XX əsrə damğasını vuran qarşıdurmalar və müharibələr yeni əsrdə də bütün insanlığı təhdid etməyə davam edir. Hər keçən gün artan müharibə təhdidi və beynəlxalq terror qadın, uşaq, yaşlı demədən bütün günahsız insanları hədəf edir, çox böyük maddi itkilərə səbəb olur. Ancaq bu vəziyyət qarşısında beynəlxalq həmrəyliyin artırılmasına duyulan təcili ehtiyaca baxmayaraq, qarşıdurmanın daha geniş sahəyə yayılmasına səbəb olan cəhdlər edilir. Ortaya atılan "sivilizasiyalar qarşıdurması" tezisi istiqamətində iki böyük sivilizasiyanı: Xristianlıqla İslamı qarşı-qarşıya qoyan bir planı tətbiq etmək üçün zəmin yaradılmağa çalışılır. Meydana gələn xaos mühitindən faydalanaraq müəyyən hədəfə çatmaq düşüncəsində olanlar çox təəssüf ki, belə bir cəhdin özlərini də böyük bir fəlakətə sürüklədiyini bilmirlər.
Belə bir vəziyyət qarşısında dünya sülhünün təmin edilməsi üçün hər iki mədəniyyətin əsası olan iki böyük dinin mənsublarının üzərinə çox böyük məsuliyyət düşür. Tərəflər qarşıdurmanın əksinə, hər iki İlahi dində olan sülh və sevginin bir gərəyi olaraq aralarındakı əməkdaşlığı artırmalıdırlar.
Bir Olan Allaha İman edənlər bir-birləri ilə deyil, dinsizliyə qarşı mübarizə aparmalıdırlar
Bu gün dünyada böyük bir fikri mübarizənin davam etdiyi və dünyanın iki hissəyə bölündüyü bir həqiqətdir. Ancaq bu iki hissənin tərəfləri Müsəlmanlar və yəhudilər/Xristianlar deyil. Bir tərəfdə Allahın varlığına və birliyinə iman edənlər, digər tərəfdə isə inkarçılar durur. Başqa sözlə desək, bir tərəfdə din əxlaqını müdafiə edənlər, digər tərəfdə isə din əxlaqına qarşı olan ideologiyaları müdafiə edənlər durur.
Din əxlaqına qarşı olanların və əxlaqi dəyərləri hədəf edən güc mərkəzlərinin əllərindəki geniş imkanları birləşdirdikləri və dindar insanlara qarşı ittifaqla hərəkət etdikləri bir həqiqətdir. Bu şər ittifaqı fikri mənada yox etmək, dinsiz materialist təlqinlərin mənfi, dağıdıcı nəticələrini ortadan qaldırmaq, gözəl əxlaqın, xoşbəxtliyin, dincliyin, təhlükəsizliyin, rifahın hakim olduğu cəmiyyətləri meydana gətirmək üçün isə Müsəlmanların, səmimi iman edən Xristianların və dindar Yəhudilərin ortaq məqsəd uğrunda birləşmələri lazımdır.
Yəhudilər, Xristianlar və Müsəlmanların ortaq iman əsaslarına, ortaq ibadətlərə, ortaq əxlaqi dəyərlərə sahib olduqları hər üç İlahi dinin də müqəddəs kitablarında izah edilir. İmanlı, səmimi və vicdanlı Xristianların, Yəhudilərin və Müsəlmanların üzərinə düşən vəzifə pisliklərə və pislərə qarşı ortaq bir fikri mübarizə aparmaq, yardımlaşmaq, birlikdə çalışmaqdır. Bu birlik sevgi, hörmət, xoş münasibət, anlayış və əməkdaşlıq prinsipləri əsas götürülərək bina edilməlidir. Vəziyyətin nə qədər təcili olduğu göz qarşısında saxlanılmalı, çəkişmə, müzakirə və ayrılığa gətirib çıxaran ünsürlərdən şiddətlə qaçınılmalıdır.
Keçmişdə bu dinlərin mənsubları arasında müxtəlif anlaşılmazlıqlar ola bilər: bu tarixi bir həqiqətdir. Ancaq bunlar Xristianlıq, Yəhudilik və İslamın özündən deyil, dövlətlərin, birliklərin və fərdlərin yanlış qərar və düşüncələrindən, çox vaxt iqtisadi və ya siyasi mənfəətlərindən qaynaqlanmışdır. Yoxsa hər üç İlahi dinin ortaq məqsədlərindən biri bütün insanların sülh, dinclik, təhlükəsizlik və xoşbəxtlik içində yaşamalarıdır və buna zidd olan qarşıdurma üç dinə görə də səhvdir.
Xristianlığın əsası olan Əhdi-Cədid, Yəhudiliyin əsası olan Tövrata və İslamın əsası olan Qurana baxdıqda qarşılıqlı əlaqələrdə ən gözəl söz və davranışların tövsiyə edildiyini görərik.
Yaxşılıqla pislik bərabər olmaz. Sən, ən gözəl olan bir tərzdə (pisliyi) uzaqlaşdır; o zaman, (görərsən ki) səninlə onun arasında düşmənlik olan kimsə, sanki isti bir dost(un) olmuşdur. (Fussilət Surəsi, 34)
İnananların digər insanlarla davranış forması İncildə belə izah edilir:
Diqqətli olun ki, heç kim pisliyə pisliklə cavab verməsin, əksinə bir-birinizə və bütün insanlara həmişə yaxşılıq etməyə çalışın. (Saloniklilərə I Məktub, 5/15)
Tövratda isə Yəhudilərin insanlara yaxşılıqla davranmaları lazım olduğu bu şəkildə ifadə edilir:
Pislikdən yaxşılığa dönün ki, sağ qalasınız! Beləcə iddia etdiyiniz kimi Ordular Allahı Rəbb, Həqiqətən, sizə yar olacaq. Pisliyə nifrət edin, Yaxşılığı sevin, Məhkəmədə ədalətə üstünlük verin ... (Amos, 5, 14-15)
Quranda isə Rəbbimiz bir çox ayəsində gözəl əxlaqın, yaxşılığın, pisliyə yaxşılıqla cavab vermənin əhəmiyyətini bildirmiş, Yəhudilərə və Xristianlara, yəni Kitab Əhlinə qarşı da Müsəlmanların yaxşı niyyət və xoş münasibətlə yaxınlaşmalarını buyurmuşdur. Quranda Kitab Əhlinin, yəni Xristianlar və Yəhudilərin müşriklərdən (bütpərəst və ya dinsizlərdən) Müsəlmanlara daha yaxın olduqları açıqca bildirilmişdir. Kitab Əhli Allahın vəhyinə əsaslanan əxlaqi meyarlara, haram və halal anlayışlara malikdir. Bunun üçün Kitab Əhlindən olanların bişirdiyi yemək Müsəlmanlara halaldır. Eyni şəkildə, Müsəlman kişilərə Kitab Əhlindən qadınlarla evlənmə icazəsi verilmişdir. Bunlar isti insani əlaqələr və dinc ortaq həyat qurulmasını təmin edən əsaslardır.
Quranda bu mülayim və xoş niyyətli baxış tövsiyə edilərkən, Müsəlmanların əksinə davranmaları doğru olmaz.
Allah Müsəlmanlara Quranda Kitab Əhlinə qarşı gözəl söz söyləmələrini bildirmişdir. Kitab Əhli ilə möminlər arasındakı ən əhəmiyyətli ortaq istiqamət bir olan Allaha imandır:
Kitab əhlinin zülm edənləri istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin! (Onlarla xoş rəftar edib ürəklərini ələ alın və özünüzdən incitməyin. Və deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana inanırıq. Bizim də Allahımız, sizin də Allahınız birdir. Biz yalnız ona təslim olanlarıq!” (Ənkəbut surəsi, 46)
Müsəlmanların Hz. İsa Sevgisi
Xristianlıq və İslam arasındakı ən əhəmiyyətli ünsürlərdən biri də hər iki dinə mənsub olanların Hz. İsaya olan sevgiləridir. Quranda bütün peyğəmbərlərin eyni İlahi kəlamları insanlara çatdırdıqları, onları müjdələdikləri və xəbərdar etdikləri, eyni zamanda cəmiyyətlərinə ən gözəl şəkildə nümunə olduqları izah edilir. Məhz bu səbəblə, Müsəlmanlar peyğəmbərlərin hamısına iman edirlər, onlar arasında ayrı-seçkilik etmirlər. Müsəlmanlar Hz. Məhəmməd (s.a.v.) kimi, Hz. İsaya da iman edir, ona böyük sevgi və hörmət bəsləyirlər. Hz. İsa Quranda "Allahın elçisi və kəlməsi" (Nisa surəsi, 171) olaraq bildirilir: onun insanlığa bir "ayə (əlamət)" qılındığı (Ənbiya surəsi, 91) bildirilir: mübarizəsi, möcüzələri, həyatı haqqında çox əhəmiyyətli məlumatlar verilir. Hz. İsanın üstün əxlaqı Quran ayəsində təriflənir:
Mələklər dedilər: “Ya Məryəm! Həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə sənə müjdə verir. Onun adı Məryəm oğlu İsa əl-Məsihdir ki, dünyada və axirətdə şanı uca (şərəfli) və (Allaha) yaxın olanlardandır. (Ali-İmran surəsi, 45)
Müsəlmanlar İncilin Allah Qatından endirilmiş İlahi kitab olduğuna (sonradan insanlar tərəfindən təhrif edilmişdir, ancaq içindəki haqq hökmlərin bəziləri günümüzə qədər qorunmuşdur) inanırlar. İncilin Xristianlara Allah tərəfindən yol göstərici, doğrunu səhvdən, halalı haramdan ayıran xüsusiyyətlərlə endirildiyini bilirlər. Belə ki, Hz. İsaya verilən İncilin xüsusiyyətləri bir Quran ayəsində belə bildirilir:
Onların ardınca Məryəm oğlu İsanı özündən qabaqkı Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içində haqq yolu və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən, müttəqilər üçün doğru yol və nəsihət olan İncili verdik. (Maidə surəsi,46)
Müsəlmanlara ən yaxın insanların Xristianlar olduqları və bunun səbəbi bir ayədə belə ifadə edilmişdir:
Yəhudiləri və müşrikləri iman gətirənlərin ən pis düşməni “Biz xaçpərəstik”, - deyənləri isə onların ən yaxın dostu görəcəksən. Bu onların içində keşiş və rahiblərin olması və onların özlərini yuxarı tutmalarına görədir. (Maidə surəsi, 82)
Bu ayədə bildirilən yaxınlığın və isti əlaqələrin ilk nümunələri Hz. Məhəmməd (s.a.v.) dövründə yaşanmışdı. Zülm görən bəzi Müsəlmanlar Hz. Məhəmmədin (s.a.v.) yönləndirməsi ilə Xristian Kral Nəcaşinin rəhbərliyi alıtnda olan Həbəşistana hicrət etdilir. Orada təhlükəsizlik və dinclik içində yaşadılar. İslamın ilk illərində Müsəlmanlar ilə Xristianlar arasında xoş münasibət, sülh, hörmət, əməkdaşlıq, yardımlaşma, din, inanc və ibadət azadlığına əsaslanan yaxşı əlaqələr quruldu. Yenə bu dövrdə evlilik, ticarət, qonşuluq kimi ictimai həyatın ünsürləri bütün Müsəlmanlar və Xristianlara nümunə olacaq şəkildə tətbiq olundu.
Bundan əlavə, iki dinin qaynaqlarında da "özündən olmayanları düşmən saymaq" deyil, özündən olmayanlara da "dost kimi yaxınlaşmaq və onlarla yaxşılıq üzərində ittifaq qurmaq" prinsipi vardır. Bu mövzudakı əhəmiyyətli bir keçid İncilin Mark və Luka kitablarında keçir. Hz. İsa özlərindən olmayan bir kimsəyə soyuq davranan şagirdlərini xəbərdar etmiş və çox əhəmiyyətli bir dünyagörüşünü ifadə edən "bizə qarşı olmayan bizdəndir" hökmünü vermişdir. İncildə yer alan bu şərhlər Xristianlara, Müsəlmanlara dünyagörüşü mövzusunda yol göstərici olmalıdır. Müsəlmanlar bəzi mövzularda Xristianlardan fərqli düşünürlər. Lakin heç bir şəkildə Xristianlığa "qarşı" deyillər. Əksinə, Müsəlmanlar Hz. İsanı sevən, Allahın elçisi kimi qəbul edən, yenidən dünyaya gəlişini böyük həyəcan və şövqlə gözləyən bir birlikdir.
Xristian idarəçiləri üçün sülh və sevgi elçisi olan Hz. İsanın əxlaqı nümunə olmalıdır
Əhdi-Cədiddə bir neçə dəfə Hz. İsanın yer üzünə yenidən dönəcəyi xəbər verilir. İncilin “İbranilərə Məktub” hissəsində yazıldığına görə "Məsih ikinci dəfə... xilas gətirmək üçün onu gözləyənlərə zühur edəcək" (9:28) İncilin bir çox keçidində Hz. İsanın yenidən gələcəyi müjdələniyir.
Müsəlmanlar Hz. İsanı çox sevən, onun bütün möcüzələrinə və yüksək əxlaqına inanan və onun yaxında dünyaya dönərək Hz. Mehdi ilə birlikdə din əxlaqını dünyaya hakim edəcəyinə ümid edən, bu böyük müjdəni şövqlə gözləyən insanlardır. Hz. İsanın gəlişi üçün həm Müsəlmanlar, həm də Xristian dünyası hazırlıq görməlidirlər.
Hz. İsa gəlmədən əvvəl hazırlığın necə ediləcəyini həm Quran ayələrindən, həm Peyğəmbərimizin (s.a.v.) hədislərindən, həm də Bədiüzzaman Səid Nursi kimi böyük İslam alimlərinin hikmətli şərhlərindən anlayırıq. Bu hazırlığın ən əhəmiyyətli mərhələsi isə din əxlaqına uyğun olmayan sistemlərlə aparılan ortaq fikri mübarizədir. Bütün iman sahibləri Darvinizm və materializm kimi insanları din əxlaqından uzaqlaşdıran ateist ideologiyalarla fikri mübarizədə birləşməli; bu cür cərəyanların yer üzündən silinməsi üçün birlikdə olmalıdırlar. Çünki Hz. İsa yenidən dünyaya gəldikdə bu ittifaqı meydana gətirən və tam mənada sevgi, sülh və dinclik mühiti hazırlayacaq.
Həm Xristian dünyasının, həm də Müsəlmanların Hz. İsanın gəlişi ilə əlaqədar hazırlıq görmələri, insanların bu qiymətli qonağı şövq və həyəcanla gözləmələri lazımdır. Bu mübarək peyğəmbərin gəlişi üçün hazırlıq edilməməsi, zəiflik göstərilməsi, bu böyük müjdəyə lazım olan əhəmiyyətin verilməməsi, Hz. İsa gəldiyində böyük bir xəcalətə səbəb ola bilər. Unutmamaq lazımdır ki, Hz. İsanın gəlişi dünyanın yalnız müəyyən ərazilərini əhatə edəcək bir hadisə deyil. Onun gəlişi bütün dünyanı bürüyən, möcüzəvi bir hadisədir. Bu müqəddəs peyğəmbərin gəlişi ilə dünya səviyyəsində ictimai və siyasi sahələrdə köklü dəyişikliklər olacaq, bütün dünya Hz. İsanın və axırzamanın digər müqəddəs şəxsi Hz. Mehdinin ətrafında toplanıb birləşəcək.
Hz. İsanın gəlişi Allah Qatında günü, saatı və yeri ilə müəyyəndir. Onun gəlişini dünyəvi heç bir hadisə və ya adam nə təxirə sala bilər, nə də tezləşdirə bilər.
Bu gün bəzi insanlar böyük bir yanılma içərisində dünyadakı qarışıqlıq mühitinin, xüsusilə Orta Şərqin müharibə və qarışıqlıq içində olması ilə Hz. İsanın gəlişi arasında bir əlaqə qurmağa çalışır, hətta bu məqsədlə bəzi səylər edirlər. Halbuki Hz. İsanın gəlişinin təqdiri İlahidir və istər Müsəlmanlar, istərsə də Xristian dünyası Hz. İsanı sükunət içində və sevgi mühitində gözləməlidirlər.
Hz. İsanı sevənlər və izləyənlər onun etdiyi kimi, insanlara sevgi ilə yaxınlaşmalıdırlar. Allaha iman edən və Hz. İsanı da üstün bir peyğəmbər kimi çox sevən Müsəlmanlara qarşı Xristian dindarlar müharibə və qan tökmə meylində olmamalıdırlar. Əsl dindarların edəcəyi kimi sevgi, sülh və dostluq içində olmalıdırlar. Sülh və əməkdaşlıqla əldə edilən nəticələrin müharibə ilə insanları öldürərək əldə edilə bilməyəcəyinə dair dəhşətli təcrübələrə dünya tarixi dəfələrlə şahid olmuşdur. Bu səbəblə XXI əsrin dünyası müharibə səbəbi ilə milyonlarla insanın ölümündən kifayət qədər dərs almış mədəni insanların qurduğu bir dünya olmalıdır. Yaşadığımız dövrdə dünyadakı bütün ölkələrin idarəçiləri, siyasətçiləri problemləri "mədəni və insani yollar"la həll etməyə çalışan insanlardır.
Hz. İsa gələndə ona inanan bütün Xristianlar və Müsəlmanlar ortaq bir inancda birləşəcəyinə görə, Xristianlar və Müsəlmanlar arasındakı ön mühakimə və etibarsızlıqların aradan qalxması üçün indidən çalışmaq zəruridir.
Hz. İsanın sülh əmri
Hz. İsanın insanlara ən doğrunu öyrədəcəyini bilərək inanc fərqliliklərinə hörmət göstərilməlidir. Onun görmək istədiyi kimi, dünyanı sülh, qardaşlıq, mərhəmət və sevgi ilə doldurmaq üçün böyük səy göstərilməlidir.
Şübhəsiz ki, hamımızın xahişi Orta Şərqin Yəhudilərin, Müsəlmanların və Xristianların bir yerdə dinclik mühitində yaşaya biləcəkləri torpaqlar halına gəlməsidir. Bunun üçün bütün tərəflər ön mühakimələrini bir tərəfə buraxaraq, hadisələri sağlam düşüncə ilə qiymətləndirməli və işıqlı gələcək üçün vicdanlı insanlar birləşməlidirlər. Məhz bu səbəblə bu ittifaqın əhəmiyyətli bir tərəfi olan Xristian dünyasının üzərinə sülh üçün əhəmiyyətli məsuliyyət düşür.
Nəticədə səmimi olaraq iman edən Xristianlar Hz. İsanın onlara "Sülhyaradanlar nə bəxtiyardır!" (Matta 5/9) sözləri ilə dünyada sülh elçiləri olmalarını əmr etdiyini heç bir zaman unutmamalıdırlar.
Hz. İsanın gəlişi dünyanın yalnız müəyyən bölgələrini əhatə edən bir hadisə deyil. Onun gəlişi bütün dünyanı bürüyən möcüzəvi bir hadisədir. Bu müqəddəs peyğəmbərin gəlişi ilə dünya səviyyəsində ictimai və siyasi sahələrdə köklü dəyişiklər olacaq, bütün dünya Hz. İsanın ətrafında toplanıb birləşəcək.