyi kimi, insanlar üzərində fikri təzyiqi belə qadağan etmişdir:
"Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir..." (Bəqərə surəsi, 256)
"(Onlara) nəsihət ver! Sən yalnız nəsihətçisən. " (Ğaşiyə surəsi, 21)
Peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v) həyatından gözəl əxlaq nümunələri
Möminlər ancaq xoşniyyətli, sülhpərvər və ədalətli davrandıqları zaman Allahın razılığını qazanacaqlarını bilirlər. Peyğəmbərimiz (s.ə.v) də İslam əxlaqının yayılması üçün cəhd edərkən bütün insanlarla gözəl şəkildə davranmışdır.
Hz. Muhəmmədə (s.ə.v) peyğəmbərlik vəzifəsinin verildiyi dövrdə Ərəbistanda, xüsusilə də Məkkədə bir çox problemlər var idi. Cahiliyyə dövrü adlandırılan İslamiyyətdən əvvəlki dövrdə irqlər, dinlər və fərqli düşüncədən olan insanlar arasında ayrı-seçkilik və bundan qaynaqlanan narahatlıqlar fərqli dinlərə mənsub olan qövmlər arasında münaqişələr, tayfa müharibələri, ədalətsiz iqtisadi nizam, soyğunlar, varlı və kasıblar arasındakı böyük uçurumlar və bir çox ədalətsizliklər mövcud idi. Ədalət hakim deyildi, zəif olanlar güclü və varlılar tərəfindən əzilir, insanlar irq, din, dil və həyat tərzinə görə zülmə məruz qalırdılar.
Peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v) bü cür cahil bir qövmə doğruları izah etmək və onları gözəl əxlaqa dəvət etmək üçün göndərilmişdi. Hz. Muhəmmədin (s.ə.v) təbliği və gözəl əxlaqı bütün Ərəbistan yarımadasına böyük təsir etdi və onun dövründə insanlar kütləvi şəkildə İslamı qəbul etdilər. Quranda bildirilən ədalətli hökmlər, gözəl əxlaq, xoşniyyət və sülh ictimai həyata nizam və dinclik gətirdi. Bunun ən vacib səbəblərindən biri də, hz. Muhəmmədin (s.ə.v) uca Allahın "... insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir..." (Nisa surəsi, 58) hökmünə əsasən insanlar arasında heç bir ayrı-seçkilik qoymadan ədaləti qorumasıdır.
Peyğəmbərimiz (s.ə.v) Məkkədən Mədinəyə hicrət edəndən sonra da müxtəlif cəmiyyətlərlə qarşılaşmışdır. Belə bir mühitdə hz. Muhəmməd (s.ə.v) ictimai birliyi və sülhü təmin etmək məqsədilə Mədinədəki müxtəlif dinlərin və düşüncələrin mənsublarını ictimai müqavilələrlə birləşdirmiş, yüzdən çox cəmiyyətlə bəzən məktubla, bəzən də şəxsən özü danışaraq müxtəlif razılaşmalar əldə etmiş, onlarla dil tapmağa çalışmışdır.4 T. W. Arnold Peyğəmbərimizin (s.ə.v) qurduğu ictimai birliyin əhəmiyyətini belə ifadə edir:
"Əvvəllər bir əmrə belə qətiyyən itaət etməyən Ərəbistan birdən-birə siyasi birliyə çevrildi və o mütləq komandirə özünü təslim etdi. Hz. Muhəmməd (s.ə.v) yüzə yaxın kiçik ictimai qrupdan ibarət olan və düşmən olan qəbilələrdən birlik yaratdı". 5
Peyğəmbərimizin (s.ə.v) Allahın əmrlərini təbliğ etməsi nəticəsində ortaya çıxan gözəl əxlaq nümunələri, elçilərin ictimai həyata gətirdikləri xoşniyyətli, sülhpərvər, dinc nizamı da təsvir edir. Quran əxlaqının yaşandığı mühitdə isə, yuxarıdakı nümunədə gördüyümüz kimi, sülh şəraitinin hakim olacağı məlumdur.
Osmanlı İmperiyasında fərqli fikir və mədəniyyətlərə göstərilən hörmət
Bir cəmiyyətdə sülhü və rahatlığı təmin etmək üçün fərqli inanc, düşüncə və mədəniyyətlərə sahib olan insanların şəxsiyyətlərini dəyişdirməyə çalışmadan onlara və inanclarına hörmət etmək lazımdır. Tarixdə mükəmməl "birlikdə yaşamaq sistemi" quran Osmanlı İmperiyası bunun ən gözəl nümunəsidir. Osmanlı dövrü rəhbərliyi altında yaşayan hər inancdan, hər fikirdən insan üçün xoşbəxtlik dövrü olmuşdur. Altı əsrdən çox Osmanlı dövlətinin sərhədlərində yaşayan müxtəlif mədəniyyətə, dinə və irqə sahib olan insanlar sülh şəraitində yaşamış, heç kim inancına, yaxud şəxsiyyətinə görə haqsızlığa məruz qalmamışdır. Çünki Osmanlı üçün sadəcə müsəlman və türk olan xalqın rahatlığı və xoşbəxtliyi deyil, özünə tabe olan hər bir insanın rahatlığı və xoşbəxtliyi əhəmiyyətli olmuşdur. İslam əxlaqının tələbi olaraq Osmanlı padşahları inanc fərqliliklərinə baxmayaraq, onlardan kömək istəyənlərə kömək etmiş və bunun Allaha qarşı olan məsuliyyətlərindən biri olduğunu bilmişlər. Osmanlı dövlətinin qurucusu olan Osman Bəydən başlayaraq Fateh Sultan Mehmet və digər padşahlar ədalətli rəhbərlikləri ilə bütün insanlara nümunə olmuşlar. Onların zamanında müxtəlif dindən, düşüncədən olan insanlar bir yerdə sülh şəraitində yaşamışlar. Cəmiyyətdə irq, dil və etnik baxımdan heç bir ayrı-seçkilik olmamış, ictimai ədalət təmin edilmişdir. Hətta Fateh Sultan Mehmet dövründə öz istəklərilə imperiyaya sığınan cəmiyyətlər olmuşdur. Bu da insanların sultanın İslam əxlaqından qaynaqlanan ədalətli rəhbərliyindən nə dərəcədə məmnun olduqlarını göstərir.
Tarixçi Riçard Peters İslam əxlaqını ixlasla yaşayan türklərin əsrlər boyu ələ keçirdikləri bütün ölkələrdə ədaləti necə təmsil etdiklərini belə dilə gətirmişdir:
"Türklər əsrlər boyu bir çox millətə hökmranlıq etdilər, lakin onları assimilyasiya etməyə əsla cəhd göstərmədilər. Onlara azadlıq verdilər, din və mədəniyyətlərini yaşamağa icazə verdilər". 6
Bu nümunələr göstərir ki, Osmanlı sərhədlərində eyni torpaqlar üzərində müxtəlif millətdən, dindən və mədəniyyətdən olan insanlar rahat şəkildə yaşamışdır. Osmanlı idarəçiləri cəmiyyəti əmələ gətirən bu qruplarla ədalətlə davranmasaydılar, əlbəttə ki, belə köklü imperiya qura bilməz və bu insanları əsrlər boyu bir yerdə saxlaya bilməzdilər. Bu imperiya İslamın qazandırdığı ideallar və xüsusiyyətlər nəticəsində yüksək mədəni səviyyəyə çatmışdır.
Nəticə: Müsəlmanların xoşniyyətli əxlaqı cəmiyyəti birləşdirir
Verilən nümunələr onu göstərir ki, müsəlmanlar birlikdə yaşadıqları, fərqli din və mədəniyyətlərə mənsub olan xalqlarla ədalətlə davranmalıdırlar. Son günlərdə gündəmə gələn yanlış düşüncələrin əksinə, Quranda əmr edilən gözəl əxlaqla yetişən müsəlman hər kəsə İslamın nəzərdə tutduğu sevgi ilə yaxınlaşar, gözəlliyə və sənətə dəyər verər, gərginliyi azaldar, etidallı davranışlar göstərər. Belə üstün əxlaqlı insanların yaratdıqları cəmiyyətdə isə Allahın izni ilə yüksək inkişaf etmiş mədəniyyətin, yüksək ictimai əxlaq, sevinc, rahatlıq, ədalət, təhlükəsizlik, bolluq və bərəkətin hakim olacağı aşkardır.
Bəzi insanlar bu gerçəkləri bilmədikləri, yaxud yanlış məlumatlandırıldıqları üçün İslam əxlaqı haqqında səhv düşünə bilərlər. Lakin İslam əxlaqının müasirləşməyə, inanc azadlığına, düşüncə azadlığına, dövlətə və millətə zərər vermədiyi təqdirdə müxtəlif fikirlərə sevgi və hörmətlə yaxınlaşmağa vəsilə olduğunu öyrəndikləri və gördükləri zaman Allahın izni ilə bu düşüncələri dəyişəcək. Sonsuz mərhəmət və qüdrət sahibi Rəbbimiz bir ayədə belə buyurur:
De: “Haqq gəldi, batil yox oldu. Çünki batil yoxluğa məhkumdur!” (İsra surəsi, 81)
Mənbələr
1. Ebu Davud, Fiten 4244, 2/497; İbni Ebi Şeybe, Musannef, Fiten: 5, 8/591
2. İbn-i Mace, 4075, 4076; Tırmizi, Fiten: 59, no. 2240, 4/510
3. Müslim; Büyük Fitne Mesih-i Deccal, Saim Güngör, s. 13
4. Hamidullah, Muhammed, İslam Müesseselerine Giriş, Çev. 1. S. Sırma, Düşünce Yayınları, İstanbul, 1981, s. 330; Yrd. Doç. Dr. Orhan Atalay, Doğu-Batı Kaynaklarında Birlikte Yaşama, Gazeteciler ve Yazarlar Vakfı Yayınları, İstanbul, 1999, s. 87
5. Arnold, T. W, İntişar-ı İslam Tarihi (The Preaching of Islam), Çev. Halil Hamit, Ankara, 1971, s. 68-69
6. Toktamış Ateş, Osmanlı Toplumunun Siyasal Yapısı (Kuruluş Dönemi), Say Kitap Pazarlama, s. 116; Richard Peters, "Geshichte der Türken", s. 8